Kremlin “qoca qurdları”nın dişlərini “itiləyən” doktor -Doynikovun pasientləri: Stalin, Xruşov, Beriya, Brejnev..
Yenixeber.org: Stalindən tutmuş Qorbaçova qədər, bütün siyasi birincilər, Siyasi Büronun üzvləri ona “ağız” açıblar. O isə hamını razı sala bilib. Aleksey Doynikov uzun illər siyasi liderlərdən yalnız təşəkkür sözləri eşidib.
Maraqlıdır, yüksək çinli dövlət məmurlarını, baş katibləri, nazirləri, marşalları, generalları Doynikovun iş kabinetinə gətirən hansı səbəb olub? Kim olub Aleksey Doynikov?
Aleksey Doynikov 1918-ci ildə Başqırdıstan Muxtar Respublikasının Ulu-Telyək kəndində anadan olub. Dülgər ailəsində doğulan Doynikov atasının peşəsinə böyük maraq göstərib. Amma bu maraq özünü fərqli formada biruzə verib. Məktəbli Aleksey atasından fərqli olaraq kiçik həcmli işlər görüb, taxtadan kiçik evlər düzəldib. Yeddinci sinifdə oxuyarkən düzəltdiyi ovuc içinə yerləşən ev maketi isə yaradıcılıq müsabiqəsində mükafata layiq görülüb.
Hədsiz dərəcədə incə əl işi qabiliyyətinə malik olan Doynikovun bu qabiliyyəti diqqətdən yayınmayıb. Yay aylarında kəndə istirahətə gələn, Moskvada həkimlərin təkmilləşdirmə institutunda kafeda müdiri işləyən dayısı Qriqori Moskalyov bacısı oğlunun əl işləri ilə tanış olduqdan sonra fikrini konkret olaraq ailə üzvlərinə belə bildirib:
“Alekseyin qızıl əlləri var. O hökmən stomatologiya sahəsinə getməlidir. Bu talantla, bu bacarıqla o, ən tanınmış həkimlərdən biri olacaq...”
Elə həmin gün Aleksey Doynikovun gələcək həyat yolu, peşə seçimi müəyyənləşib. O, orta təhsilini başa vurduqdan sonra Moskvada 1 saylı stomatologiya məktəbinə qəbul olunub. Daha sonra isə təhsilini Moskva Stomatologiya İnstitutunda davam etdirib.
İnstitutun ən fəal tələbələrindən biri olan Doynikov birinci kursda tələbə həmkarlar təşkilatına rəhbərlik edib. İkinci kursda o, laborant kimi işləməyə başlayıb. Ali təhsilini fərqlənmə diplomu ilə başa vurduqdan sonra Doynikovu işçi kimi institutda saxlayıblar. Elmi yaradıcılığını ön plana çəkən gənc stomatoloq qiyabi yolla aspiranturada da təhsil alıb.
Elmi məqalələri ilə mətbuatda mütəmadi çıxış edən gənc mütəxəssis SSRİ Səhiyyə Nazirliyinin diqqətindən kənarda qalmayıb. 1947-ci ildə Doynikov gözlənilməz bir təklif alıb. Onu Səhiyyə Nazirliyində yenicə yaradılmış stomatoloji yardım şöbəsinə müdir təyin ediblər. Beləliklə, 29 yaşlı Aleksey Doynikov ölkənin baş stomatoloqu vəzifəsini daşıyıb.
Doynikov bir neçə il ərzində stomatologiya sahəsində böyük elmi uğurlara imza atıb. Amma növbəti iş təklifi onun elmi yaradıcılığına maneçilik törədib.
1952-1953-cü illərdə SSRİ səhiyyəsində Stalinin göstərişi ilə “həkim işi” adı altında aparılan prosesdə kütləvi həbslər və kadr islahatları nəticəsində səhiyyə naziri Yefim Smirnov səhiyyə naziri vəzifəsindən uzaqlaşdırılıb. Onun yerinə isə Mariya Kovrigina təyin olunub. Həmin ərəfədə Kremlin həkim-stomatoloqu Lipets öz ərizəsi ilə işdən azad olunub. Amma onun işdən getməsinin heç bir siyasi motivi olmayıb. Sadəcə yaşla və xroniki sinir xəstəliyi ilə bağlı Lipetsin əllərində əsmə yaranıb. Bu səbəbdən də o, işləməyini mümkün saymayaraq işindən könüllü ayrılıb.
Yeni təyin olunmuş nazir Kreml üçün həkim-stomatoloq axtarışına başlayıb. Qısa axtarışlardan sonra Aleksey Doynikov nazirliyə dəvət olunub və ona SSRİ Səhiyyə Nazirliyinin 4-cü idarəsində baş stomatoloq vəzifəsi təklif edilib. Qeyd edək ki, bu idarə Kreml məmurlarına xidmət edib. Doynikov təklif olunan vəzifədən imtina etmək istəsə də, bu cəhdi baş tutmayıb.
Sözsüz ki, elmi yaradıcılıqla məşğul olan bir həkimin Stalin hakimiyyəti dövründə Kremldə işləməyə başlaması və yeni ağır rejimə uyğunlaşması çətin olub. Aleksey Doynikov sonralar verdiyi açıqlamalarda həmin çətin ərəfəni belə xatırlayıb:
“4-cü idarənin stomatoloji mərkəzi Kremldə yerləşirdi. Orada isə tamam fərqli bir rejim hökm sürürdü. Gecə yarıyadək iş kabinetində olmaq, diş probelimindən əzəyyət çəkən və bu səbəbdən də əsəbi, qıcıqlı olan yüksəkçinliləri razı salmaq o qədər də asan məsələ deyildi. Amma qısa müddətdən sonra mən bunların hamısına alışdım. Kremldə ilk pasientim Lazar Kaqanoviç olub. Axşamdan xeyli keçmiş, saat 10-11 radələrində o, mənim kabinetimə gəldi. Bir neçə saniyə məni süzdükdən sonra soruşdu:
- Sən kimsən?
Sakitliklə cavab verdim:
- 4-cü idarənin baş stomatoloqu.
- Sən cavan oğlansan, sənin nə təcrübən var ki, mən sənə dişlərimi etibar edim?
Kaqanoviçin bu fikrini cavabsız qoymadım:
- Mən dosentəm.
- Sən professor da ola bilərsən, amma təcrübən kifayət qədər ola bilməz. Mən sənə etibar edə bilmərəm.
Mən artıq heç nə demədim və onun bu cür münasibəti mənə çox pis təsir etdi. Qapıdan çıxanda ayaq saxladı, üzünü mənə çevirmədən dedi:
- Mənim arvadımın da dişlərində problem var, göndərəcəm yanına, baxarsan.
Üç gündən sonra Kaqanoviçin həyat yoldaşı yanıma gəldi. Həyat yoldaşından fərqli olaraq o, mədəni bir qadın idi. Onun bütün diş problemlərini həll etdim, hətta dişlərində yüngülvari estetik bir düzəliş də apardım. Məndən çox razı qaldı. Bir neçə gündən sonra isə Kaqanoviç yenidən kabinetimə gəldi, heç nə demədən pasient kreslosuna əyləşib, “buyurun”, dedi...”
Kremldəki fəaliyyətində Aleksey Doynikov üçün ən maraqlı məqam Stalinlə görüş olub. O, bu görüşün gərgin keçəciyini düşünüb. Amma yanılıb. Stalin onun yaddaşında ideal pasient kimi qalıb:
“Üç ay ərzində həkim kimi Stalinə xidmət göstərmişəm və mən onu ən ideal pasientim kimi qəbul etmişəm. Əvvəldən də eşitmişdim ki, Stalin həkimlərə çox da etibar etmir və həkimlərlə münasibətdə daha sərt olur. Amma düşüncələrimdə yanılmışdım. Ömrünün sonuncu aylarında onun ağız boşluğunda kifayət qədər böyük problemlər var idi. Üst tərəfdə üç, altda isə altı dişi qalmışdı. O, protezlə gəzirdi və sonuncu protezini də mən düzəltmişdim. Stalin hamının düşündüyü qədər də kobud insan deyildi, bir pasient kimi kaprizləri də yox idi. O, sakitcə kabinetə daxil olurdu, kresloya əyləşirdi. Mən aparacağım müalicələr haqqında ona danışanda, o, sözümü yarımçıq qoyurdu, “nə istəyirsiniz, edin, amma hər şey həddində olsun” deyirdi. Ümumiyyətlə, o mənim işimdən həmişə razı qalırdı və kabinetdən çıxanda gülümsəyərək təşəkkür edirdi...”
Təbii ki, məmurların fərqli xarakterləri stomatoloji kabinetdə də özünü biruzə verib.
Lavrenti Beriya yeganə pasient olub ki, diş həkiminin kabinetinə də mühafizəçi ilə keçib. Həmişə qəzəbli görünən “NKVD” başçısı stomatoloji kabinetdə də eyni vəziyyətdə görünüb. O, diş həkimi ilə repressiya edəcəyi bir şəxslə danışdığı kimi rəftar edib. 1953-cü ildə Beriyanın müalicə kursu yarımçıq qalıb.
Marşal Jukov qətiyyətli pasient olmağı ilə fərqlənib. Qəbulların birində Doynikov onun dişini çəkməyə hazırlaşanda keyləşdirici iynə vurulmasının lazım olduğunu bildirib. Jukov qətiyyətlə “mənim dişimi heç nəsiz çəkin” deyə iynədən imtina edib.
Mədəniyyət naziri Yekaterina Furtseva isə əksinə olaraq ən kişik diş əməliyyatlarında ümumi narkozun vurulmasını tələb edib. “Mən güclü qadınam, amma diş həkiminin qarşısında aciz bir vəziyyətə düşürəm “ deyən xanım nazir ən qorxaq pasient kimi yadda qalıb.
Doynikov üçün ən kaprizli pasient Moskvanın birinci katibi Viktor Qrişin sayılıb. O, ən kiçik müalicələrlə bağlı saatlarla fikir mübadiləsi aparıb. Müalicənin ən kiçik detallarının belə izahını həkimdən tələb edib.
Pasientlər arasında ağız boşluğuna ən çox diqqət yetirən Vyaçeslav Molotov olub ki, o, yaşlı vaxtlarında da dişlərini itirməyib. Molotovun stomatoloji kabinetdə başqa bir problemi olub. O, kresloya əyləşən kimi yuxulayıb. Mühafizəçiləri əvvəlcədən Doynikova xəbərdarlıq ediblər ki, onu oyatmasın. Beləliklə, Doynikov hər dəfə Molotovun 15-20 dəqiqəlik yuxusunu gözləməli olub. Molotovun həyat yoldaşı isə stomatoloji kabinetə təşrif buyurunda ilk olaraq barmağı ilə şkafların üstündə tozun olub-olmamasını yoxlayıb.
Nikita Xruşov da maraqlı pasientlər sırasında olub. Doynikov baş katibin dişlərini müalicə edərkən bildirib ki, altıncı dişinin ucu çox itidir. Xruşov isə qəhqəhə çəkərək “baş katibin dişi iti olmalıdır” deyə Doynikova cavab verib.
Aleksey Kosıgin Doynikovun yaddaşında ən mədəni və alicənab pasient kimi qalıb. Həm özünün, həm də ailə üzvlərinin xoş rəftarından, yüksək mədəniyyətindən, səmimi münasibətindən Doynikov zövq alıb.
İlk qadın kosmonavt Valentina Tereşkova sinəsində qəhrəman ulduzu gəzdirsə də, stomatoloji kabinetdə olduqca qorxaq bir görkəm alıb.
Anastas Mikoyan və Kliment Voroşilov tələbkar pasient olub. Onlar Doynikovdan keyfiyyətli müalicə və keyfiyyətli protez tələb ediblər.
Nikolay Podqornı stomatoloji kabinetdə özünü xüsusi statusda təqdim edib. “Mən SSRİ-nin “prezident”iyəm, mənə xüsusi tibbi xidmət göstərilməlidir” deyən SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri həkim-stomatoloqdan daha böyük qayğı gözləyib.
Mixail Qorbaçov, Dmitri Ustinov, Mixail Suslov, Andrey Qromıko Doynikov üçün sıradan gələn adi pasientlər sayılıb.
Leonid İliç Brenev isə Aleksey Doynikov üçün “xüsusi” pasienti olub. O, öz müsahibələrində baş katiblə bağlı maraqlı məqamlar açıqlayıb:
“Brejnev ən problemli pasient idi. Onun nitqindəki qüsurları bütün dünya bilirdi. Amma bunun əsas səbəbi dişlərlə bağlı deyildi. Hamı elə düşünürdü ki, baş katibin problemi, nitqindəki qüsurları protezi ilə bağlıdır. Mən onun protezi üçün bir neçə dəfə Almaniyaya getmişdim və onun üçün ən müasir texnologiya və materialla hazırlanmış protez düzəltdirmişdim. Brejnev infarkt, mikroinsult və dil iflici keçirtmişdi, bu isə onun nitqinin rəvanlığına əngəllik tərədirdi, digər tərəfdən, onun alt və üst çənə sümüklərinin problemi də var idi ki, problemi cərrahiyyə əməliyyatı ilə aradan götürmək mümkün deyildi. Nə qədər problemli olsa da, Brejnev çox zarafatcıl, xoş rəftarlı bir insan idi. Müalicə başlanandan sona qədər o zarafat edirdi. İçki və siqaret onun səhhətinə kifayət qədər zərbə vurmuşdu. Demək olar ki, bütün ailə üzvləri zərərli vərdişlərdən əziyyət çəkirdilər. Qardaşı da mənim pasientim olub. Həmişə müalicə kursunu yarımçıq qoyub. Baş katibin qızı Qalya isə tamam başqa bir aləm idi. O, çox savadlı və mütaliəli bir xanım idi. Şıltaqlığı isə bütün hədləri keçmişdi. Soyuq havaların birində Qalya axşamüstü yanıma gəlmişdi. Temperaturun mənfi olmasına baxmayaraq o, corabsız yay ayaqqbıları geyinmişdi.
Paltarı çox qısa idi, yaxası isə demək olar ki, yarıdan çox açıq idi. Mən onun bu geyiminə baxdıqdan sonra irad bildirdim:
- Qalya, belə havada corabsız gəzmək olmaz.
O, mənim iradıma gülə-gülə cavab verdi:
- Aleksey İvanoviç, siz çox geridə qalmısınız. İndi nəinki corabsız, hətta tumansız və lifçiksiz gəzirlər.
Qalya bunları dedi və paltarını yuxarı qaldırdı. Həqiqətən də heç bir alt paltarı yox idi. Onun üçün bu cür hərəkətlər adi sayılırdı. Şıltaqlığı ilə yanaşı Qalya dişlərinə ciddi fikir verirdi. Problem oldu-olmadı vaxtaşırı yanıma gəlirdi. Brejnevin bütün ailə üzvləri mehriban idilər. Qalya mənə tez-tez hədiyyələr də verirdi...”
Hədiyyə almağı sevən sovet liderləri hədiyyə verməyi də seviblər. Aleksey Doynikov siyasi liderlərdən aldıqları hədiyyələri mətbuatdan gizlətməyib. O, qeyd edib ki, hədiyyələri əsasən birincilər yox, onların ailə üzvləri veriblər. Həkimə daha çox saat hədiyyə olunub. Bununla yanaşı müxtəlif içkilər, köynəklər, suvenirlər də həkimin hədiyyə kolleksiyasına daxil edilib.
İşinin gərgin olmasına baxmayaraq Aleksey Doynikov Kremldə işlədiyi illərdən narazılıq etməyib. Bu vəzifədə işlədiyi 30 il ərzində o, 30-dan artıq xarici ölkədə olub. Hətta bəzən elə olub ki, Brejnev xarici səfərdə olarkən protezində problem yarananda Doynikov xüsusi reyslə həmin ölkəyə uçub.
Bununla yanaşı Aleksey Doynikov Kremlin bütün imtiyaz və güzəştlərindən yararlanıb, mənzil və bağ evi ilə təmin edilib. Elmi əsərləri növbədənkənar dövlət sifarişi ilə çap olunub, zaman-zaman ən yüksək dövlət mükafatları təltif edilib.
1984-cü ildə səhhətinə görə 4-cü idarədən uzaqlaşan Aleksey Doynikov fəaliyyətini Moskva Dövlət Tibbi Stomatologiya Universitetində davam etdirib.
Kremlin baş stomatoloqu 2006-cı ildə, 86 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib.
İlham Cəmiloğlu