Almaniyadan 20 vaqon qənimət gətirən general –Teleqin Jukovu satmasa da, adı tarixdə soyğunçu kimi qalıb
1946-cı ilin iyun ayında SSRİ dövlət təhlükəsizliyi naziri Viktor Abakumovun İosif Stalinə general-leytenant Konstantin Teleqin haqqında 16 səhifədən ibarət təqdim etdiyi məxfi arayışda bu sətirlər də əks olunub:
Yenixeber.org: “...25 aprel 1946-cı ildə, saat 20.00-da Berlindən Moskvaya 10 platformada çətinliklə yerləşdirilən yük qatarı eşelonu daxil olub. Bütün qatarlar Moskvaya general-leytenant Konstantin Teleqinin adına gəlib. Araşdırma zamanı yük qatarları ilə gətirilən əşyaların siyahısı tutulub və onlar aşağıdakılardan ibarətdir:
1. Alman istehsalı olan 8 avtomobil
2. 4 vaqon mühərrik və avtomobillər üçün ehtiyat hissələri
3. 2 bağlı vaqon mebel və digər ev avadanlıqları
4. 1 vaqonda yığılıb-açılan qaraj
5. 16 kiloqram gümüş
6. 28 qutu farfor və büllur qablar
7. 218 top qiymətli parça
8. İçində geyimlər, xəz və dəri olan 1 vaqon çamadan
9. Ayrıca bir vaqonda rəsm əsərləri, antikvar əşyalar
10. 1 vaqonda royal, piano, akkardion, musiqi mərkəzləri və audio qurğular
11. 21 ədəd ov tüfəngi, 28 ədəd tapança
12. 4 vaqon tikinti materialları
13. 3 vaqon müxtəlif təyinatlı dəzgahlar.
Dövlət Təhlükəsizliyi Nazirliyi general-leytenant Konstantin Teleqinin vəzifəsindən sui-istifadə edərək qeyri-qanuni yolla nəzərdə tutulduğundan artıq qənimətləri sərhəddən küçirməsini əsas götürərək haqqında cinayət işinin açılmasını və Hərbi Prokurorluğa təqdim edilməsini məqsədəuyğyn sayır...”
Abakumovun təqdim etdiyi arayışı Stalin geniş müzakirəyə buraxmadan qərar qəbul edib. General-leytenant Konstantin Teleqin ordu sıralarından xaric edilib. Amma generalın cəzası bununla bitməyib. Bir müddətdən sonra, 24 yanvar 1948-ci ildə Stalinin göstərişi ilə o, həbs edilib, “qənimət işi” adı altında başlanan istintaqa cəlb olunub.
İstintaq zamanı general Teleqin “qənimət işi” ilə yanaşı, həm də antisovet fəaliyyətdə ittiham olunub. Teleqinə istintaq təcridxanasında o qədər ağır işgəncələr verilib ki, o, nəzarətçilərdən onu öldürməyi xahiş edib. “Lazımi” sənədlərə, istintaq sorğularına imza atdıqdan sonra onu rahat buraxıblar. SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının qərarı ilə general-leytenant Konstantin Teleqin 25 il azadlıqdan mərumetmə cəzasına məhkum edilib.
Konstantin Teleqin 1899-cu ildə Novosibirskdə anadan olub. İlk əmək fəaliyyətinə Omskda fəhlə kimi başlayıb. 1918-ci ildə hərbi xidmətə çağrılıb, Vətəndaş müharibəsində iştirak edib. Sonrakı həyatını hərbə bağlayan Teleqin 1931-ci ildə Lenin adına Hərbi Siyasi Akademiyanı bitirib. Ali hərbi təhsilini başa vurduqdan sonra Qazaxstanda “NKVD” orqanlarında hərbi siyasi rəhbər kimi xidmətə başlayıb. 1939-cu ildə xidmətini “NKVD”-nin Moskva vilayəti üzrə idarəsində siyasi işlər üzrə rəis müavini, 1940-cı ildə isə “NKVD”-nin mərkəzi aparatında davam etdirib.
1941-ci ildə müharibə başlananda Konstantin Teleqin Moskva Hərbi Dairəsinin hərbi şurasının üzvü olub. 1945-ci ilə qədər Stalinqrad, Kursk, Ukrayna döyüşlərində iştirak edib. Berlin əməliyyatında xüsusi xidmətlərinə görə fərqlənib.
Konstantin Teleqin müharibədən sonra, 10 iyul 1945-ci ildə SSRİ-nin Almaniyadakı qoşunlarınının hərbi şurasına üzv təyin edilib.
Konstantin Teleqinin hədəf seçilməsində, həbs olunmasında əsas səbəblərdən biri də marşal Georgi Jukovla yaxın dostluğu olub. İstintaq zamanı verilən işgəncələrə baxmayaraq, Teleqin Jukovun əleyhinə heç bir ifadə verməyib. Sonralar Jukov Teleqinin bu sədaqətini dəfələrlə dilə gətirib.
General Teleqinin məhbəs həyatı 5 il davam edib. Stalinin ölümündən sonra o, azadlığa buraxılıb, tam bəraət alıb, ordu sıralarına bərpa edilib. Hərbi təhsil ocaqlarında siyasi rəhbər kimi xidmətini davam etdirib.
Konstantin Teleqin bəraət alsa da, xidmətə bərpa olunsa da, müsadirə olunmuş əşya və əmlakını geri ala bilməyib.
Teleqin müharibə dövrünün hərbi vəzifəliləri arasında Almaniyadan ən çox qənimət gətirən hərbçi kimi yadda qalıb. O, bu işdə Jukovu da üstələyib. Generalın buna necə nail olduğunu araşdıranda, bu suala ilk olaraq general özü cavab verib:
“Mənə məxsus olan əşyalardan kiçik bir qismi qənimət olub. Qalanlarını mən öz şəxsi pulumla almışam. Bu məsələdə qaranlıq məqamlar axtaranlar yəqin bilmirlər ki, müharibədən sonra almanlar öz əşyalarını 4-5 qat ucuzuna satıblar. Biz də bu fürsətdən səmərəli istifadə etmişik və burada şübhəli heç bir şey yoxdur...”
Dövrün maliyyə ekspertləri üçün də generalın qənimətləri maraqlı mövzuya çevrilib. Onların qənaətinə görə, çoxsaylı yük qatarlarındakı əşyaları almaq üçün generalın qazancı yetərli olmayıb. Belə ki, Konstantin Teleqin general-mayor rütbəsi və tutduğu vəzifəyə görə 12-15 min marka alıb. Bu aylıq qazancla isə nəinki 8 avtomobil, heç onların ehtiyat hissələrini almaq mümkün deyilmiş.
Qənimətlərin hansı yolla əldə olunmasına baxmayaraq, sonda onlar generala qismət olmayıb. Uzun illər həmin əşyaların geri qaytarılması üçün çalışan Teleqin ömrünün sonuna qədər müvafiq qurumlara müraciətlər edib. Ancaq bu müraciətlərin heç bir nəticəsi olmayıb.
General-leytenant Konstantin Teleqin 1981-ci ildə, 82 yaşında vəfat edib. O, Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunub.(musavat)
İlham Cəmiloğlu