Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

Dodon əməliyyatı-İndi dünyada ən riskli işlərdən biri Putinlə dostluqdur

Yenixeber.org: Moldovada keçmiş prezident, Sosialistlər Partiyasının sabiq lideri və hazırkı fəxri sədri İqor Dodona qarşı cinayət təqibi başlayıb. Bu gün səhər Moldova Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin və Antikorrupsiya Prokurorluğunun əməkdaşları tərəfindən Dodona məxsus mənzillərdə və istirahət düşərgəsində, valideynlərinin yaşadığı evdə və Moldova-Rusiya Biznes İttifaqının ofisində axtarışlar aparılıb. (Dodon Rusiyanın sabiq baş prokuroru Yuri Çaykanın oğlu İqor Çayka ilə bərabər bu ittifaqın rəhbəridir.) Dövlətə xəyanətdə və korrupsiyada ittiham olunan sabiq prezident cinayət işi çərçivəsində hələlik 72 saat müddətinə saxlanılıb. 

2016-2020-ci illərdə Moldovanın prezidenti olan İqor Dodon Rusiyanın adamıdır. Onun dövründə ölkədə ikibaşlı idarəçilik konfiqurasiyası formalaşmışdı: bir tərəfdə qərbyönümlü parlament və hökumət, digər yanda rusiyayönümlü prezident. Əslində Moldova parlament üsul-idarəsinə malik ölkədir və məhdud səlahiyyətli prezident qərarların qəbulunda iştirak etmir. Buna baxmayaraq, Dodon vəzifəsinin icrasına başladıqdan sonra özünü prezident respublikasının rəhbəri kimi apararaq səlahiyyət çərçivəsinə aid olmayan məsələlərə qarışır və qərarlar qəbul edirdi. Belə qərarlardan biri də 2018-ci ilin mayında Dodonun müraciəti əsasında Moldovanın Avrasiya İqtisadi İttifaqına müşahidəçi qismində qəbul edilməsi idi. Moldova hökuməti və paramenti o zaman bu qərarı tanımamışdı. Həmin dövrdə ölkədə komik bir praktika da tətbiq olunurdu: Dodon parlamentin qəbul etdiyi qanunlara imza atmayanda qanunverici orqanın müraciəti əsasında Konstitusiya Məhkəməsi prezidenti müvəqqəti olaraq vəzifədən kənarlaşdırırdı və həmin müddətdə parlamentin sədri prezident səlahiyyətlərinin icraçısı qismində qanunları imzaladıqdan sonra KM təkrar Dodonu vəzifəyə qaytarırdı… 

İqor Dodon Rusiyanı, necə deyərlər, su yoluna çevirmişdi və tez-tez Putinlə görüşüb, məsləhətləşirdi. 2017-сi ildə Moskvada keçirilən 9 may paradına qatılan yeganə xarici dövlət başçısı məhz yaxasına Georgi lenti taxan Dodon idi.

Belə bir adamın təqibi və həbsi Moldova kimi Avropanın ən zəif və ən yoxsul ölkəsinin hökuməti üçün kifayət qədər cəsarətli addımdır – xüsusən Putinin Ukraynaya qarşı amansız savaş apardığı bir dövrdə. 2020-ci ildə prezident seçkilərinin 2-ci turunda 58% civarında səs alaraq Dodon üzərində parlaq qələbə qazanan qərbyönümlü dövlət başçısı Maya Sandu Rusiyanın Ukraynaya hücumunun ilk 2 ayında ehtiyatlı mövqe tuturdu. (Parlamentdə prezidentin partiyası çoxluqda olduğundan, ölkəni məhz Sandu idarə edir.) Lakin son həftələrdə, xüsusən Avropaya səfərindən sonra onun mövqeyində dəyişiklik müşahidə olunur. Xanım Sandu bir neçə gün əvvəl Avropa Parlamentində çıxışında Ukraynaya açıq dəstək verdi və ukraynalıların həm də Moldova və bütün Avropanın azadlığı üçün döyüşdüyünü vurğuladı, eyni zamanda Rusiyadan öz əsgərlərini Dnestr regionundan çıxarmağı tələb etdi. Hazırda Moldovada Rusiyanın 2 hərbi kontingenti var: Rusiya Qoşunlarının Operativ Qrupu (keçmiş 14-cü ordu) və sülhməramlılar. 1999-cu ildə ATƏT-in İstanbul zirvə toplantısında Rusiya 2002-ci ilin sonuna qədər öz ordusunu (operativ qrupu) və oradakı minlərlə ton silah-sursatı Moldovadan çıxarmaq barədə öhdəlik götürsə də, indiyədək bunu yerinə yetirməyib. 

Ukrayna müharibəsi bütövlükdə Avropa geosiyasətində tektonik dəyişikliklərə təkan verib və proseslərin sürətləndiyi göz önündədir. Qərbin Moldovaya da marağı artıb və artıq Ukrayna ilə yanaşı, bu ölkənin də silahlandırılması gündəmə gəlib. Britaniya hökuməti tərəfindən irəli sürülən bu təşəbbüs ötən günlərdə Moldovaya səfər edən ABŞ Konqresinin nümayəndə heyəti tərəfindən də dəstəklənib. Şübhəsiz ki, bütün bunlar Sandu hökumətini cəsarətləndirən gəlişmələrdir. 

Moldovadakı hadisələri diqqətlə və çox yaxından izləyən ölkələrdən biri də qonşu Rumıniyadır. Rumıniya-Moldova uniyası (birləşmə) Moldovanın müstəqillik qazanmasından üzü bəri zaman-zaman gündəmə gəlib və aktuallaşıb. Rusiyanın Ukraynaya qarşı aqressiyası birlik tərəfdarı olanların arqumentlərini gücləndirib. Lakin əhali arasında bu ideyanın tərəfdarlarının hələ ki azlıqda olması birləşmə önündə ən böyük əngəldir və Sandu hökumətini bu məsələdə etiyatlı mövqe tutmağa sövq edir. Buna baxmayaraq, Rumıniya ilə əlaqələr dərinləşir və inteqrasiyaya tədricən zəmin hazırlandığını söyləmək mümkündür. Mayın 20-də Moldova və Rumıniya parlamentlərinin Xarici siyasət və Hüquq komitələrinin birgə iclası keçirilib. İki ölkə parlamentlərinin ümumi toplantısının təşkilinə hazırlıq görülür. Yaxın gələcəkdə Moldovada birləşmə tərəfdarlarının sayının 50%-i ötməsi sürpriz sayımayacaq. Hazırda Moldova əhalisinin azı 40%-nin Rumıniya pasportuna sahib olması bu baxımdan önəmli detaldır. Yüz minlərlə moldovalı Avropada çalışır və ölkədə seçkilər keçirilərkən Moldova səfirlikləri və konsulluqlarına gedərək səs verirlər. Avropadakı Moldova icması qərbyönümlü siyasi qüvvələrin əsas sosial bazasıdır və onların səsi vətəndə seçkilərin nəticələrinə həlledici təsir göstərir. 

Moldovanın Dnestrdən əlavə, Qaqauziya problemi də var. Pravoslav qaqauzlar əksəriyyət etibarilə rusiyameyllidir və yerli rəhbərlik Rumıniya ilə birləşmə gündəmə gələrsə, Moldovadan ayrılmaq təhdidi ilə çıxış edir. Lakin Ukraynadan fərqli olaraq, Moldova üçün ən önəmli geostrateji üstünlük aqressiv Rusiya ilə ortaq sərhədə malik olmamaqdır. Dnestrdəki təxminən 1500 nəfərlik Rusiya hərbi qruplaşması ciddi hərbi tapşırıqların icrası üçün yetərsizdir. Bu səbəbdən Rusiyanın Ukraynaya qarşı işğalçı müharibədə qarşıya qoyduğu strateji vəzifələrdən biri Odessa vilayətini işğal edərək Dnestrə quru yolu açmaqdır. 

Müharibənin ilk həftələrində həqiqətən bu təhlükə real görünürdü. Krımdan daxil olan Rusiya ordusu Xersonda ciddi müqavimətlə rastlaşmadıqdan sonra (yeri gəlmişkən, ukraynalılar Xersonda böyük xəyanət baş verdiyini deyirlər) Nikolayevə irəlilədi, lakin şokdan tez çıxan Ukrayna rəhbərliyi əhali və hərbçilər arasında böyük nüfuzu olan general Dmitri Marçenkonu təcili Nikolayevə ezam edərək onun komandanlığı ilə müdafiə səddi qura bildi, nəticədə bu vilayətin işğalı və rus qoşunlarının Odessaya çıxışı əngəlləndi. Görünür, həm də buna görə Rusiya komandanlığı Odessaya dənizdən desant çıxarmaq kimi riskli əməliyyatdan vaz keçdi. Savaşın 3 aylıq yekunları göstərir ki, Odessanın işğalı çox çətin vəzifədir və Rusiyanın bunun üçün yetərli hərbi potensiala sahib olması şübhə doğurur. 

Moldovanın avrointeqrasiyası qaçılmaz perspektivdir və zaman məsələsidir – ya müstəqil, ya da Rumıniyanın tərkib hissəsi olaraq… 

Şahin Cəfərli 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam