Paşinyan Cənubi Qafqazı terrorizm məkanına çevirir: Region xaosa sürüklənir
ATƏT-in Minsk Qrupu həmsədrlərinin “oyundankənar” vəziyyətə salınması, Azərbaycanın Dağlıq Qarabağ və ətraf ərazilər istiqamətində hərbi əməliyyatlara başlaması üçün olduqca ciddi səbəblər mövcuddur... Həmin hərbi əməliyyatları beynəlxalq ictimaiyyətə hətta antiterror əməliyyatları kimi də təqdim etmək mümkün ola bilər...
Yenixeber.org: Cənubi Qafqazda yeni böhranın təməli atılmaqdadır. Belə ki, Ermənistanın növbəti avantürist təxribatı reallaşdırmağa can atdığı müşahidə edulməkdədir. Və bu avantürist təxribat reallaşdırılması baş tutarsa, onda Cənubi Qafqazın dünyanın yeni “qaynar nöqtə”sinə çevrilə biləcəyi qətiyyən istisna deyil.
Məsələ ondadır ki, Paşinyan hakimiyyəti Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində, xüsusilə də, Dağlıq Qarabağda yeni məskunlaşma kampaniyasına start verib. Dünyanın müxtəlif bölgələrindən bu ərazilərə şəxsiyyəti və fəaliyyəti şübhəli şəxslərin qeyri-qanuni şəkildə köçürülərək, məskunlaşdırılması prosesi hələ də davam etdirilməkdədir.
Onu da qeyd edək ki, rəsmi İrəvan bu avantürist təxribatını artıq uzunmüddətdən bəridir, davam etdirir. Əvvəlcə Suriyadan bir qrup erməni Dağlıq Qarabağa köçürülmüşdü. Sonradan məlum olmuşdu ki, bu ermənilərin hamısı Suriyada fəaliyyət göstərən erməni terror təşkilatının təmsilçiləri və onların ailə üzvləridir.
Bir müddət sonra Paşinyan hakimiyyəti Dağlıq Qarabağ ərazisinə köçürülən terrorçuların sırasına Livan ermənilərini də əlavə etməyə başladı. Yəni, Livandakı terrorçular da Azərbaycanın işğal altındakı ərazilərində məskunlaşdırılmağa başladı.
Bəzi məlumatlara görə, Ermənistan məskunlaşdırma prosesinə paralel olaraq, Dağlıq Qarabağda terrorçu ermənilər üçün təlim düşərgələri də yaradıb. Və hazırda rəsmi İrəvan Azərbaycanın işğal altındakı ərazilərində yüzlərlə erməni terrorçunun təlim keçməsini təmin edə bilib.
Təbii ki, Paşinyan hakimiyyətinin bu avantürist addımları Cənubi Qafqazın gələcək taleyi üçün kifayət qədər ciddi təhlükələr vəd etməkdədir. Belə ki, bu təhlükəli prosesin qarşısı vaxtında alınmazsa, yaxın gələcəkdə Cənubi Qafqaz terrorçuların yeni fəaliyyət məkanına çevrilə bilər.
Üstəlik, Paşinyan hakimiyyətinin Cənubi Qafqazı yeni terrorizm məkanına çevirmə cəhdlərinin genişləndirildiyi də müşahidə olunmaqdadır. Hər halda, bu bölgə ilə bağlı yeni həyaəcanlı məlumatlar gəlməkdə davam edir.
Türkiyə mətbuatının kəşfiyyat məlumatlarına istinadən verdiyi xəbərə görə, Paşinyan hakimiyyəti işğal altındakı ərazilərdə yalnız demoqrafik vəziyyəti dəyişdirməklə, kifayətlənmək niyyətində deyil. Belə ki, rəsmi İrəvan Dağlıq Qarabağda PKK ilə ortaq fəaliyyəti də gücləndirib.
Regiondakı kəşfiyyat-təhlükəsizlik mənbələrinin verdiyi məlumatlarda PKK-nın Dağlıq Qarabağa xüsusi terrorçu dəstələr göndərdiyi bildirilir. PKK-çıların Dağlıq Qarabağda məskunlaşdırılmaqda olan terrorçi ermənilərə təlimlər keçdiyi də vurğulanır.
Belə anlaışılır ki, Paşinyan hakimiyyəti PKK terror təşkilatı ilə tərəfdaşlıq çərçivəsində ortaq fəaliyyəti genişləndirməyə qərar verib. Və bu, əslində, o qədər də təəccüblü deyil.
Çünki Ermənistan terrorizmi təməl ideologiya olaraq, qəbul edən və terrorçuluq prinsipləriylə idarə edilən “dövlət”dir. Eyni zamanda, PKK-nın tərkibində və hətta rəhbərliyində çoxlu sayda erməni mənşəli şəxsin olduğu da inkaredilməz reallıqdır.
Bu iki önəmli faktoru nəzərə aldıqda, rəsmi İrəvanla PKK-nın maraqlarının uzlaşması qətiyyən gözlənilməz olay deyil. Hər halda, bəzi kəşfiyyat məlumatlarında 250-dən çox erməni əsgərinin Suriyada PYD/YPG terror təşkilatının sıralarına qatılmaq üçün göndərildiyinin xüsusi olaraq, vurğulanması da tərəflərin ortaq fəaliyyətinin xeyli inkişaf etdiyini təsdiqləyir.
Hətta bəzi məlumatlarda PKK-nın Dağlıq Qarabağ ərazisindən yeni terror dalğası başlatmağa hazırlaşdığı da vurğulanır. Yəni belə anlaşılır ki, Paşinyan hakimiyyəti və PKK Cənubi Qafqazda yeni “terror yuvası” yaratmağa çalışırlar.
Onu da qeyd edək ki, bütün bunlar region üçün kifayət qədər ciddi təhlükənin yaranmasından xəbər verir. Belə ki, terrorizmin və terrorçuların nəzarətinə keçmiş ölkələrdə və regionlarda baş verənlər hər kəsə məlumdur. Suriya, İraq, ümumiyyətlə, Yaxın Şərq regionu beynəlxalq terrorizmin əlindən hələ də xilas ola bilməyib. Yaxın Şərq bütün dünya üçün xaosun, başıpozuqluğun rəmzinə çevrilib.
İndi PKK-nın və erməni terrorizminin Cənubi Qafqazda düşərgələnməsi bu regionu yeni Yaxın Şərqə çevrə bilər. Cənubi Qafqaz da Yaxın Şərq kimi dünyanın həssas bölgələrindən biri olduğundan bu regionun növbəti xaos məkanına çevrilmə təhlükəsi mütləq ciddiyə alınmalıdır.
Onu da qeyd edək ki, Paşinyan hakimiyyətinin bunu məqsədyünlü şəkildə etdiyi qətiyyən şübhə doğurmur. Belə ki, hazırda Ermənistan beynəlxalq himayədarların itirilməsi mərhələsini yaşayır. Yəqin ki, himayədarların tamamilə itirilməsindən sonra ermənilərin Cənubi Qafqazda duruş gətirə bilməyəcəyini rəsmi İrəvan da yaxşı anlayır.
Ona görə də, rəsmi İrəvan Ermənistanı qarşıda gözləyən “qara günlərə” indidən hazırlaşmağa çalışır. Cənubi Qafqazı “terror yuvası”na çevirməklə, regionda uzunmüddətli xaosun hökmranlığına can atır. Və rəsmi İrəvan yaxın gələcəkdə regionda Ermənistanın idarə etdiyi terrorizm dalğasının sayəsində bu bölgədə mövcudluğunu qoruya biləcəyinə ümid bəsləyir.
Təbii ki, Paşinyan hakimiyyəti Cənubi Qafqazı terrorizm məkanına çevirə bilmək üçün hüquqi zəmin də yaratmağa cəhd göstərir. Belə ki, Paşinyan hakimiyyətinin bir müddət öncə parlamentdə qəbul etdirdiyi “könüllü özünümüdafiə dəstələri” barədə qanun da elə bu məqsədlə hazırlanıb.
Məsələ ondadır ki, son məlumatlara görə, rəsmi İrəvan xarici ölkələrdən bölgəyə gətirdiyi terrorçuları “könüllü özünümüdafiə dəstələri” adı altında qanuniləşdirməyə çalışır. Belə ki, terrorçu ermənilər və PKK-çılar Ermənistan ordusu sıralarında “könüllü özünümüdafiə dəstələri” kimi gizlədilir.
Əgər, belə davam edərsə, çox tezliklə Ermənistan ordusu ümumiyyətlə, terrorçuların sayəsində komplektləşdirilmiş olacaq. Onsuz da ordu üçün çağırışçı tapmaqda çətinlik çəkən, kütləvi fərrariliyin qarşısını ala bilməyən Ermənistan üçün bu variant əsas çıxış yollarından biri kimi görünür.
Ancaq Paşinyan hakimiyyətinin terrora bağlı “qara niyyətlər”inin reallaşmasına qətiyyən imkan vermək olmaz. Belə ki, rəsmi İrəvan Cənubi Qafqazda “terror atəşi”ni yandırmağa hələ tam nail olmamış Ermənistana yerini göstərmək lazımdır.
Bunun üçün Ermənistanın Dağlıq Qarabağda və işğal olunmuş ərtaf ərazilərdə terrorçulardan ibarət qruplaşmalar yaratdığını sübut edən faktların və dəlillərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasına ehtiyac olmamış deyil. Bu, hazırda ən önəmli addımlardan biri kimi görünür.
Çünki buna nail olunarsa, ATƏT-in Minsk Qrupu həmsədrlərinin “oyundankənar” vəziyyətə salınması, Azərbaycanın Dağlıq Qarabağ və ətraf ərazilər istiqamətində hərbi əməliyyatlara başlaması elə bir ciddi beynəlxalq müqavimətlə üzləşməz. Həmin hərbi əməliyyatları beynəlxalq ictimaiyyətə hətta antiterror əməliyyatları kimi də təqdim etmək mümkün ola bilər.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert