44 günə həll edilən 26 illik problem –fəaliyyətsiz həmsədrlər
Fransa rəhbərliyinin həm Qarabağda 44 gün davam edən Vətən müharibəsinin gedişində, həm də bu günlərdə səsləndirdiyi bəyanatlar bir daha sübut edir ki, Ermənistan-Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsi ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin mövcud mövqeyi ilə heç vaxt ədalətli həllini tapa bilməzdi, çünki həmsədrlərin problemin ədalətli həlli məsədi yox idi və onlar buna çalışmırdılar.
Yenixeber.org: Fransanın münaqişənin həlli istiqamətində tutduğu mövqe onun ATƏT-in Minsk qrupu kimi həmsədrlik və bitərflik statusuna ziddir və bu mövqe anneksiya siyasətinə dəstək verməkdir.
Əslində məhz Azərbaycan Ordusunun qələbəsi münaqişə ətrafında yaradılmış geostrateji vəziyyəti birdəfəlik dəyişdi, ATƏT-in Minsk qrupunun diplomatik səyi ilə deyil, məhz Ali Baş Komandan, Prezident İlham Əliyevin və Azərbaycan Ordusunun qətiyyəti nəticəsində status-kvo ləğv olundu, ölkəmizin ərazi bütövlüyü təmin edildi. Həmsədrlər münaqişənin hərbi fazaya keçməməsi üçün Ermənistana heç bir siyasi təsir və təzyiq göstərmədilər. Bu da onların münaqişənin dinc vasitələrlə həllindəki rolunun qənaətbəxş olmadığını sübuta yetirdi.
Bununla yanaşı, həmsədr ölkə Fransada erməni lobbi təşkilatlarının təsiri altında olan siyasi dairələrin qərəzli fəallığı Qarabağda sülh və birgəyaşayışa mane olur.
Faktlar göstərir ki, Vətən müharibəsində Azərbaycanın Ermənistan üzərindəki üstünlüyünü üçüncü tərəfin iştirakı kontekstində şərh etməyə çalışan qüvvələr yalnız ermənilərin maraqlarından çıxış edir, münaqişənin ədalətli həllini əngəlləməyə çalışırlar. Eyni zamanda Dağlıq Qarabağ münaqişəsi vasitəsilə Cənubi Qafqazda siyasi oyunlar qurmağa və maraqlarını təmin etməyə çalışan dövlətlərin məkrli planlarının baş tutmaması, təbii ki, həmin dövlətləri ciddi narahat edir.
Dövlət siyasəti anneksiyaya, soyqırıma, etnik təmizləməyə, qanunsuz məskunlaşdırmaya, qeyri-qanuni iqtisadi fəaliyyətə, terrorizmin dəstəklənməsinə əsaslanan bir ölkəyə bu cür fəaliyyətinə görə 28 ildə heç bir təsir və təzyiq göstərməyən, pərdə arxasında hətta ona dəstək verən ölkələrin hazırkı vəziyyətlə barışa bilməməsi anlaşılandır. Lakin bu, Minsk Qrupunun əsl mahiyyətini də ortaya qoyur. Başqa sözlə desək, həmsədrlərin bundan sonrakı onilliklərdə də münaqişəni ədalətli həll etməyəcəyini ortaya çıxardı.
Noyabrın 10-da Azərbaycan və Rusiya Prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları bəyanata uyğun olaraq Türkiyə ilə Rusiyanın Qarabağda sülhyaratma missiyasına qoşulması həm Azərbaycanın, həm də Ermənistanın maraqlarına uyğundur. Bu cür sülhyaratma missiyası Cənubi Qafqazla tarixi, siyasi, iqtisadi bağları olmayan ölkələri narahat etməməlidir. Çünki münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edildi. Bu isə beynəlxalq hüquq norma və prinsiplərinə tamamilə uyğundur.
Hərbi əməliyyatların yenicə başa çatdığı dövrdə bəzi dövlətlərin ultimativ ritorikadan çəkinərək Ermənistanı reallıqlarla barışmağa, Cənubi Qafqazın inteqrasiyasına və xalqların ümumi rifahına töhfə verməyə çağırmaları daha məqsədəuyğundur.(report)