CO BAYDENLƏ “DƏRİNLƏR” ARASINDA GİZLİ TOPLANTI: -bu toplantı onun seçkilərdəki taleyini müəyyən edə bilər
Ərgün Dilər
“Takvim” qəzeti, Türkiyə, 17 sentyabr 2020-ci il
Yenixeber.org: Biz baş verən hadisələri əsasən, siyasi olaraq şərh edirik. Halbuki, bu, sadəcə olaraq, bizi reallığın bir qisminə götürə bilər. İqtisadiyyatı – yəni pulu əldə etməmiş, gediləsi heç bir yol yoxdur.
Əməliyyatların mənasını anlamaq üçün də ilkin olaraq pulu görə bilmək çox önəmlidir. Yerdə qalanı cəfəngiyyatdır. Böyük güclər hər zaman pulu və gücü bir yerdə tutar. Oyunlarını da buna uyğun həyata keçirərlər. İndi bizi yenidən yaxından maraqlandıran bir toplantıdan bəhs etmək istəyirəm. Hətta bir yox, iki toplantıdan. Ağlınıza ilk gələn sual belə ola bilər ki, mən keçirilən bu toplantılar barədə haradan bilirəm? Təbii sualdır, məlumat sızdırıldığı üçün bilirəm. Yəni məndən başqa da bunu bilənlər var. Mövzu yenə çox önəmlidir, illərdir Aralıq dənizindən boş-boşuna yazmıram. Görünür, yaranmış problemin həlli burada baş verəcək.
Aydınlaşdıraq. ABŞ Maliyyə naziri Stiven Mnuşin XİN rəhbəri Mayk Pompeo və Ağ Evin iqtisadi sözçüsü Leri Kudlou 1 sentyabrda önəmli bir toplantı keçirdi. Verilən qərara görə, ABŞ-ın böhrandan yeganə qurtuluş yolu Aralıq dənizindən keçir. Təsəvvür edin, ABŞ çökməmək üçün Aralıq dənizindən sarılıb. Keçirilən toplantıdan çıxan məna budur.
ABŞ Konqresinin Büdcə Ofisi, 2020-ci il büdcə kəsirinin 3 trilyon 300 milyard dollar olduğu barədə hesabatını Stiven Mnuşinə təqdim etdi. Məruzədə səhiyyə sistemi, sosial təminat və nəqliyyatın 3 illik kəsrinin 10 trilyon dollara çatacağı yazılmışdı. Yaxud da bunu ABŞ-ın çökməsi kimi də oxuya bilərik. ABŞ-ın heç vaxt bu qədər pis vəziyyətdə olmadığı şübhəsizdir. Tərəfli, yaxud tərəfsiz bunu hər kəs bilir və danışır. Bu səbəbdən də Aralıq dənizi ABŞ üçün həyati önəmə malik bölgədir.
Bəlkə də bu, artıq son şanslarıdır. Stiven Mnuşin, Mayk Pompeo və Leri Kudlou istisna olmaqla, iqtisadçılar və hərbi strategiya mütəxəssisləri Aralıq dənizi ilə bağlı aylardır çalışmalar aparırlar. İndi hər biri masanın arxasında görüşə bilib. Kənardan bu masaya nəzər yetirdikcə, Aralıq dənizinin ABŞ üçün 20 trilyon dollar mənasına gəldiyi açıq-aydın görünür.
Bəli, söhbət dəniz altında yatan trilyonlarla dollardan gedir. Ancaq başda İpək Yolu olmaqla, Aralıq dənizinin srateji üstünlüyü rəsmi Vaşinqtonun gələcəyini müəyyən edəcək. İndi isə gəlin, ikinci gizli toplantıdan bəhs edək. Son günlərdə adı “Ərdoğan əleyhdarlarına dəstək verək, Türkiyədə iqtidarı dəyişək” çıxışı ilə xatırlanan Co Baydendən danışaq. Obamanın köməkçisi, Trampın isə rəqibi olan bu adama diqqət yetirək.
Prezident Tramp Aralıq dənizi mövzusunda susarkən, Co Bayden dövlətin gizli kodlarını idarə edənlərə bir brifinqdə Aralıq dənizi planlarını izah etdi. Yəni Aralıq dənizi hər bir önəmli yığıncağın manşet xəbəri sayılır. Bayden buna yaxşı bələddir və buna görə də dərin dövləti yanına çəkərək, seçkiləri qazanmaq niyyətindədir. “Dərinlər”lə apardığı görüş həqiqətən də çox önəmlidir. Bayden Aralıq dənizinin ən əhəmiyyətli quru hissəsi olan Kipr adasının ingilislərin nəzarətindən alınacağını və onun ABŞ-ın nəzarətinə veriləcəyini açıqladı. Çıxışına belə başladı. Hədəfi göstərən çubuğunu hara qoyduğunu özünüz təsəvvür edin.
Bayden, “Bir çox ölkəni işğal edərkən, mediya qarşımızda idi. Ancaq heç bir təsir göstərə bilmədilər. İndi Kipri işğal etsək, buna kim etiraz edər? Əlbəttə ki, Türkiyə. Ancaq Türkiyə daxili problemlərinə başı qarışmışkən, Şimali Kiprlə bağlı planlarını gerçəkləşdirə bilməz. Bəs Cənubi Kipr? O, ən asan olan variantdır. Silah embarqosu qaldırılsa, minlərlə ABŞ əsgəri Cənubi Kiprdəki bazalarına gedəcək. Bu plan İraqdan daha asan başa gələcək” deyə, çıxışına davam edib. Trampın qarşısını kəsən və Ağ Evə göz dikən şəxsin düşüncələri bunlardır. Bayden bunları ABŞ-ın ən güclü şəxslərinə anlatdı. Həmin toplantıdan sonra o, ABŞ-ın ən nüfuzlu üç jurnalisti ilə görüşdü. Axşam yeməyini də elə Vaşinqtonda yedi.
Bayden ona yönəlmiş bütün suallara Aralıq dənizi üzərindən cavab verirdi. Yeni bir Orta Şərq yeni bir Afrika planlaşdırarkən, Aralıq dənizini mərkəzə qoyurdu. Bu xüsusi brifinqə Baydenin siyasi məsləhətçisi Cek Sullivan şahidlik edirdi.. Hər halda, bu brifinqi təşkil edən şəxs də ondan başqası deyildi. Aralıq dənizi və Türkiyə bu 43 yaşlı gənc adamın ixtisas sahəsi idi.
2013-cü ildə ABŞ-ın İranla müzakirələrinin də memarı Cek Sullivan idi. İranla bağlı qərar vermədən öncə Türkiyənin vəziyyəti barədə danışan Sullivan Türkiyənin Vaşinqtonla münasibətlərinin qaydasında olmasını düşünən biri idi.
Həmin illər bu düşüncədə olan Cek Sullivan indi rəsmi olaraq Türkiyənin qarşısındadır. Sanksiya planlarını düşünən isimlərin başında o gəlir. Hadisə bununla bitmir. ABŞ-ı anlamağımız üçün toplantının pərdəarxasını bilməli idik.
ABŞ Maliyyə naziri Stiven Munşinə, Dövlət katibi Mayk Pompeoya və Ağ Evin iqtisadi sözçüsü Leri Kudlouya Aralıq dənizi barədə məlumatlar verən kim idi? Kim ola bilərdi? Bəli, o şəxs Cek Sullivan idi.
Bu vəziyyətdə ABŞ dərin dövlətinin hər kəsi eyni masa arxasına topladığını görürsünüz. Trampın ən önəmli nazirləri və müşavirləri düşmənləri olaraq gördüyü və zəkasına lağ etdiyi Co Baydenin sözçüsü Cek Sullivandan indi məlumat istəyirdilər. Ancaq çoxları bundan xəbərsiz idi. Bir səhnə var idi, bir də o səhnənin gerisi. Əgər Co Bayden prezident seçilsə, bu toplantının nəticəsində seçilmiş olacaq. Elə isə Co Bayden Ağ Evə keçsə, bütün səlahiyyətlər özündə olacaq? Əlbəttə ki, xeyr. Heç Cek Sullivanda da olmayacaq.
Sullivan Vaşinqtonda keçirilən “dərin” toplantını təşkil edərkən, bir qadından kömək istəmişdi. Həmin qadın kimdir? Demokratlar Partiyasının Prezidentliyə namizəd nümayəndəsi Co Baydenin gələcəkdə prezident köməkçisi olacaq Kamala Harris idi.
Bu, zəncirvari güc nümayişinə bənzəyir. Əlbəttə ki, ABŞ-da seçkilər çox önəmlidir. Ancaq Bayden uduzsa da, ABŞ-ın Aralıq dənizi planlarında hər hansısa dəyişiklik olmayacaq. Aralıq dənizi pul dənizidir. Ancaq ABŞ üçün strateji üstünlüyü həmin puldan çox daha önəmlidir. Buna görə də, Vaşinqton Aralıq dənizindən əl çəkməyəcək.
Bəlkə bir gün nə vaxtsa tarixdən silinəndə, bu niyyətindən əl çəkər. Cek Sulivan və Kamala Harris – bu iki şəxs Bayden prezident seçilməsə də, qabağa çəkiləcək. Sullivan və Harris mətbuat önündə olmasalar da, Vaşinqtonun verəcəyi qərarlarda mərkəzi yeri tutacaqlar. Bayden seçilsə, bunun həmin toplantının nəticəsi olacağını unutmayın. Aralıq dənizi isə həm bu gün, həm də sabah bir çox məsələnin açarıdır.
QEYD: Kamala Harris bir çox məsələdə olduğu kimi, Trampın Suriyadan hərb gücləri geri çəkmə siyasətinə də çox sərt qarşı çıxmışdı. Yunanıstanın Aralıq dənizində “dovşan” kimi istifadə edilməsinin və qarşımıza çıxarılmasının səbəbi ehtiyac duyulan zaman silahlı toqquşmanı həyata keçirməkdir. Bu ehtimalı qətiyyən kənarda tutmayın. Böyük oyunçuların Aralıq dənizi üçün edə bilməyəcəkləri şey yoxdur.
Tərcümə: Strateq.az