Sadə Azərbaycan vətəndaşını böyük itkilərdən necə qorumalı?
Təxminən on üç - on dörd ilin söhbətidir, o vaxt Bakı ətrafında yerləşən mebel sexlərindən biri bağlanmışdı və 40-a yaxın adam işsiz qalmışdı.
"Xeberinfo.com": Məlumata görə, Ans press-in əməkdaşının həmin vaxt görüşüb söhbət etdiyi iş adamı ayrı əlacının qalmadığını demişdi: "İndi ölkə daxilində istehsal edilən mebel qiymət rəqabətində xarici mebelə uduzur. Bir-iki ay əvvəl belə deyildi. Çünki xaricdən mebeli dollarla gətirirdilər, dollar da istənilən halda bahalaşırdı, buna uyğun da idxal mebelin qiyməti qalxırdı. Bizim bütün xərclər manatla çıxdığına görə biz qiyməti qaldırmırdıq. Ona görə də rəqabətdə uduruq. İndi bir neçə aydır ki, dollar yerində durub, idxal malı da ucuzlaşıb və hamı xarici malı alır",- deyə iş adamı bildirmişdi.
Əvvəllər Gürcüstana və Rusiyanın cənub bölgələrinə mebel satan iş adamı dərhal idxala keçdi və onunla eyni yolu seçənlər çox oldu. Həmin vaxt Azərbaycan 1994-cü ildən gerçəkləşdirdiyi yumşaq devalvasiya siyasətindən əl çəkmişdi. Məqsəd manata olan inamı artırmaq və Azərbaycanın nağd biznesində, xüsusilə də əmlak alverində hakim olan dolları arxa plana keçirmək idi. Həmin vaxta qədər manat ildə 3-4% dəyər itirirdi. Təbii ki, sonradan keçirilən denominasiya Mərkəzi Banka bu məqsədə nail olmağa imkan verdi. Amma ölkə iqtisadiyyatının neftdən kənar bölməsində o vaxt yeni-yeni yaranmaqda olan bir sıra kiçik və orta sahibkarlıq (KOS) subyektlərini də məhv elədi. Həmin subyektlərin ümumi daxili məhsuldakı (ÜDM) payı cüzi olduğuna görə makroiqtisadi səviyyədə bu elə də rol oynamadı. Yəni son 10 ildə Azərbaycan MDB və Şərqi Avropanın valyutası ən dəyişməz dövləti kimi tanındı.
Düzdür, müəyyən dövrlərdə iqtisadçı ekspertlər, QHT-lər KOS-u və neftdənkənar yerli istehsalı məhv edən bu siyasəti dayandırmağı və yenidən yumşaq devalvasiyaya keçməyi məsləhət görürdülər. Məsələn, İqtisadi və Sosial İnkişaf Mərkəzi bu barədə hələ 2010-cu ildə Azərbaycan Mərkəzi Bankına təkliflə müraciət edib. "Nəzərə alsaq ki. 2010-cu ildə neftin dünya bazarı qiyməti yetərincə yüksək idi. Bu da yumşaq devalvasiya üçün geniş imkanlar açırdı. Həmin təkliflərdə manatın məzənnəsinin aybaya müqayisəli şəkildə azaldılması nəzərdə tutulurdu",- deyə mərkəzdən bildiriblər.
Lakin yumşaq devalvasiya söhbəti yenidən gündəmə gəlib və keçən ayın sonlarında “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxış edən prezident İlham Əliyev dolayısı ilə bu məsələyə bir daha toxunub. Vaxtı ilə manatın avro ilə eyni olduğunu, sonradan avronun ucuzlaşdığını xatırladan ölkə başçısı manatın bundan sonra da avroya qarşı bahalaşmasının müsbət hal olmadığını bildirmişdi. "Hesab edirəm ki, bir manat bir avro səviyyəsində qalarsa, makroiqtisadi vəziyyət təmin ediləcək",- deyə İlham Əliyev vurğulamışdı.
İqtisadi dairələr bunu ölkə başçısının yumşaq devalyasiyaya keçidin vacibliyinə işarə vurması qəbul etdilər. İqtisadi və Sosial İnkişaf Mərkəzi ölkə başçısının bu təklifini tamamilə doğru saydığını bəyan etdi: "Prezidenti manatın məzənnəsinin avroya uyğunlaşdırılması barədə təklifi innovativ yanaşmadır. Hazırda manatın məzənnəsi dollara nisbətən birbaşa müəyyən edilir, avronun manata təsiri isə çarpaz şəkildə baş verir. Yəni manatın avroya nisbətən məzənnəsi avronun dollar nisbətən məzənnəsinə uyğunlaşdırılır. Ölkə başçısı dolayısı ilə manatın məzənnəsinin müəyyənləşdirilməsi zamanı avronun da kursunun nəzərə alınmasını təklif edir. Nəzərə alsaq ki, Azərbaycanın xarici ticarət dövriyyəsinin 65 faizi avrozonanın payına düşür. Buna görə də manatın məzənnəsinin müəyyən edilməsi zamanı avronun məzənnəsinin müəyyən edilməsi çox vacibdir. Əslində, bu, manatın məzənnəsinin azalması deməkdir. Bu özü bir növ yumşaq devalvasiya deməkdir", - deyə İqtisadi və Sosial İnkişaf Mərkəzindən bildiriblər.
İqtisadçı alim Vüqar Bayramov yumşaq devalvasiyanın Azərbaycan iqtisadiyyatı üçün müəyyən üstünlüklər vəd etdiyini düşünür. Onun fikrincə, manatın hiss edilməyəcək şəkildə dəyər itirməsi iqtisadiyyatı stimullaşdıracaq və neftdənkənar bölmədən daha çox məhsul ixrac etməyə imkan verəcək. "Hazırda Azərbaycan ixracatının 95%-i neft bölməsinin payına düşür. Neftdənkənar bölmədən daha çox məhsul ixrac etmək üçün manatın devalvasiyasi olduqca vacibdir. Azərbaycanda istehsal edilən malların dünya bazarında rəqabətqabiliyyətli olması üçün yumşaq devalvasiyaya ehtiyac var",- deyə iqtisadçı alim bildirib.
Onun fikrincə, bu, həm də Mərkəzi Bankın intervensiya xərclərini azalda bilər. Mərkəzi Bank manatı sabit saxlamaq üçün bazara ay ərzində 1,5 milyard dollar intervensiya edir. Praktiki olaraq hazırda Mərkəzi Bank manatın sterilizasiyasını həyata keçirir. Həmçinin manatın məzənnəsinin yumşalması dövlət büdcəsinə manatla daxilolmaları artıracaq. Çünki dollar satılan neftdən əldə edilən gəlirlər büdcəyə manatla oturdulur.
Amma manatın yumşaq devalvasiyasının mənfi tərəfləri də var. Ölkə əhalisi manata inamı müəyyən qədər itirə bilər və iri alış-verişlərdə yenidən dollara dönüş edə bilər. Bu baxımdan Mərkəzi Bank yumşaq devalvasiya siyasətini həddindən ehtiyatlı aparmalıdır ki, bunu yalnız iş adamları hiss edə bilsin.
Yumşaq devalvasiya kredit çantasında manatla verilmiş kreditlərin çoxluq təşkil etdiyi bankların da itkisi artacaq. Çünki dollar ifadəsində onların verdiyi kreditin dəyəri azalacaq. Eyni fikri, banklara manatla əmanət qoyan vətəndaşlar barədə də demək olar.
Vüqar Bayramovun fikrincə, bu problemi həll etmək üçün Mərkəzi Banka banklarda olan əmanətlərin və bankların verdiyi kreditlərin indeksasiyasını təmin etməlidir. "Xüsusən sığorta olunan vəsaitlərin indeksasiyası vacibdir. Yəni indiki şərtlərlə 9%-ə qədər dərəcə ilə verilən və 30 min manata qədər olan vəsaitlər indeksasiya edilməlidir. Onda əmanətçilər manatla qoyduqları depozitləri banklardan geri çəkməyəcəklər. Həm də vətəndaşlar vəsaitləri evlərdə saxlamaqdansa banklara yerləşdirməyə daha çox meyl edəcəklər",- deyə iqtisadçı alim vurğulayır.