9 ilə general-leytenant olan əsgər – “İşgəncə kralı” Vlodzimirskini 48 yaşında edam ediblər
Onun heç bir ali təhsili olmayıb, üç illik ibtidai təhsil alıb və Qara dəniz donanmasının siyasi idarəsinin nəzdində olan üç aylıq kursları bitirib. Buna baxmayaraq, Lev Vlodzimirski 9 il ərzində sıravilikdən general-leytenant rütbəsinə qədər yüksəlib, 1930-cu illərdən 1950-ci illərin əvvəlinə qədər SSRİ təhlükəsizlik orqanlarında əsas fiqurlardan biri sayılıb.
Yenixeber.org: Lev Vlodzimirski 1905-ci ildə Barnaulda anadan olub. İbtidai təhsil aldıqdan sonra avtoparkda sürücü və çilingər köməkçisi işləyib. Daha sonra ordu sıralarına yazılan Vlodzimirski Sevastopol hərbi limanında xidmət edib. İki il xidmət etdikdən sonra xəstəliyi ilə əlaqədar ordudan tərxis olunub. Bir müddət Kislovodsk İcraiyyə Komitəsində çalışıb.
Nikolay Yejov “NKVD”-yə rəhbərlik edəndə Lev Vlodzimirski qurumun istintaq idarəsi rəisinin köməkçisi vəzifəsinə düzəlib. Qısa müddətdə o, “NKVD”-də bir-birinin ardınca yüksək vəzifələrə, şöbə və idarə rəisi vəzifələrinə sahib olub. Yejovun dövründə vəzifə pillələrini sürətlə qalxsa da, Vlodzimirski Yejovun “adamı” kimi tanınmayıb. Daha dəqiq desək, o, Yejovun yaxın ətrafında olanlardan sayılmayıb.
Lavrenti Beriya “NKVD”-yə rəhbər təyin olunarkən kadr islahatlarına başlayanda Lev Vlodzimirski mövqelərini möhkəmlətməyi bacarıb, sutkalar ərzində özünü yeni komissara tanıda bilib. Beriya “NKVD”-nin köhnə kadrına böyük etimad göstərərək ona daha mühüm bir postu, mühüm işlər üzrə istintaq idarəsinin rəisi vəzifəsini həvalə edib.
Lev Vlodzimirski çevikliyi, tapşırılan işi vaxtında və “keyfiyyətlə” yerinə yetirməyi, ən mürəkkəb vəziyyətdə belə situasiyaya görə qərar qəbul etməyi ilə fərqlənib. Xidməti fəaliyyətində onun üçün əsas meyar rəhbərliyiə sədaqət nümayiş etdirmək və etimadını doğultrmaq olub. Dövlətçilik prinsipləri, partiya məsuliyyəti Lev Vlodzimirski üçün heç bir önəm daşımayıb. Başlıca məsələ birinci şəxsin, Beriyanın rəsmi və qeyri rəsmi tapşırıqlarını yerinə yetirmək, bununla da vəzifəsini qorumaq və bir də maddi cəhətdən zənginləşmək Vlodzimirskinin xidməti fəaliyyətinin əsas prinsipləri olub.
Vlodzimirski bu prinsiplərlə tədricən Beriyanın ən yaxın adamına çevrilib. Ona verilən qeyri-rəsmi səlahiyyətlər rəsmi səlahiyyətlərindən qat-qat çox olub. Vlodzimirski öz üzərinə düşən rəsmi vəzifələrdən daha çox Beriyanın şəxsi tapşırıqlarını icra edib. Bununla yanaşı, Beriya ən qalmaqallı, böyük səs-küyə səbəb olan istintaq tədbirlərini də Vlodzimirskiyə həvalə edib.
214 nəfərin həbsi ilə nəticələnən “Leninqrad işi”, SSRİ-nin Çindəki səfiri Bovkunun qətlə yetirilməsi, Yaponiyaya mühacirət etmiş sovet vətəndaşı Lyuşkovun öldürülməsi, Almaniyaya mühacirət etmiş latviyalı siyasətçilərə sui-qəsd təşkil edilməsi, Beriyanın cinsi təcavüzə məruz qoyduğu qadınların ailə üzvlərinin susdurulması və bu kimi “qaranlıq” işlər məhz Lev Vlodzimirskiyə həvalə və etibar edilib.
Lev Vlodzimirski istintaq zamanı öz metodlarından istifadə edib. Əsas məsələ ittiham olunanlardan nəyin bahasına olursa-olsun Beriyanın “arzuladığı” ifadələri almaq olub. Vlodzimirski istintaq tədbirləri üçün xüsusi işgəncə verən qrup saxlayıb və öz cibindən onlara pul ödəyib. Cüssəli, qoluzorlu bu şəxslər ittiham olunanlardan istədiklərini, lazımi ifadələri çox asanlıqla alıblar. Bu şəxslərlə yanaşı Vlodzimirski özü də “müştərilərinə” xüsusi amansızlıqla işgəncələr verib. Sonrakı araşdırmalarda məlum olub ki, Vlodzimirskinin verdiyi işgəncələrdən istintaq otaqlarında 20-dən artıq şəxs həyatını itirib və belə hadisələrdən sonra ölüm səbəbi “qəfil ürəktutma” adı ilə rəsmiləşdirilib.
Lev Vlodzimirski sədaqətinə və cəlladlığına görə Beriyanın təqdimatları ilə SSRİ-nin ən ali mükafatları ilə təltif olunub, bi dəfə “Lenin” ordeni, iki dəfə “Qırmızı bayraq”, “Qırmızı Əmək bayrağı” ordenləri və medallar alıb.
General-leytenant rütbəsi daşıyan Lev Vlodzimirskinin sərhəd tanımayan səlahiyyətləri, sonu görünməyən amansızlığı, dərəcəsi bilinməyən cəlladlığı 1953-cü ildə sona çatıb. Beriyanın həbsindən sonra Vlodzimirski də bütün vəzifələrindən azad olunaraq dəmir barmaqlıqlar arasına salınıb, vətənə xəyanət, vəzifələrindən sui-istifadə maddələri ilə ittiham olunub.
SSRİ Ali Məhkəməsi 23 dekabr 1953-cü ildə Lev Vlodzimirski haqqında hökm çıxarıb. O, rütbəsi, dövlət təltifləri alınmaqla, əmlakı müsadirə olunmaqla ən ağır cəzaya, güllələnmə cəzasına məhkum edilib. 48 yaşlı general haqqında çıxarılan hökm elə həmin gün icra edilib.
Sovet dövründə qohumları bir neçə dəfə Lev Vlodzimirskinin bəraəti ilə bağlı müvafiq qurumlara müraciətlər etsələr də müsbət cavab almayıblar. Yalnız 2000-ci ildə Rusiya Federasiyası Ali Məhkəməsinin hərbi kollegiyası yenidən Vlodzimirskinin işinə baxaraq qismən bəraət haqqında qərar qəbul edib. Lev Vlodzimirski haqqında 1953-cü ildə çıxarılmış hökmdən “vətənə xəyanət” maddəsi götürülüb, vəzifə səlahiyyətlərini xüsuslə ağırlaşdırıcı halda aşma maddəsi isə saxlanılıb. Həmçinin 1953-cü ildəki hökmdə əmlakın müsadirə edilməsi də ləğv edilərək Vlodzimirskinin adına olan əmlaklar onun varislərinə verilib.
İlham Cəmiloğlu