Ölmədən bəraət alan nadir şəxslərdən biri –Usmanxocayev Qdlyanın tikdiyi “torba”dan 86 yaşında xilas olub
Yenixeber.org: O, respublikadakı vəziyyətin nə qədər gərgin olduğunu anlasa da, Brejnev-Rəşidov erasından sonra Özbəkistanın Kremlin, şəxsən Yuri Andropovun hədəfində olacağını bilsə də, çoxsaylı korrupsiya faktlarına görə SSRİ Prokurorluğunun, Dövlət Təhlükəsizlik Komitəsinin, Daxili İşlər Nazirliyinin yarımçıq qalmış araşdırmalarının yenidən davam etdiriləcəyindən xəbərdar olsa da, Özbəkistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olmaq arzusundan geri çəkilməyib. Bəlkə də, İnamcon Usmanxocayev bütün problemləri əvvəlki illərdə olduğu kimi Kreml kabinetlərində həll edə biləcəyinə ümid edib. Amma ümidlər də bəzən gerçəkləşmir, Usmanxocayevin ümidləri kimi...
İnamcon Usmanxocayev 1930-cu ildə Özbəkistanda, Fərqanə şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra Daşkənddə Politexnik institutunda ali təhsil alıb. İlk əmək fəaliyyətinə Fərqanə Su Tikinti Trestində mühəndis kimi başlayıb. 1958-ci ildə Kommunist Partiyasının sıralarına daxil olub.
İnamcon Usmanxocayev 1962-ci ildən sovet partiya orqanlarında işləməyə başlayıb. Fərqanə Şəhər Şovetinin sədri, Namanqan vilayət İcraiyyə Komitəsinin sədri, Əndican vilayət Partiya Komitəsinin birinci katibi vəzifələrindən sonra o, 1978-ci ildə Özbəkistan Ali Soveti Rəyasət Heyətinin sədri, eyni zamanda bu vəzifə ranqına görə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədr müavini vəzifələrini tutub.
1983-cü ilin noyabrında İnamcon Usmanxocayev Daşkənddə Mərkəzi Komitənin katibi Yeqor Liqaçovun iştirakı ilə keçirilən Özbəkistan Kommunist Partiyası Mərkəzi Komitəsinin plenumunda səs çoxluğu ilə respublikanın birinci katibi vəzifəsinə seçilib.
Usmanxocayevin Özbəkistana rəhbərlik dövrü daha çox “Pambıq işi”, yaxud da “Özbəkistan işi” kimi SSRİ tarixinə düşən davamlı və səsli-küylü proseslərlə yadda qalıb. Qeyd edək ki, istintaq qrupunun rəhbərləri olan Qdlyan və İvanovun adı ilə daha çox hallanan bu prosesdə istintaqa 4 min nəfərdən çox Özbəkistanın məsul vəzifəli şəxsləri cəlb olunub, 800 nəfər həbs edilib. Sonradan Qdlyan və İvanovun istintaqı qərəzli aparması da məlum olub ki, bunun nəticəsində hər ikisi partiya sıralarından və prokurorkuq orqanlarından xaric ediliblər, haqlarında cinayət işi qaldırıblar.
“Pambıq işi”ndə həbs olunanlardan biri də məhz İnamcon Usmanxocayev olub. 1988-ci ildə əvvəlcə onu birinci katib vəzifəsindən azad ediblər, daha sonra Usmanxocayev SSRİ Ali Soveti Rəyasət Heyətinin üzvlüyündən və Kommunist Partiyasından xaric edilib.
27 dekabr 1989-cu ildə Usmanxocayev pambıq korrupsiyasında ittiham olunaraq 12 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
İstintaq prosesində sabiq birinci katibin ifadələri böyük qalmaqallara səbəb olub. Belə ki, o, istintiqa ilkin ifadələri zamanı Yeqor Liqaçova iki dəfə külli miqdarda rüşvət verdiyini söyləyib. Birinci dəfə Özbəkistanda birinci katib seçiləndə, ikinci dəfə isə Moskvada kabinetəndə Mərkəzi Komitə katibinə bir diplomat pul verdiyini etiraf edib.
Daha sonra Usmanxocayev Özbəkistanda korrupsiya işlərində birbaşa Siyasi Büro üzvlərinin əli olduğunu da qeyd edib. O, Yeqor Liqaçovun, Viktor Qrişinin, Qriqori Romanovun, Mixail Solomentsevin və Kapitonovun Özbəkistandakı uzun illər davam zəncirvari korrupsiyada əsas bəndlərin olduğunu bildirib.
Ancaq məhkəmə prosesində İnamcon Usmanxocayev istintiqa verdiyi ifadələrdən imtina edib. Bu ifadələri təzyiq altında verdiyini vurğulayıb. Məhz bundan sonra Liqaçovun təkidi ilə Qdlyan və İvanovun istintaq fəaliyyəti Mrkəzi Komitədə yaradılmış xüsusi komissiya tərəfindən araşdırılıb və onlar prosesdən uzaqlaşdırılıblar.
SSRİ-nin süqut illərində “Pambıq işi” ilə bağlı Özbəkistandan olan həbs edilənlər Özbəkistana verilib. 1990-1991-ci illərdə onlar azadlığa buraxılıb, bir çoxları Özbəkistanın Ali Məhkəməsi tərəfindən bəraət alıb.
Usmanxocayev azadlığa çıxsa da, məhkəmə ona tam bəraət verməyib. Maraqlı məqamlardan biri odur ki, Özbəkistanın birinci prezidenti İslam Kərimov hansısa səbəblərdən İnamcon Usmanxocayevin bəraət almasına imkan verməyib, şərait yaratmayıb. Hansı ki, İslam Kərimovi ilk dəfə yüksək vəzifəyə, maliyyə naziri vəzifəsinə Usmanxocayev təyin edib. Ümumiyyətlə, İslam Kərimovun siyasi və vəzifə karyerasında Usmanxocayevin böyük rolu olub.
Beləliklə, İslam Kərimovun prezidentliyi dövründə Usmanxocayev dəfələrlə müraciət etməsinə baxmayaraq bəraət ala bilməyib.
Yalnız 18 noyabr 2016-cı ildə sabiq birinci katib Özbəkistanın ikinci prezidenti Şavkat Mirziyayevin təşəbbüsü ilə Özbəkistanın Ali Məhkəməsi tərəfindən tam bəraət alıb, bütün dövlət təltifləri və adları ona yenidən qaytarılıb. İnamcon Usmanxocayev həmin günü həyatının ən əlamətdar günü olduğunu deyib: “Bu gün 86 illik ömrümdə ən əlamətdar gündür. Nəhayət, haqq-ədalət öz yerini tutdu...”
İnamcon Usmanxocayev ömrünün son illərini Fərqanədə yaşayıb. O, 16 mart 2017-ci ildə, 87 yaşında vəfat edib.(musavat)
İlham Cəmiloğlu