Paşinyanın hərbi təxribatları “nəticə” verəcək: Azərbaycan vuracaq, Ermənistanın himayədarları seyr edəcək
Prezident İlham Əliyevin “müharibəyə həmişə hazır olmalıyıq” deməsi Azərbaycanın erməni terrorizminə sərt reaksiya verməyə hazırlaşdığını göstərir; Rəsmi Bakının ilk dəfə istifadə etdiyi “qeyri-qanuni erməni silahlı dəstələri” və “Rusiya sülhməramlılarının müvəqqəti dislokasiya olunduğu ərazi” ifadələri Ermənistana son hərbi xəbərdarlıq xarakteri daşıyır...
Yenixeber.org: Ermənistan yenidən provakatıv davranış vərdişlərini bərpa etməyə başlayıb. Rəsmi İrəvan deyəsən, arxayınlaşıb və özünü təhlükəsizlikdə hiss etməkdədir. Və bu səbəbdən də “siyasi avantüra, hərbi təxribat arsenalı”nı yenidən işə salmağa çalışır.
Ola bilsin ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəzi açıqlamaları onları bir qədər ürəkləndirib. Həmsədrlər son vaxtlar münaqişənin həlli prosesinin bərpasından danışmağa başlayıblar. Üstəlik, həmsədr ölkələrin Azərbaycandakı səfirlərinin diplomatik korpusun tərkibində Şuşa şəhərində görülən yenidənqurma və bərpa işləri ilə tanışlıq səfərindən yayınmaları da rəsmi İrəvana əlavə ruh yüksəkliyi verib.
Nəticədə Ermənistan yenə də regionda hərbi-siyasi gərginliyi artıra biləcək provakativ addımlar atır. Buna misal olaraq, Naxçıvanla sərhəd bölgəsindəki silahlı insidenti göstərmək olar. Ancaq Azərbaycan ordusunun Ermənistanın bu hərbi təxribatına verdiyi sərt reaksiya rəsmi İrəvanı “xəyal dünyası”na qayıdışdan imtinaya məcbur etmək üçün yetərli ola bilər.
Digər tərəfdən, Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olan Xankəndi və ətraf bölgədə də erməni terrorçu dəstələrinin atəşkəsi pozması qarşı tərəfə baha başa gələ bilər. Bu silahlı insidentə rəsmi Bakının verdiyi reaksiyaya ermənilər olduqca diqqətli yanaşmalıdırlar. Əks halda, sentyabrın 27-dən sonra üzləşdikləri vəziyyəti yenidən yaşamaq məcburiyyətində qala bilərlər.
Məsələ ondadır ki, rəsmi Bakının silahlı insidentə reaksiyasında ilk dəfə istifadə olunan iki önəmli ifadə diqqəti çəkir. Birincisi, silahlı insidentin “Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazi”də baş verdiyi vurğulanır. Yəni, rəsmi Bakı bu açıqlama ilə Rusiyaya da, Ermənistana da, elə Xankəndi və ətraf bölgədə olan separatçılara da rus sülhməramlıların ərazidə müvəqqəti dislokasiya edildiyini xatırladır. Uzunmüddətli ümidlərə qapılmağın tamamilə yersiz olduğunun açıq mesajını verir.
İkincisi, rəsmi Bakının reaksiyasında silahlı insidentin “qeyri-qanuni erməni silahlı dəstələri” tərəfindən törədildiyi də vurğulanır. Bu isə o deməkdir ki, Rusiya sülhməramlıları müvəqqəti nəzarət etdikləri ərazilərdə “qeyri-qanuni erməni silahlı dəstələri”nin fəaliyyətinə imkan yaradırlar. Yəni, bölgədə erməni terrorizminin fəaliyyətinə göz yumulur.
Təbii ki, rəsmi Bakı Azərbaycan ərazisində qeyri-qanuni erməni silahlı dəstələrinin olmasına seyirçi qala bilməz. Bu, Azərbaycan qanunlarına ziddi olmaqla yanaşı, həm də ölkə vətəndaşlarının dinc yaşayışına ciddi təhlükədir. Ona görə də, rəsmi Bakı “qeyri-qanuni erməni silahlı dəstələri” ifadəsini xüsusi vurğu ilə gündəmə gətirir.
Belə anlaşılır ki, Azərbaycan həm müvəqqəti sülhməramlılara, həm də erməni separatçılarına açıq xəbərdarlıq edir. İndi Rusiya sülhməramlıları müvəqqəti nəzarət etdikləri bölgədə “qeyri-qanuni erməni silahlı dəstələri”ni ən qısa zamanda zərərsizləşdirməyə borcludurlar. Əks halda, Azərbaycan belə silahlı insidentlərin təkrarlanmasına qətiyyən səbr göstərməz. Və tezliklə “qeyri-qanuni erməni silahlı dəstələri”nin məhv edilməsi üçün antiterror əməliyyatlarına başlaya bilər.
Bütün bunlar onu göstərir ki, Ermənistan yenidən “kapriz böhranı”na girməyə başlasa da, rəsmi Bakı bu imkanı ona vermək niyyətində deyil. Azərbaycan Ermənistana durmalı olduğu yeri göstərməyə hər an hazırdır. Və rəsmi İrəvanın güvəndiyi himayədarlar bu məsələdə Ermənistana elə bir ciddi dəstək vermək imkanında deyillər.
Azərbaycan Prezidenti İlham Əliyevin son açıqlamasında da məhz bu önəmli məqamlarla bağlı sərt mesajlar yer alır. Belə ki, Azərbaycan Prezidenti növbəti dəfə münaqişənin artıq sona çatdığını bəyan edib. Dövlət başçısı Ermənistanı bu reallıqla barışıb, yekun sülh sazişinin imzalanmasına çağırıb. Ancaq Azərbaycan Prezidenti öz açıqlamasında rəsmi Bakının hadisələrin istənilən inkişaf istiqamətlərinə hazır olduğunu da gizlətməyib: “Savaş dövrü artıq arxada qalıb. Ancaq biz həmişə savaşa hazır olmalıyıq”.
Göründüyü kimi, Ermənistanın son vaxtlar arxayınlaşması tamamilə yersizdir. Rəsmi İrəvanın törətdiyi hərbi təxribatlar Ermənistana yaxşı heç nə vəd edə bilməz. Ordusu darmadağın edilmiş, sosial-siyasi böhran içərisində olan bir ölkə üçün belə hərbi təxribatlar olduqca baha başa gələ bilər. Və Ermənistanın təxribatlarına bu ölkəni himayə edən heç bir dövlət birbaşa şərik çıxmağa həvəs göstərməz.
Bütün bunları nəzərə aldıqda, Paşinyan hakimiyyətinin həmsədr ölkələrə güvənməsi tamamilə mənasız görünür. Bu ölkələr vərdişli olduqları siyasi bəyanatlarla hay-küy salsalar belə, real savaş məkanında Ermənistanın yanında yer almazlar. Çünki bu, həmin ölkələrin maraqlarına qətiyyən cavab verməz.
Azərbaycan Cənubi Qafqazın lider dövlətidir. Güclü iqtisadiyyata və yüksək döyüş qabiliyyətli müasir orduya malikdir. Regionun iqtisadi-ticari perspektivlərinin mütləq hissəsi məhz rəsmi Bakının siyasi isradəsinin nəzarəti altındadır. NATO ölkəsi olan Türkiyə ilə strateji müttəfiqlik isə Azərbaycanın beynəlxalq təhlükəsizlik maraqlarının qarantıdır.
Təbii ki, rəsmi İrəvanı səhnəarxasından təxribatlara cəsarətləndirən dövlətlər situasiya ciddiləşərsə, Ermənistanla real savaş məkanını qətiyyən bölüşməzlər. Həmin ölkələr Azərbaycan faktorunu mütləq nəzərə almaq məcburiyyətindədirlər. Çünki rəsmi Bakının siyasi iradəsi Cənubi Qafqaz regionunda öz maraqlarını təmin etməyə çalışan istənilən kənar ölkə üçün geopolitik şərtləri müəyyən edən əsas faktordur. Və Cənubi Qafqaza can atan heç bir ölkə bu həlledici faktoru öz əleyhinə çevirməyə həvəs göstərməz.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert