Yenixeber.org: Rusiya prezidenti Vladimir Putin pandemiya başlayandan bəri xarici ölkələrdən yalnız İsveçrənin Jenevrə şəhərinə gedərək orada amerikalı həmkarı Co Baydenlə görüşmüşdü. Putin ikinci səfərini dekabrın 6-da Hindistana reallaşdırıb. Putini Hindistana səfərində xarici işlər və müdafiə nazirləri Sergey Lavrov və Sergey Şoyqu müşayiət ediblər. Səfər əvvəlcədən də elan edildiyi kimi işgüzar xarakter daşıyıb.
İki ölkə 2000-ci ildə qərara gəlmişdilər ki, Rusiya-Hindistan sammitləri ildə bir dəfə növbə ilə Moskva və Dehlidə keçiriləcək. Ancaq pandemiya bu planlara mane oldu. Buna baxmayaraq, iki ölkənin lideri videokonfranslar vasitəsilə ilboyu təmasda olublar. Digər tərəfdən Rusiya və Hindistan üzv olduqları BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) təşkilatı çərçivəsində də dialoq içindəydilər. Vladimir Putin səfərdən əvvəl Hindistanı Rusiya üçün “xüsusi əhəmiyyətli strateji tərəfdaş” adlandırıb. Ancaq münasibətlərdə suallar da az deyil.
Birincisi, Vladimir Putin hər nə qədər Hindistanı Rusiyanın “strateji tərəfdaşı” adlandırsa da, Rusiya-Çin ittifaqı Dehlini narahat etməyə bilməz. Ona görə də Dehli Çinə qarşı mübarizədə ABŞ-la ittifaqı gücləndirib. Bu isə Moskvanın xoşuna gəlmir.
İkincisi, Rusiya üçün Çinlə Hindistan arasında balans saxlamaq asan deyil. Misal üçün Çin-Hindistan sərhədinin dağlıq hissəsində bir müddət əvvəl toqquşmalar olub, hər iki tərəfdən itkilər qeydə alınıb. Bu zaman Moskva tərəf tutmaqda çətinlik çəkib. Pekin və Dehli isə bu cür hallarda Kremlin konkret mövqe ortaya qoymalarını istəyirlər. Belə vəziyyətdə Dehli Çinlə münasibətləri gərgin olan Vaşinqtona istinad etmək məcburiyyətindədir. Halbuki, Hindistan, Rusiya və Çinlə birgə Şanxay Əməkdaşlı Təşkilatı və BRİKS təşkilatlarında təmsil olunurlar. Demək bu təşkilatlar və Rusiyanın özü də Çinlə Hindistanı barışdırmaqda acizdir.
Buna baxmayaraq, Vladimir Putin Dehliyə səfər etməklə Pekinə mesaj yollayıb ki, Çinlə əməkdaşlığı Hindistanla əməkdaşlığa qurban vermək istəmir. Kreml sahibi Dehlidə Hindistanın baş naziri Narendra Modi, xarici işlər naziri Sergey Lavrov və müdafiə naziri Sergey Şoyqu isə hindistanlı həmkarları Subramaniyam Djayşankar və Radjnatx Sinkxlə görüşüblər.
Hindistan Rusiyanın hərbi texnikasına maraq göstərir. Putinin Hindistana səfərinin əsas qayəsini də məhz bu amil təşkil edib. Rusiya Hindistana S-400 raketlərini satacaq. Vaşinqton bu sazişi əngəlləməyə çalışsa da, nəticə əldə etməyib. Rusiya Hindistandan əvvəl S-400 raketlərini Türkiyəyə satarkən Vaşinqton buna da mane ola bilmədi. Bununla Dehli Vaşinqtona mesaj göndərib ki, Hindistan ABŞ-ın anti-Çin siyasətinə dəstək versə də, hərbi texnikanın alınmasında müstəqil qərarlar vermək qabiliyyətindədir.
Hindistan-Rusiya münasibətlərində iqtisadi və ticarət əlaqələrinə də diqqət yetirilir. Hindistan iqtisadiyyatı sürətlə inkişaf edir və böyük bazar sayılır. İki ölkə pandemiya dövründə dərman istehsalında da əməkdaşlıqlarını gücləndiriblər. Əslində Rusiyanın koronavirus əleyhinə icad etdiyi “Sputnik” peyvəndinin istehsalında Hindistanın dərman şirkətlərinin payı böyükdür.
“Atlas” Araşdırmalar Mərkəzi