Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

Yarım milyard dollarlıq tunel məsələsi…

Son günlər gündəmə gəlmiş bu fakt Azərbaycandakı talan və soyğunun miqyasını bir daha ortaya qoyur

Yenixeber.org: “İtalian Design” şirkətinin rəhbəri Franko Rizzato sosial şəbəkədəki hesabında bildirib ki, 2013-cü ildə Bakı şəhərində, Gənclik istiqamətində tikilən tunel 512 milyon dollara başa gəlib. İş adamı yazdığı qeydi qısa müddət sonra silsə də, bu paylaşım Azərbaycanda ciddi əks-səda doğurdu. Göstərilən nəhəng məbləğlə görülən işi müqayisə edən sosial şəbəkə istifadəçiləri bir daha diqqəti Azərbaycandakı soyğun və talanın miqyasına yönəltdilər. 

F.Rizzatonun qeyd etdiyi rəqəm təkcə bir layihəni əhatə edir və səhihliyi şübhə doğurmur. Belə ki, dövlət büdcəsindən investisiya xərcləri çərçivəsində Qələbə meydanında (Gənclik metrostansiyası) müxtəlif səviyyəli yol qovşağının layihələndirilməsi və tikintisi üçün 2010-2014-cü illərdə ümumilikdə 412 milyon manat ayrılıb. Bu, həmin dövrün məzənnəsi ilə 528 milyon ABŞ dollarına bərabərdir. Bu vəsaitin 225 milyon manatı 2010-cu ildə, 80 milyon manatı 2011-ci ildə, 40 milyon manatı 2012-ci ildə, 62 milyon manatı 2013-cü ildə, 5 milyon manatı isə 2014-cü ildə ayrılıb. Bu vəsaitlər Nazirlər Kabinetinin müvafiq sərəncamları ilə ayrılıb.

Azərbaycana iri neft gəlirləri 2007-ci ildən etibarən daxil olmağa başlayıb. Dünya bazarlarında neft qiymətlərinin yüksək olması gözləntilərdən daha böyük qazancın əldə olunmasını şərtləndirib. Hesablamalara görə, 2007-2020-ci illər arasında neft şirkətlərinin ödədikləri vergilər, bonuslar daxil olmaqla, Azərbaycan neft-qaz sektorundan təxminən 200 milyard dollar əldə edib. Bu məbləğin 42 milyard dolları Dövlət Neft Fondunda saxlanılır, qalan hissəsi isə artıq xərclənib.

Böyük neft pulları qısa müddətdə Azərbaycanın görkəmini dəyişib, böyük infrastruktur layihələri icra olunub, Bakıda və bəzi digər yerlərdə çoxmərtəbəli müasir binalar, otellər, ofislər, restoranlar, istirahət mərkəzləri tikilib. SOCAR, “Azərsu”, Dövlət Neft Fondu və s. dövlət şirkətləri özlərinə dəyəri yüz milyonlarla ölçülən inzibati binalar inşa ediblər. Dünyanın bahalı markaları, brendləri Bakıya ayaq açıb. Azərbaycanın paytaxtı beynəlxalq idman yarışlarına, sərgilərə, avtoşoulara, beynəlxalq toplantı və forumlara ev sahibliyi edib. Bakı eyni zamanda dünya ulduzlarının tez-tez baş çəkib, yaxşı qonorar aldığı ünvanlardan birinə çevrilib.

2012-ci ildə Azərbaycan büdcəsinə yarım milyard dollara başa gələn “Eurovision” yarışması, 2015-ci ildə isə ümumilikdə 8 milyard dollar xərc çəkilmiş Birinci Avropa Oyunları keçirilib, şəhər sakinlərinin əsəbinə toxunan, bütün mərkəzi küçələrin bağlanmasına səbəb olan “Formula 1” yarışları isə bu il davam etdiriləcək.  

Neft bumu illərində ən böyük vəsaitlər yol tikintisi layihələrinə istiqamətləndirilib. Bu sahəyə həm də xarici maliyyə institutlarından vəsait cəlb olunub. Bu layihələrdən bəzilərini xatırlayaq: 

– Bakı-Quba-Rusiya dövlət sərhədi yoluna 2008-ci ildə istifadəyə verilənə qədər 546 milyon manat, sonradan əlavə ayırmalarla birlikdə təxminən 1 milyard manat; 

– Zığ-Hövsan-hava limanı istiqamətində uzunluğu 13,2 kilometr olan yolun çəkilməsinə 360,6 milyon manat; 

– Heydər Əliyev prospekti ilə Ziya Bünyadov prospektinin kəsişməsində yol qovşağının tikintisinə 2008-ci ildə 87,6 milyon, 2009-cu ildə 41,3 milyon, 2010-cu ildə isə 18,3 milyon manat – cəmi 147,2 milyon manat  xərclənib.

Gənclikdə tikilən tunelin xərci isə yuxarıda qeyd olunub – üst-üstə 528 milyon dollar… 

Heç on il keçməyib ki, bu infrastruktur layihələrinin bir çoxunda problemlər yaranıb. Onların bərpasına isə yenə böyük pullar lazımdır.

Şübhəsiz ki, bu vəsaitlərin kiçik bir hissəsi layihələrin həyata keçirilməsinə sərf olunub, əksəriyyəti mənimsənilərək məmur biznesinə sərf edilib, yaxud ölkədən çıxarılaraq ofşor zonalara yerləşdirilib. Ötən onillikdə azərbaycanlı oliqarxların dünyanın ən bahalı şəhərlərindəki sərvətləri barədə onlarla araşdırma dərc olunub. Onların birində ölkədən ümumilikdə 48 milyard dolların çıxarılmasından bəhs olunurdu. 

Neft pullarının amansızlıqla dağıdıldığı bu illərdə azərbaycanlıların orta aylıq gəlirləri 500 manata çatmırdı. Pensiya və müavinətlər 150 manat civarını keçməmişdi. Bu göstəricilərə görə Azərbaycan bir çox postsovet ölkəsindən geri qalırdı. Ölkənin xaric borcu da məmur oliqarxiyasının sərvətlərinin böyüməsinə paralel şəkildə artırdı. 

Misli görünməmiş bu talançılığın nəticəsi özünü çox gözlətmədi, aktivləri oliqarxiya tərəfindən darmadağın edilmiş Beynəlxalq Bank çökdü, ardınca ölkədə iki devalvasiya baş verdi. Əhali və biznes bu qərarlardan böyük zərbə aldı, həyat səviyyəsi aşağı düşdü, problemli kreditlər, borclar artdı. Bir çox biznes şəbəkələri, banklar, şirkətlər iflasa uğradı. Oliqarxiya arasında nüfuz müharibəsi yeni xarakter aldı, güclülər daha sürətlə rəqiblərini sıradan çıxarıb, hökmran mövqeyə yüksəldilər. 

Bütün bu hadisələr Azərbaycanın hüquq-mühafizə və maliyyə nəzarət orqanlarının gözü qarşısında baş verib. Müxalifətin, vətəndaş cəmiyyətinin, medianın çağrışlarına baxmayaraq, hüdudsuz korrupsiyanın önünün kəsilməsi üçün heç bir addım atılmayıb. Bu qurumlar sadəcə, talançılığa şərik olaraq ondan əhəmiyyətli ölçüdə faydalanıblar. 

Bu gün Azərbaycan dövləti ciddi problemlərlə üzləşib, onların başında özünü tükətmiş bərbad idarəçilik sistemi dayanır. Hökumət koronavirusla mübarizəni, şəhid ailələrinə, qazilərə dəstəyi və Qarabağın yenidən qurulmasını faktiki olaraq xalqın öhdəsinə qoyub.  Bir tərəfdən də hakimiyyətdən uzaqlaşdırılmış məmur oliqarxiyasının yaxasından tutub, oğurladıqlarını geri qaytarmağı tələb edir. Bu, nə qədər effekt verəcək, konkret fikir söyləmək çətindir. Heç olmasa, ölkəni ağır problemlərin girdabına salmış  yaxın keçmişin cinayətkar təcrübəsindən dərs götürüb, şəffaf idarəçiliyə keçmək, həqiqi mənada ictimai nəzarəti təmin etmək lazımdır. Bunun üçün azad media, güclü vətəndaş cəmiyyəti və xalq tərəfindən seçilmiş parlamentin olması zəruridir. İslahat məsələsində sözdən işə keçməyin vaxtı çoxdan yetişib.(pressklub)

Turqut


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam