Yer üzünün əşrəfi insan canına qəsd etməsin -Intihar, səbəbləri və profilaktikası
Biz insanlar ölüm barədə çox şeylər bilirik. Hamı bilir ki, bir gün bizə verilən ömür sona çatacaq və biz bu dünyadan köçəcəyik. Ölüm barədə düşünmək insan üçün çətindir.
Yenixeber.org: Bioloji olaraq, sağlam insan beyni bir gün öləcəyini qəbul etmir. Hamının, həmçinin özünün də öləcəyini bilsə belə, öz ölümünə dərindən inanmır. Ölümdən danışmaq belə insan üçün çətindir, ölümdən danışarkən insan ölümü hiss etməyə məcbur olur. Bir var ölüm, yəni haqq olan ölüm, bir də var çox vaxt həll olunması mümkün olan bir şeyə görə özünü öldürmək. Yəni intihar etmək. Dünyada hər il 800 mindən çox insan öz həyatına intihar yolu ilə son verir. İnsanlar niyə intihar edir və bu intiharların qarşısını almaq mümkündürmü? Ətrafımızda bu qədər intihar halları olduğunu görürüksə, bu barədə niyə danışılmır və heç bir təbliğat aparılmır?
2003-cü il 10 sentyabr tarixindən dünyanın hər yerində intiharlarının qarşısının alınması fəaliyyətinin təbliği məqsədi ilə Ümumdünya İntiharların qarşısının alınması günü qeyd olunur. Məncə, Azərbaycanda bu barədə çox az adamın məlumatı var. Bu gün Beynəlxalq İntiharların qarşısının alınması assosiasiyasının təşəbbüsü, Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi və Birləşmiş Millətlər Təşkilatının himayəsi altında qeyd olunur. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi statistikaya görə, üçüncü minillikdə bütün müharibələr və məqsədli qətllərə nisbətən daha çox ölümlər intihardan olmuşdur. Covid 19 pandemiyasını da nəzərə alsaq, artıq intiharlar barədə ciddi düşünmək və lazımi tədbirlər görmək lazımdır.
Intiharlar da hər zaman olub. Dünyanın çox ölkələrində kritik vəziyyətlərdən çıxmaq üçün mərkəzlər var, təəssüflə qeyd etmək iştəyirəm ki, bizim ölkəmizdə bu qədər gənclər təşkilatları var, amma bu təşkilatların heç birinin ciddi bir xidməti barədə heç kimin məlumatı yoxdur. İntiharlar ən çox gənclər və yeniyetmələr arasında rast gəlinir, bəs gənclər təşkilatlarında bu məsələlərlə məşğul olan bir bölmə yoxdurmu? Yoxdursa, onda niyə təşkilat adlanır? Xoşbəxtlərdən danışmaq və yazmaq asandır, birinin uğur tarixindən danışmaq heç kimə lazım deyil. Həyatın çətinliklərini gizlətməklə insanlıq heç nə qazanmır, əslində mövcud olan problemləri tam açıqlığı ilə araşdırıb, sonra çıxış yolları göstərilməlidir. Əks təqdirdə, ən yüksək mövqedə dayanan psixoloqun işinin heç bir faydası yoxdur. Sintetik cəmiyyətlərdə, məsələn, sovet dövründə yalançı xoşbəxtliklərə aid nəğmələr, əsərlər yazılırdı ki, sonda belə qəhrəmanların həyatının mənasız olduğunu görürdük.
Həyat amansızdır, ancaq həqiqətlər əsas görtürülməlidir, mübarizə aparmaq üçün yalançı təriflər məğlubiyyətə uğrayacaq. Ailədə, cəmiyyətdə elə qarışıq və ağır mühit olur ki, dayanmaq və mübarizə arapmaq üçün çox vaxt insanın fiziki və mənəvi gücü çatmır. Bu dünyanın bütün ölkələrində belədir, insan və həyat varsa, demək rəqabət və mübarizə də var. İnkişaf etmiş ölkələrdə yeniyetmələrin intihar davranışı barədə araşdırmalar ciddi bir problem halına gəlmişdir. ABŞ-da, bir çox Avropa ölkələrində yeniyetmələrin intiharı bu yaşda baş verən ölüm səbəbləri arasında ilk beşliklərdən birini tutur.
Tədqiqatların nəticələrinə əsasən, gənclər arasında mövcud ölüm hallarının intihar səbəbindən ikinci yerdə olması dəhşətdir. Bir qayda olaraq, intihara cəhd 13 yaşdan başlayır. 12-13 yaşdan əvvəl intiharlar nadir rast gəlinir. 14-15 yaşdan etibarən intihar fəaliyyəti kəskin şəkildə artır və maksimum 16-20 yaşa çatır. Yeniyetmələrdə intihar davranışı əsasən keçid dövrü problemidir, bu neyro-hormonal proseslərdən, bədənin reaksiya vəziyyətlərindən irəli gəlir. Buna görə bir çox intiharlar və intihara cəhdlər "yeniyetməlik dövrü və gənclik böhranları" kimi tədqiq olunur. Bu yaşda yeniyetmələr qarşılaşdıqları problemləri həll etmək üçün təcrübəli olmur, ailələrindən və yaxınlarından kömək istəyə bilmir. Bunun da cox ciddi səbəbləri vardır. Ailələr övladlarına dost olmaq məsələsini özləri bilmir, bunun üçün kifayət qədər məlumatları yoxdur. Burda təhsilin də rolu böyükdür. Əgər valideynlər təhsilli olarsa, öz övladlarına fərdi yanaşmaq barədə məlumatlı olurlar. Bəzən elə hadisələrlə qarşılaşırıq ki, konkret intihara valideynin övladı ilə rəftarının səbəb olduğu şübhəsiz olur. Bir intihar hadisəsinin səbəbini nəzərinizə çatdırım ki, fikrimi izah etməyə kömək olsun.
Qonşumuzda bir ailə var. Ailənin kişisi çox qarışıq xarakterli adamdır, özünün başqalarının qızına-qadınına münasibəti normal olmadığı üçün həmişə qızını sıxışdırır, həyat yoldaşını evdən çıxmağa qoymurdu. Hamı bilirdi ki, bu kişi özü düz adam deyil, başqa qadınlarla şübhəli əlaqələri var. Belə kişiləri hamımız tanıyırıq, çünki, belələri hamımızın qohum-qonşusunda var. Qızı atasından çox qorxurdu, qıza telefondan ancaq zəng üçün istifadə etməyə icazə veriridi. Qız yeniyetmədir, müasir dövrdə hansı yeniyetmə telefondan istədiyi kimi istifadə etmir? Qadağan etmək əslində ciddi problemlərə aparan yoldur. Ata oğluna da tapşırıb ki, bacısı telefonda internetə girsə ona xəbər versin, oğlan isə uşaqdır, atasından götürdükləri ilə hərəkət edir. Bir dəfə bacısının internetdə gənc qızların bəzənməyinə baxdığını qardaşı görüb və bacısına deyib ki, atama deyəcəm. Bu olmuş hadisədir, qız heç qardaşının atasına xəbər verməsini gözləməyib, özünü məktəbin yaxınlığındakı binanın 18-ci mərtəbəsindən atıb və..
Nə deyəsən belə ataya, yeniyetmə qız niyə baxmasın ki, belə şeylərə. Gördüyümüz kimi, valideyn yeniyetmənin intiharında əsas həlqələrdən biridir. Və əsas səbəbkarlardan. Qadağan etməyin, pis işləri başa salın, övlad yetişdirmək üçün gərək zəhmət çəkəsən. Hamı deyir ki, bu ata indi bu vicdan əzabı ilə necə yaşayacaq? Amma tanıyanlar deyir ki, vicdanı yoxdur ki, əzab da çəksin.
Yeniyetmələrin həyatı maraqlı keçərsə, niyə özünü öldürsün? Əlbəttə, sağlamlıq durumu əsasdır, amma buna da nəzarət etmək lazımdır. Gənclərin çox azının intihar etmək arzusu var. Əksər hallarda, yeniyetmənin intihar davranışı "kömək üçün fəryad" demək olur. Təsadüfi deyil ki, intihara cəhdlər çox vaxt gündüz və ya axşam edilir, bu bir növ səssiz kömək çağırışıdır. Nəinki yeniyetmə və ya həyat təcrübəsi olmayan gənc, təcrübəli insanlar belə, özlərini realizə etmədikdə depressiyaya düşür. Bəzən yeniyetmələr əslində intihar etmək niyyəti olmadan intihara cəhd rolunu oynayırlar, onlar vaxtında xilas olacaqlarına ciddi ümid edirlər. Belə hərəkətlərlə onlar özlərinə diqqəti cəlb etmək və ya itirilmiş diqqəti bərpa etmək, ailələrindən onlara mərhəmət göstərmək, rəğbət oyatmaq, qarşılaşdıqları çətinliklərdən qurtarmaq məqsədi güdürlər. Belə hadisələri çox filmlərdə görmüşük, ancaq səhv hesablama və ya digər qəzalar səbəbindən rol oynamaq məqsədi ilə nümayiş etdirilən hərəkətlər ölümcül nəticələrə gətirib çıxara bilər. İntihar cəhdləri və əsil intihar davranışı qəsdən, tez-tez intihar etmək niyyətini büruzə verməklə xarakterizə olunur. İntihar edənlər ölümün nə demək olduğunu tam mənasında başa düşmədikləri üçün, çalışırlar ki, intihara cəhd təsirli olsun, intihar hərəkətlərinə “romantik” forma verilsin. Bəzən elə şeylər yazıb qoyurlar ki, valideynlər ömrü boyu unuda bilmir. Xüsusu qeyd etmək lazımdır ki, valideynlərindən sevgi istəyən gənclər intihar səbəbini özünə yönəldir, yaxınlarının ittiham olunmasını istəmir.
İntihar etməyi planlaşdıran gənclərin əksəriyyətində depressiya və ya manikal-depresiv psixoz halları müşahidə olunur. Ümumiyyətlə, hər növ intihar davranışının stimullaşdırılmasında sosial-psixoloji amillər mühüm rol oynayır. Bunların arasında ailədaxili münasibətlərin düzgünlüyü, yeniyetmənin öz ailəsi tərəfindən sevildiyini bilməsi ən ciddi amildir. Bir kədərli hadisəni yadınıza salmaq istəyirəm: şəhidlərimizdən biri həkimə deyib ki, məni ölməyə qoyma, anamın məndən başqa kimsəsi yoxdur, mənim ölümümə dözə bilməyəcək. Bu çox vacib məsələdir, övlad ailə üçün öz dəyərini bilərsə, heç vaxt intihar etməz. Hörmətli valideynlər, uşaqlar gücsüzdür, onlara yazığınız gəlsin, ailələrinizi ciddi bir səbəb olmadan dağıtmayın, ailənin dağılması xüsusilə 12 yaşadək olan uşaqlar üçün ən ağır zərbədir. Bu uşaqlar ömrü boyu bu zərbənin acısını unutmayacaq. Valideynlərin itkisi də boşanma ilə eyni ilk sıradadır. Ölüm haqq işidir, müxtəlif səbəbdən olur, amma öz əlinizlə uşaqları məhv etməyin. Əgər əlimdən gəlsə dünyada heç bir ailənin dağılmasına yol verməzdim, çünki, belə ailələrdən uşaqlara irsən çox acı həyat hekayələri ötürülür. Bir şahidi olduğum hadisəni qeyd etməyi lazım bilirəm. Universitetlərdən birinin rektorunun qəbuluna getmişdim, öz elmi işimin həlli üçün. Qəbulda bir tələbə vardı, xalası ilə gəlmişdi, dərslərini buraxmışdı və limit problemi vardı. Rektor ondan soruşdu ki, nəyə görə dərsə gəlmirsən? Tələbənin cavabı rektora o qədər ağır təsir bağışladı ki, bir neçə dəqiqə danışa bilmədi və tələbənin işinin müsbət həll olunması üçün ciddi göstəriş verdi. İndi bu problemi sizin də nəzərinizə çatdısam yəqin bir ibrət olar. Tələbə dediki, anam bankdan pul götürüb, amma ağır psixoloji problemi yaranıb, ödəmək imkanı yoxdur. Borca görə anam bir neçə dəfə intihar etmək istəyib. Atam da buna görə bizi atıb gedib, indi xalam bizə və anama kömək edir. Bankdan gəlib anamın xəstə olduğunu gördülər və pulu ödəmək üçün məni kafedə işə düzəltdilər, ona görə işləməyə məcburam ki, banka pulu ödəyim. Həm də anamın dərmanlarını alımaq üçün köməyimiz yoxdur, anam xəstədir, dərman olmasa, özünü öldürə bilər. Çox vaxt dərsə gecikirəm və ya çatmıram. İmkan varsa, buraxdığım dərsləri yay məktəbində yerinə yetirməyə icazə verin ki, məni universitetdən xaric etməsinlər. Belə işlər... Çox kədərlidir. Rektor hətta köməkçidən su istədi.
Öz taleyini axtaran, sevmək, sevilmək, xoşbəxt olmaq istəyən insanlar psixoloqlara, falçı və cadugərlərə müraciət edirlər. Çox az insan öz xoşbəxtliyini aktiv surətdə axtarıb tapmaq yollarını bilir. Bu dünyada kimsənin pis yaşamaq arzusu olduğunu görən olmayıb, hamı yaxşı yaşamaq istəyir. Hələ Sokrat və Pluton dövründən yaxşı yaşamaq və pis yaşamaq istəyi müzakirə olunurdu. Pluton yaxşı adamların daxili harmoniya əsasında yaşadığını qeyd edirdi. Plutona görə insan öz nəfsi üzərində hakimiyyəti itirməməlidir.
Epikur fəlsəfəsi müasir dünyada yeni formalarda inkişaf edir. Yaxşı yaşamaq istəyi hər şeydən üstün hesab olunur, villalar, yaxşı yemək, brend geyimlər, yaxtalarda istirahət və s. insanları hər şeyə vadar edir. Bəzən, insanlar pul qazanmaq üçün ailəsinə diqqət vermir, ailənin daxilindəki ciddi parçalanmaları, övladlarının həyatındakı problemləri nəzərə almır. Bunlar isə mütləq öz təsirini göstərir, sonda belə adamların çoxunun əli boş qalır, övladlar imkan olan kimi ailələrini tərk edib başqa ölklərə gedir. Belə valideynlər sonda tək qocalmağa məhkum olur.
Bir məsələni də qeyd etmək lazımdır. İntihar mövzusu barədə araşdırmalar aparanda görünür ki, bu mövzu dünya səviyyəsində işlənməsi və tədqiq olunması vacib olan mövzudur. Çünki, intihar bir növ sirli məsələdir, alimlər bu mövzunu tədqiq etməyi sevmirlər. İntihar hadisəsi müxtəlif yaşlı insanlar arasında rast gəlinir, sağalmaz xəstəlikdən, narkotik asılılıqdan canını qurtarmaq istəyi də vardır. Lakin, biz yeniyetmə və gənclərin ihtiharı barədə fikirlərimizi çatdırmaq istədiyimiz üçün bu sahəni əhatə edən məsələləri qeyd etdik. Bir-birini sevən iki gəncin birlikdə intiharı, ata-anasına onu başa düşmədikləri üçün intihar etməklə cəza verən yeniyetmələrin intiharı, öz xarici görünüşündə dəyişmək istədiyi və dəyişə bilmədiyi problemlərə görə və s. olan intihar hadisələrinin qarşısını mümkün qədər almağın yolları da vardır. Bu profilaktik tədbirləri isə əsas valideynlər və yaxın adamlar həyata keçirə bilər. Sonradan heyif olmuş övladın həyatı üçün nə qədər peşman olsan da, nəyə dəyər... Yeniyetmələrin və gənclərin verdiyi həyəcan siqnalına qarşı biganə olmayın, çünki, sonra öz həyatınız puç olacaq.
Əzizlərinizi qoruyun, qoruyun ki, insanlığa zərər gəlməsin, laqeydlər sizdən ibrət götürsün.
Amaliya Murad:
İnsan münasibətləri üzrə ekspert. İnsanın öz resurslarından istifadə etmək bacarığının inkişafı yollarını, şəxsiyyətlərarası münasibətlərdə ziddiyyətlərin və qarşıdurmaların səbəblərinin insanın düşüncə tərzindən asılılığının araşdırmaçısı.