"“DAĞLIQ QARABAĞ" TERMİNİNİ ERMƏNİLƏR İCAD EDİB" -Düşmənin Azərbaycana qarşı kartoqrafik müharibəsi...
1922-ci il dekabrın 30-da Ermənistan SSR bolşevikləri tərəfindən Azərbaycana qarşı başlanmış kartoqrafik müharibə davam edir. O vaxtdan Yerevan tərəfindən erməni dilində birtərəfli qaydada dəyişikliklər olub-Dağlıq Qarabağ ərazisində 212 yaşayış məntəqəsində və su hövzəsində türk, fars adları erməniləşdirilib.
Yenixeber.org: Sovet illərindən Yerevanda Qarabağın erməni toponimləri ilə xəritələri çap olunurdu. Sonuncu dəfə 70-ə yaxın xəritədən ibarət Dağlıq Qarabağ Atlası 2009-cu ildə Yerevanda, Ermənistan hökuməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı Komitəsinin Geodeziya və Kartoqrafiya Mərkəzi tərəfindən nəşr olunub. Üstəlik, həm erməni, həm də rus dillərində nəşr olunub. Beləliklə, Azərbaycanda yaşayış məntəqələri, ərazilər, çay və göllər erməni adları alırdı, Rusiya və digər ölkələrdə sovet sənədlərində, sonra isə təşkilat və KİV-lərdə istifadə olunurdu.
Erməni siyasətçilər isə Azərbaycan ərazisində özlərinin müəyyənləşdirdikləri adları siyasi məqamdan asılı olaraq başqa adlara dəyişirdilər. Tarixçi Yasəmən Qaraqoyunlu ASTNA.biz-ə bildirib ki, Qafqazda bolşeviklər görünənə qədər "Dağlıq Qarabağ" adlı ayrıca coğrafi vahid mövcud olmayıb.
XVIII əsrin ikinci yarısından bu imperiyanın İran ilə müharibəsi nəticəsində Rusiyaya verilən Qarabağ xanlığı mövcud idi. Təbii ki, Stepanakert də yox idi, Xankəndi kəndi mövcud idi, sovet illərində erməniləri qovaraq şəhərə çevirmişdilər və bolşevik Stepan Şaumyanın adını vermişdilər. Aşağıdakı resursda tarixi xəritələrə baxaraq buna əmin ola bilərsiniz: https://www.kavkaz-uzel.eu/blogs/83772/posts/27305
Erməni bolşeviklər Qarabağın erməni əhalisinin yaşadığı hissəsini ayırmaq və onu Sovet Ermənistanına birləşdirmək üçün yeni termin icad etmişdilər - Dağlıq Qarabağ. 1921-ci ildə Kirov vilayəti İcraiyyə Komitəsi yanında Qafqaz Bürosu Ermənistana "Qarabağ və Zəngəzura iddiaların hüquqi əsaslarını yaratmağı" tapşırmışdı.
Ermənistan mətbuatı Ermənistan Xalq Komissarları Sovetinin sədri Myasnikovun imzası ilə bəyanat yaymış və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini tələb etmişdi. Beləliklə, ilk dəfə olaraq Dağlıq Qarabağ toponimi yarandı, sonra isə 1921- ci ildə Azərbaycan SSR-in tərkibində inzibati vahidin -Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) adının əsasını təşkil etdi.
Qarabağ türk etnonimi ermənilər tərəfindən bütün sovet dövründə və postsovet dövründə, təxminən, 2015-ci ilə qədər tətbiq olunub.
1988-ci ilin yanvarında DQMV-də ermənilər aşağıdakı məzmunda vərəqələr yayırdılar: "... Qarabağın Ana Vətənlə birləşdirilməsi məsələsi gündəliyə salınmalıdır".
Ermənistanın müstəqilliyi haqqında bəyannamədə Dağlıq Qarabağın adı çəkilir. Arsax haqqında bir söz yoxdur.
DQMV və Ermənistan SSR-in birləşmə haqqında 1989-cu il qərarlarında da DQMV yox, Dağlıq Qarabağın adı çəkilir, hər iki tərəf DQMV-ni tanımayıb, Dağlıq Qarabağ adını tanıyıblar. Arsax haqqında bir kəlmə yoxdur.
1991-ci ildə Ermənistan müstəqillik aktı qəbul edərək sənədin mətninə Dağlıq Qarabağı da daxil etmişdi. Və yenə də Arsax haqqında bir söz yoxdur.
SSRİ Ali Soveti "Ermənistanın və Dağlıq Qarabağın birləşdirilməsi haqqında" Ermənistan SSR-in qəbul etdiyi qərarı rədd edən cavab qərarı qəbul edib. Digər sovet sənədlərində DQMV abbreviaturası işlədilir.
O dövrün sənədlərinin heç birində "Arsax" yoxdur
Sonra Yerevanda qərara gəliblər ki, sırf türk sözləri olan Qara və Bağ dünyada bu diyarın erməni diyarı olmaması haqda fikir yürüdür və 2017–ci ildə qondarma "Dağlıq Qarabağ Respublikası"nın qanunsuz "Konstitusiyası”nın növbəti redaksiyasında ikinci ad – Arsax peyda olub.
Bu etnonim eramızdan əvvəl 7-ci əsrdə çağdaş Azərbaycan ərazisində yaşamış sak tayfaları tərəfindən yaradılıb.
Sonralar Arsax Qafqaz Albaniyası dövlətinin əyalətlərindən birinə çevrilib, daha sonra isə onun süqutu ilə və qədim İran tərəfindən mənimsənilməsilə "Arsax" adı yalnız tarixi sənədlərdə qalıb. 2017-ci ildə isə tarixi toponim ermənilərin düşüncəsinə görə, Qarabağın Azərbaycandan tamamən qoparılması üçün lazım olub.
Bu gün Dağlıq Qarabağı "Arsax" adlandırmaq çağdaş Azərbaycan Respublikasını Manna adlandırmaq qədər gülüncdür. Manna coğrafi Azərbaycan ərazisində eramızdan əvvəl 10-7-ci əsrlərlə tarixlənən ilk dövlətin adıdır.
Eyni şeylər yaşayış məntəqələrilə bağlı baş verib. Azərbaycanın İnternetdə yayılan virtual xəritələrində saxta xəritələr doludur. Bu xəritələrdə Qarabağda yaşayış məntəqələri erməni toponimləri ilə adlandırılır, bəzən isə hətta erməni əlifbası ilə yazılıb.
“Şuşi” yox, Şuşa..
Rusiyanın bütün xəritələrində (1801-12, 1914-cü illər) və imperiya dövrünün sənədlərində, sovet dövlət, coğrafi, ədəbi mənbələrində Qarabağda Azərbaycan şəhəri, Qarabağ xanlığının keçmiş paytaxtı, azərbaycanlılar tərəfindən yaradılmış və adlandırılmış şəhər Şuşa adlanlr.
Tədricən erməni işğalı dövründə erməni, sonra Rusiya, onların ardınca isə digər KİV-lər bu şəhəri erməni ladında Şuşi adlandırmağa başlayıblar.
8 noyabr 2020-ci ildə Moskvanın “İzvestiya.ru” nəşri izah edib: "Azərbaycan tərəfi şəhəri Şuşa adlandırır və qadın cinsində hallandırır, erməni tərəfi isə "Şuşi" adlandırır və ad hallandırılmır”.
Buna baxmayaraq, Azərbaycan şəhərinin adının yazılış qaydalarını bilərək həmin məqalədə və noyabrın 19-da “İzvestiya.ru” erməni adı - "Şuşi" işlədib.
Lenta.ru. şəhərin adının qeyd olunması qaydalarını bilir. Noyabrın 11-də həmin resursda məqalənin başlığı belə olub: "Azərbaycan Şuşa şəhərini Ermənistandan geri aldı".
Daha sonra məqalədə iki cümlə verilir: “Ermənistanda və Qarabağda belə deyirlər ki, Şuşaya kim sahibdirsə, Qarabağa da o sahibdir. Şəhərin əsasının Şuşa kimi qoyulduğu Azərbaycanda da bu qədim dağ qalasının hərbi, tarixi və rəmzi əhəmiyyətini yaxşı dərk edirlər", - Lenta.ru yazır.
Azərbaycanın kartoqrafiya müharibəsində qalib gəlməsinin vaxtı çatıb
Azərbaycan şəhərinin adının düzgün yazılış qaydasını bilən Rusiya KİV onun erməni analoqunu tətbiq etməyə üstünlük verir. Bundan əlavə, Ermənistan-Rusiya KİV-də Füzuli şəhəri Varanda, Laçın Kaşataq, Cəbrayıl Crakan yazılır.
İş o yerə çatıb ki, dünyanın ən çox sitat gətirilən "Vikipediya" lüğəti Azərbaycandakı yaşayış məntəqələrini oxucuların diqqətinə erməni və ya erməni ilə yanaşı Azərbaycan toponimləri ilə təqdim edir. Əgər belə hallarda ermənilərin separatçı-anneksionist məharəti başa düşüləndirsə, Rusiya tərəfindən (başqa ölkələrdə də) bu cür "səhvlər" həmin dövlətlərin antiazərbaycan siyasətinə dəlalət edir.
Maraqlıdır ki, bəzən sadə ermənilər müharibədən azad edilmiş Azərbaycan şəhərlərini sovet ənənəsinə əsasən qanuni toponimlərlə adlandırmağa üstünlük verirlər. ru.armeniasputnik.am nəşrində yazılıb: “Şuşanı, Kəlbəcəri, Cəbrayılı və digər rayonları müdafiə edərkən beş minə yaxın erməninin, əsasən də gənclərin ölməsi Ermənistanda amansız, pis və göründüyü kimi, lüzumsız oldu”.
2020-ci ildə inanılmaz səylər bahasına Azərbaycan xalqı 1993-cü ildə Ermənistan tərəfindən işğal olunmuş ərazilərin əksəriyyətini geri qaytardı. Lakin Azərbaycana qarşı kartoqrafiya müharibəsi bu günədək davam edir.
Ölkə rəhbərliyinin məhz qanuni, Azərbaycan toponimlərinin ciddi tətbiq edilməsilə bağlı dünyada bütün ölkələrə və KİV-lərə qarşı prinsipial tələblə çıxış etməsinin vaxtı çatıb.Yerevanda uydurulmuş yaşayış məntəqələrinin, ərazilərin, çayların və göllərin adlarından Azərbaycan ərazisində istifadə olunması rəsmi Bakı tərəfindən düşmənçilik aktı kimi qəbul edilməlidir və bundan irəli gələrək cavab tədbirləri görülməldir.(turan.az)
Qafqaz Bölgəsinin xəritəsi 1903-ci il