Yenixeber.org: Sovet dövründə ölkə vətəndaşlarının xarici əlaqələrini məhdudlaşdırmaq, ayrı-ayrı şəxslərin casusluq fəaliyyətinin qarşısını almaq üçün hökumət bir sıra tədbirlər həyata keçirib. Bu tədbirlərdən biri də SSRİ Ali Soveti Rəyasət Heyətinin 15 fevral 1947-ci il tarixli fərmanında öz əksini tapıb. “SSRİ vətəndaşları ilə əcnəbilər arasında nikahın qadağan edilməsi haqqında” fərmanda ölkə vətəndaşlarına xaricilrlə ailə qurmaq tam qadağan edilib.
Bu fərmanın imzalanmasının bir neçə səbəbi olub. Xüsusi xidmət orqanlarının araşdırmalarından sonra məlum olub ki, sovet-alman müharibəsi zamanı almanlar tərəfindən SSRİ-dən Almaniyaya işçi qüvvəsi kimi aparılan sovet vətəndaşlarının təxminən 500 min – 1 milyon nəfəri müharibədən sonra öz vətənlərinə qayıtmadan imtina ediblər. Böyük itkilərlə yekunlaşan müharibədən sonra bu rəqəm əhalinin sayının azalmasında ciddi fakt kimi qəbul edilib. Məhz onların Almaniyada həmişəlik qalmalarının qarşısını almaq üçün xarici vətəndaşlarla nikahın qadağan edilməsini Kreml zəruri tədbir sayıb.
İkinci əsas səbəb ondan ibarət olub ki, əcnəbilərlə ailə quran sovet vətəndaşı, xüsusilə də qadınlar nikaha girdiyi şəxsin vətəndaşı olduğu ölkənin xüsusi xidmət orqanları ilə əməkdaşlığının qarşısı alınsın. Araşdırmalar nəticəsində məlum olub ki, əcnəbilərlə ailə quran hər üç qadından biri xarici ölkələrin kəşfiyat orqanlarına işləyib.
Birgə nikaha rəsmi qadağa qoyulmasının digər bir səbəbi kapitalist ölkələrinin SSRİ-də təbliğatının qarşısını almaq məqsədini daşıyıb.
Sözügedən fərmanın icrası ciddi nəzarətdə saxlanılıb. Fərmana zidd olaraq əcnəbi vətəndaşla ailə qurmaq istəyənlər məcburi şəkildə SSRİ vətəndaşlığından çıxarılıb ki, bu da “vətənə xəyanət” maddəsinə bərabər olub.
Fərmanın icrasına nəzarəti dövlət təhlükəsizliyi orqanlarının əməkdaşları həyata keçiriblər. Təkcə 1948-1949-ci illərdə 9200 nəfər, onlardan 8100-ü qadın əcnəbi vətəndaşlarla əlaqəyə görə cinayət msuliyyətinə cəlb olunub.
Həmin dövrdə SSRİ Dövlət Təhlükəsizliyi Nazirliyində şöbə rəisi vəzifəsində xidmət edən polkovnik Yefrem Zaqorodnı sonralar öz xatirələrində məsələ ilə bağlı maraqlı açıqlamalar yazıb:
“Nazirlikdə əcnəbi vətəndaşlarla bağlı xüsusi məxfi şöbə fəaliyyət göstərirdi. Məhz bu şöbənin əməkdaşları SSRİ-yə gələn incəsənət nümayəndələrini, idmançıları, elm adamlarını, ticarətlə bağlı Moskvaya səfər edənləri və SSRİ-də fəaliyyət göstərən diplomatik korpusların nümayəndələrini gizli şəkildə nəzarətdə saxlayırdılar. Əcnəbi vətəndaşlarla daha çox qadınlar əlaqə qurmağa can atırdılar. Sözsüz ki, bu əlaqələrdə maddi məsələlər, valyuta, bahalı hədiyyələr böyük rol oynayırdı. Sovet qadınları onlarla yaxın əlaqəyə pul qarşılığında gedirdilər. Amma bununla yanaşı başqa adlarla, başqa sahələrin nümayəndəsi kimi SSRİ-yə səfər edənlərin arasında kəşfiyyatçılar da çox idi. Bu işə böyük vəsaitlər ayrılırdı və onlar öz səxavətlərini qadınlardan əsirgəmirdilər. Sonda isə həmin qadınlar əməkdaşlığa cəlb edilirdi.
Tərəfimizdən minlərlə belə fakt aşkar edilmişdi. Bu cür əlaqələr günü-gündə kütləvi xarakter alırdı. Ölkədə müharibədən sonrakı dövr də əcnəbilərlə əlaqələrin çoxalmasında əsas faktorlardan biri idi. Ehtiyac icində yaşamağa tab gətirməyənlər qazanc yolunu bu əlaqələrdə axtarırdılar. Bütün bunları nəzərə alaraq dövlət təhlükəsizliyi naziri Viktor Abakumov İosif Stalinin qarşısında təkliflə çıxış etdi. Bu təklifdə sovet vətəndaşlarının əcnəbilərlə nikaha girməsində rəsmi qadağaların tətbiq edilməsi nəzərdə tutulmuşdu. Beləliklə də, 15 fevral 1947-ci ildə məsələ ilə bağlı SSRİ Ali Soveti Rəyasət Heyətində müvafiq fərman imzalandı...”
Fərman kütlələr tərəfindən narazılıqla qarşılanıb, insan hüquqlarının pozulması kimi qiymətləndirilib. Belə ki, sovet vətəndaşları arasında heç bir təmənna, pul qarşılığı, kəşfiyyata işləmək niyyəti olmadan və əcnəbi vətəndaşlarla ailə qurmaq istəyənlər az olmayıb.
Stalinin vəfatından sonra sözügedən fərman növbəti dəfə Kremldə müzakirə edilib. SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Kliment Voroşilov fərmanın ləğv edilməsi bağlı təşəbbüs irəli sürüb. Bu təşəbbüsə qarşı çıxanlar olsa da, 26 noyabr 1953-cü ildə fərman ləğv edilib.
Fərmanın ləğv edilməsinə baxmayaraq, sonrakı illərdə əcnəbilərlə ailə qurmaq istəyən sovet vətəndaşları üçün yetərincə əngəllər yaradılıb. Bunun üçün xüsusi icazə və nikah prosesində çoxsaylı sənədlər tələb olunub. Əcnəbilərlə nikaha girənlər istənilən VVAQ (ZAQS) idarəsində qeydiyyata düşə bilməyiblər. Bunun üçün yalnız böyük şəhərlərdə xüsusi VVAQ-lar fəaliyyət göstərib.
Sovet dövründə xarici vətəndaşlarla nikahların sayı məxfi saxlanılıb. Amma bir fakt dəqiqdir ki, 1980-ci illərdə əcnəbilərlə nikahların sayı əvvəlki dövrlərdən bir neçə dəfə artıq olub.
SSRİ-dən xaricə köçmək istəyənlər üçün əcnəbi vətəndaşlarla nikah ən asan yol sayılıb. 1980-ci illərin sonunda təkcə Amerika Birləşmiş Ştatlarına saxta nikah yolu ilə SSRİ-dən 75 min qadın köçüb.
İlham Cəmiloğlu