İlk anlaşmadan iki ay sonra:İkinci raund nə ilə nəticələndi?
Zaur Məmmədov: “Naxçıvan blokadadan çıxır, Azərbaycan Mehri dəhlizi vasitəsilə Naxçıvana, oradan da Türkiyəyə birbaşa avtomobil və dəmiryol vasitəsilə gediş-gəlişə nail olur”
Ceyhun Əhmədli: “Bu proses Ermənistanın gələcəkdə Azərbaycanın ərazi bütövlüyünü tanıması üçün əlavə imkanlar yarada bilər”
Yenixeber.org: İkinci Qarabağ müharibəsinin dayandırılması ilə bağlı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı bəyanatdan düz iki ay sonra ölkə liderləri Moskvada görüşdülər. Yanvarın 11-də Kremldə Rusiya Prezidentinin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan bir araya gəldilər. 4 saatdan artıq çəkən üçtərəfli görüşün açılışında Rusiya Prezidenti açıqlama verdi. O, tərəflərin 2020-ci ilin 10 noyabrında imzalanan bəyanata uyğun davrandıqlarını bildirdi, Dağlıq Qarabağ probleminin nizamlanması istiqamətində təmasları əhəmiyyətli saydı. Bundan sonra üçtərəfli görüş qapalı şəkildə keçirildi.
Görüşdən sonra liderlərin imzaladığı və 4 bənddən ibarət olan ikinci bəyanat ortaya çıxdı. Sənəddə, əsasən kommunikasiyaların açılmasından, bunun reallaşması üçün işçi qrupunun yaradılmasından bəhs olunur. Bununla yanaşı, liderlər mətbuata bəyanatla çıxış etdilər. Azərbaycan Prezidenti İlham Əliyev kommunikasiyaların açılmasının əhəmiyyətindən, qonşuluq münasibətlərinin bərpasının önəmindən bəhs etdi. Azərbaycan lideri onu da qeyd etdi ki, artıq Qarabağ münaqişəsi keçmişdə qalıb, inkişaf üçün gələcəyə baxılmalıdır. Ermənistanın Baş naziri isə hərbi əsirlərin qaytarılması məsələsinin hələ də qaldığını deməklə yanaşı, bildirdi ki, Dağlıq Qarabağın statusu müzakirə olunmalıdır.
Liderlərin Moskva görüşü ilə bağlı analitiklər bildirirlər ki, bu görüş vacib əhəmiyyət kəsb edirdi və bundan sonra keçiriləcək görüşlər üçün stimul ola bilər.
Moskva görüşü və mətbuata açıqlanan məsələləri saytımıza şərh edən siyasi elmlər namizədi, politoloq Zaur Məmmədov deyib ki, nəticə olaraq, bir sıra məsələlərin Azərbaycanın xeyirinə həll edildiyini söyləmək olar: “Mətbuat konfransından da göründüyü kimi, Paşinyan qanı qara, əhvalsız idi. Bu, onu deməyə əsas verir ki, Ermənistan qarşısına qoyduğu məqsədlərin heç birinə nail olmayıb. Ermənistanın Baş naziri bir neçə gün əvvəl hərbi əsirlərin qaytarılması məsələsinin İrəvan üçün vacib əhəmiyyətə malik olduğunu söyləmişdi. Moskva görüşündən sonra isə bildirdi ki, hərbi əsirlər məsələsi həllini tapmayıb”.
“Demək olar ki, bu mənada da Moskva səfəri Paşinyan üçün uğursuz olub. Əvəzində isə Azərbaycan Prezidenti bağlı qapılar arxasında bir sıra aktual məsələlərə toxunaraq, onların Azərbaycanın lehinə həllini Rusiya və Ermənistan rəhbərliyi ilə razılaşdırıb. Təbii ki, bu məsələlər ilk növbədə Qarabağda qalan erməni hərbi dəstələri və Rusiya sülhməramlılarının funksiyaları ilə bağlı olanlardır. Mətbuata verilən birgə bəyanata əsasən də, onu demək olar ki, hələlik üçtərəfli, gələcəkdə isə altıtərəfli iqtisadi layihələrin reallaşması istiqamətində səylər artırılacaq. Bir müddətdən sonra kommunikasiyaların açılması, iqtisadi əlaqələrin qurulması istiqamətində işçi qruplar fəaliyyətə başlayacaq. Bu, bizim üçün əhəmiyyətli məsələdir”, - ekspert bildirib.
“Əsas məsələlərdən biri də ondan ibarətdir ki, Naxçıvan blokadadan çıxır, Azərbaycan Mehri dəhlizi vasitəsilə Naxçıvana, oradan da Türkiyəyə birbaşa avtomobil və dəmiryol vasitəsilə gediş-gəlişə nail olur”, - deyə analitik vurğulayıb.
Z.Məmmədovun fikrincə, ümumi şəkildə onu deyə bilərik ki, ötən il imzalanan 10 noyabr bəyanatı Moskva görüşündə daha da möhkəmləndirilib: “Hesab edirəm ki, Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli dialoq mütləq şəkildə davam edəcək. Bundan sonrakı görüşlərdə bu gün razılaşdırılan məsələlərin həllinin bitdiyinin şahidi olacağıq. Əlbəttə, 4 saat qapalı keçirilən görüşün əksər detalları mətbuat konfransında açıqlanmadı. Bu, başadüşülən haldır. Çünki Ermənistan Baş nazirinin ölkəsi daxilində vəziyyəti o qədər də yaxşı deyil. Bunun nəticəsi idi ki, Paşinyan mətbuat konfransında pessimist çıxış etdi. Məlumdur ki, əsirlər və cəsədlər məsələsində erməni cəmiyyəti onun üzərinə gəlir. Eyni zamanda, status məsələsini də qaldırdı ki, cəmiyyətdə bir az sakitlik yaratsın. Yəni, o, çıxışını Ermənistan daxilində sakitlik yaratmağa hesabladı. Reallıqda isə onun heç bir istəyi qəbul edilməyib. Moskvada məğlub tərəf olan Ermənistana yeri bir daha göstərildi”.
Politoloq Ceyhun Əhmədli də deyir ki, Moskva görüşünün əsas nəticəsi o oldu ki, regionda nəqliyyat-kommunikasiya xətləri tezliklə bərpa olunacaq: “Bu da o deməkdir ki, Naxçıvanla birbaşa quru dəhlizin yaranması artıq reallaşmaq ərəfəsindədir. Bundan başqa, Ermənistanın da Azərbaycan vasitəsilə Rusiya və İranla dəmiryol rabitəsi yaradılacaq. Regionun gələcək inkişafı və təhlükəsizliyi baxımından kommunikasiya xətlərinin bərpası çox önəmlidir. Bu proses həm də Ermənistanın gələcəkdə Azərbaycanın ərazi bütövlüyünü tanıması üçün əlavə imkanlar yarada bilər”.
“Ermənistan Baş nazirinin şikayətlənməsindən belə çıxdı ki, Azərbaycan tərəfi Xocavənddə diversiya hücumu təşkil edən erməni silahlılarının geri qaytarılmasına razılaşmayıb. Belə də olmalı idi, çünki onlar hərbi əsir yox, terrorçulardır. Azərbaycan dövlətinin bu məsələdə sərt mövqe ortaya qoyması gələcəkdə Qarabağdakı erməniləri anoloji təxribatlara əl atmasından çəkindirəcək”, - Əhmədli qeyd edib.
Ekspert əmindir ki, Paşinyanın status məsələsinin öz həllini tapmamasından şikayətlənməsi onun məyusluğunun göstəricisidir: “Ümumiyyətlə, Rusiya və Azərbaycan prezidentlərinin kifayət qədər nikbin açıqlamalarından belə nəticə çıxır ki, status məsələsi tamamilə tarixə qovuşub. Hesab edirəm ki, Paşinyanın mətbuat konfransında status və hərbi əsirlərlə bağlı məsələni dilə gətirməsi Ermənistanda onu gözləyən təzyiqlərdən yaxa qurtarmaq məqsədi daşıyır. Paşinyan sanki müxalifətə belə bir mesaj çatdırır ki, söz verdiyi kimi, hər iki məsələni qaldırıb, lakin arzu etdiyi nəticəni ala bilməyib. Ümumilikdə, Moskva görüşünü Azərbaycanın irəliyə doğru daha bir addımı saymaq olar”.(ayna)