Redaktor seçimi
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Günün xəbəri

Heç kəsin araşdırmaq istəmədiyi mövzu -Qocalıq və cavanlıq-həyatın vəfasız üzü

 

 

 Həyatın amansızlığı, dünyanın vəfasızlığı barədə hamımız müxtəlif vəziyyətlərdə müxtəlif adamlardan eşidirik. Bəs niyə dünya vəfasız adı qazanıb, həyat amansız? Bunu çox az adam düşünür. Yer üzünün əşrəfi olan insan niyə dünyanın və həyatın amansızlığından şikayət edir? Suallar çoxdur, cavab  isə az. Qocalar və cavanlar. Daimi qarşılaşdırma və müzakirələrin mövzusu olsa da, bu mövzunu dərindən təhlil edən az sayda məlumatlara rast gəlirik.

Yenixeber.org: Daim tanıdığı, inandığı şəraitdə yaşamaq istəyi insanın təbiətinə xasdır. Dəyişiklik əksər hallarda insanı qorxudur, çünki dəyişiklik komfort-rahatlıq zonamızı tərk etməyə məcbur edir. Ancaq dəyişiklikləri qəbul etməmək və onlara uyğunlaşa bilməmək həyatımızı tənzimləməyimizə mane olur. Yaşlılar hər yerdə özünəməxsus nizam-intizam qurmağa niyə can atırlar? Ontogenez təlimi qocalmış insanın tədricən dəyişmə qabiliyyətini itirdiyini, düşüncəsi ilə xarici dünya arasında uyğunsuzluq meydana gəldiyini iddia edir. Belə insanlar hər xırda şeyə müdaxilə etməyə başlayır və hər şeyi özünə tanış olan standartlara uyğunlaşdırmağa çalışır. Məncə, bu doğrudan da belədir, bilirsiniz, pensiyaya çıxan və ya işləməyən adamlar evdə hər işə qarışır, həm özlərinə, həm də ailə üzvlərinə narahatlıq verirlər.  

 

Bizə müəyyən edilmiş qaydalardan kənara çıxmağımıza mane olan zehni maneələri dəf etmək bacarığı verən beynimizin plastikliyidir. Beynin plastikliyi yaşla əlaqədar zəifləyir, müxtəlif xəstəliklər, xüsusən, yaşla əlaqədar inkişaf edən xəstəliklər özünü büruzə verməyə başlayır.  Bu zaman yaşlı insanlara diqqət və qayğı lazım olur, onlar bunu hər yerdə axtarırlar. İsti münasibətlərə, normal fiziki vəziyyətə ehtiyac artır. Ətrafındakı doğma və yadların insiyyətinə ehtiyacın artması məhz yaşlı və zəif vaxtlarında insana daha çox lazım olur.

 

Sevdikləri ilə ünsiyyət quraraq insan sevilən şəxs olduğuna əmin olur. Ümumiyyətlə, bir insan digər insanlarla nə qədər çox ünsiyyət qurursa, kifayət qədər enerji alır, bu münasibətlərdə insan özünü təsdiqləyir və özünü insan kimi rahat hiss edir. Yaşlı insan həyat təcrübəsi əsasında həyatın mənası barədə nəticələr çıxarır, həyatın mənasını görmədiklərini söyləyirlər, çəkdikləri zəhmətin qarşılıqsız qaldığından şikayətlənirlər. Yaşlı insanların vəziyyətlərindən razı qalmamalarının səbəbləri çoxdur. Əslində onlar haqlıdırlar. Daha doğrusu çoxları haqlıdır. Diqqətlə yanaşsaq yaşlı və fiziki zəif insanların depressiyaya düşməsinin səbəblərinə tamamilə haqq qazandırmaq olar.  Xəstə, yaşlı insanların  həyatında heç bir əhəmiyyətli və maraqlı hadisənin baş vermədiyini görürük. Dünənə qədər dağlar aşan, iki yerdə işləyib pul qazanan insan yaşlanır və öz doğma bədəni belə ona xəyanət edir;əvvəlki gücü qalmır, tez yorulur, bəzən isə heç özünə belə qulluq edə bilmir, başqasının köməyinə möhtac olur. Çox təsirli bir vəziyyətdir, amma nə etmək olar, həqiqət budur. Bu vəziyyətə düşən insana elə gəlir ki, həyatında baş verən hər şey əhəmiyyətsizdir. Ən vacib hadisələrin hamısı keçmişdə qalmışdır, bu gün və gələcək mənasızdır. Əlbəttə, əslində yaşlı və xəstə insan haqlıdır. Belə insan keçdiyi yolu təhlil edərək, hətta doğmalarına belə yük olduğunu hiss edir.  İnsan  bu zaman ancaq özünün keçmişini yada salır, qarşıda onu  heç bir ürəkaçan hadisənin gözləmədiyini bilir. Əlbəttə, yaşlı olsa da, sağlam olan insanlar depressiyaya düşmürlər və belələri azdır.  Depressiyaya düşmüş yaşlılar özlərinə təzə geyimlər almır,  gələcəyin olmadığını bilirlər. Yaşlı insanlar üçün ciddi problem başqalarından asılılıqdır. İnsan nə qədər yaşlıdırsa, başqalarından bir o qədər çox asılı olur.

 

Bununla belə, yaşlı və xəstə insanlar cəmiyyətdən təcrid olunmuş şəkildə yaşaya bilməzlər, bu onlar üçün tipik deyil. Məhz bu zaman ünsiyyətə ehtiyac artır, çünki yalnız ünsiyyət gələcək barədə düşüncələri unutmaq üçün əhəmiyyətli vasitədir. İnsan yaşlandıqca digər insanlarla əlaqələrin sayı azalır, ünsiyyət duyğusuna ehtiyac artsa da,  yaşıdlarının bir hissəsi vəfat edir, bəzi yaşıdları ilə əlaqələri müxtəlif səbəblərdən kəsilir. Yalnız ailə ilə ünsiyyət kifayət eləmir, uzun müddət evdə olan xəstə və yaşlı adam üçün ev adamları ilə  ünsiyyət daha kifayət eləmir, danışılacaq yeni mövzular azalır, ondan məsləhət istəyən olmur.  Bəzən bu ünsiyyət çatışmazlığı yaşlı insanlar üçün sosial problemə çevrilə bilər. Bu, artıq işləyə bilməyən və cəmiyyətin həyatında fəal iştirak edə bilməyən təqaüdçülər üçün də eynidir.

 

Yaşlı insanlar özləri belə fərqində olmasalar da, həyatlarını digər insanların həyatında nə qədər iştirak etdikləri baxımından qiymətləndirirlər. Yaşlı insan kiminsə ona ehtiyac duyduğunu görürsə və buna sübutu varsa, o zaman özünü rahat hiss edəcəkdir. Ancaq ona əhəmiyyət verilmədiyi və ya bir şeydən narazı olduğu halda, qocaya elə gəlir ki, dünyanın sonudur.  Belə vəziyyət mənfi duyğuların təzahürünə səbəb olur; inciklik, qəzəb, kin, günahkarlıq, utanc, ümidsizlik vəziyyətinə qədər. Yaşlı insanların müasir cəmiyyətdəki bu cür problemləri nadir hal deyil, bu probem dünyanın bütün ölkələrində vardır.

Bir çox hallarda daha təcrübəli və müdrik görünmək üçün başqalarının hərəkətlərini, münasibətlərini, bacarıqlarını tənqid etməyə çalışan yaşlılara isə ətrafındakılar yaxşı münasibət bəsləmir. Ümumiyyətlə, yaşlı insanlar mühakimə etməyi və tənqid etməyi sevirlər. Bu vəziyyətdə, yaşlı insan cəmiyyətə, ən əsası ailəsinə və dostlarına ehtiyac duymadığını hiss etdirməyə çalışır və əksinə, ətrafını özündən uzaqlaşdırır.

Gənc yaşlarında insanlar işdə çox vaxt keçirirlər, yaşlandıqda isə  işdən ayrılmağa məcbur olur, ayrılaraq həmkarları ilə əlaqələrini də itirirlər. Köhnə sosial əlaqələrin siyahısı nəzərəçarpacaq dərəcədə azalır və itirilənlərin əvəzini çıxarmaq üçün yenilərini qurmaq olmur; bunun üçün imkanlar yaratmaq olmur, bundan əlavə, yaşlıların fiziki gücü də azalır.

 

Yaşlıların uşaqları da ayrılıb öz həyatlarını qururlar, bir çox hallarda ayrı yaşamaq istəyirlər, həyatlarını, rahatlıqlarını pozmaq istəmirlər. Qohumlarla münasibətlər yaxşı olsa belə,  hər kəs öz dünyasında yaşayır, hər kəsin öz problemləri var.Yaşlı və xəstə adamı heç kim öz evində baxıb qulluq etmək istəmir, nə qədər inkar etsək belə, heç kim xəstə və yaşlı valideynini saxlamaqdan məmnun və xoşbəxt deyil. İmkanı olanlar yaşlı valideynlərinə baxmaq üçün baxıcı tuturlar, mümkün qədər başqa evdə saxlayırlar. Bu zaman yaşlı adamda  insanlar üçün yararsızlıq fikri yaranır və güclənir. Xəstəliyin zəiflətdiyi yataq xəstəsi olan insanlar üçün özünü lazımsız hiss etmə problemi xüsusilə aktualdır. Başqalarından asılılıq hissi ilə əzilirlər və öz bədənlərinin onlara xəyanət etdiyi ilə barışa bilmirlər. Əlbəttə, hamımız bilirik ki, insan bədəni yaşla əlaqədar öz gücünü itirir və başqasının köməyi olmadan yaşaya bilmir. Bu hər kəsin başına gələ biləcək bir prosesdir.

İnsan bədəni çox etibarsızdır, kiçik bir travmadan öz əvvəlki halını bərpa edə bilmir. Kömək olmadan hərəkət edə bilməmək, məhdud hərəkətlilik, yorğunluq (fiziki və zehni) tez-tez yaşlılara həyatın və insanların onlardan üz döndərdiyini xatırladır. Bir qayda olaraq, yaşlılar və əlillər üçün həyat ciddi problem olur. Əlbəttə, biz bütün bunları inkar edə bilərik, amma, həyatda hər şey olduğu kimi görünür. Elə valideynlər var ki, 5-6 övladı var, amma onları öləndə qonşular və ya dövlət dəfn edir. Çoxları öz ata-analarından öz uşaqlarını böyütmək üçün istifadə edirlər, uzun illər narahatlıqlar yaşayan, övladlarına və nəvələrinə qulluq edən nənələr xəstələnəndə onlara nadir hallarda ürəkdən kömək edirlər. Artıq nəvələr yetkin və müstəqil olandan sonra nənəyə ehtiyac duymurlar.

 

Dünənə qədər aktiv həyat tərzi keçirən, hər şeyi hər zaman özləri edən və başqalarına kömək etməyə hazır olanlar üçün öz acizliyi ilə barışmaq çox çətindir. Yaşlılıq dövründə bu cür insanlar özlərini bir insan kimi tanımırlar, çünki özlərini tam ifadə edə bilməyəcəklərinə inandıqlarına görə (müstəqil fəaliyyətlər aparmaq, başqaları ilə tam qarşılıqlı əlaqə qurmaq) ruhdan düşürlər. Belə vəziyyətdə onlar özlərinə qarşı aqressiv davranırlar, bədənlərini xain hesab edirlər və bunun üçün onu qınayırlar. Yaşlı insanlar əvvəlki kimi yaşaya bilməyəcəklərini anladıqda xüsusilə narahat olurlar. Həm qohumlarından, həm də sosial işçilərdən kömək istəmək onlar üçün çətin olur. Yaşlı insanlar kömək istəməklə özlərinə baxa bilməmələrini təsdiqləyəcəklərinə inanırlar. Bunu etmək məcburiyyətində olanlardan diqqət gözləyirlər, çünki ömür boyu ailələri və qohumları qarşısında öz vəzifələrini ləyaqətlə yerinə yetirmişlər. Düzünü desək, həmişə ailələrinə yaxşı baxan adamlar belə qayğısızlığa və köməksizliyə məruz qalır.   Gəncliyində özü üçün xoş həyat seçən insanlar, qocalıqda yaxınlarından kömək tələb edirlər, onlara ciddi qayğı göstərilməli olduğuna inanırlar. Belə xarakterli qocalar hetero-aqressiyaya meyllidirlər, özlərinə daimi diqqət tələb edirlər.

 

 

Yaşlı insanlar üçün həyatın sonunun olduğunu qəbul etmək çətin deyil, lakin, bu sonun ölüm olduğunu dərk etmək çətindir. Həyatın sonunun ölüm olması hər bir insanı qorxudur. İnsan yaşlandıqca ölümdən daha çox qorxmağa başlayır. İnsanlar bir gün yox olacaqlarını başa düşərək yaşayırlar və bu həqiqətdən qorxmalarının öhdəsindən gələ bilmirlər. Çünki, heç kim dəqiq nə vaxt və nədən öləcəyini, həyatdan ayrılarkən hansı hissləri yaşayacağını bilmir. Buna görə yaşlı insanlar ölümdən qorxurlar, çünki ölüm müddətinə yaxınlaşdıqlarını hiss edirlər. Çox vaxt, qocalıqda insanlar tək ölməkdən, ağıllarını itirməkdən də qorxurlar. Düzdür, yalnız yaşlılar deyil, hətta gənc insanlar da ölür. Ümumiyyətlə, yaşlı insanlar hər hansı bir ölüm xəbərinə çox həssas olurlar.              

 

Bir qayda olaraq, qocalıqda gənclikdə diaqnoz qoyulmuş, ancaq insanı çox narahat etməyən xroniki patologiyaların şiddətlənməsi müşahidə olunur. Çox vaxt görmə pozulur, eşitmə azalır və oynaq xəstəlikləri inkişaf edir. Statistik məlumatlar göstərir ki, yaşlı insanların 2-4 xəstəliyi var. Onların müalicəsinə gənclərdən təxminən 1,5 dəfə çox pul xərcləmək lazım gəlir. Müasir dövr çox xərcləmələr tələb edir, buna görə yaşlıların mövcud problemləri bir növ unudulur. Amma bu mövzu unudulmamalıdır, yaşlı insanların gerontoloji, psixoloji, sosial xüsusiyyətlərini müəyyənləşdirmək üçün araşdırmalar aparılmalıdır. Yaşlı insanlar xarici görünüşləri ilə o qədər də maraqlanmırlar, onlar daxili dünyalarını yaxşılaşdırmağa və sağlamlıqlarını qorumağa çalışırlar. Demək olar ki, yeni bir həyat ritmi ortaya çıxır. Zaman onlar üçün o qədər sürətli keçmir. Həyatındakı bütün hadisələrin əvvəlcədən planlaşdırılmasını təmin etməyə çalışırlar, istər aptekə, istərsə dükana, ziyarətə və ya klinikaya getmək olsun, onlar bunu mütləq planlaşdırırlar.

Yaşlanmış insan yalnızlığa dözə bilmir. Yalnızlıq endokrin və immunitet sistemlərinə də pis təsir edir və müxtəlif xəstəliklərin inkişafına səbəb olur.  Yaşlılar kədər, qəzəb, məyusluq vəziyyətində özləri ilə tək qalmaq istəyirlər. Çünki, ruh rahatlığını bərpa etmək ümumiyyətlə təkbaşına baş verir. Bunun üçün fərdi yanaşma və psixoloji (bəlkə də psixiatrik) kömək lazımdır. Yalnızlıq və sağlamlıq problemləri ilə mübarizə aparmaq üçün yaşlılara qarşılıqlı yardım və dəstək qrupları, dostlar tapmağa kömək edən xidmətlər olmalıdır.  Mükəmməl terapiya isə  səmimi söhbətlər və canlı ünsiyyətdir. Yaşlı və xəstə insanlarla davranmaq və qulluq etmək üçün xüsusi kurslar vardır ki, bu kurslarda qeyd olunan fizioloji xüsusiyyətlər öyrədilir. Unutmayaq, bu hər bir insan oğlunu gözləyən bir fiziki-psixoloji vəziyyətdir. Yaşlılara mərhəmətlə yanaşmaq insanın  ən gözəl keyfiyyətidir.

 

  Amaliya Murad

İnsan münasibətləri üzrə ekspert. İnsanın öz resurslarından istifadə etmək bacarığının inkişafı yollarını, şəxsiyyətlərarası münasibətlərdə ziddiyyətlərin və qarşıdurmaların səbəblərinin insanın düşüncə tərzindən asılılığının  araşdırmaçısı.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam