Paşinyana istefa qadağan olunub: Sahibləri ondan hakimiyyətdə qalıb, öhdəliklərin icrasını tələb edir
Böyük ehtimalla Nikol Paşinyan öz toxunulmazlığına və hakimiyyətinin davamına müəyyən təminatlar ala bilib...
Yenixeber.org: Özünü hakimiyyətə gətirənlərin razılığı olmadan o, baş nazir postunu kimsəyə təhvil verə bilməz, ona istefa ilə aradan çıxmaq şansı tanımazlar...
Nikol Paşinyan hazırda Ermənistan üçün Qərbə "pəncərə" açmağa çalışır, ona görə də, yeganə doğru hədəf kimi Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa can atır...
Ermənistanın "qara günləri" davam edir. Bu düşmən ölkə üçün həyatın yaxın vaxtlarda normal axarına dönə biləcəyi o qədər də inandırıcı görünmür. Yəni, düşmənin "qara günləri" hələ uzun müddət davam edəcəyə bənzəyir.
Ermənistan hazırda mövcudluq və yox olmaq arasında çırpınır. Bir ölkənin mövcudluğu onun dövlətinin siyasi-hüquqi iradəsinin əhatə dairəsi ilə ölçülür. Ermənistanda belə ölçü üçün istinad edilə biləcək faktorlar qalmayıb. Paşinyan iqtidarının siyasi-hüquqi iradəsinin təsir dairəsi hökumət binası ilə məhdudlaşmış kimi görünür. Yəni, erməni cəmiyyəti dövlətlə dövlətsizlik arasında qalıb.
Əslində, Ermənistan cəmiyyətinin mövcudluğu da kifayət qədər şübhələr doğuran məsələdir. Cəmiyyət adətən, ölkə üçün taleyüklü proseslərə adekvat reaksiya vermək qabiliyyəti olan ictimai mexanizmlərdən biri sayılır. Ermənistanda isə bu, müşahidə olunmur.
Məsələ ondadır ki, bu düşmən ölkədə xaotik vurnuxma, qarışıq didişmə əlamətləri müşahidə olunur. Hədəfin nə olduğu isə demək olar ki, bəlli deyil.
Ermənistanın kapitulyasıya sənədinə imza atdığı gündən üzü bəri baş nazir Nikol Paşinyanın istefası tələb olunmaqdadır. Artıq proses ikinci aya keçsə də, hələ də nəticə yoxdur. Amma bunun əvəzində çoxlu şayiə var.
Baş nazir Nikol Paşinyanın dekabrın 31-də xalqa müraciət edərək, istefa verəcəyi iddia olunurdu. Yeni İl gecəsi hakimiyyətin indiki Rusiya prezidenti Vladimir Putinə ötürülməsi ilə nəticələnən "Yeltsin variantı"nın baş verə biləcəyinə ümid bəsləyirdilər.
Ancaq deyəsən, bu, elə ümid olaraq da qalacaq. Çünki baş nazir N.Paşinyanın yaxın ətrafı istefa müraciəti barədə iddiaları dərhal təkzib etdi. Yəni adamın istefa vermək niyyəti yoxdur.
Siyasi rəqibləri isə bunu cəmiyyətin gücü ilə reallaşdırmaq imkanında deyillər. Onların da siyasi-ictimai resursları məhduddur. Çünki erməni cəmiyyəti parçalanıb. Hədəflər qeyri-müəyyən və ziddiyyətli məzmun daşıyır. Ermənistanın düşdüyü ölkədaxili xaosu, siyasi böhranı daha da dərinləşdirən "ictimai labirinti" şərtləndirən əsas faktor da elə məhz budur.
İlk baxışda elə təsəvvür yaranır ki, sanki Ermənistanda hər kəs baş nazir Nikol Paşinyanın istefasında israrlıdır. Ancaq bu barədə xarici ictimai araşdırma agentliklərindən birinin Ermənistanda keçirdiyi gizli rəy sorğusu maraqlı və gözlənilməz nəticələri ilə diqqəti çəkib.
Belə ki, rəyi soruşulanların 56 faizi baş nazir N.Paşinyanı dəstəklədiyini bildirib. Müxalifətin istefa tələbləri respondentlərin 37 faizində müsbət qarşılıq tapıb. Geri qalanlar isə tərəddüd etdiklərini bildiriblər.
Əslində, bu, o qədər də təəccüblü deyil. Paşinyan hakimiyyəti xarici faktorlara bağlı "siyasi məhsul"dur. Ermənistan kimi zəif ölkələrdə dövlətin və hakimiyyətin taleyi qətiyyən xalqın istəyi ilə həll olunmur.
Elə rəy sorğusunun məhz adı gizli tutulan xarici agentlik tərəfindən keçirilməsi də bir ictimai xəbərdarlıq mesajı kimi dəyərləndirilə bilər. Böyük ehtimalla N.Paşinyanın istefasında israr edənlərə onun sahibsiz olmadığını anlatmağa çalışırlar.
Belə düşünmək olar ki, Ermənistanda hakimiyyət dəyişikliyi məsələsində daxili və xarici faktorlar toqquşur. Əsas siyasi qərar iradəsi xarici faktorlara bağlı olduğundan daxili müqavimət resursları öz təsir gücünü itirmiş duruma düşüb.
Təbii ki, baş nazir Nikol Paşinyanın da məhz bu amilə söykənərək, gücləndiyini düşünmək olar. Böyük ehtimalla baş nazir N.Paşinyana istefa icazəsi hələlik verilməyib. Özünü hakimiyyətə gətirənlərin razılığı olmadan o, baş nazir postunu kimsəyə təhvil verə bilməz.
Məsələ ondadır ki, onu hakimiyyətə boşuna gətirməyiblər. Qarşısına konkret öhdəliklər qoyublar. N.Paşinyan həmin öhdəlikləri yerinə yetirmədən, onun istefa ilə aradan çıxmasına imkan verməzlər.
Ermənistanda ictimai qəzəbin ən böhranlı dövründə baş naziri tapa bilmədilər. Sonradan məlum oldu ki, ABŞ səfirliyində gizlənirmiş. Sual yarana bilər ki, ABŞ səfirliyi tezliklə devriləcəyi şübhə doğurmayan faydasız bir "siyasi tullantı"nı niyə qorumaq istəyib?
Deməli, baş nazir N.Paşinyandan əllərini hələ tam üzməyiblər. Ermənistandakı qüvvələr nisbətini də ermənilərin özlərindən daha yaxşı bildikləri üçün onun hakimiyyətini qorumağın mümkün olduğuna əmindirlər.
Təbii ki, baş nazir Nikol Paşinyanın belə inadkarlıq ilə öz kreslosundan bərk-bərk yapışmasının səbəbi də məhz bu faktor ola bilər. Böyük ehtimalla o, öz toxunulmazlığına və hakimiyyətinin davamına müəyyən təminatlar ala bilib. Etiraz dalğasının da zaman keçdikcə zəifləyəcəyinə əmindir. Və öz sahiblərinə yeni xidmətlər üçün artıq müəyyən planlar qurmağa başladığı da diqqətdən yayınmır.
Onu da qeyd edək ki, hakimiyyətə gətirildiyi 2018-ci ildən bəri baş nazir Nikol Paşinyan sahiblərinin təlimatlarını uğurla yerinə yetirib. Onun Rusiya əleyhinə siyasi kursu Ermənistan ictimai rəyinin təməl prinsiplərinə çevrilib. Erməni cəmiyyəti mənəvi-psixoloji cəhətdən Rusiyadan qopmuş kimi görünür. Baş nazir Nikol Paşinyanın siyasi rəqiblərinin əsas problemlərindən biri də məhz bu faktor hesab oluna bilər.
Məsələ ondadır ki, erməni baş nazirin siyasi rəqiblərinin keçmişi əsasən Rusiya ilə bağlıdır. İctimai rəy isə indi belə keçmişi olan siyasi qüvvələri yaxına buraxmaq istəmir.
Bu faktor Kremlin də Ermənistanda cərəyan edən siyasi proseslərə müdaxilə imkanlarını məhdudlaşdırır. Hər hansı kənar müdaxilə isə parçalanmış erməni cəmiyyətini daxili silahlı toqquşmalarla müşayiət olunacaq kataklizmlərə sürükləyə bilər. Üstəlik, üçtərəfli anlaşma da Rusiyanın manevr məkanını daraldır.
Çünki Ermənistan tamamilə daxili xaosun hökmranlığı altına düşüb, idarəolunmaz duruma gələrsə, Kreml üçün böyük əhəmiyyət daşıyan sülhməramlı prosesin icrası yarımçıq qala bilər. Ona görə də, N.Paşinyanın hakimiyyətdə qalmaq israrına mümkün olduğu qədər səbr göstərilir.
Böyük ehtimalla N.Paşinyan yaranmış bu "siyasi pat vəziyyəti"ndən hələlik məmnun da ola bilər. Çünki etiraz dalğası yatırıldıqca onun öz sahiblərinə xidmət imkanları da artmağa başlayacaq. Xidmət etdikcə isə ona hakimiyyətini daha da möhkəmləndirib, uzatmaq üçün əlavə dəstək resursları açıla bilər.
Göründüyü kimi, Ermənistan ətrafında olduqca qəliz siyasi oyunlar davam edir. Regionda maraqları olan xarici güclər Ermənistan üzərində tam nəzarət cəhdlərində israrlı görünürlər.
Ölkəni yenidən 2018-ci ildən öncəki siyasi-iqtisadi prioritetlərə qaytarmağa həvəsli olan rəqiblərinin korrupsiya tərcümeyi-halı da N.Paşinyan üçün ümidverici faktorlardan sayıla bilər. Çünki ermənilər N.Paşinyanın son iki il ərzində ictimailəşdirdiyi qalmaqallı korrupsiya örnəklərini təkrar yaşamağa hər halda, o qədər də həvəsli deyillər.
Digər tərəfdən, N.Paşinyan yenidən ermənilərə daha sərfəli gələcəyin ünvanını göstərməyə cəhd göstərir. O, son günlər Ermənistanın xilasının Qərbdə olduğunu yenidən təkrar etməyə başlayıb.
Ancaq Qərbə açılan yeganə qapının istiqaməti ermənilər üçün mənəvi-psixoloji diskomfort yaradır. Belə ki, Ermənistanı Qərblə qovuşdura biləcək marşrut məhz Azərbaycan və Türkiyə üzərindən keçir. Başqa istiqamət isə fərqli gələcək şansını qapadıb, yenidən keçmişə aparır. Hər halda, ermənilər Azərbaycan və Türkiyə istiqamətindən imtina etsələr, şimala baxanda Rusiyanı, cənuba nəzər salandasa, İranı görməyə məhkumdurlar.
Belə anlaşılır ki, Ermənistanın xilas yolu israrla düşmənçilik etdikləri Azərbaycan və Türkiyə üzərindən keçir. Bu iki qonşusu ilə normal münasibətlər qurmadan Ermənistanın maliyyə-iqtisadi cəhətdən dirçəlişi xəyaldan başqa bir şey deyil. Ya normal qonşuluq şəraitində yaşayıb, inkişaf etmək yolunu seçəcəklər, ya da bundan da ağır böhtanın içərisində boğulmaqda davam edəcəklər.
Maraqlıdır ki, hazırda N.Paşinyan bu reallığı ən doğru dəyərləndirən və qəbul edən yeganə erməni kimi də diqqəti çəkir. Belə ki, o, bir müddət öncə "Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq lazımdır. Azərbaycan indi çox güclüdür. Bu reallığı qəbul etməliyik" demişdi.
Belə anlaşılır ki, baş nazir Ermənistan cəmiyyətinə mövcud reallıqları tədricən ötürməyə cəhd göstərir. Ölkəsini bu reallıqlarla yaşamaq və faydalanmaq vərdişlərinə hazırlamağa çalışır.
N.Paşinyan indi hamıdan daha yaxşı anlayır ki, Ermənistanın mövcudluğu, maliyyə-iqtisadi inkişafı və can atdıqları Qərbə çıxış "pəncərə"sinin taleyi düşmən olduqları iki qonşu - Azərbaycan və Türkiyə ilə qurulacaq qarşılıqlı münasibətlərin necə olacağından birbaşa asılıdır. Alternativ variant isə qeyri-müəyyənlik içərisində çırpınaraq, dövlətin tamamilə iflasa uğrayıb, yox olacağı günü gözləməkdən başqa bir şey deyil.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert