Manat böhranı maşın bazarını iflic edib, bazarda alıcı qıtlığı var
“Qiyməti aşağıya salmaq istəyən adam rüşvəti artırmaz, ləğv edər”; İnsanlar daha çox gözləmə mövqeyinə keçiblər; Bir ay qabaq manatla satılan maşınlar, indi dollarla satılır
"Xeberinfo.com": Manat böhranından sonra ölkə xaricindən Azərbaycana gətirilən istənilən məhsulda qiymət artımı açıq-aşkar hiss edilir. Vətəndaşların gəlirləri azaldıqca, zəncirvari olaraq bu bütün sahələrə də öz təsirini göstərir.
Gündəlik istifadə etdiyimiz məhsulların satış bazarlarında olduğu kimi, maşın bazarında da durum eynidir. Alıcı yoxdur.
Bazarda sıralanmış xarici və sovet maşınları müştəri gözləsə də, alıcı azdır. Gələnlər də qiymətləri görüb, almaqdan vaz keçir. Və daha ucuz maşın axtarmağa başlayır.
Musavat.com saytı olaraq Bakı Avtomobil Satış Mərkəzinə baş çəkdik. Bazarda istənilən markada avtomobil tapmaq olardı. İstər Koreya, Yaponiya, ABŞ istehsalı, istərsə də Rusiya istehsalı olan maşınlar bazarda sıra-sıra düzülmüşdü.
Satıcılar müştəri gözləyir, alıcılar isə çox da gözə dəymirdi. Uzun illərdir ki, maşın alveri ilə məşğul olan Səfər Əsədov deyir ki, alıcılar qiymətlərdən qorxurlar: "Manat ucuzlaşdıqdan sonra alıcı sayı birdən-birə 70 faiz azaldı. Maşın almaq istəyən yaxınlaşan kimi "Dollarla satırsan, yoxsa manatla?" sualını verir.
Dollar manata nisbətdə bahadır. Maşının qiyməti çox olduqca, aradakı fərq də çoxalır. Məsələn, mən satdığım maşın "Hyundai"dır. Satış qiymətini 10 min dollar qoymuşam. Manat düşməmişdən qabaq da eyni qiymətdə satırdım, indi də. Burada mən qazanıram, alıcı itirir. Çünki əvvəl 10 min dollar 7840 manat idi, indi 10480 manat edir. Maşının həmin vaxtlarda satan adam, indi çox uduzur. Və ya indi maşın almaq istəyən adam, həm də aldığı maşının satışını da düşünür. Qorxur ki, birdən manat yenə bahalaşar, dollarla aldığı maşını çox ucuz satmalı olar".
Digər avtomobil satışı ilə məşğul olan Azər adlı şəxsin sözlərinə görə, manatın ucuzlaşması, ölkəyə gətirilən maşınların sayını da azaldıb: "Mən daha çox Almaniyadan, Gürcüstandan, Rusiyadan maşın gətirib, satıram. Amma manat düşəndən sonra maşın gətirmirəm, daha doğrusu gətirmirəm. Çünki satmaq olmur. Alıcı yoxdur. Hər şey zəncirvaridir. Böhran hər kəsə təsir edir. Bundan əlavə gömrükdəki rüşvət də artıb. Misal üçün əvvəl mühәrrikin gücü 2000 kub/sm olan avtomobil üçün 6000 min manat istəyirdilər. İndi isə 7000 manatdan aşağıya baxan yoxdur. Bu da qiymətə təqsir edir. Yəni qiyməti aşağıya salmaq istəyən adam rüşvəti artırmaz, ləğv edər".
Bazarda Rusiya istehsalı olan avtomobillər də diqqətimizdən qaçmadı. Onların da qiymətləri ilə maraqlandıq. Çünki Rusiyada olan böhran, avtomobillərin ucuzlaşması demək idi. Amma nədənsə bizdə əksindədir.
Bütün növ yeni rus istehsalı maşınlarda min manat və ya ona yaxın artım var idi. Satıcılar bunun səbəbini də belə açıqladılar: "Gömrükdə qiyməti qaldırıblar. Yəqin onlara da manatın ucuzlaşması təsir etməsin deyə, qiymət artımına gediblər (gülür -red). Alıcı isə demək olar ki, yoxdur. Gəlirlər, baxırlar, gedirlər. Hətta kampaniya da etmişik. Kreditlə də satırıq ki, maşın əlimizdə qalmasın. Amma alıcı yenə də çox azdır. İnsanlar daha çox gözləmə mövqeyinə keçiblər. Manatın yenidən bahalaşacağına inanırlar və buna görə də, gözləyirlər".
"Bacımın maşınını satmağa gətirmişəm. 18 min manata satıram, yenə də alan yoxdur. Səhər saat 8-dən burdayam. Cəmisi 5-6 nəfər yaxınlaşıb. Qiyməti deyirəm, bahadır deyir. Əslində isə ucuz satıram. İnsanlar psixoloji olaraq düşünürlər ki, hamısı bahadır" - bu sözləri Ələkbər Seyidov adlı satıcı deyir.
Rövşən Məhərrəmov adlı gənclə avtomobil bazarında rastlaşdıq. R.Məhərrəmov maşın almağa gəldiyini, amma istədiyini tapa bilmədiyi üçün fikrindən vaz keçdiyini deyir: "Öz maşınımı manatla satmışam. Çünki dollar o zamanlar ucuz idi. İndi bazarda 10 min manata olan maşın çox azdır. Olanlar da satdığım maşından daha aşağıdır. Onu almaq axmaqlıq olar. Bir ay qabaq manatla satılan maşınlar, indi dollarla satılır. Bu da qiymətlərin 1000-2000 artması deməkdir. Bahalı maşındırsa, lap çox bahalaşmış sayılır. Rusiya istehsalı olan maşınlara yaxın durmaq olmur. Onlar da bahalaşıb".
Musavat.com