Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Baydenin Ağ Evindən Türkiyəyə qara mesaj: "Strateji müttəfiq"liyə "S-400" zərbəsi...

 Yeni prezident Co Baydenin yaxın ətrafından verilən ilk açıqlamaların məzmunu ABŞ-ın sərt beynəlxalq siyasi kursa keçid ərəfəsində olduğunu sezdirir...

Türkiyə "S-400"-lərə görə sanksiya təhlükəsi ilə üzləşsə də, Rusiyadan analoji raket sistemləri almış digər NATO ölkəsinə - Yunanıstana irad belə, bildirilmir...

Yenixeber.org: Türkiyəyə qarşı qərəzli olduğu şübhə doğurmayan Ağ Ev sahibinin təhdid siyasətinə rəsmi Ankaranın sərt reaksiyası dərinləşməkdə olan böhrana fərqli istiqamətlər də qazandıra bilər...

ABŞ-da yeni prezident Co Baydenin andiçmə mərasimi tarixə çevrildiyindən indi artıq dünyada yeni mərhələnin başlana biləcəyi ehtimal olunur. Hər halda, Ağ Evdə sahibkarın dəyişməsinə beynəlxalq səviyyədə verilən ilk reaksiyalar məhz bu istiqamətdədir. Və indi prezident Co Baydendən olan gözləntilər müzakirə mövzusuna çevrilməyə başlayıb.

Onu da qeyd edək ki, Ağ Evin yeni sahibinin yaxın ətrafı artıq müəyyən mesajlar verməklə, yeni dövrün hədəflərini açıqlamağa çalışırlar. Başlanğıcda son dörd ildə ABŞ-ın əlaqələri pozulmuş beynəlxalq qurumlarla vaxtilə mövcud olmuş münasibətlərin bərpası nəzərdə tutulur. Xüsusilə də, Tramp administrasiyasının hər imkanda "bombaladığı" Ümumdünya Səhiyyə Təşkilatı və əlaqələrin qırılma nöqtəsinə qədər zəiflədildiyi NATO əsas diqqət mərkəzində olacaq.

nato-tr-96169-1548224651.jpg (32 KB)

Ancaq Bayden administrasiyasının bəzi dövlətlərə münasibətdə mövqeyi ABŞ-ın beynəlxalq problemlərinin sırasını daha da genişləndirə bilər. Üstəlik, yenilərin Ağ Evdən verdiyi ilk mesajlar ABŞ-ın kəskin mövqeyə keçid ərəfəsində olduğunu sezdirir.

Maraqlıdır ki, Bayden administrasiyasının hədəfə aldığı dövlətlərin sırasında Türkiyənin də olduğu artıq şübhə doğurmur. Belə ki, yeni administrasiyadan verilən məlumata görə, prezident Co Bayden rəsmi Ankaraya münasibətdə məsafəli davranmaq niyyətindədir. İndi Ağ Evdə hesab edirlər ki, Türkiyə ABŞ-ın "strateji müttəfiq"idir. Və rəsmi Ankara ilə münasibətlərin məzmununa yenidən korrektələr etmək lazım gələcək.

Təbii ki, Bayden administrasiyası hələ fəaliyyətə başlamazdan xeyli əvvəl ABŞ-Türkiyə münasibətlərində çatların genişlənə biləcəyini hiss etdirmişdi. Xüsusilə də, prezident Donald Trampın hakimiyyətinin son həftələrində ABŞ Konqresində Türkiyəyə qarşı sanksiyaların yolunu açan sənədin qəbulu belə ehtimalları gücləndirmişdi. Hər halda, Bayden administrasiyasının bu məsələ ilə bağlı təxirəsalınmaz addımlar atmağa meylli olduğu sezilirdi.

Belə anlaşılır ki, Türkiyəyə şəxsi münasibətinin problemli olduğu hələ illər öncədən şübhə doğurmayan yeni prezident Co Bayden "S-400" zenit-raket kompleksləri ilə bağlı bəhanədən yararlanmaq niyyətindədir. Çünki Ağ Ev administrasiyasının bu məsələ ilə bağlı ilk açıqlamasında "NATO ölkəsinin Rusiyadan "S-400" raketləri alması yolverilməzdir" vurğusu yer alır.

Amma "S-400" mövzusu Bayden administrasiyası üçün, müstəqil beynəlxalq supergücə çevrilməkdə olan Türkiyəyə qarşı təzyiq bəhanəsi olmaqla yanaşı, həm də ABŞ-ı müəyyən problemlər ilə də üzləşdirə bilər.

erdo-nato-5a0ee968fc7e9332678b456c.jpg (74 KB) 

Məsələ ondadır ki, rəsmi Ankara ABŞ-la yaşanan "S-400 böhranı"nda daha çox haqlı tərəf rolunda çıxış edir. Bütün hüquqi-siyasi arqumentlər Türkiyənin mövqeyini dəstəkləyir.

Birincisi, Türkiyənin hava hücumundan müdafiə sistemlərinə ehtiyacı var. Ona görə də, rəsmi Ankara Rusiyadan "S-400" zenit-raket kompleksləri almazdan öncə bu barədə həm ABŞ-a, həm də NATO-ya müraciət etmişdi. Həmin müraciətdə rəsmi Ankara Türkiyəyə "Patriot" zenit-raket komplekslərinin satışının təmin olunmasını tələb edirdi.

Ancaq həm ABŞ, həm də NATO Türkiyənin "Patriot" raketlərinə sahiblənməsinə qarşı çıxdı. Sadəcə, həmin raketlərin Türkiyəyə yalnız icarəyə verilməsinə razılaşdı. Üstəlik, icarə halında, raket sistemlərinin idarə olunmasına da Türkiyə hərbçiləri yaxın buraxılmayacaqdı və bu iş NATO mütəxəssislərinə həvalə olunacaqdı.

Təbii ki, rəsmi Ankara öz müttəfiqlərinin belə mövqeyini Türkiyəyə qarşı ədalətsizlik kimi dəyərləndirdi. Eyni zamanda, bu, Türkiyənin milli təhlükəsizlik maraqlarına ciddi problemlər yaradırdı. Çünki Türkiyə özünün müstəqil hava hücumundan müdafiə sistemini yaratmaq istədiyi halda, ABŞ və NATO bu niyyəti əngəlləməyə çalışırdı.

Nəticədə rəsmi Ankara Türkiyə üçün ən uyğun çıxış yolu variantını seçmək qərarına gəldi. Yəni, "Patriot"lar ilə təxminən eyni hərbi funksiyalara malik "S-400"-lər alındı. Üstəlik, "S-400"-lərin satın alınma xərcləri "Patriot"ların icarə haqqından belə, ucuz başa gəldi.

42051333202214718.jpg (40 KB)

Digər tərəfdən, ABŞ və Türkiyə arasında "F-35" hərbi təyyarələrinin satışı ilə bağlı müqavilə də imzalanmışdı. Hətta Türkiyə həmin hərbi savaş təyyarələrinin dəyərini də əvvəlcədən ödəmişdi.

Ancaq hazırda Ağ Ev "S-400" böhranını bəhanə gətirərək, həmin müqavilənin icrasından imtina edir. Üstəlik, qəribə də olsa, Türkiyənin ödədiyi bir neçə milyard dolları da geri qaytarmaq istəmir.

İndi bütün bunlara baxmayaraq, Bayden administrasiyası rəsmi Ankaranı Türkiyəyə qarşı sanksiyalar ilə təhdid etməyə çalışır. Sanksiyaların təxirə salınması və məsələnin müzakirəsinə vaxt qazanmaq üçün isə rəsmi Ankaradan "S-400"-lərin aktivləşdirilməsini ən azından bir il gecikdirməyi tələb edir.

Rəsmi Ankara isə bütün bu tələblər ilə qətiyyən razı deyil. Əksinə, Türkiyə ilə belə təhdid dilində danınılmasının yolverilməz olduğunu vurğulayır.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu məsələ ilə bağlı mövqeyi prinsipial xarakter daşıyır. Belə ki, prezident Rəcəb Tayyib Ərdoğan "S-400"-lər Türkiyənin hərbi mülkiyyətidir. Və biz öz raket sistemlərimizin nə vaxt aktivləşdirilməsini başqa dövlətlər ilə razılaşdırmaq məcburiyyətində deyilik" deməklə, rəsmi Ankaranın təhdidlərə boyun əyməyə hazırlaşmadığını vurğulayıb.

yunanistan-dan-s-300-lu-sov-sacmaladilar--2685160.jpg (34 KB)

Bu mərhələdə ikinci bir önəmli məqam da mövcuddur. Belə ki, Yunanıstan da vaxtilə Rusiyadan analoji zenit-raket kompleksləri satın alıb. Və Yunanıstan da Türkiyə kimi, NATO-ya üzv dövlətdir.

Ancaq nədənsə, Türkiyənin üzləşdiyi şərtlər və iradlar Yunanıstana münasibətdə gündəmə gətirilmir. Hətta bu mövzuda danışmaq belə, istəmirlər. Halbuki, belə yanaşmanın ikili standartlardan və qərəzdən qaynaqlandığı qətiyyən şübhə doğurmur.

Maraqlıdır ki, əksər Qərb ekspertləri ABŞ-ın Türkiyə və Yunanıstan arasında belə ədalətsiz fəqrli mövqe tutmasını yeni prezident Co Baydenin şəxsi dünyagörüşü ilə əlaqələndirirlər. Onların qənaətinə görə, prezident Co Bayden Türkiyəyə qarşı dözümsüz münasibəti və Yunanıstana ifrat rəğbəti arasında balans yarada bilmir.

Məsələ ondadır ki, Ağ Evin yeni sahibi Yunanıstana xüsusi rəğbətini qətiyyən gizlətmir, hətta bunu hər imkanda qabarıq şəkildə biruzə verir. Vaxtilə Co Baydenin "Yunanıstana özəl münasibətim var. Nə vaxtsa özümü yunan elan edə biləcəyimi də istisna etmirəm" dediyini də nəzərə aldıqda, Ağ Ev sahibinin Türkiyəyə qarşı qərəzinə izah tapmaq çətinlik törətmir.

thumbs_b2_9b914e619423d599c68704dd7a56119f.jpg (71 KB)

Onu da qeyd edək ki, yeni Ağ Ev sahibinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla keçmişdən qalmış yarımçıq hesabı da var. Belə ki, vaxtilə Türkiyəyə səfəri zamanı prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul edilməyən Co Bayden bunu hələ də unuda bilməyib. Hətta o, Tramp administrasiyasına prezident Rəcəb Tayyib Ərdoğanın devrilməsi üçün Türkiyə müxalifətinə yardım etməyi də məsləhət görmüşdü.

Belə anlaşılır ki, indi köhnə hesablar yenidən aktuallaşmağa başlayıb. Halbuki, şəxsi münasibətlərin ön plana çıxarılmasının dövlətlərə ziyan vura biləcəyi də inkaredilməz reallıqdır. Bu baxımdan, dövlətlərin arasında olan bütün narazılıqların yalnız hüquqa və qarşılıqlı maraqlara əsaslanan müzakirələrlə həll edilməsi daha sərfəlidir.

ABŞ-ın yeni prezidenti Co Bayden belə bir sərfəli varianta üstünlük verəcəkmi? Ağ Ev sahibinin ABŞ-ın supergüc statusuna güvənmək meyllərini nəzərə aldıqda, bu suala birmənalı cavab vermək hələlik çətindir. Halbuki rəsmi Ankaranın zamanı gəldiyində qətiyyətli alternativ siyasi iradə nümayişindən sonra hadisələrin inkişaf istiqamətləri ciddi şəkildə dəyişə də bilər.

Hələlik isə prezident Co Baydenin Ağ Evindən Türkiyəyə qarşı "qara mesaj" verilib. İndi böhranın necə inkişaf edəcəyinin hələlik mümkün qədər təmkinli davranmağa üstünlük verən rəsmi Ankaranın cavab reaksiyasından asılı olduğunu da düşünmək olar. Çünki həmin reaksiyadan sonra situasiya nisbətən aydınlaşa bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

13331023_1081110595260992_3771441806828143088_n.jpg (72 KB)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam