Yenixeber.org: Avropa İnsan Haqları Məhkəməsi tanınmış jurnalist Rauf Mirqədirovun şikayəti ilə bağlı Azərbaycanı 20 min avro cərimələyib. Məhkəmənin qərarında göstərilir ki, Rauf Mirqədirova münasibətdə Avropa Konvensiyasının 5-ci (Azadlıq və toxunulmazlıq – “əsaslı şübhə”nin mövcud olmaması, məhkəmə qərarı olmadan həbsdə saxlanılma, azadlıq hüququna müdaxilənin əsaslandırılmaması), 6-cı (ədalətli məhkəmə araşdırması hüququ – təqsirsizlik prezumpsiyası) və 8-ci (şəxsi həyatın toxunulmazlığı) maddələrinin pozuntusuna yol verilib.
“Mirqədirov Azərbaycana qarşı” işi Avropa Məhkəməsinin Azərbaycanı cərimələdiyi çoxsaylı şikayətlərdən biridir. Qeyd olunan maddələrin pozulması bir qayda olaraq, təzyiqlərə, həbslərə məruz qalmış siyasi fəallar, vətəndaş cəmiyyətinin nümayəndələri və jurnalistlərlə bağlı işlərdə baş verir. Amma Azərbaycanda məhkəmə-hüquq sistemi düzəlmir ki, düzəlmir, tam əksinə, problemlər daha da dərinləşir. Ölkənin hüquq sistemi də iqtisadiyyat və siyasət kimi, ağır böhran keçirir. Təəssüf ki, iki ilə yaxındır irəli sürülən islahat kursu çərçivəsində bu mövzuda hər hansı müzakirə açılmayıb. 2019-cu ilin aprel ayında prezidentin imzaladığı məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi ilə bağlı fərman da icra olunmayıb.
Cəmiyyətdən gələn səsləri, müraciətləri, etirazları qəbul etməyən hakimiyyətin daxilində böhranlı situasiyadan narahatlıq ifadə edən yoxdur. Məsələn, parlamentin İnsan Hüquqları Komitəsi siyasi həbslərə, hüquqpozmalara, rüsvayçı məhkəmə qərarlarına, işgəncə faktlarına haqq qazandırır. Həmin komitənin sədri Zahid Oruc 16 gündür aclıq aksiyası keçirərək ölüm təhlükəsi ilə üz-üzə qalan Tofiq Yaqublunun vəziyyətinə görə “radikal müxalifət”i ittiham edir. Halbuki İnsan Hüquqları Komitəsinin sədrinin bilavasitə borcudur ki, qondarma cinayət işi və saxta məhkəmə hökmü barədə narahatlıq bildirsin, hətta Tofiq Yaqublu ilə görüşsün, prezidentə müraciət etsin və s…
Ombudsman institutunun fəaliyyəti də qeyri-effektivdir. Onlar təcridxana və həbsxanaları ziyarət edirlər, məhbuslarla görüşürlər, danışırlar, amma ortada real nəticə azdır. Açıq qanunsuzluqları, antihumanist münasibəti, insanı ölümə vadar edən ədalətsizliyi dilə gətirə bilməyən Ombudsman kimə lazımdır?!
Təəssüf doğuran məqamlardan biri hakimiyyət komandasının, iqtidar partiyasının içində fərqli səslərin olmamasıdır. Hakim partiyanın icra katibi Əli Əhmədov da Zahid Oruc kimi “radikal müxalifət”i, Tofiq Yaqublunu günahlandırır, məhkəmə hökmünə bəraət qazandırır. Partiyadan bir nəfər çıxıb deyə bilmir ki, T.Yaqublunun işinə ədalətli baxılmalıdır, onun ölümünə imkan vermək olmaz, apellyasiya şikayətinə baxılmasını tezləşdirin…
Sanki Tofiq Yaqublunun iradəsini sındırmaq üçün onunla bəhsə girib, nə qədər dözə biləcəyini gözləyirlər. Öz vətəndaşına qarşı belə “mübarizə”nin sivil dünyada analoqu yoxdur. Əksəriyyəti düşündürən sual budur ki, ölkəni gərginliyə, qarşıdurmaya sürükləyən, nifrəti, düşmənçiliyi körükləyən bu idarəçilikdən nə zaman imtina olunacaq? İslahat, dialoq anlayışları nə zaman imitasiyadan çıxarılıb, öz gerçək mənasını ifadə edəcək? Nəzərə almaq lazımdır ki, burada təkcə zərbə alan repressiya olunanlar deyil, bu cəza mexanizminin bütün üzvləri də virtual linçə məruz qalır. Cəmiyyətin nifrət obyektinə, lənətinə tuş gəlmək yaxşı deyil. Törədilən qanunsuzluğun, ədalətsizliyin hüquqi, siyasi məsuliyyətini bir kənara qoysaq, onun mənəvi məsuliyyəti də çox ağırdır. Sosial şəbəkələrdə insanların hakimlərə, prokurorlara, polis əməkdaşlarına nifrət püskürdüyünü hamı görür. Bunlardan nəticə çıxarmaq lazımdır.
Azərbaycan balaca ölkədir, hamımızın vətənidir, keçmişimiz də, gələcəyimiz də bura ilə bağlıdır. Övladlar böyüyür, nəsillər dəyişir, hər kəs arxasınca bir iz, miras buraxır. Bu mirasın kin, nifrət, düşmənçilik olması qəbuledilməzdir.(pressklub)
Turqut