Yenixeber.org: Ermənistanın baş naziri Nikol Paşinyan ATƏT-in Minsk qrupu həmsədrləri olan dövlətlərin XİN başçılarının bəyanatından yeni nəticə çıxarıb. O bildirib ki, danışıqlar prosesi bərpa oluna bilər. Paşinyanın bu mövqeyindən əvvəl Ermənistanın yeni xarici işlər naziri Ara Ayvazyan deyib ki, liderlərin üçtərəfli bəyanatı uzunmüddətli siyasi nizamlamaya yol açmır. Azərbaycan rəsmiləri Ayvazyanın bəyanatına cavab verib. XİN rəsmisi onu xəyal dünyasından reallıqlara qayıtmağa dəvət edib.
Bununla belə, açıq görünür ki, Ermənistan hökuməti 10 noyabr sənədini daimi öhdəlik kimi tanımır. Bu zaman ortaya yeni suallar çıxır.
Paşinyan gücə tabe olub
Ermənistanın götürdüyü öhdəliklərin yerinə yetirilməsində Rusiyanın cavabdehliyi var. Kreml yeganə vasitəçi kimi 10 noyabr Bəyanatının yerinə yetirilməsinə əsas qarantdır. Amma hələ də erməni silahlı birləşmələri Xankəndi, Xocavənd, Ağdərə və Xocalını tərk etməyib. Bu fakt istənilən halda Rusiyanın üzərinə məsuliyyət qoyur. Ermənistan üzərinə düşəni etməməklə Kremlin də vəzifəsini yerinə yetirə bilmədiyinə eyham vurur. Bununla da demək istəyir ki, 10 noyabr Bəyanatına hər nə qədər özü imza atıbsa da, onun yerinə yetirilməsi Ermənistanın ürəyincə deyil. Bununla da Paşinyan daxildə Rusiya əleyhinə olan “ruhları” diriltmək istəyir. Yəni bu kapitulyasiyanın müəllifi Moskvadır. Bunun paralelində o, Minsk qrupu formatında danışıqlara ümid etdiyini deməklə, həm də Fransa parlamentinin timsalında aldıqları siyasi dəstəyə istinadən cəmiyyəti “işıqgələn”ə dartmaq istəyir.
Bu proses kimə nə verəcək?
Əlbəttə ki, baş tutarsa, Paşinyanın hakimiyyətini uzada bilər. Ancaq etirazların hansı miqyas alacağını və necə nəticələnəcəyini dəqiq demək çətindir. İstənilən halda, Paşinyan Rusiyanın bölgədə olmasına “nəfəs dərməyə fürsət“ kimi baxır və növbəti siyasi raundu düşünür. Bunun necə bir plan olduğunu bizə gələcək göstərəcək. Biz istənilən halda üçtərəfli Bəyanatın ən azı bir tərəfinin bəyanatı şübhə altına aldığını görürük. Bununla belə, 1 dekabra kimi Ermənistan boşaltmalı olduğu əraziləri boşaltmaqla Moskvanı və Bakını hələ ki qıcıqlandırmaq istəmədiyini də nümayiş etdirib.
Rəsmi Bakı üçün “danışıqlar”
Hər nə qədər tənqidlərə məruz qalsa da, İlham Əliyev danışıqları bitmiş mərhələ sayır. Bu sətirlərin müəllifi də hesab edir ki, 10 noyabr sənədində xeyli açıq qalmış məsələlər var və Azərbaycan bir çox detalları hansısa qeyri-müəyyən səbəblərdən dəqiqləşdirməyib. Bu dəqiqlikdən yayınmanı Rusiyanın özü üçün bölgədə “manevr imkanları” tələbinə cavab kimi də başa düşmək olar. Bununla Azərbaycan Ermənistanı bir tərəf kimi istisna etdiyini, prosesin bundan sonrakı hissəsini Rusiya ilə aparacağını düşünür. Bakı beynəlxalq hüququn öz tərəfində olduğunu düşünərək belə nəticə çıxarır ki, Ermənistan kənarlaşdıqdan sonra Rusiya zatən bu münaqişənin subyekti deyil. Azərbaycanın da ərazi bütövlüyünü tanıyır. O zaman belə çıxır ki, iş asanlaşacaq. Təbii ki, biz rəsmi Bakının belə düşündüyünü ehtimal edirik. Ola bilsin ki, tamam başqa obyektiv və ya subyektiv amilin təsirindən bu qərar verilmiş olar.
Danışıqlar lazımdırmı?
Yuxarıdakı sualın cavabını təyin edən başlıca yeni sual budur ki, söhbət nəyi danışmaqdan gedir? Ermənistanın bu danışıqlarda ümid edəcəyi status məsələsidirsə, bunu Azərbaycanla özü də danışa bilər, əvvəlcə ərazi bütövlüyünü tanımaqla. Başqa tərəfdən, Azərbaycan bu danışıqlarda niyə iştirak etməlidir? Yalnız sülhməramlı kontingentin tərkibinin dəyişməsi və Xankəndinin hərbsizləşdirilərək Azərbaycanın yurisdiksiyasına bir an öncə girməsini tələb etməklə. Beynəlxalq birlik buna hazırdırmı? Fransa artıq ədalətli görünmək imkanını itirib və Azərbaycan onun iştirakı ilə danışıqlardan imtina etsə, heç də cığal görünməyəcək. Rusiya prosesə şərik istəmir. ABŞ təkdir. O, Türkiyə, yoxsa Almaniya ilə hərəkət edəcək? Zaman göstərəcək.