Yenixeber.org: Gələn həftə – yanvarın 11-də Moskvada Rusiya prezidenti Vladimir Putinin təşkilatçılığı ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü baş tuta bilər. Bir neçə gündür Rusiya və Ermənistan mediası bu barədə diplomatik mənbələrə istinadən xəbərlər yayır. Azərbaycandan hələlik görüşüb olub-olmayacağı ilə bağlı açıqlama yoxdur. Bakıdan və İrəvandan dərhal təkzib verilməməsi, habelə bu ərəfədə bəzi hadisələr Moskvada üçtərəfli görüşün keçiriləcəyi barədə ehtimalları gücləndirir. Rusiya mediası bu məqsədlə Moskvadan tibbi heyətin İrəvana gəldiyi və səfər heyətinə daxil olacaq rəsmi şəxsləri, o cümlədən baş nazir Nikol Paşinyanı müayinə etdiyi xəbərini yayıb. Baş nazirin ofisi bir gün əvvəl Paşinyanın koronavirus səbəbindən özünü təcrid etdiyini açıqlamışdı…
Əlbəttə, bu görüşü zəruri edən bir çox səbəblər var. Rusiyanın, Azərbaycanın və Ermənistanın gündəliyi fərqli olsa da, 10 noyabrda razılaşdırılmış üçtərəfli bəyanatla bağlı qeyri-müəyyənliklərin aradan qaldırılması, icra mexanizmlərinin yaradılması bütün tərəflər üçün vacibdir. Bu arada “Turan” agentliyinin yaydığı məlumata görə, Moskvada erməni diasporasına yaxın mənbələr Moskvadan sonra Bakıda ayrıca görüş keçiriləcəyini deyiblər. Görüşdə Rusiya, Türkiyə, Azərbaycan və Ermənistan xüsusi xidmətlərinin rəhbərlərinin iştirak edəcəyi iddia olunur. Gözlənildiyinə görə, Mehri dəhlizi və digər məsələlərlə bağlı Moskva razılaşmalarının təfsilatı məhz burada dəqiqləşdiriləcək və təsbit ediləcək.
İlk növbədə görüşün təşəbbüskarı olan Rusiya hökuməti sülhməramlıların statusunu, Dağlıq Qarabağda həyata keçirdiyi humanitar missiyanın əhəmiyyətini Azərbaycana qəbul etdirmək istəyir. Məlumdur ki, Bakıda prezident səviyyəsində bildirilib ki, Rusiya hərbi heyətinin Qarabağda fəaliyyəti suallar doğurur. Moskva üçün ikinci mühüm amil hərbi kontingentinin sayının, ehtiyac olan nəqliyyat vasitələrinin və hərbi texnikanın artırılması, nəzarət-patrul xidməti həyata keçirdiyi sahələrin dəqiqləşdirlməsidir. Bu məsələdə Azərbaycan hərbçiləri ilə tez-tez ziddiyyətlər yaranır. Bundan başqa, sülhməramlılara daimi marşrut üzrə təchizatın operativ çatdırılması, yaxın zamanlarda fəaliyyətə başlayacaq Monitorinq Mərkəzinin işi ilə bağlı bəzi məsələlər həll olunmalıdır. Moskvada bütün bu məsələləri əhatə edən yeni bir üçtərəfli sazişin imzalanması istisna deyil.
Azərbaycan üçün də Mokva görüşü bir sıra problemlərin həllini tapması baxımdan əhəmiyyət daşıyır. İlk növbədə 10 noyabr razılaşmasının tam yerinə yetirilməsi prioritetdir. Bakı Dağlıq Qarabağdakı erməni hərbi birləşmələrinin ərazidən çıxarılması, Ağdərədən keçən Kəlbəcər yolunun açılması, əhalinin qayıdışı üçün təhlükəsizlik problemlərinin həll edilməsi məsələsini qaldıra bilər.
Əsas müzakirə mövzularından biri Naxçıvanı Azərbaycanın digər hissəsi ilə birləşdirəcək marşrut – dəhliz olacaq, məhz buna görə görüş ərəfəsində hər iki tərəf bu barədə müzakirələr aparır. İlham Əliyev yanvarın 6-da çıxışında bildirib ki, razılaşma Rusiya ilə əldə olunub və müzakirələr Moskva ilə aparılacaq. Rusiya hökumətinin nümayəndə heyəti Bakıya və İrəvana məhz bu məsələ ilə bağlı səfər edib.
Rəsmi Bakının mövqeyi belədir ki, biz ermənilərə Laçından dəhliz verdiksə, bunu yalnız ermənilər Naxçıvana yolu açmağa razılaşdığına görə etdik. Ermənilər razılaşmanı pozmaq niyyətindədirsə, Bakı Laçın dəhlizi məsələsinə yenidən baxa bilər. İlk dəfə olaraq Rusiya sülhməramlılarının öz səlahiyyətlərindən kənara çıxdığını və Bakının buna göz yumduğunu bəyan edən İlham Əliyevin çıxışından bu nəticəni çıxarmaq olar. O, həmçinin Ermənistan rəsmilərinin Bakının icazəsi olmadan Qarabağa səfərlərinə son qoymağa çağırıb.
Moskva da öz növbəsində onu Azərbaycan vasitəsilə Ermənistanla birləşdirəcək quru və dəmir yolunun açılmasında maraqlıdır. Paşinyan isə dünən yayımladığı məqaləsində qeyd edib ki, regionda bütün iqtisadi və nəqliyyat infrastrukturunun açılması həm Ermənistandan yüklərin Azərbaycan ərazisi ilə Rusiya və İrana, həm də Azərbaycanın digər hissəsindən Naxçıvana Ermənistan vasitəsilə yükdaşımaları nəzərdə tutur. “Bir daha diqqətinizə çatdırmaq istəyirəm ki, 10 noyabr bəyanatında Mehri, yaxud “Ermənistan Respublikası ərazisindən dəhliz” sözü yoxdur“, – deyə Paşinyan yazıb.
Xatırladaq ki, sözügedən bəyanatın 9 -cu bəndində qeyd edilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilməlidir: “Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir”. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası da təmin edilməlidir.
Baş nazir daha sonra yazıb ki, Ermənistandan Rusiyaya və Azərbaycandan Naxçıvana nəqliyyat yolları ayrıca müzakirə mövzusudur və bu müzakirənin effektiv həlli əsir, girov, digər saxlanan şəxslər və meyitlərin mübadiləsindən, eləcə də itkinlərin axtarışından asılıdır. Ehtimal etmək olar ki, Paşinyan bu məsələni də Moskva görüşündə müzakirəyə çıxarmağa çalışacaq. Erməni rəsmiləri iddia edirlər ki, Azərbaycanda 120 erməni əsrinin saxlanılmasına dair sübutlar var. Amma Bakı bu ittihamları rədd edir. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun rəhbəri İsmayıl Axundov bildirib ki, Azərbaycanda hələ 5 hərbçi və 2 mülki şəxs, qarşı tərəfdə isə 2 mülki şəxs saxlanır.
Bu məsələyə prezident İlham Əliyev də münasibət bildirib. Dövlət başçısı hökumətin iclasında deyib ki, azad edilmiş ərazilərdə diversiya ilə məşğul olanlar əsir götürülüb: “Onları əsir götürmüşük. Amma onlar hərbi əsir sayıla bilməz, çünki müharibə qurtarıb. Onlar terrorçudur, diversantdır. Onlar Xocavənd rayonuna Ermənistanın Şirak vilayətindən noyabrın 26-dan sonra gəliblər. Bunu hər kəs bilsin. Nə üçün gəlmişlər? Kim onları göndərib? Müharibə ayın 10-da qurtarıb, Bəyanat imzalanıb. Kim göndərir onları oraya? Əgər Ermənistan rəhbərliyi bu qanunsuz silahlı birləşmələrə nəzarət edə bilmirsə, bu, onların problemidir. Ona görə, burada heç kim bizi ittiham edə bilməz”.
Göründüyü kimi, tərəflərin mövqelərində xeyli antoqonist məqamlar var. İndiki məqamda problemlərin konserviləşdirilməsi mümkün deyil və əlavə gərginlik yarada bilər. Növbəti gərginlik isə heç kimə, xüsusən bu mərhələdə öz məqsədinə nail olmuş Moskvaya lazım deyil. Ehtimal etmək olar ki, Rusiya kompromislərin əldə olunması üçün tərəflərə təzyiq göstərərək optimal variantlar təklif edə bilər.(pressklub)
Turqut