Yenixeber.org: 5 yanvar 2021-ci il tarixdən. Tarif Şurasının qərarı ilə “Aİ-92” benzininin pərakəndə satış qiyməti 90 qəpikdən 1 manata, dizel yanacağı 60 qəpikdən 80 qəpiyə qaldırılıb.
1 fevral 2021-ci il tarixdən. Tarif Şurasının qərarı ilə 1 kubmetr içməli suyun qiyməti Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonunda 35 qəpikdən 70 qəpiyə, digər bölgələrdə 30 qəpikdən 60 qəpiyə, tullantı sularının axıdılması xidmətinin tarifi isə ölkə üzrə bir kubmetr üçün 15 qəpikdən 30 qəpiyə qaldırılıb.
2 iyun 2021-ci il tarixdən. “Aİ-95” markalı premium benzinin qiyməti 1 manat 40 qəpiyə, “Aİ-98” markalı super benzin isə 1 manat 55 qəpiyə qaldırılıb.
1 iyul 2021-ci il tarixdən. Tarif Şurasının qərarı ilə təbii qazın istehlak qiyməti artıb, güzəştli istifadə tətbiq edilən qaz limiti azaldılıb. Qiymət artımı il ərzində 1200 kubmetrdən sonrakı istehlaka tətbiq edilir. Həmin tarixədək əhali qrupuna aid abonentlərə hər kubmetri 10 qəpikdən hesablanan 2200 kubmetr limit verilmişdi. İyulun 1-dən isə bu limit 1200 kubmetrə endirilib bu həddən çox qaz istehlak edən əhali hər kubmetr üçün 20 qəpik, 2500 kubmetrdən çox olanlar isə 25 qəpik ödəyir.
3 avqust 2021-ci il tarixdən. “Aİ-98” super markalı benzinin qiyməti 5 qəpik artaraq 1 manat 60 qəpik olub.
1 noyabr 2021-ci il tarixdən. Tarif Şurasının qərarına görə, illik 1200 kubmetrə qədər təbii qazın hər kubmetrinin qiyməti əhali üçün 10 qəpikdən deyil, 12 qəpikdən hesablanacaq. Həmin tarixdən elektrik enerjisinin də qiyməti qaldırılıb. Belə ki, noyabrın 1-dən əhali üzrə tarif istehlakı 200 kVts-dək olan abonentlər üçün hər kVts-a görə 8 qəpikdən, 200 kVts – 300 kVts arası 9 qəpikdən, 300 kVts-dan yuxarı isə 13 qəpikdən hesablanacaq. Həmin tarixədək əhali üzrə tariflər aylıq istehlakı 300 kVts-dək olan hissə üçün 7 qəpik, 300-dən yuxarı hissə üüçün isə 11 qəpik təşkil edirdi.
Bunlar qiyməti dövlət tərəfindən tənzimlənən məhsulların bahalaşdırılmasına dair son 10 ayda verilən qərarlardan çıxarışlardır. Tarif Şurasının sonuncu qərarı ictimaiyyətdə böyük narazılıqlara səbəb olub. Təbii qazın və elektrik enerjinin bahalaşdırılmasını nəzərdə tutan qərar elan olunandan (16 oktyabr 2021) bu yana hər gün mətbuatda və sosial şəbəkələrdə geninə-boluna müzakirə olunur, Tarif Şurasının ünvanına sərt tənqidlər səsləndirilir. Narazılıqların miqyası o qədər genişdir ki, hətta “Azəriqaz” İstehsalat Birliyi yanında İctimai Şura da qiymət artımına etiraz edib, bununla bağlı xüsusi bəyanat yaydı. Bəyanatda bir il müddətində ikinci dəfə qiymətin artırılmasının 44 günlük müharibə zamanı və ondan sonra cəmiyyətlə dövlət arasında formalaşmış yüksək etimada və inama söykənən milli birliyə kölgə saldlğı, bu addımın əhalinin aztəminatlı kəsiminin həyat şəraitinə, iqtisadi-sosial durumuna mənfi təsir göstərdiyi vurğulanır.
Şəffaflıq əvəzinə iri şirkətləri yemləmək
Tarif Şurasının qiymət artımı ilə bağlı qərarını iqtisadi şəffaflığa və xərclərin səmərəliliyinin artırılmasına məsul qurumların öz işinin öhdəsindən gələ bilməməsinin ört-basdır edilməsi cəhdi kimi dəyərləndirənlər də var. Bəzi ekspertlər benzin, təbii qaz, elektrik enerjisi, içməli su tariflərinin tez-tez dəyişdirilməsini dövlət büdcəsinin formalaşmasına və xərclənməsinə bilavasitə məsul olan Maliyyə Nazirliyi ilə İqtisadiyyat Nazirliyi arasındakı konfliktin təzahürü kimi dəyərləndirir. Bildirilir ki, iri şirkətlərin fəaliyyətinin şəffaflaşdırılmasına cavabdehlik daşıyan İqtisadiyyat Nazirliyi son illər bu istiqamətdə müəyyən addımlar atsa da, vəziyyət dəyişməyib. Xüsusilə dövlətdən əvəzsiz maliyyə yardımı alan müəssisələrin büdcədən asılılığı azalmayıb və hər il yüz milyonlarla büdcə vəsaiti iri şirkətlərin yeminə çevrilir. Səbəb kimi isə büdcə vəsaitlərinin əvvəllər olduğu kimi, səmərəsiz xərclənməsi, effektiv şağlamlaşdırma tədbirlərinin olmaması göstərilir. Belə olan halda inzibati resurs kimi Tarif Şurası yada düşür – SOCAR, “Azəriqaz”, “Azərsu”, “Azərenerji”, “Azərişıq” kimi iri dövlət müəssisələrinin göstərdiyi xidmətlərin tariflərini qaldırmaqla həmin müəssisələrin xərclərini qarşılamaq. Halbuki mütəxəssislərin fikrincə, kommunal idarəçiliyi şəffaflaşdırmadan, xərclərin səmərəliliyini təmin etmədən tarif artımı gözlənilən iqtisadi səmərə verməyəcək.
İqtisadçı ekspert Rövşən Ağayev hesab edir ki, rəsmi qurumların qiymət artını ilə bağlı səsləndirdiyi arqumentlər əsaslı səbəb sayıla bilməz. Onun fikrincə, Azərbaycanda enerji daşıyıcıları və kommunal xidmət tariflərinin başqa ölkələrdəkindən aşağı olduğunu və Tarif Şurasının qərarlarını bu amillə əsaslandıran qurumlar daha tutarlı, həm də reallığa uyğun səbəblər göstərə bilərdi: “Yeni tariflər müəyyənləşdirilərkən başqa ölkələrlə müqayisələr tariflərin səviyyəsinə görə deyil, əhalinin gəlirləri nöqteyi-nəzərindən aparılmalıdır. Son 4 ayda təbii qazın qiymətinin orta hesabla 50 faizə, elektrik enerjisi 20 faizə yaxın, suyun tarifləri isə 2 dəfəyədək artırılmasının heç bir iqtisadi əsaslandırılması olmadı. Tarif Şurasının sonuncu qərarına verilən izahatlar da ictimai rəyi razı salmaq üçün yetərli olmadı. Ölkədəki sosial müdafiə sisteminin hazırkı vəziyyəti, işsizliyin və yoxsulluğun geniş miqyası baxımından hökumətin tarif siyasəti ədalətsizdir. Ən asısı da odur ki, ölkədə yoxsulluğun və işsizliyin real miqyasını ölçən mexanizmlər yoxdur. Belə olan halda əhalinin yoxsul, işsiz və aztəminatlı təbəqəsini qiymət artımların mənfi təsirlərindən qorumaq mümkün olmayacaq”.
Artan qiymətlərlə büdcə formalaşdırmaq?
Deputat Erkin Qədirli də son qiymət artımlarının sosial-iqtisadi təlatümlərə yol açacağı qənaətindədir. Onun sözlərinə görə, Tarif Şurasının qiymət artımına dair qərarları bir qayda olaraq cəmiyyətdə ciddi narazılıqlar yaratmaqla yanaşı dövlətin iqtisadi inkişaf strategiyasına da zərbə vurur: “Dəfələrlə deyilib ki, Tarif Şurasının qərar qəbul etmə mexanizmlərinə yenidən baxılmalı, bu məsələ həllini tapmalıdır. Parlamentdən kənar büdcəyə müdaxilə olmamalıdır. Bu məsələni Milli Məclisin iclasında, canlı yayımlarda çıxışlarımda da qaldırmışam”.
Xatırladaq ki, fevral ayında içməli suyun və tullantı sularının axıdılması xidməti üzrə tarifilər 2 dəfəyədək artırılarkən Erkin Qədirli Milli Məclisdəki çıxışında bu qərara sərt reaksiya vermişdi. O, Tarif Şurasının bu cür qərarlarını büdcəyə müdaxilə kimi dəyərləndirmişdi. Deputat Tarif Şurasının 16.10.2021 tarixli iclasında təbii qaz və elektrik enerjisi üzrə tariflərin dəyişdilməsinə dair qəbul etdiyi qərarına da münasibəti eynidir.
Tarif Şurasının son qərarına verilən izahatlardan danışarkən bir mühüm məqam nədənsə unudulur. Belə ki, 2021-ci ilin dövlət büdcəsində neft və qaz gəlirləri hazırkı qiymətindən dəfələrlə aşağı qiymətlə hesablanıb. Yəni, dünyada neft və qaz qiymətlərinin artması sayəsində dövlət büdcəsinə nəzərdə tutulduğundan daha çox gəlir daxil olub. Həm də əlavə gəlirlərin məbləği milyardlarla ölçülür. Təkcə bu faktın özü qaz ixracatçısı olan Azərbaycanda qiymətlərin artırılmasına zərurət olmadığını deməyə əsas verir.
İqtisadçı alim, sabiq millət vəkili Nazim Bəydəmir də Tarif Şurasının qiymət artımı ilə bağlı son qərarını sərt tənqid edənlərdəndir. Onun sözlərinə görə Tarif Şurası və inhisarçı dövlət qurumları qiymət artımına ciddi təsir edir: “Bazarda süni qiymət artımını yaradan elə məhz Tarif Şurası və dövlət qurumlarıdır. Tarifləri, konkret olaraq kommunal xidmətlərlə bağlı siyasəti bazar deyil, hökumət müəyyən edir. Süni qiymət artımı həm də gömrük siyasəti vasitəsilə həyata keçirilir. Gömrük orqanları idxal məhsullarına real olmayan bəyannamə qiymətləri tətbiq etməklə, sahibkarlardan daha çox rüsum və vergi almaqla mal və xidmətlərin maya dəyəri süni şəkildə şişirdilir. Bununla da sahibkarlar inzibati qaydada qiymət artımına təhrik olunur. Yəni, süni qiymət artımı kökumətin tarif və fiskal siyasəti ilə həyata keçirilir. Eyni zamanda müxtəlif cərimələr hesabına da istehlakçıların vəziyyəti pisləşdirilir, onların real gəlirləri azaldılır və nəticə etibarilə dövlət daha çox sosail müdafiə xərclərini artırmaq məcburiyyətində qalır”.
Ekspert hesab edir ki, Tarif Şurasının qiymətlərlə bağlı qərarları həm Nazirlər Kabinetində, həm də Milli Məclisdə müzakirələrdən keçərək qəbul olunan dövlət büdcəsinə kobud müdaxilədir. Onun sözlərinə görə, Tarif Şurasının həm hökumətdə, həm də parlamentdə geniş müzakirə olunduqdan sonra qanun şəklində qəbul edilmiş dövlət büdcəsinə müdaxilə sayıla biləcək qərarlar vermək səlahiyyəti yoxdur: “İlin ortasında, yaxid büdcənin gəlir və xərclərinin müəyyən olunduğu dövrdən sonra hər hansı tarif dəyişikliyi baş verirsə, bu, avtomatik olaraq büdcədəki göstəricilərin də dəyişməsi deməkdir. Bu, doğru deyil. Müxtəlif ölkələrin təcrübəsində də görürük ki, büdcə təsdiqləndikdən sonra hər hansı qiymət artımına gedilirsə, bunun kompensasiya olunması mexanizmi də paralel şəkildə tətbiq olunmalıdır. Əgər Tarif Şurası qiymət artımı ilə bağlı büdcə ili başa çatmamış qərar verirsə onun tətbiqi gələn ilin dövlət büdcəsində nəzərə alınmalıdır və barədə əvvəlcədən ictimaiyyətə məlumat verilməlidir. Bu mənada Tarif Şurası nəinki bazar iqtidadiyyatının tələblərini pozur, həm də “Büdcə sistemi haqqında” qanuna müdaxilə edir, Milli Məclisin də səlahiyyətlərini məhdudlaşdırır”.(pressklub)
Elxan Salahov