Redaktor seçimi
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyində "soyuq" savaş - Fəda Abbasov Sərvan Cəfərovla Elçin Zeynalova qarşı -
Emin Əmrullayevin menyusuna: Göyçay şəhəri 7№-li orta məktəbin öz qanunları var –
“Veysəloğlu”nun toz basmış vitrinləri…- Şirkətin sahibi Aydın Talıbov kimdir ? -
Goranboy Rayon Mədəniyyət Sektorunda İsax Məmmədov hakimi-mütləqliyi:
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
Günün xəbəri

10 noyabr sənədi:cavablardan çox, suallar var

Zərdüşt Əlizadə: “Hamımız istəyirik ki, ruslar 5 ilin tamamında getsinlər, amma bu, birgəyaşayışdan asılıdır. Ermənilərin təhlükəsizliyinə zəmanət olmasa, ruslar getməyəcək”

Yenixeber.org: Rusiya, Azərbaycan və Ermənistan arasında atəşkəs razılaşmasının imzalanmasından bir həftə keçsə də, bir sıra suallar hələ də cavabsızdır. Rusiya sülhməramlılarının nəzarət edəcəyi ərazilərin xəritəsindən tutmuş, hazırda ermənilərdə olan yerlərin aqibətinə qədər müxtəlif məqamlar var ki, onlara aydınlıq gətirilməyib.

Razılaşmaya əsasən, noyabrın 15-də Kəlbəcəri Azərbaycana təhvil vermək öhdəliyi götürmüş Ermənistana daha 10 gün vaxt verilməsi, ermənilərin Xankəndinə qaytarılması kimi hadisələr də ictimai rəydə birmənalı qarşılanmayıb. Azərbaycan hökumətinin rəsmi açıqlamasına görə, Ermənistan Kəlbəcərin təhvil verilməsi üçün daha 10 gün möhlət istəyib, Azərbaycan da humanizm nümayiş etdirib, Rusiyanın da xahişini nəzərə alaraq, onların bu istəyinə “hə” deyib.

Ermənilərin günlərdir Kəlbəcərdə evləri, məktəb binalarını, meşələri yandırdığını nəzərə alanlar iddia edir ki, əlavə on gün rayonun daha çox dağıdılması deməkdir. Üstəlik, razılaşma əldə olunanda imza atan tərəflər detalları ölçüb-biçib qərar verməliydilər. Razılaşmaya beş gün sonra əməl olunmaması sənədin gələcək taleyi ilə bağlı da müəyyən şübhələrə yol açır.

Baş verənləri saytımıza şərh edən ekspertlər hesab edirlər ki, Azərbaycan ermənilərə əlavə 10 gün vaxt verməklə doğru addım atdı.

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bildirdi ki, sözügedən razılaşma təcili və tələsik şəkildə imzalanıb, ona görə də müəyyən detallar öyrənilmədən orada əks olunub:

“Naxçıvan tərəfdə rus vertolyotunun vurulmasının səbəbi də bu idi. Bizim ordu hissələrimizə tapşırıq gəlməmişdi ki, atəşkəs olacaq, ehtiyatlı olsunlar. Vertolyotla bağlı insident atəşkəsin rəsmi elanından cəmi dörd saat əvvəl idi. Bəyanat tələsik hazırlanmışdı, operativ şəkildə açıqlandı. İlham Əliyev həmişə deyirdi ki, “biz döyüşləri dayandırırıq, onlar 7 rayonu təhvil verib çıxmalıdılar”. Hesab edirəm ki, bu şərtlər əsasında aktiv danışıqlar gedib və belə bir qərar verilib. Rayonların boşaldılması məsələsində bir sıra texniki məsələlər var ki, onların qısa müddətdə icrası çətindir. Mülki şəxslərin köçürülməsi ilə bağlı da problem var. Üstəlik, hərbi texnika, hərbçilərin çıxarılması məsələsi də var. Bizim tərəfimizdən onlara on gün əlavə vaxt verilməsi həm də mesajdır. Onun mesajıdır ki, “sizdən fərqli davranırıq, siz 1993-cü ildə bizə 10 saat vaxt vermişdiniz, biz isə əlavə on gün də veririk”. Bu, həm də bizim imicimizə müsbət təsir göstərəcək məsələdir. Amma bu, o demək deyil ki, on gün sonra yenidən müddət uzadılmalıdır”.

Gələcəkdə ermənilərin Rusiyanın köməyi ilə razılaşmanın icrasından yayınacağından ehtiyatlananlar da var. Amma M.Əliyev hesab edir ki, razılaşmadan yayınmaq mümkün deyil:

“Birincisi, Rusiya qarantdır. İkincisi, Türkiyə prosesin içindədir, Rusiya ilə aktiv təmasdadır. Türkiyə artıq müşahidə missiyasının hazırlıqlarına başlayıb. Ermənilərin Xankəndinə qayıtması ilə bağlı narahatlıqlara da əsas yoxdur. Heç yerdə yazılmayıb ki, Qarabağ ermənilərdən təmizlənməlidir. Biz həmişə demişik ki, ya təkliflərimizi qəbul elə, ya da çıx get. Müharibənin məqsədi hamını oradan çıxarmaq deyil. Biz yeddi rayonu qaytarmalıydıq, status məsələsini də həll eləməliydik. Ora Azərbaycan Respublikasının ərazisidir və bunu tanımalıdırlar”.

Şərhçi Zərdüşt Əlizadə də hesab edir ki, Azərbaycan Ermənistana əlavə 10 gün vaxt verməklə doğru addım atıb.

“Sənədləri, bəyanatları, müqavilələri tərəflər öz aralarında razılaşıb, dəyişə bilərlər. Bu, normal haldır. Ermənilər ruslar vasitəsilə Azərbaycandan vaxtın uzadılmasını xahiş edib. Bu yerdə höcətləşməyin mənası yox idi. Razılaşma tərəflərinin biri digərindən nəsə xahiş edirsə, buna “hə” deməkdə problem yoxdur. Biz əsas məqsədə nail olmuşuq, sənədləşdirmişik. İndi barışmaz, məğrur mövqe nümayişi yersizdir. Ağlı olan həmişə güzəşt və barış axtarar. Azərbaycan qarşı tərəfin on gün möhlət xahişinə müsbət cavab verməklə özünü ağıllı, anlayışlı tərəf kimi apardı”.

Z.Əlizadənin fikrincə, Azərbaycan ətraf rayonları abadlaşdırıb, insanların firavan yaşayışını təmin etdikcə, bu, Qarabağda yaşayan ermənilər üçün də cəlbedici ola bilər. Onun sözlərinə görə, Rusiya ordusunun beş il sonra Azərbaycan ərazisindən gedib-getməməsi də azərbaycanlılarla ermənilər arasındakı münasibətlərdən asılı olacaq:

“Xankəndidə ermənilər yaşayır, indiki halda, Azərbaycan hökumətinin oranı abadlaşdırmaqda maraqlı olacağını düşünmürəm. Əksinə, ermənilərin tədricən oradan getməsini gözləyəcək. Əgər Azərbaycanın tabeliyində yaşamağı, qanunlarımızı qəbul etsələr, sadiq vətəndaşa çevrilsələr, bu halda, niyə də abadlaşdırmayaq? Orada yaşayan əhalinin dövlətimizə münasibətindən asılı olacaq. Biz hamımız istəyirik ki, ruslar 5 ilin tamamında getsinlər. Əgər ermənilərin təhlükəsizliyinə zəmanət olmasa, onlar getməyəcək. Beynəlxalq aləm də görsə ki, rus ordusu Azərbaycanda ermənilərin təhlükəsizliyinə zəmanət verən yeganə qüvvədir, onlar da deyəcəklər getməsin. Hazırda bizim telekanallarda nifrət ifadə edən fikirlər səslənir, bu, yolverilməzdir. Çünki bu tərz son məqsədə xidmət etmir. Rusların getməsi birgəyaşayışdan asılıdır. Birgəyaşayışı da güclü tərəf yaradır. Qarşı tərəf pisdirsə, namərddirsə, biz bu pis göstəricilərdə onlara üstün gəlməyə çalışmamalıyıq”.(pressklub)

Gülər


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam