Hazırda ermənilər amerikalı Nensi Pelosini özlərənə “nənə” seçiblər və vaxtaşırı “can nənə, bir nağıl de” deyə ona qısılırlar. Pelosi də öz missiyasını lazımınca yerinə yetirir və danışır.
Yenixeber.org: Nensi Pelosi Amerika Birləşmiş Ştatlarında Nümayəndələr Palatasının spikeri vəzifəsini tutur.
Bu vəzifə 1789-cu ildə təsis edilib. Nümayəndələr Palatasının spikeri ABŞ-ın siyasi sistemində üçüncü şəxs sayılır. Hər hansı bir səbəbdən prezdentin səlahiyyətlərinin icrası dayandırıldıqda, onun vəzifəsinin icrası vitse-prezidentə keçir, eyni hal təkrar olunduqda isə prezidentlik səlahiyyəti Nümayəndələr Palatasının spikerinə həvalə olunur.
Nensi Pelosi ABŞ tarixində yeganə qadındır ki, bu yüksək kürsüyə sahib olmağı bacarıb.
Əslində spikerin Ermənistanda Azərbaycan əleyhinə kəskin bəyanatlar verməsi gözlənilən bir hadisə idi. Nensi Pelosi hələ illər öncə “erməni soyqırımı” ilə bağlı dəfələrlə bəyanatlarla çıxış edib və tarixi faktları nəzərə almadan ermənilərə qarşı öz sevgisini açıq şəkildə biruzə verib.
1940-cı ildə ABŞ-ın Merilend ştatının Baltimor şəhərində anadan olan Nensi gənc yaşlarından siyasətə maraq göstərib. O, hətta 21 yaşı olanda, 1961-ci ildə Con Kennedinin inaqurasiya nitqini də canlı olaraq dinləyib. Pelosi Vaşinqton Universitetində politoloq ixtisası üzrə təhsil alıb. Məhz həmin universitetdə gələcək həyat yoldaşı Pol Pelosi ilə tanış olub və onlar 1963-cü ildə ailə həyatı qurublar.
Siyasi karyerasında sürətlə irəliləyən Pelosi 1976-cı ildə Milli Domokratik Komitənin üzvü seçilib, 1977-ci ildən Şimali Kaliforniyada Demokratlar Partiyasına rəhbərlik edib. Beləlilə, Pelosi siyasət pillələrini addım-addım və sürətlə qalxaraq Nümayəndələr Palatasının spikeri vəzifəsində qərarlaşıb.
Maraqlıdır, siyasətçi qadın bu illər ərzində hansı hadisələrlə yadda qalıb?
Bir çox siyasətçilər onu güclü, həm də qalmaqallı və təhlükəli siyasətçi kimi xarakterizə edirlər. Digər tərəfdən, spikerin adı maliyyə maxinasiyalarında da, xüsusilə də ABŞ-dakı erməni milyonçuları ilə əlaqədə hallanıb.
2011-ci ilin noyabrında Pelosi birjada ticarət üçün qapalı mənbələrdəki məlumatlardan istifadə etməkdə də ittiham olunub.
Hazırda Pelosinin 101 milyon dollar vəsaitə sahib olduğu göstərilir. Yəqin bu rəqəm 82 yaşlı Pelosinin var-dövlətinin görünən tərəfidir.
Pelosinin və həyat yoldaşının “Apple”, “Facebook” və “Disney” şirkətlərində böyük payları var. Eyni zamanda cütlük San-Fransiskoda daşınmaz əmlaklara və Kaliforniyada üzüm bağlarına da sahibdir.
2009-cu ildə “New York Post” Pelosi ilə bağlı kiçik bir yazı dərc edib. Yazıda qeyd olunub ki, spiker şəxsi səyahəti üçün ABŞ hərbi hava qüvvələrinə məxsus “G-5” təyyarəsi ilə təmin olunmasını tələb edir. Nəşr Pelosinin köməkçisinin elektron məktublarına istinad edib. Pelosi həmin məktubda tələb etdiyi təyyarənin verilməyəcəyi təqdirdə çox məyus olacağını da qeyd edib. Pelosinin tələbi yerinə yetirilməyib. Həmin vaxt ictimaiyyət spikerin dövlət vəsaitlərini şəxsi məqsədlər üçün xərcləməsinə görə kəskin narazılıq bildirib.
Pelosi Donald Trampa açıq müharibə elan edən siyasətçi kimi də yadda qalıb. O, 4 fevral 2020-ci ildə Trampın Konqresdə ənənəvi illik müraciətindən sonra onun çıxışının mətnini nümayişkaranə şəkildə cırıb. Donald Tramp sosial şəbəkələrdə Pelosini “əsəbi və axmaq” adlandırıb, ona “üçüncü növ siyasətçi” kimi baxdığını bildirib.
Pelosiyə və ailəsinə xidmət etmək üçün böyük bir “xidmətçilər ordusu” çalışır. O, arabir özü də mətbəxə keçir. Amma nəsə hazırlamaq üçün yox. Qızının söylədiyinə görə, Pelosi mətbəxdə rəqs etməyi çox xoşlayır və bu, onda yaxşı alınır:
“Anam mətbəxdə rəqs etməyi çox sevir, əsl rəqqasələrdən heç də geri qalmır. Arabir mahnı da oxuyur. Amma onun bu sahədə heç bir istedadı yoxdur, mahnı oxumaq anamda alınmır...”
Qeyd edək ki, Pelosilərin 5 övladı, 9 nəvəsi var.
Pelosi hədsiz dərəcədə şokolad həvəskarıdır. Onun iş kabinetindəki masasının üstündə San-Fransiskodakı “Ghirardelli” konditer fabrikinin məhsullarının hər gün yenilənməsi mütləqdir. Ancaq buna baxmayaraq, bu şirniyyatlar da spikerin dilini “şirin” edə bilmir.
Pelosinin daha bir şakəri krossvordlarla bağlıdır. O, xüsusilə “New York Times” qəzetində dərc edilən krossvordlara üstünlük verir və belə əsaslandırır ki, bu qəzet daha çətin və mürəkkəb krossvordalar təqdim edir.
Bəli, mürəkkəb krossvordları həll etməyi bacaran Pelosi nədənsə çox sadə bir məsələnin həllinə düzgün yanaşa bilmir. Tarixi faktlar bütün çılpaqlığı ilə Qarabağın Azərbaycana məxsus olduğunu təqdim etdiyi təqdirdə, Pelosinin bu məsələni mürəkkəbləşdirməsi ABŞ-ın üçüncü şəxsi haqqında şübhəli fikirlər yaradır. Sözsüz ki, onun şəxsi fikirləri, Qarabağ məsələsinə baxışları dünya ictimaiyyətinin fikrini dəyişmək gücündə deyil. Çünki artıq bütün dünya bilir ki, Qarabağ Azərbaycandır!!!
İlham Cəmiloğlu