Yenixeber.org: Aprelin əvvəllərində Avropa İttifaqının Cənubi Qafqaz üzrə nümayəndəsi Toivo Klaarın yenidən regiona səfəri nəzərdə tutulub. Klaarın Bakıya və İrəvana baş çəkməsindən cəmi bir neçə həftə ötüb…
Aprelin birinci yarısında ABŞ Dövlət katibi Entoni Blinken də Qafqaza gələ bilər. Diplomatik mənbələr yüksək səviyyəli səfərlə bağlı hazırlığın getdiyini bildirirlər, amma səfərin baş tutub-tutmayacağı hələlik dəqiqləşməyib. Blinken gəlməsə belə Azərbaycan və Ermənistan liderləri ilə telefonda danışacaq.
Qərb Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında birbaşa danışıqların davam etdirilməsini istəyir. Bu günlərdə E.Blinkenin müavini Karen Donfrid Azərbaycan və Ermənistanın xarici işlər nazirləri ilə telefonda danışıb. Xanım Donfrid Vaşinqtonun martın 25-də Qarabağda baş verən növbəti gərginlikdən narahat olduğunu bildirib. Nazir Ceyhun Bayramov ABŞ rəsmisinə Azərbaycanın suveren ərazilərinə şəxsi heyət, hərbi sursat daşımaqda davam edən Ermənistanın son təxribatları və onların güc tətbiq etmədən atdıqları addımlar barədə məlumat verib…
Hazırda bölgədə vəziyyət mürəkkəbdir. Azərbaycan ordusu martın 25-də keçirdiyi əməliyyatla Xankəndi ilə Turşsu arasındakı torpaq yollara nəzarəti bərpa edib. Müdafiə Nazirliyi bəyan edib ki, həmin günə qədər Rusiya hərbi kontingentinin müşayiəti altında Qarabağa silah-sursat, hərbi təyinatlı yüklər daşınıb. Bu fəaliyyət 10 noyabr bəyanatına ziddir, ona imkan verilməyəcək.
Azərbaycan Xarici İşlər Nazirliyi isə bəyan etdi ki, problemin birdəfəlik həlli Laçın yolunun başlanğıcına – Ermənistanla dövlət sərhədində nəzarət-buraxılış məntəqəsinin qurulmasıdır. Rusiya Bakının bu tələbinə qəti şəkildə “yox” deyir, üstəlik, Xankəndi-Turşsu yollarının açılmasını tələb edib, Azərbaycan ordusunun əvvəlki mövqelərinə çəkilməsinə çalışır. Hazırda Rusiya hərbçiləri ilə danışıqlar gedir, onun nə ilə bitəcəyi bəlli deyil. Müharibədən sonrakı təcrübə göstərir ki, Azərbaycan nəzarəti ələ aldığı mövqelərdən geri çəkilməyib. Bu dəfə fərqli məqam odur ki, Rusiya hərbçiləri həmin istiqamətdə Azərbaycanın irəliləməsinin qarşısını almaq üçün post qurmağa məcbur olublar. Bu, Rusiyanın Qarabağda yalnız öz nəzarətinin olacağına dair sərt mövqeyini göstərir.
Qarşıdakı günlərdə necə olacaq, Azərbaycanla-Rusiya arasında gərginlik böyüyəcəkmi, yoxsa, ötən ilin martında keçirilmiş Fərrux əməliyyatından sonrakı vəziyyət təkrarlanacaq?
Azərbaycan Laçın yoluna nəzarəti təmin edə biləcəkmi? Rusiya qəti şəkildə Bakının bu tələbinə qarşı çıxırsa, qarşıdurmadan başqa alternativ yol varmı?
Qarabağ erməniləri Rusiyanın təlimatı ilə Azərbaycana qarşı döyüşəcəklərini bildirirlər, belə antaqonist yanaşma ilə dialoqu davam etdirmək mümkün olacaqmı? Prezident Administrasiyası onları növbəti dəfə Bakıya danışıqlara dəvət edib, növbəti imtina Qərbdə necə qarşılanacaq?
Suallar çoxdur, onların başında gələn əsas nigarançılıq Laçın yoluna nəzarət məsələsidir. Hazırda bu yoldan Rusiya hərbçiləri istədikləri kimi istifadə edir, ay ərzində yüzlərlə maşın Xankəndinə, Ermənistana gedib-qayıdır. Bu maşınlar nə daşıyırlar, onların içində Xankəndi-Turşsu yolu ilə daşınan silah-sursat ola bilərmi? Ümumiyyətlə, bu silahlar Qarabağdakı silahlı birləşməyə haradan göndərilir, müharibədən yarımcan çıxmış Ermənistanın belə bir imkanları varmı? Yoxsa, elə Rusiyadan Ermənistana, oradan Gümrüdəki hərbi bazaya, daha sonra Xankəndinə göndərilir? Ermənistan rəhbərliyi bir dəfə olsun bu barədə açıqlama verməyib, yalnız inkar etməklə kifayətlənib. Bu, bölgədə sülh istədiyini elan edən İrəvanın qeyri-səmimi olduğunu göstərir.
Qərbin çalışdığı odur ki, Azərbaycan-Ermənistan münaqişəsi Qarabağdan ayrılsın, tərəflər arasında sülh müqaviləsi imzalansın, sərhədlərin delimitasiyasına, demarkasiyasına başlansın. Bakı isə Qarabağ erməniləri ilə dialoqa başlasın, məsələ Qərbin yardımı ilə bu kontekstdə həll olunsun.
Ermənistan Qarabağın Azərbaycanın tərkibində olmasına razılaşmaqla sülhə razı olduğunu bildirir, amma Qarabağ ermənilərinə beynəlxalq təminatlar istəyir. Bu tələblər isə Azərbaycanın suverenliyi ilə ziddiyyət təşkil edir.
Azərbaycan da Ermənistanla sülhə razıdır, amma Qarabağ ermənilərinə heç bir əlahiddə hüquqlar verilməyəcəyini bildirir. Habelə, Bakı münaqişə tam həll olunmadan Ermənistanın birtərəfli qaydada oyundan çıxmasını istəmir. Çünki İrəvan müharibədə məğlub olub, 10 noyabrda üzərinə öhdəliklər götürüb. Onların yerinə yetirilməsi üçün başqa təsir mexanizmləri mövcud deyil. Bundan başqa, İrəvanın az da olsa Qarabağ ermənilərinə təsir imkanları var. İldə 400 milyon dollar verir, beynəlxalq lobbiçiliyini aparır və s.
Rusiyanın mövqeyi daha antaqonistdir. Moskva, ümumiyyətlə, Azərbaycan və Ermənistan arasında Qərbin vasitəçiliyi ilə sülh müqaviləsinin imzalanmasını istəmir və əlindəki rıçaqlarla prosesə mane olur. Rusiya Qarabağın hər hansı danışıqlar predmetinə çevrilməsinə qarşıdır. Ora öz ərazisi kimi baxır, erməni icmasını öz hərbi-siyasi girovluğunda saxlayır, ondan Azərbaycana, Ermənistana, lazım gələndə Qərbə qarşı istifadə edir. Paralel olaraq, Moskva İrəvanın Azərbaycanla anlaşıb prosesdən uzaqlaşmasını istəmir, müharibədən sonrakı üçtərəfli formatın qalmasını tələb edir. Əks halda, Azərbaycanla üz-üzə qala bilər, hazırki şərtlərdə bu reallıq Kremlə sərfəli deyil. Bakı da bu perspektivə ehtiyatla yanaşır, çünki Rusiya Ukrayna müharibəsində zəifləsə də hələ ki, regionda güc olaraq qalır.
Qərb bu ziddiyyətlərin içində sülh axtarır və tərəflərə təzyiq göstərir, amma hələ ki, onların ortaq məxrəcə gəlməsinə nail ola bilməyib. Amma cəhdlər davam edir. Rusiya-Ukrayna cəbhəsində vəziyyət aydınlaşdıqca, paralel olaraq, Moskva Cənubi Qafqazda hərbi-siyasi gücünü itirdikcə bu cəhdlərin daha səmərəli olacağını gözləmək olar.(pressklub)
Turqut