QAFQAZDA TÜRKİYƏ-RUSİYA TOQQUŞMASI –Qarabağ Ankara ilə Moskvanın münasibətlərini necə dəyişəcək?
Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdəki dinamika çox sürətlə dəyişdiyinə görə mətbuatdakı analizləri operativ vəziyyətə uyğun yox, daha panoramlı kontesktdən vermək lazımdır.
Yenixeber.org: Qafqaz Avrasiya materikinın düz ortasında yerləşən mühüm geostrateji məkandır. SSRİ dağılandan sonra Rusiya milli münaqişənin qızışdırılması üsulundan istifadə etmək yoluyla bu ərazini öz nəzarətində saxlamağa çalışıb. Onu da demək lazımdır ki, Moskva buna xeyli müddətdir müəssər olub. Amma tarixə yaxşı nəzər yetirsək görərik ki, heç zaman nəinki dövlətlərin sərhədləri, hətta onların mövcudluğu belə statik olmayıb. Rusiya 200 ildir ki, Qafqazın hamisi rolunda çıxış edir və buraya kiminsə müdaxiləsinə qətiyyən imkan verməyib. Çünki onlar bu məkanı əldən buraxmamaq üçün resurslara malik olublar. İndi vəziyyət tədricən dəyişməyə başlayır. Rusiya iqtisadi cəhətdən getdikcə zəifləyir. Köhnəlmiş vasitələrlə “status-kvo”nun permanentliyinin təmin edilməsi çətinləşir. Elə bu səbədəndir ki, 30 il bundan öncə Qafqazda təkbaşına meydan sulayan Rusiya yeni rəqiblə qarşılaşmaq məcburiyyətində qalıb. Bu rəqib heç də gözlənilməz yerdən peyda olmayıb. Tarixi baxımdan Rusiyaya həmişə rəqib olan Türkiyənin Azərbaycanın yanında yer alması Moskvanı qıcıqlandırsa da, o, buna birbaşa müdaxilə etmək fikrindən daşınır. Ona görə ki, işlərin daha da qəlizləşməsi Kremli xoşagəlməz proseslərlə üzləşdirə bilər.
Hazırda beynəlxalq mətbuatda Rusiyanın Türkiyə ilə Qarabağ məsələsindəki maraqlarının necə toqquşmasına geniş yer verilir və müxtəlif baxışlar var. “Carnegie Moscow Center”-in “Üçüncü kondominium. Qarabağ Rusiya və Türkiyə münasibətlərini necə dəyişəcək” başlıqlı analitik məqaləsi də məhz bu xüsusa toxunur.
Həmin məqaləni ixtisarla təqdim edirik:
- Yeni köhnə format
İndi Zaqafqaziyada Ərdoğanın artan fəallığına Kremlin nə qədər uzun müddətə dözüm göstərəcəyini dəqiq söyləmək çətindir. Amma istənilən halda Qarabağ məsələsinin 2020-ci ilin sentyabrınadək mövcud olan həll yolları artıq məhv olub. Çox dumanlı görünməsinə baxmayaraq, yeni diplomatik konstruksiya indi qurulmağa başlayır. İyulda Bakı Minsk Qrupunun işinin aktivləşdirilməsinə çağrış edirdi, lakin hazırda Prezident İlham Əliyev deyir ki, əgər bu qrup işinin öhdəsindən gələ bilmirsə, onda onlarsız da ötüşmək olar.
Qarabağ müharibəsinin uzanması ideyasını qəbul etmək çətindir. Deməli, kimsə Bakının danışıqlarda irəliləyiş istəyini təmin etməlidir. Kreml istəyir ki, bunu Ankara yox, özü etsin. Çünki əks təqdirdə, Türkiyə həqiqətən də regionda özünü ən yaxşı nəticə göstərən güc kimi nümayiş etdirə bilər. Bu isə ona Rusiya ilə bərabər hüquqlu vasitəçi statusu tələb etməyə əsas verər.
Ona görə də Moskva təşəbbüsü özünə qaytarmaq və Ankaranın birinci rolda çıxışına imkan yaratmamağa çalışır. Rusiya Azərbaycana deyə bilər ki, onlar Paşinyanın Dağlıq Qarabağ hakimiyyətinin danışıqlara qoşulması ideyasına kəskin şəkildə qarşı çıxıblar və indiki formatın dəyişilməməsinin tərəfdarıdırlar. Rusiya düşünür ki, əgər belədirsə, onda Azərbaycan bu formatın radikal dəyişməsinə ehtiyac duymaz və ona görə də Türkiyə əvvəlki kimi Minsk Qrupunun iştirakçısı kimi qalacaq, amma həmsədrlərdən biri olmayacaq.
Bundan sonra Rusiya artıq Vladimir Putin səviyyəsində Prezident Əliyevə danışıqlarda real irəliləyiş olacağı təminatını vərə bilər. Paşinyana isə izah edilməlidir ki, danışıqlar prosesini aktivləşdirmək vacibdir. Bu prosesi heç olmazsa Dağlıq Qarabağın ətrafında həyatsız ərazilərdə yaradılmış təhlükəsizlik zolağının Azərbaycana qaytarılması ilə fəallaşdırmaq mümkündür. Əlbəttə, bu, Paşinyanın xoşuna gəlməyəcək, lakin etiraz etmək çox çətin olacaq. Onun müəllimi Ter-Petrosyanın söylədiyi kimi - güzəşt, yaxşı və pis arasında deyil, pis və ən pis arasında seçimdir. Həm də ki, ən pis, təkcə Ermənistana yox, həm də Rusiyaya aiddir.(azpolitika)