Ölüm düşərgəsindən qaçış –Peçerskinin şücaəti, Bauerin dəyişdirilən edam cəzası
Yenixeber.org: Polşanın cənub şərqində, Sobibor qəsəbəsi yaxınlığında 1942-ci ildə nasist Almaniyası tərəfindən salınmış eyni adlı əsir düşərgəsi digər analoji cəza müəssisələrindən təyinatına görə fərqlənib. “Sabibor” düşərgəsi yalnız əsirlərin məhv edilməsi üçün nəzərdə tutulub. Yəni, bu düşərgədə saxlanılanlar işçi qüvvəsi və digər məqsədlər üçün istifadə olunmayıblar.
Fəaliyyət göstərdiyi 1 il 5 ay ərzində “Sobibor” düşərgəsində 250 min əsir məhv edilib. Bunların təxminən 80-90 faizi yəhudilər olub.
Düşərgə Sobibor yaşayış məntəqəsinin bir neçə kilometrliyində, dəmiryolu xəttindən bir neçə metr aralıda salınıb. Ərazi 4 qat, 3 metr hündürlüyündə tikanlı məfrillərlə əhatəyə alınıb. Üçüncü və dördüncü qat arasındakı məsafə bütün düşərgə boyu minalanıb. İkinci qat məftillərə isə istənilən vaxt elektrik cərəyanı buraxmaq mümkün olub və bu, düşərgədən qaçmağa cəhd edənlərin şansını sıfıra endiib.
“Sobibor” düşərgəsi üç hissədən ibarət olub. Birinci hissədə düşərgədə məhdud sayda məhbuslar saxlanılıb. Onlar ərazinin təmizliyi, öldürülən məhbusların basdırılması üçün xəndəklərin qazılması, meyitlərin daşınması və yandırılması üçün istifadə olunublar.
İkinci hissədə baraklar və anbarlar yerləşib. Bu hissədə məhbusların paltarları, əşyaları saxlanılıb və onlar Almaniyaya göndərilib.
Üçüncü hissədə qaz kameraları yerləşib. Kameralara eyni vaxtda 120-180 nəfər yerləşdirmək mümkün olub. Qaz kameralarının bir girişi və bir çıxışı olub. Məhbusların meyitləri çıxış qapısından düşərgənin xüsusu açıq ərazisinə daşınıb. Bir qismi yandırılıb, digər qismi xəndəklərə basdırılıb.
Düşərgədə fəaliyyət göstərdiyi 17 ay ərzində bir neçə dəfə kütləvi qaçışa, qiyama cəhd edilib. Bu cəhdlərdən yalnız biri baş tutub.
1943-cü ilin may ayında sovet ordusunun zabiti Aleksandr Peçerski düşərgəyə gətiriləndə, o, ilk gündən nasistlərin əlindən qurtulmaq haqqında düşünüb. Ölüm növbəsini gözləyən Peçerski yaxşı anlayıb ki, düşərgədən tək qaçmaq mümkün deyil. Bu məqsədlə də o, məhbuslar arasında gizli iş aparıb, qiyam planı cızıb. Çox qısa bir müddətdə sovet zabiti 420 məhbusla eyni plan ətrafında birlik yarada bilib.
Beləliklə, 1943-cü ilin oktyabrın 14-də Peçerski və digər 420 məhbus düşərgədə qiyam qaldırıblar.
Qiyamın ilk dəqiqələrində düşərgənin 12 əməkdaşı zərərsizləşdirilib və onların silahı ələ keçirilib.
Ümumilikdə qiyama qoşulanların və düşərgədən qaçanların sayı 550 nəfərə çatıb. Onlardan 80 nəfəri qaçan zaman nəzarətçilər tərəfindən güllələnib. 40 nəfərə yaxın məhbus itkin düşüb. Qalanları isə sovet ordusunun nəzarətində olan ərazilərə qaçaraq əsasən partizan dəstələrinə qoşulublar.
Bu hadisədən sonra Adolf Hitlerin göstərişi ilə nasistlər “Sobibor” düşərgəsində olan digər məhbusların hamısını yandırıblar, ərazini isə ağır texnikalarla şumlayaraq bütün izləri itiriblər.
Ümumiyyətlə, bütövlükdə II dünya müharibəsi dövründə “Sabibor” qiyamı əsirlər tərəfindən qaldırılmış ən uğurlu qiyam kimi tarixə düşüb.
Müharibədən sonra Polşa hökuməti “Sobibor” düşərgəsinin yerində memorial xatirə kompleksi yaradıb. Araşdırmaçılar isə bu məkanda uzun illər araşdırma işləri aparıblar. Qazıntılar nəticəsində minlərlə insan qalıqları, məhbusların şəxsi əşyaları aşkar olunub.
2017-ci ildə “Sobibor” düşərgəsinin yerindəki xatirə kompleksində yenidənqurma işləri aparılıb, yeni muzey yaradılıb.
1949-cu ildə Berlin məhkəməsində “Sabibor” düşərgəsinin əməkdaşlarının məhkəməsi keçirilib.
Müttəhimlər kürsüsündə düşərgənin ələ keçən 48 əməkdaşı əyləşib. O cümlədən düşərgənin komendantlarından biri, hərbi cinayətkar Erix German Bauer də hakim qarşısına çıxarılıb. Məhkəmə 8 aprel 1950-ci ildə hərbi cinayətkarlara hökm oxuyub. Bauer ən ağır cəzaya, güllələnməyə məhkum edilsə də, sonradan onun cəzası ömürlük azadlıqdan mhrumetmə cəzası ilə əvəzlənib. Cəlladlığı ilə fərqlənən Bauer 1980-ci ildə Berlindəki Tegel türməsində xəstəlikdən ölüb.
“oabibor” düşərgəsindəki qiyamın təşkilatçısı Aleksandr Peçerski isə müharibənin son gününə qədər cəbhə bölgələrində xidmət edib. Müharibədən sonra doğulduğu şəhərə, Rostova qayıdan Peçerski ömrünün sonuna qədər zavodda işləyib.
Peçerskinin mükafatlandırılması haqqında Moskvaya dəfələrlə təqdimatlar göndərilsə də, onu ən adi dövlət təltifi ilə də mükafatlandırmayıblar. Yalnız SSRİ süquta uğradıqdan sonra yaşadığı binanın üzərinə Peçerskinin adı ilə bağlı xatirə lövhəsi vurulub.
Aleksandr Peçerski 1990-cı ildə Rostovda vəfat edib.
Qeyd edək ki, amerikalı yazıçı Riçard Raşkenin yazdığı “Sobibordan qaçış” kitabının əsasında 1987-ci ildə rejissor Cek Qold eyni adlı film çəkib. Film tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb və populyarlıq qazanıb.
İlham Cəmiloğlu