Redaktor seçimi
Saleh Məmmədovun "gözqamaşdıran" biznesi -
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Günün xəbəri

Sınmış qəlblər... Bağışlamaq lazımdırmı?

 

Kim deyirsə hər şeyi, hamını bağışlamaq lazımdır, inanmayın. Bu sadəcə marketinqdir. Bir çox psixoloqlar və din xadimləri bundan marketinq kimi istifadə edərək öz işlərini asanlaşdırır. İnsan keçmişi unudub bu günlə yaşamalıdır, desələr yenə inanmayın. Bu da marketinqdir. Keçmişdə olanları unutmaq yox, nəticə çıxarıb yola davam etmək lazımdır. Hər şeyi, hər kəsi bağışlamaq özünə xəyanətdir. Bağışlamaq tamam başqa bir prosesdir. Öz xətrinə, həyata inamla davam etmək xətrinə bağışlamaq lazımdır. Unutmadan... Bu insana güc verir. Özünün daha yaxşı sübut etmək  üçün...

Yenixeber.org: Deyirlər allah bağışlayandırsa biz kimik... Çox doğru, biz kimik... Allahın adından danışmaq bizim həddimiz deyil. Allahın çox şeyləri bağışlamadığını da həyatda çox görmüşük. Hamı öz qisasını allaha həvalə edir. Əgər deyilənlər kimi olsaydı, onda niyə insan özü ala bilmədiyi qisasını allaha həvalə edir?

 “Ürəyimin ən dərin guşəsində bəslədiyim qızılgül ətirli salamlarımı sənə göndərirəm“. Bir tərəf digər tərəfə bu qədər  sevgi  bəsləyirsə  əvəzində mütləq sevgi alacağına ümid edir. Dünyada hər şeyin əksi var. Sevgi əvəzinə xəyanət görürsə insan neyləsin? Ürəyimizin dərin guşəsində bəslədiyimiz qızılgül  ətirli sevginin əvəzində aldığımız xəyanət  buketini hara qoyaq?

 

 Düzdür, xəyanətin və heç bir günahımız olmadan bizə edilən pisliklərin cavabı  çox ağır cəzaya layiqdir. Ancaq təəssüflə qeyd etməliyəm ki, bizim əlimizdən xəyanətə xəyanətlə cavab vermək kimi bir iş gəlmir. Xəyanətə qarşı dözməkdən və doğru yolla qalib gəlməkdən başqa bir cavab hələlik dünyada yoxdur. Xəyanəti bağışlamaq deyəndə elə güman etməyin ki, əlimizə bir dəstə ürəyimizin ən dərin guşəsində bəslədiyimiz qızılgülü götürüb düşmənimizin ayağına getməli və “mən səni elədiyin bütün alçaqlıqlara görə bağışlayıram“ deməliyik. Yox, biz xəyanəti  bağışlamaq üsullarını öyrənməliyik.

İnsan təcrübəsiz olduqda, qarşısındakı adamın məqsədini bilmədikdə fərqinə varmadan deyilən hər sözə inanır və sonda öz inamının qurbanı olur. Düzünü desək hər bir insan qəlbi məhəbbətə su, çörək qədər, bəzən də ondan daha artıq dərəcədə möhtacdır. Daha artıq möhtaclıq daha artıq fəlakət doğurur. Bu cür məhəbbətə, qayğıya möhtac insan qəlbini aldatmaq,  onun ümidlərini parça-parça etmək daş qəlbli adamlar üçün çox asandır.

Ürəyimizin ən dərin guşəsində bəslədiyimiz, varlığını hamıdan gizlətdiyimiz qızılgül ətirli sevgimizi alıb bizi rəzil edən, yaman dillərə dastan edən, sevginin, insan qəlbinin dəyərini bilməyənlərə nə ad vermək olar bilmirəm... Bəs nə etməli, onların arzusunu həyata keçirib məhv olmalı, yoxsa yaşamalı? Bax burda bir qədər düşünməyə dəyər. Əgər biz məhv olmaq qərarına gəlsək nə qazanırıq? Bizə bu zərbəni vuranların dəyirmanına su tökmürükmü? Biz məhv olsaq o nə qədər sevinəcək? Xainləri bu qədər sevindirməyə dəyərmi, o buna layiqdirmi?  Suallar sonsuz cavab isə birdir: bağışlamaq.  Xainləri  necə bağışlayırlarsa o cür bağışlamaq. Öz həyatımız, gələcəyimiz naminə bağışlamaq. Bağışlamağın bu üsulu barədə mən də az-çox bir şey bilirəm. Zaman hər dərdin dərmanıdır, zamanla hər yara sağalır. Onları bağışlamağınız sizin xilasınızdır. Bağışlamaq başqasına qarşı hiss etdiyiniz qəzəb hissinin özünüzə məhəbbət və hörmət hissi ilə əvəz olunması prosesidir. İnsan xəstələndikdə xəstəliyin zədələdiyi orqanlar müalicə olunub şəfa tapır. İnsanın qəlbi və daxili dünyası şəfaya daha çox möhtacdır. Adi, savadsız, kasıb və çirkin birinin elə güclü məhəbbəti olur ki, Fərhad kimi qayalar çapmağa hazırdır. Bunun əksi olan savadlı, gözəl və  hər şeyi olan biri isə riyakar və onu sevənin sevgisindən belə öz xeyrinə istifadə edən biri ola bilər. Bunun niyə belə olduğunu da heç kəs bilmir. Bunun belə olduğunu  inkar da edə bilmirik.

 

İnsan psixologiyası ən çox xəyanət və aldadılmağa reaksiya verdiyi üçün bağışlamaq da çox güclü iradə tələb edir. Təsəvvür edin ki, ürəyiniz münbit  bir torpaqdır və o torpağa bir toxum düşüb. Təəssüf ki, bu dərd toxumudur. Siz bu toxumu hər gün sulayırsınız, onu lazım olan qida maddələri ilə təmin edirsiniz. Bu toxumun böyüyüb dərd ağacı olması qaçılmaz  bir faktdır. Bu dərd ağacı böyüyüb sizi məhv edəcək. Dişiniz ağrıyanda diş həkiminə deyil, dülgərə müraciət etsəniz bu nə demək olar? Bəs qəlbiniz ağrıyanda  bu ağrını dəf etmək üçün nə edirsiniz? Keçmişin problemlərini gələcəyə daşımaq insan həyatında eyni effekti verir. Dərd ağacını kəsib atmaq barədə heç düşünürsünüzmü? Bəlkə sizə belə yaşamaq daha xoşdur?

Hər bir insan oğlunun qəlbində bir aslan yatır deyrəkən qürur, insan mənliyi başa düşülür. Mənliyimizə toxunulan zaman bağışlamaq çox çətindir, bəzən həyat insana kiminsə əli ilə elə zərbə vurur ki, biz  bu zaman bağışlamamaqda özümüzü tam haqlı hesab edirik. Bağışlaya bilmirik və bunun üçün özümüzə hər cür bəraət qazandırırıq. Əslində hər bir hadisənin baş vermə məkanı və zamanı var, bizim də başımıza gələn hadisələrdə rolumuzun (mənfi və ya müsbət) olması inkaredilməzdir. Bəlkə həyat təcrübəsi məni belə deməyə məcbur edir, bağışlaya bilməyəndə özünüzü bağışlamağa məcbur etməyin. Praktik psixologiya elmi də zorla bağışlama hallarını vacib hesab etmir. Bağışlamaq mümkün olsa bağışlayın, mümkün olmasa yox. Çünki, ən qiymətli varlıq biz özümüzük, başqası həyatımız deyil, onsuz nəfəs ala bilirsinizsə, özünüzü yormayın. Unutmağa çalışın... Zaman hər dərdin dərmanıdır...

Psixoloqlar məsləhət görür ki, sevərkən insan özünü unutmamalıdır. Məhəbbəti nə qədər güclü büruzə versən qarşı tərəfdən o qədər əks cavab alarsan. İnsan öz mənliyini qorumalıdır. Əgər özünü sevməsən, özünə hörmət eləməsən kim səni sənin qədər sevəcək? Dahi Nizami “sev səni sevəni yerlərlə yeksan olsa da, sevmə səni sevməyəni göylərdə sultan olsa da” deyərkən insan sevgisini müqəddəs tutmuşdur. Əgər sizi sevməyən adamı sevsəniz bu sevgi beyninizdə dominant mərkəz kimi qalacaq və sizi əsil sevgidən məhrum edəcək. Əgər qarşınızdakı adam sizi sevmirsə və sevmədiyini gizlətmirsə onu başa düşün, sevgi yalana tabe olmayan hissdir, heç kəsi zorla sevməyə məcbur etmək olmaz. Sevmədiyini deyib sizi aldatmayan adam aldadıb yalan danışan adamdan çox qiymətlidir.    

Həmişə eşidirik ki, kişilər etibarsızdır. Amma həyatın əsil üzünü  görəndə kişilərin daha etibarlı olduğunu görürük. Etibarsız qadınlar da çoxdur.  Kişiləri etibarsız edən, ailələrindən uzaqlaşdıranlar bəzən qadınlardır. Bunu inkar etmək olmaz. Vəfa və etibar hissləri qadınlıq və ya kişilik üçün deyil, insanlıq üçündür. Əgər sevdiyiniz, lakin sizi sevmədən aldadan adamın yalanını başa düşmüsünüzsə və artıq aldadılmaq istəmirsinizsə çalışın onun barəsində heç nə xatırlamayasınız. Ona aid nə varsa atın getsin, nə qədər onu xatırladan əşyalar gözünüzün önündədir, unutmaq çətin olacaq. Əgər imkanınız varsa səfərə çıxın,  həyatınızı sizi aldadan adama qurban verməyin. Unut demək asandır, əslində unutmaq çox çətindir, bəlkə də insanın ürəyində ömrü boyu qalan ən dərin yara unuda bilməmək yarasıdır.

Kişilər dostlarını ailələrinin içərisinə gətirmədən öz işlərini iş yerində həll etsələr daha düzgün hərəkət etmiş olarlar. Qadınlar və qızlar rəfiqələri ilə ailələri arasında mütləq sərhəd saxlamalıdır. Bu o demək deyil ki, heç kəsə inanmaq olmaz, hamıdan xəyanət gözləməlisən. Xeyr, dünyada yaxşı adamlar daha çoxdur, həyatda əsil dost var. Elə insanlar var ki, başqasının həyatını xilas etmək üçün təmənnasız öz orqanlarını verirlər. Qəzalar zamanı insanların həyatını xilas etmək üçün özünü oda-alova atan adamları görürük və insanların hamısının etibarsız olması barədə qərar versək  ən azı haqsız hərəkət etmiş oluruq. Bununla belə hamıya eyni dərəcədə inanmaq olmaz, bunu da bizə həyat sübut edir. İşini ehtiyatlı tut ki, qonşunu oğru tutmayasan. Nə çox yaxşı adam olmağa çalışıb öz həyatını unutmamalısan, nə də pis adam olub insanların həyatını zəhərləməməlisən.

Hamımızı allah yaradıb, hamımız oksigenlə tənəffüs edirik, hamı su ilə yuyunub təmizlənir, qaçan da allahı çağırır, qovan da. Hər kəsin sərbəstlik və azadlıq haqqı var. Məhəbbətin əksi nifrətdir. İnləyən, ağlayan insan qəlbinə bağışla demək asandır. Ürəyə bağışla hökmü verməklə bağışlamaq olmaz. Bu bir həqiqətdir, ürəyə hökm vermək və bu hökmü qəbul etdirmək mümkün deyil. Bağışlamaq sevməkdən çətindir. Bağışlamaq üçün insan öz üzərində işləməlidir. Həyat naminə, məhəbbət naminə bağışlamaq lazımdır. Düzdür, insan xəyanəti və yalanı gənc yaşlarında bağışlaya bilmir, amma həyat ən böyük müəllimdir, yaşadıqca bağışlamağın ən doğru yol olduğunu öyrədir. Bağışlamaq istəməyin özü müsbət emosiyadır. Əlbəttə, xırda inciklikləri bağışlamaq asandır, amma həyatımızı parçalayan, ürəyimizin ən dərin guşələrinə qanlı oxlar sancan adamları bağışlamaq əslində çox çətindir. Haqlısınız. Bəs bağışlamasaq?  “Səni heç vaxt bağışlamayacağam” deyəndə elə bilməyin ki, o adama pislik edib qisas alırsınız, tam əksinə. Bununla müəyyən dozada zəhər hazırlayıb hər gün bir az öz həyatınızı zəhərləyirsiniz. Unutmayın, bağışlamaq bizim özümüz üçün lazımdır, əslində səhv seçim etdiyimiz üçün özümüzü bağışlamalıyıq. Bağışlamalı olduğunuz adam həyatda yoxdursa bağışlamaq daha vacibdir. Bununla siz daxilən təmizlənib qəlbən şəfa tapırsınız. Bağışlamaq insan həyatını bir gündə dəyişə bilər. Bağışlamağın qaranlıqlara işıq salmaq qüdrəti var. Əslində günahsız insan yoxdur, hər birimizin günahı var, həyatımızda baş verən hadisələrdə müəyyən mənada özümüz də günahkarıq.

Hər bir insanın həyatı bir sənət əsəridir, bu əsərin hər cür süjet qəhrəmanları var. Əgər indiyə qədər istədiyimiz kimi yaşamamışıqsa və həyat əsərimizdə dəyişikliklər etmək istəyiriksə yeni bir axtarışa başlamalıyıq. Mən sizə daha tez bağışlayıb həyatınızı dəyişdirməyi arzulayıram. Çox vaxt itirməyin. Unutmayın, biz gözlədiyimizi deyil, axtardığımızı tapırıq. Keçmiş heç vaxt gələcəyə bərabər ola bilməz.

Hər birimiz günahkar olmaq kimi bir proses qarşısında qalmağa məhkumuq. Kimin günahı yoxdur? Bağışlama prosesində özümüzü də unutmamalıyıq. Kiminsə qarşısında günahımız varsa bağışlanmağa çalışmalıyıq. Bu başqasını bağışlamaqdan çox asandır. İnsanın daxili dünyası o qədər böyükdür ki. məhəbbət və nifrət kimi iki dünyanı içərisində yaşada bilir. Bu dünyanın xaricə açılan bir pəncərəsi var, insan həyatla, ətraf mühitlə məhz bu pəncərə vasitəsiə əlaqə yaradır. Öz daxili dünyanıza açılan pəncərəyə qara pərdə bağlamayın, pərdəni açıb ürəklə öz daxili dünyanıza baxın, günahlarınızı görün, özünüzü və başqalarını bağışlayın. Öz səhvlərinizi bir ömür hesabına bağışlamayın, yerlərlə yeksan olmuş arzularınızın əlindən tutub ayağa qaldırın. Bağışlamaq kompleks işlənməli psixoloji prosesdir. Bağışlamaq gözəl hissdir, bu hissi yaşayın, güclü olduğunuza əmin olun.

Həyatda tanıdığım və başına gələnlərə şahid olduğum insan talelərinə müraciət edəcəyəm. İki xala qızı tanıyırdım. Bu qızlar ailə qurduqdan sonra da ailəvi çox yaxın idilər. Hər ikisinin ərləri də dostluq edir, hər məclisə birlikdə gedirdirlər. Hər ikisinin uşaqları vardı. Bir müddətdən sonra bir xala qızının əri o biri xala qızına qoşulub yoxa çıxdı. Sonralar eşitdik ki, onlar xarici ölkələrin birinə getmək üçün iki ildir plan qururlarmış. Təsəvvür edin zərərçəkən tərəfin vəziyyətini... Belə hadisələr bizim mentalitetə zidd olduğu üçün bu cür proseslər bizdə daha çox səs küy doğurur. Valideynlərinin hərəkətinə görə onların uşaqları məktəbdə, yaşadıqları yerdə hansı tənələrə məruz qalır. Şüurlu, artıq həyatı anlayan insan hərəkətlərinə görə məsuliyyət daşımalıdır. 

  Bizim atalar sözlərində “ürək bir şüşədir, sınsa düzəlməz” deyilsə də insan dünyanın əşrəfi olduğu üçün sınıb çilik-çilik olmuş ürəklə yaşaya bilməz. Dərdi verən dərmanını da verir. Sınmış qəlblər üçün “sınmış güzgünün bərpası” effekti verən bir çalışmadan istifadə etməklə sınmış ürəyi bərpa etmək mümkündür. Hər gün yatmazdan əvvəl sakit vəziyyətdə özünüzə 20-30 dəq. vaxt ayırın. Gözünüzün önünə bir ekran gətirin. Bu ekranda  ürəyinizi sınmış bir güzgü kimi parça-parça hiss edib onu bir tərəfdən bərpa etməyə çalışın. Bir gün bir tərəfini tam bərpa edin, sabah yenə qalan hissəni yerinə qoyub  düzəltməyə çalışın. Hər gün bir az, beləliklə bir gün özünüz qəlbinizin aynasının tam bərpa olunub əvəlki kimi həssas və aydın olduğunu görəcəksiniz. Ürəyinizin aynasını bərpa edib səhərlər günəş işığında özünüzə inam hissi aşılayın, günəşin qəlbinizin aynasında əksini, ətrafa yaydığı şəfəqləri görüb hiss edin, unutmayın ki, insan çox güclüdür. Zaman hər yaranı sağaldır. Həyatınızın qiymətini bilin, unutmayın xain adamlar insan ürəyinin kədəri ilə qidalanır.

Bu deyimi də heç vaxt unutmayın: məni sevənlər sağ olsun, onlar məni yaxşı insan edir, mənə nifrət edənlər sağ olsun, onlar məni güclü insan olmağa məcbur edir. Bir daha özünüzün dünyaya ancaq xoşbəxt olmağa gəldiyinizi xatırlayın. Siz Gülbahar və ya Əhməd deyilsiniz, siz  dükanda satıcı və ya sürücü deyilsiniz. Siz məktəbdə müəllim və ya tibb bacısı deyilsiniz. Siz allahın xoşbəxt olmaq üçün yaratdığı insansınız və bunu hamıya sübut etməlisiniz! Yenidən ürəyinizin ən dərin guşəsində qızılgül ətirli sevgi bəsləyin, layiqli adama vermək üçün.

 

   

Amaliya Murad

İnsan münasibətləri üzrə ekspert. İnsanın öz resurslarından istifadə etmək bacarığının inkişafı yollarını, şəxsiyyətlərarası münasibətlərdə ziddiyyətlərin və qarşıdurmaların səbəblərinin insanın düşüncə tərzindən asılılığının  araşdırmaçısı.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam