MƏNƏ İMKAN VERİN HEÇ OLMASA İNSAN KİMİ ÖLÜM...-Ramiz Mehdiyevə açıq məktub
(Bir Elmi-Tədqiqat İnstitutunun kontekstində viran qoyulmuş, intihar edilmiş alim ömrü)
“Alimləri eşidin, qoruyun, çünki onlar dünyanın çırağı, axirətin nurudur...”
Məhəmməd Peyğəmbər (ə.s.)
Yenixeber.org: Vaxtı ilə Böyük Britaniyanın 1945-ci ildə ikinci dəfə Baş Naziri seçilmiş U.Çörçell demişdi: Mən bu dünyaya sizin, cəmiyyəti yaradan və dəyişən istedadınıza baxıb “Şah” dedim. Amma təəssüf və həyacanla bildirirəm ki, ağır həyatınız və güzəranınız məni “Mat” qoydu.
Sizə təqdim olunan bu kitabda da eyni məsələlər öz əksini tapır.
***
Cənab Akademik; Elmi-Tədqiqat İnstitutunda gördüyün ürək daha sən görən ürək deyil... Daha gördüyün, duyduğun, döyüntüsünə küsüb-barışdığın... Ədaləti, səxavəti, ləyaqətilə od püskürən, haqsıza divan tutan, haqlıya səngər olan ürək deyil. Elmi-Tədqiqat İnstitutunda gördüyün ürək, daha sən sevən ürək deyil... Daha kimsəsizə, əli hər şeydən üzülmüşə, tənha giriftar qalanlara həyan olan, onlar üçün şam olub əriyən, göz yaşı olub tökülən... ürək deyil.
Elmi-Tədqiqat İnstitutunda gördüyün ürək daha yanan o ürək deyil... Daha əlini üz o ürəkdən, gözünü çək o ürəkdən, ümidini, istəyini qır o ürəkdən... O ürək sənin deyil daha...
Allah hər yaratdığına bir ömür verdi. Birinə pələng ömrü, birinə şir ömrü, birinə qartal ömrü, birinə ilan ömrü, birinə çaqqal ömrü, birinə tülkü ömrü, birinə bülbül ömrü, birinə çinar ömrü, birinə çiçək ömrü, birinə qarışqa ömrü, birinə arı ömrü... Birinə insan ömrü... birinə də alim ömrü verdi.
Fikrimcə, dünyada həqiqi alim ömrü qədər həm zəif, həm zərif, həm həssas, həm də mürəkkəb bir ömür yoxdur. Bu ömür hələlik təhlil olunmayıb, kəşf olunmayıb. Hələlik bu ömürdə gizlənən həqiqətdən heç nə bilmirik. Bir alim ömrünü (onun yaradıcılığını, istedadını yox...) təhlil edib göstərən bir elm əsərə, dissertasiyaya rast gəlmədim. Fransız yazıçısı Jan Roşel deyir ki, bu ömrün içərisində yeri-göyü titrədən üsyan var. Çayları, dənizləri məcrasından çıxaran göz yaşı var. Bəs, hanı?..
Neçə illər öncə qonşumuzda tanınmış bir alimi – Məhəmməd Tağı kişini ölən gördüm. Evində-eşiyində dərdini deməyə bir adam tapmadı. Məhəmməd Tağı istəyinə, fikrinə yaxın olan bir kimsəni tapmadı ki, dərdini desin. Ona çox böyük, yaraşıqlı bir heykəl qoydular... Amma dərdli getdi, dərdini bilən olmadı. Onu da gördüm, eşitdim, hiss etdim ki, hardasa bir pələng nərildəyir. Bir şir ipə-sapa yatmır, göydə qartal lələk yandırır, ilan ağaca sarınıb ağlayır, bülbül səsini kəsib oxumur, daha qarışqalar dən üçün cərgələnmir, arılar zəhrimarı çox olan bu dünyadan bal istəmir, çiçəyə qonmur...
Haqqın nə ziddi, nə tayı-bərabəri var, nə də hansısa bir məkana mənsubdur. Onun ən yüksək cəlalı, ən yetkin kamalı, ən əzəmətli şərəfı, ən şiddətli işığı var. Zənnimcə, nail olacağına əvəz üçün bir iş görən kəs yoxsuldur. Zəngin odur ki, öz mahiyyətində, kamilliyində başqasına ehtiyacı olmur. Mütləq zəngin odur ki, öz varlığı özündədir. O, işıqlar işığıdır, o nurdur. Onun mahiyyəti mərhəmət üçün aşıb-daşır. O, mütləq hökmdardır. Alim ömrü harda olursa-olsun, müqəddəs bir ömürdür. Vaxtilə Çar Rusiyasında – Pyotrun dövründə alimə kiçik bir sillə vuran, onu təhqir edən kəs ölümə məhkum edilirdi. Məhəmməd Tağı müəllimi köhnə, qədım qəbiristanlıqda, köhnə kişilərin cərgəsində dəfn etdilər. O, şərəf və ləyaqətlə öldü. Buna görə də hər qəbiristanlığın yanından ötən kəs ayaq saxlayıb onun ruhuna rəhmət deyir...
İndi bir zaman içindəyik ki, casusluq edən, anasının əmcəyini kəsən kəslər xalq arasında hörmət və izzət sahibi olub. İstedad sahibləri, insaflı adamlar bacarıqsız və
aciz sayılırlar. Kasıblara sədəqə vermək cərimə adlanır, qohum-əqrabaya baş çəkib onları əzizləmək üçün minnət qoyarlar, öz ibadətləri cəhətinə özlərini xalqdan yüksək tutarlar.
Aşiq ellilər haray,
Şana tellilər haray,
Dəhnəmi sel apardı,
Əli bellilər haray.
Aşiq elli neyləsin,
Şana telli neyləsin,
Dəhnəniz çürük çıxıb,
Əli belli neyləsin...
...Cadugər bir müddət şeytani, çətin başa düşülən baxışlarını onun sarımtıl sifətindən çəkmədi. “Qoy sənə təzədən baxım” - mızıldadı.
- Sənə ər düşmür, qızım – birdən cadugər dedi. Ərə getsən, taleyin qarışacaq. Hər şey əlindən çıxacaq. Onsuz da ləyaqətin, şərəfın, hörmət və ehtiramın dağılıb gedir. Nəhayət, sənin rəhbərlik etdiyin bu elmi-tədqiqat institutunda ən şərəfsiz bir adama çevriləcəksən. Hər şey dağılıb gedəcək. Meyidin ortada qalacaq...
Cadugər danışdıqca əsəbləşir, sifətinin qırışmış əzələləri dartınıb açılırdı. “Ərə getdiyin adam səni məhv edəcək, qızım. Sən alimsən?” - təzədən soruşdu. O isə sarısını udmuşdu. Cadugər arvadın dedikləri onun iliyinə işləyirdi. “Mən - dedi, doktor naukam - pıçıldadı.
- Bəs nə edim. Məsləhətin? - astadan soruşdu. Tas nə göstərir?
- Daxilən saflaş. Qızım, gəlmişəm deyim ki, bu dünya sənin deyil. Ancaq mən sənə daha inanmıram! Onun-bunun sözü ilə qalxa bilməzsən. İşlədiyin yerdə sənə və baş mühasib Nəmək xanıma dərin bir nifrət var...
Dəstələnmiş pulları götürüb, ortaya qoydu və dedi bunlar sizindir. Məni xilas et, qadan alım - yenə dedi. Künə xanım yalvarırdı. Üstümə şığıyan o qadınlar, döşlərimi tutub sinəmdən çıxarmağa çalışan uşaqlar kimlərdir? - cavab gözlədi. Cadugər Məsmə arvad yenə soruşdu:
- Mənə de görüm, bayram süfrəsində sənin hər şeyin var idimi?..
- Bəli - dedi. Süfrədə hər şey var idi, Məsmə bacı.
- Amma sənə hücum edən o qadınlarınsa süfrələri boş idi. O qadınlar idi ki, sən onların ərlərini, övladlarını şərlə, böhtanla, yalan və şantajla işdən qovdun. Onların çörəyini kəsdin. Sənin yuxunu qarışdırdığın elə buna görədir. Camdakı su yenə izah edir ki, sənin meyidin ortada qalacaq. Rəhbərlik etdiyin elmi-tədqiqat institutunda sən ölən gün toy-bayram edəcəklər. Bax, qapını kəsdirən bu adamlar toy-bayram edəcəklər - əlini qapıya tərəf uzatdı.
- Mən axı nə pis iş gördüm? - sual verdi və bədənini soyuq tər bürüdü.
- Sən başçılıq etdiyin elmi-tədqiqat institutunda şərəfsiz bir ömür sürürsən. Sən - cadugər hirsləndi dedi, bu iyrənc həyatı sənin üçün quranlardan yaxa qurtarmalısan. Səni istəyənlərin, sənə arxa dura biləcək adamlarınm hamısı çıxıb getdi. Hərəsinə bir söz bağladın. Əsası isə özünü əlindən ancaq pislik gələn baş mühasibin Nəmək xanımdan qurtarmalısan, cadugər dedi.
O, ani sükutdan sonra pıçıldadı: “Mən bu günə kimi Nəmək xanımı özümə bacı və arxa hesab etmişəm. Ona çox yaxşılıqlarım keçib. Oğlu Məmmədi şöbə müdiri, bacısı Nailəni isə iqtisadçı vəzifəsinə işə götürmüşəm”.
- Sənin institutda dostun, fılanın yoxdur - cadugər yenə dedi. Hər biri səndən istifadə edib çoxlu pul qazanır və sənə beş-on manat verərək sənin başına çatı salıb dolandırırlar. Sən hər şeyi dağıtdın, məhv etdin. Alimlər arasında qapılar arxasında səninlə bağlı çox eybəcər söhbətlər gedir. Saxta alimlər təqdiqatlarını dayandırıb səninlə bağlı təqdiqat aparırlar - əlavə elədi.
- Axı mən hələ ölməmişəm - Künə xanım dedi.
- Amma sən onlar üçün ölüsən, qızım - cadugər səsini yavaşıtdı: Diriykən ölü - əlavə etdi.
- Məni xilas et - ağladı. Cadugər onun gözlərindəki yaşa xeyli diqqət yetirdi. Bu - dedi, yaş damcıları etiraf yaş damcıları deyil. Bir də - dedi, iş görəndə güman etmə ki, Allah sənin Allahındır. Allah sənin pislik etdiyin adamların da Allahıdır - sərt bir görkəm aldı. Mən indi gedim.
- Get - dedi... get... Amma bir yerdə çıxaq burdan - əlavə elədi.
Yolboyu götür-qoy edirdi. Əri Alfons Qəzənfər evdə qulağını doldururdu ki, nə qədər imkan var köhnə komandanı nə yolla olursa-olsun təmizlə. Öz adamlarımızı götür işə. Vəzifə müvəqqətidir. Birdən, hardasa vəfat edən əri yadına düşdü. Ona elə gəlirdi ki, rəhmətlik əri Niyaz müəllim kənarda dayanıb ona tamaşa edir. Sən nə istəyirsən? - istər-istəməz nitqi qurudu. Əri də qayıdıb dedi: Şərəfsiz... - Gözdən itdi, daha görünmədi.
- Mənimləsiz, professor? - sürücü Volodiya soruşdu.
- Yox - dedi. Başqa adamla... Sən - əlavə elədi, geri qayıt.
Onda maşın balaca bir şlaqbaumu keçib, sağa burulub dayandı.
Arı pətəyi kimi uğuldayan, hikkə və şərdən divarları çat verən iki mərtəbəli binada yerləşən elmi-tətqiqat institutu... Onu gözləyənlər var idi.
Ağ “Toyota” lap qapının ağzında dayandı. Künə xanım üçün “Əhməd hardadır” fılmindəki dahi aktyorumuz Lütfəli Abdullayevin oynadığı personajı təkrar edən arıq, şüvələk bir oğlan əyilib büzülə-büzülə, pencəyini düymələyə-düymələyə qapını açıb qoluna girdi. O, xəstə, çürüyən ayaqlarını sürüyə-sürüyə dəhlizə girib özünü liftə atdı. Amma necə oldusa lift ikinci mərtəbədə dayandı. Qapılar kip örtülmüşdü, açılmırdı. Köməkçisi düymələri əlləşdirirdi. Künə xanımın rəngi dəyişdi. Nəfəsi təntidi. Köməkçisi əllərini göyə qaldırdı: Nəzir deyirəm bir aylıq maaşımı, liftin qapısı açılsın.
Axşama yaxın liftin qapıları açıldı. “Professor” Künə xanım zorla özünü liftdən dəhlizə saldı. Onda şöbə müdiri Kələ Kələyev dəhlizdə gəzinirdi.
Professor Künə xanımı görcək irəli yeridi. İstədi qolundan yapışsın, qoymadı. Amma həmişə “poliqraf” ləqəbli şöbə müdiri Kələ Kələyev onun qolundan yapışır və kabinetə qədər müşayiət edirdi.(ardı var)
Rövşən Novruzoğlu: Siyasi elmlər üzrə fəlsəfə doktoru