“Faşistlər 12 şagirdimi gözümün qarşısında güllələdilər” –hərbi canilərin mühakiməsi
Bütün müharibələrdən sonra əsas proseslərdən biri müharibə nəticəsində dəyən ziyanın hesablanması, təzminat məsələsinin qaldırılması və hərbi cinayət törədənlərin əməllərini sübuta yetirərək cəza tələb edilməsidir.
Yenixeber.org: II dünya müharibəsindən sonra alman faşizmi üzərində qələbə çalan SSRİ və onun müttəfiqləri çox geniş bir miqyasda bu prosesləri həyata keçiriblər. Almaniya və onun müttəfiqlərinin hərbi və siyasi rəhbərliynə beynəlxalq məhkəmələrdə ittihamlar irəli sürülüb. Bu proseslər təkcə Nürnberq məhkəməsi ilə yekunlaşmayıb. Ayrı-ayrı məhkəmələrdə keçirilən proseslərdə də alman faşistlərinin törətdikləri hərbi cinayətlər sübuta yetirilərək ən ağır cəzalara məhkum ediliblər.
Bu cür proseslərdən biri də 13-20 dekabr 1947-ci ildə Belarusiyanın Qomel şəhərində keçirilib. Prosesə Vermaxtın 110-cu piyada divizyasının 11 yüksək rütbəli zabiti cəlb edilib. Onlar 1941-1943-cü illərdə Qomel vilayətində insanlığa qarşı törədilmiş hərbi cinayətdə ittiham olunublar. Belə ki, nasist Almaniyası Qomel vilayətini işğal altında saxladıqları 2 ildən artıq müddətdə 22324 nəfər dinc əhalini qətlə yetiriblər ki, onlardan 3962 nəfəri qadın, 2719 nəfəri uşaq olub. Qətllər güllələnmə, yandırma, işgəncə vasitəsi ilə həyata keçirilib. Bununla yanaşı Vermaxt qoşunları 11 min hərbçini əsir götürərək ən ağır işgəncələrə məruz qoyublar. Hətta alman diviziyasının həkim personalı meyitlərin və canlıların üzərində tibbi sınaqlar da aparıblar.
Hərbi cinayət tərədənlərin əsas başçılarından biri olan 110-cu piyada divizyasının 254-cü alayının komandiri general-mayor Kolsdorfer xüsusi amansızlıq nümayiş etdirib. Məhz onun təşəbbüsü sayəsində Qomeldə müvəqqəti saxlama təcridxanası adı altında ölüm düşərgəsi yaradılıb. Təkcə bu düşərgədə altı ay ərzində 9 min nəfər əsir və girov öldürülüb. Alman generalı tabeçiliyində olanların işini yüngülləşdirmək və gülləyə qənaət etmək üçün fərqli bir metod seçib. O, yoluxucu xəstəliklərdən ölümcül vəziyyətdə olanları sağlam əsir və girovların arasına salıb və çox qısa bir müddət ərzində minlərlə əsir xəstəliyə yoluxaraq ölüb.
120-ci alayın komandiri polkovnik Enzen də dinc əhalinin məhv edilməsində, hərbi əsirlərin öldürülməsində ən amansız simalardan birinə çevrilib. O, qul kimi işlədilən dinc əhalini qışın sərt soyuğunda alt paltarda işləməyə məcbur edib. Bununla yanaşı Enzen yerli əhalinin qarət olunmasına başçılıq edib. İnsanların malı, mülkü, hətta ən adi əşyaları, paltarları əllərindən alınıb. Onlar öz evlərindən qovularaq zirzəmilərdə saxlanılıb.
Qomel şəhərində tarix müəllimi işləyən Matvey Serafimov sonralar yazdığı “Mən Qomeli tərk etmədim” kitabında həmin günləri belə xatırlayıb:
“Qomeldə ilk ali təhsilli tarixçilərdən biri idim. Bir tarixçi kimi dünyada baş verən müharibələr haqqında kifayət qədər məlumatım var idi. Amma belə müharibə səhnələrini heç kitablarda da oxumamışdım. Almanlar şəhəri işğal etmişdilər. Buna baxmayaraq, biz dərsləri davam etdirirdik. Məqsəd heç də şagirdlərə elm öyrətmək deyildi. Sadəcə onları bir yerə yığıb təskinlik vermək, psixoloji durumlarına təsir etmək idi. 1941-ci ilin sonları idi. Günlərin birində iki sinifin şagirdlərini bir sinifə yığıb əyləşmişdik. Birdən ardı-arası kəsilməyən atəş səsləri eşitdik. Alman əsgərləri birmərtəbəli məktəb binasına atəş açırdılar. Sonra onlardan bir neçəsi bizim olduğumuz sinifə daxil oldu. Şagirdlərimdən biri əli avtomatlı əsgərləri görəndə ayağa qalxıb sakit səslə dedi:
- Biz heç kimi öldürməmişik, niyə bizim məktəbi dağıdırsınız?
Vəhşi əsgərlər yəqin ki, şagirdin nə dediyini anlamadılar, amma onun üzündəki qəzəbi hiss etdilər. Onlar bir-birlərinin üzünə baxıb ucadan güldülər və aralarında biri avtomatı işə saldı, sinifi atəşə tutdu. Həmin gün gözümün önündə 12 nəfər şagirdim güllələndi. Çox keçmədi ki, məktəbimizi alman əsgərləri üçün yataqxanaya çevirdilər. 1942-ci ilin sonunda isə məktəb yandırıldı. Dözülməz bir vəziyyət idi. Amma biz bütün bu vəhşiliklərə dözə bildik...”
8 gün davam edən Qomel prosesində ittiham olunanların bütün əməlləri sübuta yetirilib. 500-dən artıq şahidin iştirak etdiyi məhkəmədə faşist zabitləri günahlarını etiraf ediblər.
İttiham olunanlardan biri, Vermaxt generalı Kulmer hakimin “Siz bir gündə 2448 nəfər dinc əhalini, qadınları, yaşlıları, uşaqları bir neçə məktəb binasına dolduraraq yandırmağınızı etiraf edirsinizmi” sualına o, belə cavab verib:
- Bəli, mən bunu etiraf edirəm. Bu mənim tapşırığımla olub. Bunu məndən Üçüncü reyxin rəhbərliyi tələb edib. Vermaxt qoşunlarının bu ərazidən cənub istiqamətinə maneəsiz keçməsi üçün bunu etmişik...
Qomel məhkəməsində 11 nəfərdən 3-ü ölüm hökmünə, 7 nəfəri isə 25 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Alman işğalçılarının Qomel vilayətindəki hərbi cinayətləri və Qomel prosesi sovet-alman müharibəsinin yalnız bir epizodudur.
Bütövlükdə II dünya müharibəsində bu cür hadisələrin sayı çox olub.
Qarabağ savaşı tam başa çatdıqdan sonra erməni faşistlərinin törətdikləri hərbi cinayətlər də, Gəncə, Bərdə və digər müharibə zonasından kənar yaşayış məntəqələrində dinc əhalinin məhv edilməsinə yönələn hərbi cinayətlərin hər biri də ayrıca bir epizod kimi mühakimə olunmalı, faşist xislətli erməni cinayətkarları layiqli cəzalarını almalıdırlar.
İlham Cəmiloğlu