Yenixeber.org: Məsələ ilə bağlı danışan Ümumrusiya Professional Psixoterapiya Liqasının həqiqi üzvü, Eros psixologiya mərkəzinin psixoloqu Səbinə Bayramova bildirib ki, depressiv hallara daha çox payız aylarında rast gəlinir və intiharların başlıca səbəbi də depressiyadır.
“İntiharın müxtəlif səbəbləri var. Bunlara şəxsin həddən çox yüklənməsi, psixoloji zədə alması, əhval-ruhiyyəsinin aşağı düşməsini misal gətirə bilərik. Boşanma, maddi çətinlik, ailədaxili münaqişələr, biznesdə, işdə, təhsildə uğursuzluq və sevdiyi şəxslərlə evlənə bilməmək intiharda görülən əsas səbəblərdəndir. Bunu deyim ki, intihar edən şəxsdə intihardan öncə psixoloji problemlər müşahidə olunur. Onlar narkotikə və içkiyə qurşanırlar və daha çox şəxsiyyət pozğunluğu müşahidə edilir. Belə şəxsləri gördükdə onların intihara meyilli şəxslər olduğunu unutmamalı onlarla ehtiyatlı davranmalıyıq”, - deyə o bildirib.
Psixoloqun fikrincə, cəmiyyətdə belə bir fikir formalaşıb ki, intihar etmək istəyən şəxs bunu dilə gətirməz. Əgər o danışırsa, deməli intihar etməyəcək: “Bu, yalnış fikirdir. Əgər ətrafınızda intihardan bəhs edən şəxslər varsa, onları mütləq ciddiyə almalısınız. Bəzən insanlar mənə müraciət edir ki, yaxını intiar etmək istəyir amma psixoloq yanına gətirə bilmir? Mənim tək məsləhətim budur ki, həmin insanları psixoloq və psixoterapevt yanına gəlməyə cəsarətləndirin. Əgər şəxsdə depresiyanın əlamətləri varsa yəni, özünü dəyərsiz, narahat hiss edirsə, gün boyu yuxulu olursa, diqqət dağınıqlığı, cinsi istəksizlik, iştahsızlıq və ya həddən artıq yemək yemək istəyi, ölüm və intihar düşüncələri varsa, mütləq şəkildə mütəxəssisə müraciət etmək lazımdır”.
Onun sözlərinə görə, kişilər daha çox intihar edirlər: “Hətta belə deyə bilərik ki, intihar edən kişilərin sayı qadınlardan 3 dəfə daha çoxdur. Qadınlarda intihar cəhdlərinin çoxu baş tutmur”.