Ermənistan və Azərbaycan arasında gərginlik:2 D problemi
Yenixeber.org: SSRİ-nin dağılmasından sonra hələ də delimitasiya və demarkasiya prosedurundan keçməyən Ermənistan-Azərbaycan sərhədində vəziyyət son bir həftə ərzində xeyli gərginləşib. Bu, Ermənistan və Azərbaycan müdafiə nazirlərinin məlumatlarından görünür. Atışmalarda və tərəflərin qoşunlarının, həm canlı qüvvəsinin, həm də texnikasının yerdəyişməsində iştirak tədricən artır. Hər iki nazirlik son iki gündür hərbi birləşmələrin birbaşa qarşıdurmaları, zirehli texnika və artilleriya vasitələrinin məhv edilməsi haqqında məlumat yayır, yeni əsirlər haqqında ilk məlumatlar yayılıb.
Sərhəddə vəziyyətin ciddi şəkildə gərginləşməsi Ermənistan baş naziri Nikol Paşinyanın iki D məsələsi ilə bağlı bəyanatından sonra baş verib. O, faktiki olaraq açıq şəkildə DD başlanması haqqında daha əvvəl əldə olunmuş razılaşmaları inkar edib. ABŞ, Rusiya və Fransanın şəxsində ATƏT-in Minsk qrupunun bütün ölkələri ötən ilin yazında sərhədlərin delimitasiyasını və demarkasiyasını həyata keçirməyə çağırırdı.
Mayın 18-də ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivanla telefon söhbəti zamanı prezident İlham Əliyev ABŞ-ın DD prosesinin sürətləndirilməsi haqqında mövqeyi ilə razılaşıb.
“Prezident İlham Əliyev ABŞ Prezidentinin Milli Təhlükəsizlik məsələləri üzrə müşavirinin Azərbaycan və Ermənistan arasında beynəlxalq sərhədin delimitasiyası üzrə danışıqların başlanmasına ehtiyac duyulduğu fikri ilə razı olduğunu ifadə edib və bu prosesin üçtərəfli bəyanata uyğun olaraq həyata keçirilməsinin əhəmiyyətini bildirib”, deyə Əliyevin mətbuat xidməti qeyd edib.
Mayın 29-da Minskdə MDB ölkələrinin Hökumət Başçıları Şurasının iclasında Azərbaycan baş naziri Əli Əsədov yenidən Rusiyanın Azərbaycan-Ermənistan sərhədinin demarkasiyası və delimitasiyası üzrə üçtərəfli komissiya yaradılması haqqında təşəbbüsünü dəstəkləyib.
Fransa Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiyası və demarkasiyası prosesinin başlanması ehtimalını dəstəkləyir və bu məsələnin həlli üçün sülh mühiti yaratmağın əhəmiyyətini qeyd edir, bu barədə noyabrın 2-də Fransanın Ermənistandakı səfiri Ann Luyo Armenpress dövlət agentliyinə müsahibəsində bildirib.
Sentyabrın 9-da Moskvada keçirilən brifinqdə RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib: “Biz Ermənistan və Azərbaycan sərhədinin ayrı-ayrı hissələrində vəziyyəti diqqətlə izləyirik. Vəziyyətin inkişafı... növbəti dəfə Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və sərhəd boyunca demarkasiyası prosesinin tezliklə işə salınmasına ehtiyac olduğunu bir daha sübut edir”.
O, həmçinin qeyd edib ki, RF delimitasiya və demarkasiya ilə bağlı təkliflərini Azərbaycana və Ermənistana təqdim edib: “Biz gələcək kursun formalaşdırılması üçün tezliklə cavab gözləyirik”.
Ermənistan və Azərbaycan Rusiyanın DD prosesinə dair planını qəbul edib və bu barədə yüksək səviyyədə məlumat verilib. Ermənistanın siyasi bomondunun mövqeyi DD-nin qəti əleyhinə idi, belə ki, Azərbaycanla sərhədlərin tanınmasını və Qarabağın Dağlıq hissəsinin onun tərkibində tanınmasını nəzərdə tuturdu. Paşinyanın və onun tərəfdarlarının bu məsələ ilə bağlı mövqeyi müasir tarixi dövrdə sərhədlərin tanınması və tanınmaması məsələsindən kənara çıxırdı.
Noyabrın 8-də Paşinyan Ermənistan İctimai Televiziyasına müsahibəsində Azərbaycanın bu yolla Qarabağın Dağlıq hissəsini de-yure öz tərkibinə daxil etməyə çalışmasından ehtiyatlandığını bildirib, belə ki, Azərbaycanın sərhədləri tanınarsa Qarabağ avtomatik olaraq Azərbaycanın tərkib hissəsinə çevrilir. O, bu məsələ ilə bağlı ictimai təzyiqə istinad edib: “Mən hələ mayda hökumətin iclasında bildirdim ki, Rusiya Federasiyasının təklif etdiyi demarkasiya və delimitasiya haqqında sənədi imzalamağa hazıram və burada necə daxili siyasi səs-küyün yarandığı yadınızdadır”.
Rusiyanın DD ilə bağlı tərəflərə təqdim etdiyi təşəbbüsünün nəyə əsaslandığı açıqlanmır. Amma rəsmi şəxslər DD prosesinin RF Baş Qərargahının xəritələri əsasında həyata keçiriləcəyini bildiriblər.
Oktyabrın 21-də Valday klubunun iclasında Putin belə deyib: “Burada bizə, çox güman ki, iki tərəfdən və Rusiyadan başqa heç kim lazım deyil. Çox sadə və praqmatik məqamlar var: bəli, çünki Rusiya ordusunun Baş Qərargahında olan xəritələr sovet dövründə ittifaq respublikalarının sərhədlərinin necə keçdiyini göstərir. Orada qarşlıqlı güzəşt tələb edən məqamlar da var: harada isə nəyi isə düzəltmək, harada isə nəyi isə mübadilə etmək. Amma qəbul ediləcək şəkildə, bunun hər iki tərəf üçün sərfəli olduğu aydın olacaq şəkildə”.
Azərbaycan bununla razıdır, belə ki, bununla bağlı hər hansı təhlükəni ifadə edən heç bir şərh olmayıb.
Ermənistanın danışıqlar üçün təməl olan xəritələrə öz nöqteyi-nəzəri var və 1920-ci illərin xəritələrinə əsaslanırlar. Və bu yanaşmada Ermənistanın müttəfiqi yoxdur ki, bu da onun vəziyyətini çətinləşdirir.
Sərhəddə vəziyyət dramatik xarakter alır, yalnız bütün postsovet ölkələrinin yolundan getmək, sərhədləri SSR İttifaqının ləğvi anında status-kvo xətti ilə müəyyən etmək gərginliyi aradan qaldıra bilər.(ASTNA)