Yenixeber.org: Fransa Senatının qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması ilə bağlı qətnamə qəbul etməsinə Azərbaycan kəskin reaksiya verdi. Prezidentin beynəlxalq məsələlər üzrə köməkçisi, Xarici İşlər Nazirliyi, Milli Məclis beynəlxalq hüquqa zidd olan bu addımı pisləyən bəyanatlar yayıblar. Milli Məclis Azərbaycan hökumətinə Fransa ilə siyasi, iqtisadi əlaqələrə və rəsmi Parisin ATƏT-in Minsk Qrupunda həmsədirliyinə yenidən baxılmasını tövsiyə edib. Müxalifət də Fransa Senatının qətnaməsini qınayıb.
Sözügedən qətnamənin qəbul olunması təsadüfi deyil və Fransanın Qarabağ münaqişəsi ilə bağlı ümumi mövqeyinin nəticəsi olaraq ortaya çıxıb. Senatda təmsil olunan 5 əsas fraksiyanın qətnamənin lehinə yekdilliklə ona səs verməsi fransız siyasi elitasının münasibətini əks etdirir. Məlumdur ki, 44 günlük müharibənin gedişində Fransa prezident Makron səviyyəsində Ermənistanı dəstəklədi və Azərbaycandan müharibənin dayandırılmasını tələb etdi. Bu addım Parisin vasitəçilik mandatına elə böyük zərbə vurdu ki, Makronun sonradan Dağlıq Qarabağın hüquqi baxımdan Azərbaycana məxsus olması barədə dedikləri onu kompensasiya edə bilmədi.
Bəs, Azərbaycan hökuməti Fransa ilə siyasi, iqtisadi əlaqələrə yenidən baxa bilərmi? Real siyasətdə Bakının hansı həddə qədər irəli getmək imkanı var?
Fransanın Minsk Qrupu həmsədrliyindən uzaqlaşdırılması mümkündür, bunun üçün ATƏT-də məsələ qaldırmaq olar. Artıq vasitəçilər institutu iflasa uğrayıb, onun bundan sonra Dağlıq Qarabağdakı proseslərə təsir imkanı yoxdur. Rusiya sadəcə, bölgədəki fəaliyyətinə əlavə hüquqi əsas qazandırmaq üçün Minsk Qrupunun prosesdə iştirakı görüntüsünü yaratmaq istəyir. Bütün məsələlər – qaçqınların qaytarılması, məskunlaşma, humanitar problemlərin həll olunması, təhlükəsizlik və digər problemlər sülhməramlı kontingent və Xankəndində qurulan İdarələrarası Mərkəz vasitəsilə Moskvadan həyata keçirilir. Azərbaycan bəyan edir ki, artıq Dağlıq Qarabağ münaqişəsi mövcud deyil, ermənilərə status da verilməyəcək. Ermənistan isə bunun tam əskini deyir, danışıqların bərpasını, Dağlıq Qarabağın statusunun Azərbaycanın suverenliyindən kənar həllini tələb edir. Beləliklə, Azərbaycan üçün vasitəçilər əhəmiyyətini itirib, Rusiya prezidentinin ifadə etdiyi kimi, münqaişənin tam həlli qeyri-müəyyən zamana – gələcəyə saxlanılıb.
Azərbaycan növbəti addım kimi Fransa ilə siyasi münasibətlərin səviyyəsini aşağı sala bilər. Səfirin Parisdən geri çağırılması, münasibətlərin bir müddət müvəqqəti işlər vəkili səviyyəsinə endirilməsi mümkündür. Eyni zamanda, iki ölkə arasında müzakirəsi gedən bəzi ikitərəfli razılaşamalar üzrə fəaliyyət də dayandırıla bilər.
İki ölkə arasında iqtisadi və humanitar əlaqələrin dondurulmasına gəlincə, bu, kifayət qədər mürəkkəb prosesdir. Azərbaycanda Fransa şirkətlərinin təxminən 2,5 milyard dollar investisiyası var, qarşılıqlı ticarətin ümumi həcmi ötənilki rəqəmlərə görə 1,1 milyard dollardan artıqdır. Fransa şirkətləri (məşhur enerji şirkəti TOTAL başda olmaqla) Azərbaycanın həm neft, həm də qeyri-neft sektorunda təmil olunur, investisiya layihələrinin iştirakçısıdır. Məsələn, TOTAL “Abşeron” qaz-kondensat yatağının işlənməsində SOCAR-ın əsas tərəfdaşıdır. Metro tikintisi, texnoloji avadanlıqların Azərbaycana idxalı, kosmik sənaye, turizm, təhsil sahələrində xeyli sayda fransız şirkəti çalışır. Azərbaycan iki kosmik peykin hazırlanması üçün Fransa banklarından dövlət zəmanəti ilə 210 milyon dollardan artıq kredit alıb və sözgedən layihələrə yerli şirkətləri cəlb edib. Sadalanan və yazılmayan iqtisadi əlaqələrin bir qərarla dayandırılması qeyri-mümkündür. Amma bundan sonra nəzərdə tutulan əməkdaşlıq layihələrinin təxirə salınması, fransız sərmayəsinin əngəllənməsi və s. addımlar təbii ki, mümkün ola bilər. Bu, daha çox Fransa hökumətinin sonrakı addımlarından asılı olacaq.
Artıq Fransa XİN bəyan edib ki, Senatın qətnaməsi hüquqi qüvvəyə malik deyil və hökumətin qarşısında öhdəliklər yaratmır. Amma bu bəyanat Azərbaycan cəmiyyətini qane edə bilməz. Fransa siyasi elitası tamamilə haqsız olaraq əzilmiş erməni separatizmini yenidən dirçəltməyə, onlara dövlət statusu verməyə çalışır. Ona görə də, Azərbaycan dövləti və ictimaiyyətinin narazılığı, narahatlığı haqlıdır, rəsmi Parisin qısa açıqlaması bu narahatlığı aradan qaldırmağa yetməz.(pressklub)
Turqut