Makron Paşinyanı Zəngəzur dəhlizində “satışa” çıxarır: O, rəsmi Bakı ilə “bazarlıq masası”na oturmağa can atır
Fransa Cənubi Qafqazın geostrateji və geoiqtisadi layihələrindən özünə iştirakçı payı istəyir; Bunun əvəzindəsə, regionun lider dövlətinə son günlərə qədər dəstəklədiyi Ermənistanı təklif etməyə hazırlaşır...
Yenixeber.org: Cənubi Qafqaz regionu ətrafında hadisələr intevsiv olaraq, dəyişir. Bu region uğrunda geopolitik mübarizə artıq son mərhələyə yaxınlaşır. Və müşahidələr də göstərir ki, bu regionda möhkəmlənməkdə olan yeni status-kvonu dəyişmək nəinki çətindir, hətta artıq mümkün deyil.
Maraqlıdır ki, Ermənistanın baş naziri Nikol Paşinyan da indi Azərbaycanla sülh danışıqlarına başlamağa hazır olduğunu bəyan edib. Erməni baş nazir regionda sülhün alternativinin olmadığını vurğulayıb. Hətta bunu həm Ermənistanın maraqları, həm də ümumilikdə regionun inkişafı üçün etmək istədiyini deyib.
Halbuki cəmisi bir neçə gün öncəyə qədər erməni baş nazir israrla “status”dan danışırdı, ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin həllinin vacibliyini iddia edirdi. Onun iddiaları isə əsasən, Parisdən aldığı dəstəkdən qaynaqlanırdı. N.Paşinyan inanırdı ki, Fransa verdiyi vədləri yerinə yetirə və Ermənistanın qeyri-real “xəyallar”ını təmin edə biləcək.
Ancaq baş tutmadı. Erməni baş nazir məyus oldu. Rəsmi Bakının “status” və “həmsədrlər” mövzularına əhəmiyyət belə, vermədiyini anladı. Və Fransanın Ermənistan üçün “xilaskara” çevrilə bilməyəcəyini qətiləşdirdi.
Xüsusilə də, Azərbaycan Prezidenti İlham Əliyevin Moskvada Rusiya lideri Vladimir Putinlə keçirtdiyi görüşün nəticələri Ermənistanda ruh düşkünlüyü yaratdı. Rəsmi İrəvan Cənubi Qafqazın, o cümlədən də, Ermənistanın gələcək taleyinin məhz Azərbaycan və Rusiyanın siyasi iradəsinə bağlı olduğunu qəbul etmək məcburiyyətində qaldı.
Ancaq bütün bunlara baxmayaraq, Fransa hələlik “sakitləşmək” istəmir. Ermənistan baş naziri N.Paşinyan artıq sülh danışıqlarına başlamaq istəsə də, Fransanın rəsmi dairələri öz pozucu “tezislər”ini gündəmdə saxlamağa çalışırlar. Belə təsəvvür yaranır ki, Fransa siyasi dairələri hazırda rəsmi İrəvanın daha çox “erməni xəyalları”nın təəssübünü çəkməyə başlayıb.
Fransanın İrəvandakı səfiri Conatan Lakotta hətta Ermənistan xarici işlər nazirinin funksiyalarını da könüllü şəkildə icra etmək niyyətinə düşüb. Ola bilsin ki, C.Lakotta Ermənistanda xarici işlər nazirinin olmadığından faydalanmaq istəyir. Yəqin ki, heç vaxt Fransanın xarici işlər naziri olmayacağını bildiyindən, bu postu Ermənistanda sınaqdan çıxartmaq niyyətinə düşür.
Məsələ ondadır ki, İrəvandakı fransız səfirin son açıqlaması əsl skandaldır. O, bildirib ki, “Dağlıq Qarabağın statusu” Minsk Qrupu çərçivəsində danışıqlar yolu ilə müəyyən edilməlidir: “Bu məsələ həll edilməyənə qədər Fransanın Bakıdakı və İrəvandakı səfirləri Qarabağa səfər edə bilməzlər”.
Əlbəttə, belə bir mövqenin tutulması Fransanın öz işidir. Ancaq əslində bu mövqenin elə bir ciddi əhəmiyyəti yoxdur. Çünki Qarabağa səfər məsələsi rəsmi Parisin mövqeyinə əsasən, həll edilmir. Məsələn, Fransanın Azərbaycandakı səfiri rəsmi Bakının icazəsi ilə Qarabağa səfər edə bilər.
Ancaq Fransanın İrəvandakı səfirinin belə bir şansı ümumiyyətlə, yoxdur. Çünki onun Qarabağa səfər etməsi İrəvandan asılı məsələ deyil. Rəsmi Bakı Fransanın İrəvandakı səfiri yalvarsa belə, C.Lakottanın ayağının Qarabağ torpağına dəyməsinə imkan verməz. Yəni, Qarabağın sahibi Azərbaycandır.
Conatan Lakottanın yenidən ortaya atdığı “status” mövzusuna gəldikdəsə, fransız səfir Azərbaycan Prezidenti İlham Əliyevin son açıqlamasını təkrar-təkrar dinləyib, anlamağa çalışmalıdır. Çünki Azərbaycan Prezidenti dünyanın istənilən yerində ermənilərə “status” verilməsinə qarşı olmadığını vurğulayıb: “Ancaq bu, Azərbaycan ərazilərində ola bilməz. Artıq status da yoxdur, Dağlıq Qarabağ da...”
Yəni, fransız səfir də, rəsmi Paris də ermənilərə “status” verməkdə belə israrlıdırsa, bunu Fransada, məsələn, Marsel şəhərində reallaşdıra bilər. Bunun əvəzində, fransız səfirin Fransaya heç bir aidiyyatı olmayan Azərbaycan əraziləri barədə müxtəlif mənasız iddialar irəli sürməsi isə müstəqil dövlətin daxili işlərinə qarışmaq cəhdidir. Və rəsmi Bakı Fransaya bu imkanı heç vaxt verməz.
Ancaq fransız səfirin açıqlamasında daha bir məqam var. Məhz həmin məqam Fransanın ermənilərə dəstək canfəşanlığının əsl səbəblərini ifşa edir. Belə ki, C.Lakotta deyir ki, “Dəhliz terminini ləğv etmək lazımdır”.
Belə anlaşılır ki, rəsmi Parisi maraqlandıran əslində, “status” məsələsi deyil. Fransa daha çox Zəngəzur dəhlizinin açılmasından narahatdır. Çünki bu dəhliz açılacağı təqdirdə, Avropa ilə Asiya arasında olduqca böyük maliyyə-iqtisadi mənfəət vəd edən yeni ticarət marşrutu yaradılmış olacaq. Rəsmi Paris isə məhz belə bir dəhlizin açılmasını istəmir, iki qitəni birləşdirəcək bu iqtisadi-ticari layihənin baş tutmasının qarşısını almağa çalışır.
Məsələ ondadır ki, Fransa Cənubi Qafqazdakı geopolitik oyunu uduzub, bu region rəsmi Paris üçün tamamilə itiriliş bölgəyə çevrilmək üzrədir. Rəsmi Paris anlayır ki, Zəngəzur dəhlizi açıldıqdan sonra Cənubi Qafqazın qapıları Fransanın üzünə tamamilə bağlanmış olacaq. Çünki bu dəhlizdən Türkiyə, Rusiya, Böyük Britaniya, İtaliya, Çin, İsrail, İran və hətta ABŞ belə, faydalana biləcək. Ancaq Fransa bu layihədən kənardadır, yəni olduqca nəhəng maliyyə-iqtisadi resursların dövr edəcəyi bir layihədə rəsmi Parisə yer tapılmayıb.
Ona görə də, rəsmi Paris Zəngəzur dəhlizinin açılmasını əngəlləmək üçün Paşinyan hakimiyyətini təxribatlara cəsarətləndirir. Regionda yeni münaqişə ocağı yaratmaq cəhdi ilə öz beynəlxalq rəqiblərinin böyük maliyyə-iqtisadi gəlirlər hesabına Fransa üzərində mütləq üstünlük qazanmaq şanslarını bloklamağa can atır. Əgər, buna nail olmazsa, rəsmi Parisin digər hədəfi Zəngəzur dəhlizinin açılmasında maraqlı olan dövlətləri eyni vaxtda regional xaosla təhlükəsi ilə şantaj etməkdir. Fransa məhz bu şantajın sayəsində son anda da olsa, Zəngəzur dəhlizinin vəd etdiyi nəhəng “mənfəət tortu”ndan özünə də pay verilə biləcəyinə ümid bəsləyir.
Maraqlıdır ki, rəsmi Paris Zəngəzur dəhlizinin açılma prosesini bloklaya bilıməyəcəyini artıq anlamağa başlayıb. Ona görə də, indi “pay qoparma” niyyətini daha ön plana çıxararaq, ikibaşlı oynamağa çalışır. Belə ki, son günlərə qədər rəsmi Paris Fransa prezidenti Emmanuel Makronun Ermənistan baş naziri N.Paşinyanın dəvətilə İrəvana səfər edəcəyini vurğulayırdı. Ancaq artıq bu səfərin istiqaməti və məqsədi haçalanmağa başlayıb. Hər halda, İrəvandakı fransız səfir prezident E.Makronun səfərinin regional xarakter daşıdığını bəyan edib. Onun sözlərinə görə, prezident E.Makron İrəvanla yanaşı, Bakıya və Tiflisə də rəsmi səfər etmək niyyətindədir.
Göründüyü kimi, rəsmi Paris öz mövqeyini tədricən dəyişməyə meyl edir. Ermənistanı “bazarlıq masası”na çıxarmağa hazır olduğunu sezdirir. Belə anlaşılır ki, əgər, rəsmi Bakı Fransanın ümidlərini doğruldarsa, prezident E.Makron çox asanlıqla, Ermənistanı “satmağa” hazırdır.
Maraqlıdır ki, rəsmi Parisin ümidlərinin məzmunu barədə isə artıq Fransanın digər səfiri üstüörtülü eyhamlar vurmağa başlayıb. Belə ki, Fransanın Bakıdakı səfiri Zakari Qross ölkəsinin inkişaf agentliyinin Azərbaycanda qeyri-neft sektoruna investisiya qoyuluşunu iki dəfə artırmağa hazır olduğunu bildirib. O, tezliklə Fransa İnkişaf Agentliyinin nümayəndə heyətinin gələcək əməkdaşlıq məsələlərinin müzakirə olunması üçün Bakıya səfər edəcəyini də vurğulayıb.
Bütün bunların nə demək olduğunu anlamaq isə o qədər də çətin deyil. Fransa Cənubi Qafqazın geostrateji və geoiqtisadi layihələrindən özünə iştirakçı payı istəyir. Bu istəyinə nail olmaq üçün isə Cənubi Qafqazın lider dövləti Azərbaycanla “bazarlıq masası”na oturmağa can atır. Və rəsmi İrəvan qarşılıq olaraq, son günlərə qədər dəstəklədiyi Ermənistanı təklif edir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert