Redaktor seçimi
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Abşeron-Xızı Regional Təhsil İdarəsi qohumbazlıq girovunda -
Qarabağ Qazisi Abdin Fərzəliyevi "topa tutdu":
12 illik icra başçısının gözqamaşdıran SƏRVƏTİ... -
Niyazi Bayramovun başı dərddə -Gəncədə daha kimlər həbs oluna bilər? -
Elm və Təhsil Nazirliyinin qrant müsabiqəsi-
Günün xəbəri

Atəşkəs razılaşmasından sülh müqaviləsinə doğru-Siyasi reallıqlar və problemlər

 

 Prezident İlham Əliyevin nə vaxt hansı qərarın veriləcəyini düzgün müəyyən edəcəyinə inanırıq

Yenixeber.org: Ali Baş Komandanın rəhbərliyi ilə qəhrəman əskər və zabitlərimiz çox qısa zaman kəsiyində, öz qanları və canları hesabına, 30 ilə yaxın yağı düşmənin tapdağı altında olan əzəli və əbədi torpaqlarımızın mütləq əksəriyyətini azad etmişdir! Bu yolda canlarından keçərək şəhid olan əsgər və zabitlərimizə Allahdan rəhmət diləyir, yaralılarımıza şəfa və qazilərimizə can sağlığı arzulayırıq! Şübhəsizdir ki, bu möhtəşəm qələbənin əldə edilməsində xalq-iqtidar birliyi, mövqeyindən asılı olmayaraq ölkəmizdə fəaliyyət göstərən bütün siyasi partiyaların Ali Baş Komandan ətrafında sıx birləşməsi, ölkəmizdə mövcud olan sosial-siyasi sabitliyin qorunub saxlanması da önəmli rol oynamışdır. Vətən Müharibəsində Azərbaycanın əldə etdiyi misilsiz qələbə göstərdi ki, Qarabağ Probleminin həllinin yalnız bir yolu vardır-hərb yolu! Ancaq hər bir müharibə sonda sülhlə bitir. Bunu əsas götürən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev dəfələrlə bildirmişdi ki, bizim məqsədimiz torpaq bütünlüyümüzü bərpa etməkdir və Ermənistan silahlı qüvvələri torpaqlarımızdan çıxacağını rəsmən bəyan etsə, Azərbaycan dərhal hərbi əməliyyatları dayandıracaqdır. Nəhayət ki, hərb meydanında acınacaqlı məğlubiyyətini başa düşən və bu məğlubiyyətlə barışmaqdan başqa çarəsi qalmayan təcavüzkar Ermənistan, Cənubi Qafqazda laxlayan mövqeyini qorumağa çalışan Rusiyanın təhriki ilə, atəşkəsə razılıq verməyə məcbur oldu (edildi!) və 10 noyabr 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Ermənistanın baş naziri Nikol Paşinyanın və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin birgə Bəyanatını ilə Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan edildi.

Təbiidir ki, 30 ildir torpaqlarımızın yağı düşməndən azad ediləcəyi günü səbirsizliklə gözləyən və bunun bir addımlığında olan Azərbaycan xalqı, bütövlükdə hərbi əməliyyatların dayandırılmasını möhtəşəm qələbə hesab etməklə yanaşı, Rusiya sülhməramlılarının bölgəyə gəlməsindən müəyyən narahatlıq hissi keçirməkdədir və müəyyən dərəcədə haqlıdır da. Bu narahatçılıq Bəyanatın mətnindən irəli gəlir.

Bəyanatın mətnində göründüyü kimi, atəşkəsin əldə edilməsi Azərbaycana bir çox üstünlüklər verir. Belə ki, şanlı ordumuzun qələbələri sayəsində "Dağlıq Qarabağ inzibati ərazisi" anlayışı tarixə qovuşub, Ali Baş Komandanın da dediyi kimi, Dağlıq Qarabağ birmənalı şəkildə Azərbaycanın hissəsi olaraq qalacaq, heç bir status olmayacaq! Ermənistan əzazisindən keçməklə, vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi yaradılacaq; Ağdam, Laçın, Kəlbəcər rayonlarından işğalçı erməni qoşunları 20 gün ərzidə təmamilə çıxarılacaq; köçkünlər və qaçqınlar doğma torpaqlarına qayıdacaq; hərbi əsirlərin, girovların və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçiriləcək; münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılacaq.

Ancaq Bəyanatın mətnində narahatlıq doğuran hallar da vardır, Bu, sülhməramlı kontingentin yalnız Rusiyaya məxsus olacağı, Laçın dəhlizinə, eləcə də, Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat dəhlizinə yalnız Rusiya tərəfinin nəzarət edəcəyi; erməni qoşunlarının Xankəndindən, Xocavənddən, Xocalıdan, Ağdərədən, Əskərandan çıxarılmasının nəzərdə tutulmaması; bu rayonlarda yerli idarəetməni kimlərin həyata keçirəcəyinə aydınlıq gətirilməməsi; Türkiyənin yalnız atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəzdə təmsil olunacağının nəzərdə tutulması; Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddətinin 5 il müəyyən edilməsi (?) və müddətin bitməsinə 6 ay qalmış bu müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılmasının nəzərdə tutulması ilə bağlıdır. Bəyanatdan belə hasil olur ki, Dağlıq Qarabağın ermənilərin əlində qalan hissəsini Rusiya idarə edəcəkdir? Biz bunun acı nəticəsini ötən əsrin 90-cı illərində Dağlıq Qarabağda Arkadi Volskinin Xüsusi İdarəsinin fəaliyyətində artıq görmüşük. Bu yenədəmi davam edəcəkdir? Bəyanatda Dağlıq Qarabağa hər hansı statusun veriləcəyi öz əksini tapmayıb və Prezident İlham Əliyevin dediyi kimi, heç bir status verilməyəcək. Belə olacaqsa Ermənistanı heç bir statusu və vahid ərazisi olmayan Dağlıq Qarabağla birləşdirəcək Laçın dəhlizinə nə ehtiyac vardır?

Təbiidir ki, Dağlıq Qarabağ münaqişəsi kimi mürəkkəb bir problemin həlli yollarını bir bəyanatda tam təfsilatı ilə əhatə etmək mümükün deyildir, əlavə razılaşmalara, müqavilələrə ehtiyac vardır. Əldə edilən razılaşma atəşkəs haqqında razılaşmadır, sülh müqaviləsi deyildir. Ancaq biz Prezident İlham Əliyevin nə vaxt hansı qərarın veriləcəyini düzgün müəyyən edəcəyinə inanırıq. Və inanırıq ki, Prezident İlham Əliyevin dediyi kimi (Rusiya təmsilçilərinin istisana etdiyinə baxmayaraq) sülhməramlı qüvvələrin tərkibinə təkcə Rusiyanın deyil, Türkiyənin də silahlı qüvvələri qatılacaqdır; həm Laçın dəhlizinə, həm də, Azərbaycanın qərb rayonları və Naxçıvan arasındakı nəqliyyat dəhlizinə ruslarla birlikdə türklər də nəzarət edəcəklər; Dağlıq Qarabağdan bütün erməni qoşunları çıxarılacaqdır; Ermənistandan qovulmuş azərbaycanlıların da öz doğma torpaqlarına qayıdışı təmin ediləcəkdir, əks halda ermənilərin Qarabağa dönüşünə yol verilməyəcəkdir; Dağlıq Qarabağın bütün ərazisində inzibati idarəetmə fəaliyyəti yalnız Azərbaycan tərəfindən həyata keçiriləcəkdir.

Bütövlükdə götürsək, bəzi narahatlıqlara rəğmən, qeyd edə bilərik ki, Azərbaycan ordusunun möhtəşəm qələbəsindən, torpaqlarımızın böyük bir hissəsinin işğaldan azad edilməsindən sonra atəşkəs razılaşmasına imza atılması Azərbaycanımızın, bütövlükdə xalqımızın böyük uğurudur və respublikamızın gələcək inkişafı üçün gözəl perspektivlər açır, xalqımızın daha firavan və xoşbəxt həyatı üçün parlaq ümidlər yaradır. Ali Baş Komandanın rəhbərliyi ilə xalqımızda bu ümidləri yaradan şanlı ordumuz, bizə hərtərəfli dəstək verən Türkiyəmiz var olsun! Qələbə bizimdir, bizim olacaq!

 Teyyub Qənioğlu: Təkamül Partiyasının sədri


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam