Türkiyə hərbçiləri Azərbaycana gətiriləcək: Onların missiyası Rusiya sülhməramlıları ilə eyni statusdadır
Cənubi Qafqazın ən önəmli probleminin həlli Türkiyə, Azərbaycan və Rusiyanın hərbi-siyasi iradəsi ilə baş verəcək… Bundan sonra mövqeyi və rəyi nəzərə alınmayacaq olan Ermənistanın bu prosesdə iştirakı isə əslində, sadəcə, formal xarakter daşıyır… Minsk Qrupu həmsədrləri formatı öz əhəmiyyətini tamamilə itirib, hətta ABŞ və Fransa müəyyən cəhdlər göstərsələr belə, bu dövlətlərin problemin həlli prosesinə cəlb ediləcəyi qətiyyən inandırıcı deyil…
Yenixeber.org: Ermənistan sülh danışıqlarını az qala 30 ilə yaxın bir müddət ərzində uzatdı. Dağlıq Qarabağ münaqişəsinin sülh danışıqları vasitəsilə nizamlanmasına imkan vermədi. ATƏT-in Minsk Qrupu həmsədrlərinin – ABŞ, Rusiya və Fransanın vasitəçilik missiyasına bağlı sülh danışıqlarını iflic etdi. Və rəsmi İrəvana bu pozuculuq fəaliyyətində elə həmin Minsk Qrupunun həmsədrləri də yardım göstərdi.
Böyük ehtimalla Ermənistanda ümid edirdilər ki, bu vəziyyət əbədi olaraq, davam edəcək. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün hərbi əməliyyatlara cəsarət etməyəcək. Və həmin ərazilər Ermənistanın nəzarətində qalacaq.
Hətta son vaxtlar ümumiyyətlə, bütün “qırmızı cizgiləri” keçmişdilər. Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağın heç vaxt Azərbaycanın tərkibində olmayacağını bəyan edirdi. Hətta Dağlıq Qarabağda qeyri-qanuni olaraq, xarici ölkələrdən gətirdikləri erməniləri məskunlaşdırmağa çalışırdılar.
Ancaq yanıldılar. Azərbaycan ordusu hərəkətə gətirildi. Qısa müddətdə hər şey kökündən dəyişdi. Münaqişənin yalnız sülh danışıqları ilə həllinin mümkünlüyünü iddia edənlərin əksinə olaraq, problem hərbi vasitələrlə yoluna qoyuldu.
Ermənistan savaş meydanındakı biabırçı məğlubiyyətinin ardından Azərbaycanın diktə etdiyi şərtlər daxilində kapitulyasıya sənədini imzalamaq məcburiyyətində qaldı. Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistanın imzaladığı həmin sənəd çərçivəsində artıq münaqişənin niazmlanması prosesinin sonuncu fazasına start verilib.
İmzalanmış kapitulyasiya bəyannaməsinə görə, Ermənistan Azərbaycanın Ağdam, Laçın və Kəlbəcər rayonlarını dekabrın 1-dək döyüşsüz boşaltmalıdır. Son məlumatlara görə, Ermənistan həmin rayonların ərazilərini boşaltmağa artıq başlayıblar.
Məsələnin ən maraqlı tərəfi ofur ki, 30 ilə yaxın bir nüddətdə müxtəlif iddialar irəli sürən rəsmi İrəvan Azərbaycan ordusunun sarsıdıcı zərbələrindən sonra meydanda əliboş qalmaq məcburiyyəti ilə də barışmalı olub. Çünki bütün rayonlar boşaldılmaqla yanaşı, Dağlıq Qarabağa heç bir status verilməyəcək, orada yalnız mülki əhalinin geri qayıdıb, yaşaması mümkün olacaq.
Anlaşmaya görə, Laçın koridoruna və Qarabağda ermənilərin də yaşayacağı ərazilərə müvəqqəti – yəni 5 il müddətinbə Rusiya sülhməramlıları nəzarət edəcək. Üstəlik, bu prosesdə Türkiyə əsas iştirakçı tərəflərdən biri roluna sahib olacaq.
Halbuki Ermənistan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Türkiyənin adının belə, çəkilməsinə razılaşmırdılar. İndi onlardan bunu soruşan belə, yoxdur. Hazırda rəsmi İrəvanın mövqeyi ümumiyyətlə, heç bir əhəmiyyət daşımır.
Hətta Türkiyənin sülhyaratma prosesinə qatılması məsələsi Ermənistanın rəyi soruşulmadan birbaşa Rusiya və Azərbaycanın arasında həll edildi. Türkiyə və Rusiya arasında ortaq müşahidə və nəzarət mərkəzinin yaradılması barədə rəsmi sazış imzalandı.
Beləliklə, Türkiyə həm sahədə, həm də masada problemin həllində əsas iştirakçıdır. Bu reallığı hamı qəbul etmək məcburiyyətindədir. Çünki Türkiyənin Cənubi Qafqaz regionunda əsas söz sahiblərindən birinə çevrilməsi artıq qarşısının alınması mümkün olmayan bir reallıqdır.
Son rəsmi açıqlamalar da bunu birmənalı şəkildə təsdiqləyir. Belə ki, Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu “Rusiya ilə razılığa gəldik. Razılaşmanı pozan fəaliyyətləri müəyyənləşdirəcəyik və bölgəni PUA-lar ilə yoxlayacağıq” deyib. Yəni, rəsmi Ankara Türkiyənin Cənubi Qafqazda olduğunu rəsmən elan edib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov da “Qarabağdakı Rusiya-Türkiyə nəzarət mərkəzi pilotsuz təyyarələrdən istifadə edəcək” deməklə, bu reallığı rəsmən təsdiqləyib.
Ancaq daha bir önəmli məqam son vaxtlar bəzi siyasi dairələrdə, xüsusilə də Rusiyada mövcud anlaşmanı yanlış yozmağa cəhdlərin göstərilməsidir. Belə ki, iddialara görə, münaqişə bölgəsində guya yalnız Rusiya sülhməramlıları olacaq. Və bu iddianı hazırda xüsusi olaraq, mübahisə mövzusuna çevirməklə, anlaşmaya kölgə salmağa, narahatlıq yaratmağa çalışırlar.
Halbuki bu iddiaların hamısı əsassız və sadəcə, situasiyanın yenidən gərginləşdirilməsinə bəhanə axtarmaqdan başqa bir şey deyil. Çünki Türkiyə ordusunun Azərbaycanda və Qarabağda yerləşdirilməsinə hər hansı hüquqi əngəl mövcud edyil. Rusiya, Azərbaycan və Ermənistanın imzaladığı üçtərəfli, eyni zamanda, Rusiya və Türkiyə arasında əldə olunmuş ikitərəfli özəl razılaşma sənədləri Türkiyənin bölgədə hərbi iştirakına hüquqi əsaslar yaradır.
Bunu Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan da rəsmən bəyan edib. Prezident R.T.Ərdoğan vurğulayıb ki, Rusiya hərbçiləri bölgədə hansı missiyanı yerinə yetirəcələrsə, Türkiyə hərbi kontingenti də eyni səlahiyyətlərə sahib olacaq.
Digər tərəfdən, bu məsələyə Türkiyənin milli müdafiə naziri Hulusi Akar da münasibət bildirib: “Türkiyə Qarabağda atəşkəsə nəzarət və təftiş ilə bağlı razılaşmanın tətbiq olunmasını müşahidə və təftiş etmək üçün ortaq sülhməramlı qüvvələrdə yer alacaq”.
Göründüyü kimi, bu məsələ ərtafında naraharlıq və mübahisə doğuracaq heç bir məqam yoxdur. Üstəlik, bu məsələ ilə bağlı olduqca önəmli bəzi məlumatlar Türkiyə mətbautına artıq sızıb. “A Haber”in yaydığı məlumatda vurğulanır ki, tərəflər (Azərbaycan, Rusiya və Ermənistan) arasında imzalanmış sənədin 5-ci maddəsinə əsasən, bölgədə Rusiyanın sülhməramlıları yer alırdı. Razılaşma əsasında Azərbaycan bölgəyə Türkiyə hərbi qüvvələrinin də gətirilməsini istəyib və türk əsgərləri də artıq bölgəyə gəlir.
Onu da qeyd edək ki, həmin məlumat kifayət qədər detallıdır. Belə ki, 1960 rus hərbçisinin bölgədə yerləşdirilməsinə qarşılıq, eyni sayda türk əsgərinin də həmin əraziyə gətirilməsi planlaşdırılır. Və ortaq olaraq, toplam 4 nəzarət, 16 müşahidə postu yaradılacaq. Dekabrın 12-dən başlayaraq, Rusiya və Türkiyə hərbçiləri həmin postlarda xidmət edəcəklər.
Ən önəmlisi isə odur ki, bölgədə bir nəfər də olsa, erməni hərbçisi qalmayacaq. Və bölgədə, özəlliklə də ermənilərin sıx yaşadığı ərazilərdə təhlükəsizlik və asayiş Türkiyə və Rusiya hərbçiləri tərəfindən təmin ediləcək.
Ortaya çıxan əsas nəticə isə ondan ibarətdir ki, bu problemin taleyinin həll edilməsi prosesi yalnız Rusiyanın öhdəsinə buraxılmayıb. Yəni, Türkiyə də Rusiyanın sahib olduğu status və səlahiyyətlərə malikdir. Cənubi Qafqazın bu önəmli probleminin həlli Türkiyə, Azərbaycan və Rusiyanın iştirakı ilə baş verəcək. Bundan sonra mövqeyi və rəyi nəzərə alınmayacaq olan Ermənistanın bu prosesdə iştirakı isə əslində, sadəcə, formal xarakter daşıyır.
Digər tərəfdən, daha bir önəmli məqam Minsk Qrupu həmsədrləri formatının öz əhəmiyyətini birmənalı şəkildə itirməsidir. Çünki bu formatın təmsilçilərinin hazırda görə biləcəkləri heç bir qalmayıb. Hətta ABŞ və Fransa müəyyən cəhdlər göstərsələr belə, bu dövlətlərin problemin həlli prosesinə cəlb ediləcəyi qətiyyən inandırıcı deyil.
Bu, o deməkdir ki, problemin həlli Türkiyə, Azərbaycan, Rusiya və Ermənistanın (formal olaraq) iştirakı ilə sona çatdırılacaq. Yəni münaqişənin həlli ilə bağlı yeni format artıq reallığa çevrilib. Bundan sonra “dörtlü format”ın dəyişdirilməsi qətiyyən gözlənilmir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert