Yenixeber.org: Azərbaycanın razılığı əsasında Rusiya tərəfindən Xankəndinə göndərilən humanitar yük dekabrın 6-da Gəncə beynəlxalq hava limanına çatdırılıb. Buradan humanitar yardım müəyyən edilmiş Gəncə-Bərdə-Ağdam-Xankəndi marşrutu üzrə avtomobil yolu ilə təyinat məntəqəsinə yola düşüb.
Bu tarixə qədər Rusiya sülhməramlılarının bütün şəxsi heyəti, hərbi texnikası və onlara lazım olan təchizat Ermənistan vasitəsilə Dağlıq Qarabağa daşınıb. (Cəmi bir dəfə Rusiya hərbi avtomobil karvanı Azərbaycandan keçməklə Xankəndinə gedib.) Ermənistandan gələn yüklərin tərkibi, sayı və s. məsələlər Azərbaycanla razılaşdırılmayıb. Eləcə də Dağlıq Qarabağ ermənilərinin geri qaytarılması, onlara yaşayış şəratinin yaradılması üçün lazım olan inşaat materialları və digər yüklərin daşınması da Bakının nəzarətindən kənarda baş verib. Rusiya Fövqəlada Hallar Nazirliyi bu istiqamətdə fəaliyyətini Ermənistanın müvafiq qurumları ilə koordinasiya etməyə üstünlük verib, hətta ikitərəfli sənəd də imzalanıb. Proses indi də davam etdirilir və Azərbaycanda narazılıqlara, suallara səbəb olur. Bəzi ekspertlər, müxalifət liderləri və ictimai rəy liderləri Rusiyanın ölkənin suverenliyi ilə ziddiyyət təşkil edən özfəaliyyətin dayandırılmasını, Bakının Moskvadan izahat tələb etməli olduğunu vurğulayırlar.
Ehtimal etmək olar ki, Azərbaycan rəhbərliyi də sülhməramlı mandatından kənara çıxan və dövlət suverenliyi ilə uzlaşmayan hərəkətlərlə bağlı Rusiya qarşısında məsələ qaldırıb. Dekabrın 3-də Azərbaycanın müdafiə naziri Zakir Həsənov Dağlıq Qarabağda yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı Rüstəm Muradovu qəbul edib. Görüşdən verilən informasiyada bildirilib ki, üçtərəfli Bəyanatın müddəalarının icrası məsələləri müzakirə olunub. Dekabrın 5-də isə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub. XİN-in yaydığı məlumata görə, tərəflər noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarının icrasını, o cümlədən tərəflərin sülhməramlılarla qarşılıqlı əlaqəsini, habelə ikitərəfli əməkdaşlığın aktual məsələləri və beynəlxalq gündəmdəki bəzi məsələləri müzakirə ediblər.
Görüşlərdən sonra Dağlıq Qarabağa göndərilən humanitar yüklərin Azərbaycan üzərindən çatdırılmasına start verilib. Belə qənaətə gəlmək olur ki, Rusiya rəhbərliyi Azərbaycan rəsmilərinin iradlarının bir hissəsini qəbul edib. Humanitar yüklərin bir qisminin Gəncə üzərindən daşınması onlara nəzarət imkanı verir. Amma burada bütün suallara cavab yoxdur və Bakı mütləq onları da Kreml qarşısında qaldırmaqda davam etməlidir. Söhbət nədən gedir?
İlk növbədə Azərbaycan gömrük və sərhəd xidmətinin Laçında fəaliyyəti bərpa edilməlidir. Əgər Rusiya Dağlıq Qarabağı və Laçını Azərbaycanın tərkib hissəsi olaraq tanıyırsa, onun bu suveren hüququnu həyata keçirməsinə mane olmamalıdır. Bu halda, Bakı bölgəyə hansı yüklərin gətirilməsi, eləcə də Ermənistandan Dağlıq Qarabağa gətirilən ermənilərin həqiqətən yerli sakin olub-olmadığı barədə informasiyalar əldə etmiş olar.
Digər vacib məqam ümumiyyətlə, Dağlıq Qarabağın bizim nəzarətimizdən kənar ərazisinə humanitar yüklərin çatdırılmasına yardım etməyin Azərbaycanın maraqları baxımından nə qədər məqbul olmasıdır:
Birincisi, bölgədəki erməni əhalisi Azərbaycanın suverenliyini qəbul etmir;
İkincisi, Dağlıq Qarabağda erməni silahlı birləşmələri qalmaqda davam edir və onlar hələ ki hər hansı səbəb göstərilmədən oradan çıxarılmır;
Üçüncüsü, separatçılar bölgədə fəal şəkildə əvvəlki cinayətkar fəaliyyətini davam etdirirlər. Azərbaycanın hərbi cinayətkar elan edib, beynəlxalq axtarışa verdiyi Araik Arutunyan “dövlət administrasiyası” formalaşdırır, təyinatlar aparır.
İndi sual olunur: Rusiya bu qanunsuz idarəçiliyin humanitar problemlərini həll etmək üçün onlara dəstək göstərdiyi bir halda, Azərbaycanın bu prosesdə iştirak etməsi nə dərəcədə doğrudur? Ümumiyyətlə, bu cür fəaliyyət Rusiyanın sülhməramlı mandatına nə qədər uyğundur?
Söhbət ehtiyacı olan əhaliyə humanitar yardım aparılmasından yox, Azərbaycana tabe olmayan, ağır cinayətlər törətmiş qanunsuz quruma və onun başında dayanan şəxslərə dəstəkdən gedir.
Bakı birmənalı şəkildə bu fəaliyyətə qəti etirazını bildirməlidir.
Məsələnin hüquqi tərəfini şərh edən Hüquq və İnkişaf İctimai Birliyinin rəhbəri Hafız Həsənov “pressklub.az”a bildirdi ki, Rusiya tərəfindən Xankəndinə bu qaydada humanitar yüklərin daşınması Azərbaycan Konstitusiyasına və qanunlarına ziddir:
“Azərbaycan Konstitusiyası ilə dövlətin suverenliyi onun bütün ərazisinə şamil edilir və bu ərazi Azərbaycan Respublikasının yurisdikası altındadır. Azərbaycan Konstitusiyası və qanunları Azərbaycanın ərazi bütövlüyü və qanunlarını tanımayan bir əraziyə başqa dövlət tərəfindən Azərbaycan ərazisi ilə yüklərin daşınmasını qadağan edir. Eyni zamanda, daşımalara dair hüquqi sənədlər, heç Azərbaycan hökuməti ilə Rusiya hökuməti arasında daşımalara dair ikitərəfli müqavilələr də bu cür humanitar yük daşımalarını nəzərdə tutmur”.
Hüquqşünasın sözlərinə görə, əgər yüklərin daşınması 10 noyabrda imzalanmış üçtərəfli Bəyanatla izah edilirsə, bu da düzgün hesab edilə bilməz:
“Çünki həmin Bəyanatda nə belə bir razılaşma nəzərdə tutulub, nə də Rusiya Federasiyasının üzərində sülhməramlı olaraq belə bir öhdəlik var. Bütün bunlara rəğmən, humanitar yüklərin daşınmasına imkan yaratmaq Dağlıq Qarabağ ermənilərinə Azərbaycanın humanist münasibəti kimi yozulursa, indiki mərhələdə qarşı tərəfin bu humanizmə uyğun mesajları yoxdur. Bunlarla yanaşı, Xankəndində bu yüklərin paylanmasının Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən xüsusilə ağır cinayət törətdiklərinə görə cinayət işi qaldırılaraq axtarışa verilmiş şəxslərin iştirakı ilə həyata keçirilməsi heç bir hüquqa və məntiqə sığmır. Cinayətkar hesab edib, axtarışa verdiyimiz şəxslərə humanitar yardım adı ilə yüklərin aparılmasına imkan veririk. Hesab edirəm ki, Azərbaycan Respublikasının dövlət olaraq yurisdikiyası və qanunları qəbul edilməyən bir əraziyə bu cür qeyri-şəffaf yüklərin daşınmasına yol verilməməlidir”.(pressklub)
Turqut