Bu gün öz nüvə başlıqlı raketləri ilə dünyanı, əsasən də Avropanı təhdid edən Rusiya bu silahlara görə əslində 4 adama borcludur – Stalin və Beriyaya, Kurçatov və Flerova.
Yenixeber.org: Sonuncular alimdirlər, nüvə fiziki olublar və atom bombasının hazırlanmasında birbaşa iştirak ediblər. Sonuncu bu layihənin təşəbbüskarı olub.
Stalin isə öz fəhmi ilə anlayıb ki, əgər bu dəhşətli silahı tezliklə əldə etməsə, II dünya müharibəsindəki müttəfiqləri onu məhv edəcəklər. Ona görə də o, bu məsuliyyətli işi öz cəza nazirinə , işgüzarlığı ilə hamıdan ötə olan Lavrenti Beriyaya həvalə edib.
Bəlkə də Beriyanın yerində bir az yumşaq adam olsaydı, SSRİ atom bombasını daha gec əldə edərdi. Amma Beriya “tutduğunu qoparan”, hər işi yarıdan adam olduğundan nüvə layihəsini uğurla başa çatdırıb. Bu gün Rusiyanın bütün dünya ilə dör-dör döyüşməsinin əsas səbəbkarı məhz sonradan “vətən xaini” və “seksual manyak” kimi güllələnən Beriyadır.
SSRİ nüvə silahını əldə etdiyindən bəri dünyanın hərbi baxımdan iki dövlətindən birinə çevrilib. Ona qədər o, müharibədən ciddi itkilərlə çıxmış, zəif, aqrar dövlət idi, kənd zəhmətkeşləri torpağı öküz qoşulmuş xışla şumlayır, taxılı anbara at arabasıyla daşıyırdılar. Ancaq müharibədən sonra SSRİ həm atom bombasına sahibləndi, həm də Almaniyadan söküb gətirdiyi zavod və fabriklərin hesabına güclü sənayeləşmə epoxası başlatdı.
Ötən əsrin ortalarında artıq bütün qonşu dövlətlər SSRİ-dən qorxurdu. Türkiyə buna görə NATO-ya üzv olmuşdu, İran SSRİ-nin qorxusundan ABŞ və İngiltərə ilə yaxınlaşmışdı, yerli kommunistlərə də göz açmağa imkan vermirdi, Çin Moskvaya boyun əymək istəmirdi, gizli-gizli hərbi qüdrətini artırırdı və s.
Rusların dünyanı nüvə silahı ilə hədələməsi isə yeni məsələ deyil. Bu təhdid Stalinin vaxtında eyham şəklində səslənsə də, Xruşovun vaxtında açıq xarakter alıb.
Vaxtilə uzun illər SSRİ-nin ABŞ-dakı səfirliyində çalışmış, sonradan bu ölkədə 24 il səfir olmuş, Amerikanın 6 prezidenti (Con Kennedi, Lindon Conson, Riçard Nikson, Cerald Ford, Ceyms Karter və Ronald Reyqan) ilə işləmiş, hətta eks-prezidentlərdən Harri Trumen və Duayt Eyzenhauerlə də söhbət etmiş Anatoli Dobrınn “Sırf etimadla” adlı memuarında 1961-ci ilin iyulunda Xruşovun Vyanada president Kennedi ilə görüşərkən ABŞ-ı və Avropanı necə ötkəm bir şəkildə müharibə ilə hədələdiyini yazır:
“İclasda Almaniya məsələsi əsas və gərgin müzakirə mövzusu oldu. Xruşov özünəməxsus aqressiv şəkildə bu məsələnin həlli ilə bağlı fikirlərini bildirdi. Əslində, sovet baş naziri Kennedini seçim qarşısında qoydu: ya birlikdə iki Almaniyanın (AFR və ADR) mövcudluğunu tanıyan saziş imzalayır, ya da Xruşov dekabr ayından gec olmayaraq Şərqi Almaniya ilə ayrıca müqavilə imzalamalı olacaq, bundan sonra Berlində Qərb dövlətlərinin işğal hüquqları və şəhərə sərbəst girişi dayandırılacaq…. Bu tədbirlərin həyata keçirilməsində heç bir gecikməyə yol verilməyəcək.
Xruşov müzakirə zamanı qızğınlıqla bəyan etdi ki, Qərbin onların həyata keçirilməsinə müdaxilə etmək cəhdi, hətta müharibəyə səbəb ola bilər.
İclasda iştirak edən amerikalıların sonradan danışdıqları kimi, prezident Kennedi bütün bu sözlərdən təşvişə düşüb…
Demək lazımdır ki, Xruşşovun mümkün müharibədən bəhs etməsi Kennedini vəziyyətin ciddiliyinə və məsələnin həllinin vacibliyinə inandırmaq məqsədi daşıyırdı. Xruşov burada açıq-aşkar blef edirdi (şüurlu və ya emosional - bunu demək çətindir). Amma açıq deməliyəm: Xruşov müharibədən qorxurdu və təbii ki, Almaniya məsələsinə görə belə bir alternativi qətiyyən düşünmürdü”.
Ancaq bu, sovet liderinin sonuncu hədəsi və ya blefi olmayıb. O, 1 il 4 aydan sonra məşhur “Karib böhranı” zamanı ABŞ-ı müharibəylə, nüvə bombası ilə yenidən təhdid edib. O zaman Kubaya nüvə başlıqlı raket daşıyan sovet gəmilərinin önü Karib dənizində ABŞ hərbi gəmiləri tərəfindən kəsiləndə dünya nəfəsini tutaraq III dünya müharibəsinin başlanacağını gözləyib. Liderlər qarşılıqlı olaraq sərt bəyanat və tələblərlə çıxış ediblər. Xruşovun radio ilə yayılan bəyanatı Kennedini yenidən narahat edib.
Dobrıninin memuarında qeyd olunur:
“Prezident Kennedi qeyd etdi ki, Xruşovun “göydə milçəyi vura bilən” yeni sovet raketi haqqında bu yaxınlarda səsləndirdiyi yüksək obrazlı bəyanat amerikalı alimlər və hərbçilər arasında sovet ordusunun nailiyyətləri, xüsusən də keyfiyyətli nəticələr baxımından yeni müzakirə və mübahisə dalğasına səbəb olub”.
Sovet dövlətinin ABŞ-ı və onun müttəfiqlərini nüvə silahıyla, müharibə ilə hədələməsi Brejnevin dövründə də davam edib, sadəcə, çox da emosional xarakter daşımayıb. Ancaq Andropovun 13 ay çəkən hakimiyyəti dövründə sürətlə silahlanma yarışı öz apogeyinə çatmışdı və Cənubi Koreyanın sərnişin təyyarəsinin sovet dövlətinin ərazisi üzərində vurulması az qala yenidən nüvə müharibəsi təhlükəsi yaradacaqdı. Xruşovdan fərqli olaraq emosional olmayan, çox danışmayan, ancaq daha qətiyyətli qərarlar verən Andropovu xasiyyətini yaxşı bilən Qərb dövlətləri bu istiqamətdə çox da irəli getmədilər.
Mixail Qorbaçov və Ronald Reyqanın dönəmində nüvə başlıqlarının ixtisarı ilə nüvə müharibəsi təhlükəsi arxa plana keçdi, SSRİ dağıldıqdan, hakimiyyətə Yeltsin gəldikdən sonra bu təhlükə tamamilə sovuşdu və dünya rahat nəfəs aldı. İndi əsas məsələ nüvə silahının üçüncü dövlətlərin və terrorçu qrupların əlinə keçməməsi idi.
Putinin hakimiyyəti dönəmində Qərblə münasibətlər yavaş-yavaş kəskinləşdi, açıq düşmənçilik xarakteri aldı və il yarımdır ki, Ukraynada gedən müharibə üzündən “nüvə silahından istifadə” ehtimalı adi söhbətlərin mövzusuna çevrilib – Rusiyada hər hansı hərbi uğursuzluqdan sonra siyasətçilər və politoloqlar mütləq nüvə müharibəsindən, taktiki nüvə silahından istifadə etməkdən danışırlar.
Sanki bu adi, sadə bir işdir. Elə bil, tərəflər bir-birinin pəncərəsinə daş atıb şüşələri qıracaqlar və məsələ bitəcək.
Bu, blefdirsə də, qorxulu blefdir, real hədədirsə, ondan da betərdir.
Stalinlə Beriya bu durumu görsəydilər, söz yox ki, məmnun qalardılar. Amma eyni söhbəti Kurçatov və Flerov haqqında demək olmaz. Onlar nə qədər vətənpərvər olsalar da, nüvə silahının törədə biləcəyi dəhşətləri hamıdan yaxşı bilirdilər.(musavat)
Xalid Kazımlı