Yüz minlərlə insanı məhv edən cəlladların aqibəti –onlardan yalnız 1-i 15 il həbs cəzası alaraq sağ qalıb
Ötən saylarımızda “NKVD üçlükləri” haqqında yazıda qeyd etmişdik ki, İosif Stalinin təşəbbüsü, Siyasi Büronun razılığı ilə 30 iyul 1937-ci ildə “NKVD” başçısı Nikolay Yejovun 00447 nömrəli əmrinə əsasən yaradılan “üçlük”lər heç bir istintaq və məhkəmə olmadan yüz minlərlə insanın həyatına son qoyub. Stalinin böyük terror planının əsas icraçı maşını olan “üçlük” əsasən “NKVD” idarələrinin rəisləri, partiya komitələrinin katibləri və prokurorlar daxil ediliblər.
Yenixeber.org: “NKVD” üçlükləri ilə bağlı maraqlı məqamlardan biri isə odur ki, “xalq düşmənləri”ni güllələnməyə məhkum edən bu üçlüklərin özləri sonradan “xalq düşməni” adı alaraq özləri güllələnməyə məhkum olunublar.
Nikita Xruşov hakimiyyətə gəldikdən sonra Stalinin siyasi fəaliyyətini alt-üst etmək üçün mütəxəssislərə arxivləri araşdırmağı göstəriş verəndə “maraqlı” bir sənəd üzə çıxıb. Həmin sənəddə Siyasi Büronun və şəxsən İosif Stalinin təşəbbüsü ilə «üçlük”lərə rəhbər təyin ediləcək 16 nəfərin siyahısı olub. Sənədə “təsdiq edirəm” dərkənarı ilə İosif Stalin, Vyaçeslav Molotov, Lazar Kaqanoviç imza atıblar. Digər Siyasi Büro üzvlərinin razılığı isə telefonla alınıb.
Nikita Xruşov bu sənədlə bağlı açıqlama verərkən qeyd edib ki, gərək siyahıda 17-ci adam Stalinin özü olaydı və onu da 17-ci cəllad kimi güllələyəydilər.
Bu fikir Xruşov tərəfindən niyə səslənib?
Belə ki, Stalinin “xalq düşmənləri” ilə mübarizə etmək üçün seçdiyi və etibar etdiyi bu 16 adamın hamısı sonradan “xalq düşməni” kimi özləri repressiyaya məruz qalıblar. Həmin şəxslərdən 10 nəfəri güllələnib, 2 nəfəri istintaq zamanı təcridxanada, 1 nəfəri isə düşərgədə ölüb. 2 nəfər intihar edib və 1 nəfər isə 15 il həbs cəzası çəkdikdən sonra azadlığa çıxa bilib.
“Xalq düşmənləri” ilə mübarizə aparan “xalq düşmənləri” kimlər olub, siyahıda kimlərin adı əks olunub?
1. Aleksey Nesedkin - Smolensk vilayət xalq daxili işlər komissarlığı idarəsinin rəisi, dövlət təhlükəsizliyi mayoru, 20 dekabr 1938-ci ildə həbs edilib, güllələnib.
2. Yakov Deyç - Rostov vilayət xalq daxili işlər komissarlığı idarəsinin rəisi, 3-cü ranq dövlət təhlükəsizliyi komissarı, 29 mart 1938-ci ildə həbs edilib, istintaq təcridxanasında ölüb.
3. Viktor Juravlyov - Kuybışev vilayət xalq daxili işlər komissarlığı idarəsinin rəisi, dövlət təhlükəsizliyi mayoru, intihar edib.
4. Dmitri Qreçuxin - Krasnoyarsk vilayət xalq daxili işlər komissarlığı idarəsinin rəisi, dövlət təhlükəsizliyi mayoru, 3 noyabr 1938-ci ildə həbs edilib, güllələnib.
5. Viktor Xvorostyan - Ermənistanın xalq daxili işlər komissarı, dövlət təhlükəsizliyi mayoru, 1939-cü ilin fevral ayında həbs edilib, istintaq zamanı Butırka türməsində ölüb.
6. Denerik Apresyan - Özbəkistan xalq daxili işlər komissarı, dövlət təhlükəsizliyi mayoru, 1938-ci ilin noyabrında həbs edilib, güllələnib.
7. Nikolay Zaqvozdin - Tacikstan xalq daxili işlər komissarı, dövlət təhlükəsizliyi mayoru, 9 fevral 1939-cu ildə həbs edilib, güllələnib.
8. Artur Mixelson - Krım Muxtar Respublikasının xalq daxili işlət komissarı, dövlət təhlükəsizliyi mayoru, 1938-ci ilin noyabrında həbs edilib, güllələnib.
9. Vasili Mixaylov - Tatarstan Muxtar Respublikasının xalq daxili işlər komissarı, dövlət təhlükəsizliyi kapitanı, 1939-cu ilin yanvarında həbs olunub, güllələnib.
10. Aleksandr Medvedyev - Başqırdıstan Muxtar Respublikasının xalq daxili işlər komissarı, dövlət təhlükəsizliyi kapitanı, 1939-cu ilin yanvarında həbs edilib, güllələnib.
11. Vasili Tkaçev - Buryat-Monqol Muxtar Respublikasının xalq daxili işlər komissarı, döblət təhlükəsizliyi polkovniki, 1941-ci ildə həbs olunub, güllələnib.
12. Nazar Karnaux - Kabardin-Balkar Muxtar Respublikasının daxili işlər komissarı, dövlət təhlükəsizliyi kapitanı, 1939-cu ilin may ayında həbs olunub, cəzaçəkmə müəssisəsində ölüb.
13. Semyon Mirkin - Şimali Osetiya Muxtar Respublikasının xalq daxili işlər komissarı, dövlət təhlükəsizliyi mayoru, 1940-cı ilin aprel ayında həbs olunub, güllələnib.
14. Nikita İvanov - Çeçen-İnquş Muxtar Raspublikasının xalq daxili işlər komissarı, dövlət təhlükəsizliyi mayoru, 1939-cu ilin yanvar ayında həbs olunub, güllələnib.
15. İvan Lotsmanov - Qırğızıstan xalq daxili işlər komissarı, dövlət təhlükəsizliyi polkovniki, 25 yanvar 1940-cı ildə həbs olunub, güllələnib.
16. Pavel Volodzko - Alma-Ata vilayət xalq daxili işlər komissarlığı idarəsinin rəisi, dövlət təhlükəsizliyi mayoru, 1938-ci ilin mart ayında həbs olunub, 15 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Siyahıdan göründüyü kimi, mifləşdirilmiş Stalinin buraxdığı səhvlər haqqında söylənilən əfsanələrdən də böyük olub. Və bu məqamda Nikita Xruşovun bu sənədlə bağlı yuxarıda qeyd etdiyimiz fikirləri ilə razılaşmaq da olar.(musavat)
İlham Cəmiloğlu