Məlum olduğu kimi, 10 noyabr 2020-ci il tarixli razılaşmadan sonra Hadrut meşələrində ələ keçirilən erməni təxribatçıları Bakıda məhkəmə qarşısına çıxarılır. Bir neçə qrupa bölünərək, Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan ermənilər terrorçuluq, qanunsuz silah-sursat daşıma, cinayətkar birliklər yaradıb basqınlar təşkil etmə, Azərbaycanın dövlət sərhədini qanunsuz keçmə kimi əməllərdə ittiham olunurlar. Artıq bu şəxslərdən bir qismi mina xəritələrinin əvəzində Ermənistana təhvil verilib.
Yenixeber.org: Cinayət işinin materiallarında yazılıb ki, təqsirləndirilən şəxslər Azərbaycana qarşı terror-təxribatlar törətmək məqsədilə mütəşəkkil dəstələr yaradıblar, silahlanıblar. Təqsirləndirilən şəxslər isə bu ittihamla razılaşmır. Deyirlər ki, Hadrut meşələrinə özbaşına getməmişdilər. Müharibə başa çatsa da, onları yenidən hərbi komissarlıqdan çağırıblar. Noyabrın 26-da Gümrüdəki hərbi komissarlıqda bu şəxslərə silah paylayıb, bunu rəsmiləşdirib, avtobuslarla Qarabağa yola salıblar. Ermənilərin sözlərinə görə, onları polkovnik Arsen Kazaryan müşayiət edib. Laçında Rusiya sülhməramlılarının yanından keçdiklərini deyən təqsirləndirilən şəxslər bildirib ki, orada onları yoxlamayıblar. Sadəcə, Kazaryan sülhməramlılarla nəsə danışıb və bundan sonra onlar keçib gediblər. Ermənilər əlavə edib ki, sülhməramlılar onların silahlı olduğunu görürdülər.
Təqsirləndirilən şəxslər iddia edir ki, komandanlıq onları Hadrut meşələrinə yerləşdirəndə növbəlilik əsasında xidmətdə olacaqları deyilib: “Bizə deyilmişdi ki, növbəsi başa çatan hərbçilərin əvəzinə indi bizi aparırlar. 15 gündən sonra da biz qayıdacağıq, başqaları gələcək. Ayın 13-də əmr gəldi ki, dağdan düşək, növbə dəyişir. Aşağı düşəndə Azərbaycan silahlı qüvvələri bizi saxladı…”
Mühakimə olunan ermənilərdən 14-nün məhkəməsi başa çatıb. Onların ittiham olunduğu müddələrdən əksəriyyəti götürülüb. Yalnız Azərbaycan Cinayət Məcəlləsinin 318-ci (dövlət sərhədini qanunsuz keçmə) maddəsi ilə – Azərbaycan ərazisinə icazəsiz daxil olmaqda təqsirli bilinərək ikisi 4 il, qalan 12 nəfər isə 6 ay azadlıqdan məhrum edilib. Məhkəmə belə nəticəyə gəlib ki, təqsirləndirilən ermənilər müharibə başa çatandan sonra döyüşmək istəməyiblər, amma Ermənistan rəhbərliyi onları hərbi xidmətdən yayınmaya görə 12 ilə qədər həbs cəzasıyla hədələyib. Ona görə də terrorçuluq və digər ittihamlara xitam verilib. Altı ay cəza alanlar Ermənistana təhvil verilib.
Bu məsələdə əsas məqamlardan biri silahlı ermənilərin müharibə başa çatandan sonra Azərbaycan ərazisinə necə gəlməsidir. Onların dediklərindən belə məlum olur ki, gizli gəlməyiblər, Laçın dəhlizindəki Rusiya sülhməramlıları onların gedişindən xəbərdar olub. Belə olan halda, sülhməramlılar Hadrut meşələrində tutulan ermənilərin ora yerləşməsinə görə məsuliyyət daşıyırmı?
Ekspert Rauf Mirqədirov bildirdi ki, təqsirləndirilən ermənilərin ifadələrinin, o cümlədən sülhməramlılar haqda dediklərinin etibarlı hesab edilib-edilməyəcəyi məlum deyil. Ekspert hətta etibarlı sayılsa belə, Azərbaycan tərəfinin buna görə ruslardan hesab soracağını gözləmir:
“Bunun üçün əlimizdə ciddi arqumentlərimiz də yoxdur. Məsələ təkcə o ifadələrin etibarlı olub-olmaması da deyil. Sülhməramlılar Laçın yolunun təhlükəsizliyini təmin etmək adıyla ora yerləşdirilib. 10 noyabr bəyanatında Rusiya sülhməramlılarının üzərinə hansısa silahlı qrupların tərksilah edilməsi, yaxud silahlı qüvvələrin yerdəyişməsinə imkan verməmək kimi konkret öhdəliklər qoyulmayıb. Orada yalnız bir öhdəlik var – Laçın dəhlizinin təhlükəsizliyini təmin etmək. Halbuki bütün o müddəalar da əksini tapmalı idi. Məsələn, qeyd olunmalıydı ki, silahlı qruplaşmaların yerdəyişməsi, Ermənistandan Dağlıq Qarabağa və ya əksinə daşınması yolverilməzdir”.
Rauf Mirqədirov qeyd etdi ki, erməni qoşunlarının indiyədək Dağlıq Qarabağdan çıxarılmamasına görə bəsən rus sülhməramlıların ünvanına ittihamlar səslənir. Ekspertin fikrincə, bu cür çıxışlar kütləyə hesablanmış çıxışdan başqa bir şey deyil:
“Rusiya sülhməramlılarının erməni qoşunlarını oradan çıxarmaq kimi öhdəliyi varmı? Yoxdur. Onlar sadəcə, təmas xəttində ayrıcı qüvvələr rolunu yerinə yetirirlər. 10 noyabr bəyanatı tələsik və ciddi təzyiq altında hazırlandığı üçün bu cür məsələlər nəzərdə tutulmayıb. Görünür, sonradan da bu məsələləri razılaşdırmaq mümkün olmayıb. Əslində isə bütün detallar, qaydalar müəyyənləşdirilməliydi ki, o dəhlizdən nə keçə bilər, necə keçə bilər, Azərbaycan heç olmasa, müşahidəçi qismində nəzarət etsin və s…”
Ekspert əlavə etdi ki, əgər doğrudan da sülhməramlılar ermənilərin Azərbaycanın azad etdiyi ərazilərə keçidinə şərait yaradıbsa, bu, təhlükəli situasiyadır. Çünki gələcəkdə başqa təxribatçı qüvvələr də eyni üsulla ölkə ərazisinə daxil ola bilər.
Məsələnin hüquqi tərəfini şərh edən vəkil Fuad Ağayev isə bildirdi ki, hakim önünə çıxarılan ermənilən təqsirləndirilən şəxs statusundadır. Təqsirləndirilən şəxs isə yalan da danışa bilər və buna görə hüquqi baxımdan məsuliyyət daşımır:
“Məhkəmələrin gedişində sülhməramlıların doğrudan da onlara icazə verib-vermədiyi məsələsini aydınlaşdırmaq, bu haqda sorğu verib, cavab almaq problemli olacaq. Amma məhkəmənin sonda xüsusi qərar çıxarmaq səlahiyyəti var. Xüsusi qərar çıxara bilər ki, hansısa pozuntulara yol verilib, onlar araşdırılmalıdır. Bundan sonra müvafiq dövlət orqanları araşdırma apara bilər”.(pressklub)
Gülər