Minlərlə insanın edam sənədinə imza qoyan Keytel –axırda Almaniyanın kapitulyasiya aktını imzalayıb
1940-cı ildə nasist Almaniyası SSRİ-yə hücum planı hazırlayanda o, Adolf Hitlerin qarşısında aşağıdakı bəyanatla çıxış edib: “Mən əsl kimliyimi SSRİ üzərində qələbə çaldıqdan sonra təqdim edəcəyəm. Qələbə günü Reyxstağın qarşısında xidmət etdiyim fürerə sovet generallarının kəsilmiş başlarını nümayiş etdirəcəyəm...”
Yenixeber.org: Vermaxtın qərargah rəisi, general-feldmarşal Vilhelm Keytel sözünün üstündə “durub”. O, 1946-cı ildə özünü təqdim edib, amma fərqli bir məkanda, fərqli bir şəraitdə. 16 oktyabr 1946-cı ildə Nürnberq məhkəməsinin onun haqqında çıxardığı asılmaqla ölüm hökmü icra olunanda, o, hökmü icra edənin çağırışını gözləməyib, növbəsi çatanda özü özünü təqdim edərək dar ağacına yaxınlaşıb.
Vilhelm Keytelə II dünya müharibəsi zamanı ən mühüm postlardan biri, Vermaxtın qərargah rəisi vəzifəsi həvalə edilsə də, o, bir çox alman məmurları tərəfindən arzuolunmaz şəxs sayılıb. Heç kimlə razılaşmayan və hesablaşmaq istəməyən, kifayət qədər kobud xarakterli Keytel həmkarları tərəfindən “Başını bulayan eşşək” təxəllüsü qazanıb.
Keytel 1882-ci ildə Aşağı Saksoniyada anadan olub. Yeniyetməlik yaşlarından zabit olmaq arzusu ilə o, ev təhsilindən sonra hərbi xidmətə yollanıb, səhra artilleriyası üzrə hərbi təhsil alıb. I dünya müharibəsində iştirak edib.
1938-ci ilə qədər hərbi karyerasında uğurlar qazanan Keytel həmin ilin fevral ayında Vermaxtın qərargah rəisi təyin edilib.
Keytelin hərbi xidməti ilə bağlı maraqlı faktlardan biri araşdırmalar zamanı onun şəxsi arxivindən tapılan Hitlerin imzaladığı məxfi əmr olub. Əmrdə işğal olunmuş SSRİ ərazilərində ən kiçik bir müqavimətə görə dinc əhalinin yerindəcə məhv edilməsi vurğulanıb. Ümumiyyətlə, Keytel dinc əhalinin məhv edilməsi sahəsində ən amansız şəxslərdən biri sayılıb.
“Hər öldürülən alman əsgərinə görə 50-100 kommunist məhv edilməlidir”. Keytelin imzaladığı əmrlərdən biri də bu məzmunda olub ki, həmin əmr Nürnberq məhkəməsində nümayiş etdirilib.
16 dekabr 1942-ci ildə Vilhelm Keytel daha bir əmrə imza atıb. 004870/42 nömrəli əmrdə döyüşən alman hərbçilərinə xüsusi səlahiyyətlər verilib. Həmin əmrin bəndlərinin birində cinayət törətmiş alman döyüşçüləri haqqında heç bir cinayət işinin açılmaması qeyd olunub. Digər bir bənddə alman hərbçilərinə hərbi əməliyyatlar zamanı dinc əhalini, hətta qadın, uşaq və yaşlıları məhv etmək səlahiyyətləri verilib.
Keytel Hitlerin ən sadiq silahdaşlarından biri sayılıb. 20 iyul 1944-cü ildə Volfsşantsda (fürerin komanda məntəqəsi) Hitlerə sui-qəsdə cəhd edəndə Keytel partlayışdan kontuziya alıb. Feldmarşal ayılan kimi ağır vəziyyətdə olmasına baxmayaraq, dərhal Hitleri müşavirə zalından təhlükəsiz əraziyə çıxarıb.
Hitler zaman-zaman Vilhelm Keytelin sədaqətini, xidmətlərini yüksək qiymətləndirib. Feldmarşal nasist Almaniyasında dövlət mükafatları ilə ən çox təltif olunan şəxslərdən biri olub.
II dünya müharibəsi ilə bağlı yüzlərlə sənədə imza atan Vilhelm Keytelə daha bir tarixi sənədə imza atmaq nəsib olub. Almaniyanın təslim olması haqqında kapitulyasiya aktını da məhz feldmarşal Vilhelm Keytel imzalayıb.
Aktı imzaladıqdan dörd gün sonra Keytel həbs edilib. Feldmarşal ona qarşı irəli sürülən insanlığa qarşı cinayət və hərbi cinayət ittihamlarına cavab olaraq bildirib ki, o, Hitlerin əmrlərini icra edib:
“Mən bir alman zabiti kimi fürerimin tapşırıqlarını yerinə yetirmişəm. Bunu düz edib-etməməyimdən asılı olaraq bütün əməllərimə görə cavabdehəm. Bu gün müharibə bölgələrində baş verənləri alman əsgərlərinin üstünə atmaq səmimi və düzgün olmaz. Həm də bu mənim, Vermaxtın ali zabitinin ranqına və qüruruna uyğun deyil...”
Vilhelm Keytelə son söz təqdim ediləndə o, Allaha müraciət edib:
“Mən hər şeyə qadir olan Allahdan Almaniya üçün mərhəmət diləyirəm. Mənə qədər milyonlarla alman əsgəri vətən uğrunda həlak olub. İndi mən də onların, oğullarımın yanına gedirəm...”
Yuxarıda qeyd etdiyimiz kimi, Nürnberq məhkəməsi feldmarşalı asılmaqla ölüm hökmünə məhkum edib. Keytelin edam kürsüsündə növbəsi Almaniyanın xarici işlər naziri Ulrix Ribbentropdan sonra olub. Əvvəlki edam olunanlardan fərqli olaraq Keytel öz edamını təmkinlə qarşılayıb. Ribbentropdan sonra o, öz soyadını yüksək səslə ifadə edərək irəli keçib. Edam icra olunanda feldmarşal son sözünü deyib: “Almaniya hər şeydən üstündür...”
İlham Cəmiloğlu