Qubad İbadoğludan iqtisadi açıqlama
“Ən böyük çətinlik ailə büdcəsinin xərclərinin artımı ilə bağlı olacaq”
“Ötən ilin iqtisadi yekunları gözlənildiyi qədər uğurlu olmadı, qarşıladığımız 2015-ci ilin isə istehlakçılar və sahibkarlar üçün ağır il olacağı gözlənilir”.
"Xeberinfo.com": Məlumata görə, İqtisadçı ekspert Qubad İbadoğlu 2014-cü ili dəyərləndirərkən belə deyib. O, həmçinin 2015-ci illə bağlı gözləntilərini də açıqlayıb.
Ekspert qeyd edib ki, ilin sonuncu rübündən başlayaraq dünya bazarında xam neftin qiymətlərinin ucuzlaşması Azərbaycanın ixracatdan valyuta hasılatının, eləcə də dövlətin maliyyə gəlirlərinin azalmasını şərtləndirdi və bu da öz növbəsində ümumi daxili məhsulun (ÜDM) artım tempinə təsirsiz ötüşməyib: “Ötən il sənaye ili elan olunsa da milli iqtisadiyyatın bu önəmli sahəsində məhsul istehsalı əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 2014-cü ilin 11 ayında 1,5 faiz, eyni dövr ərzində digər vacib sektor olan kənd təsərrüfatında ümumi məhsul istehsalı 2,9 faiz azaldı. Gömrük məlumatlarına görə, xarici ticarət dövriyyəsi 6,7 faiz aşağı düşüb. İl ərzində diqqəti çəkən ən böyük iqtisadi hadisələr dünya bazarındakı qiymət dəyişmələrinin və Rusiyanın valyuta bazarındakı böhran meyllərinin Azərbaycana birbaşa təsirləri ilə bağlı oldu”.
Q.İbadoğlu deyib ki, 2014-cü ildə iqtisadiyyatın struktur və kadr tərkibində ciddi dəyişikliklər qeydə alınmayıb, yalnız kənd təsərrüfatı və əmək və əhalinin sosial müdafiəsi nazirliklərində kadr dəyişiklikləri olub: “Ötən il ərzində korrupsiya ilə mübarizə, dövlət vəsaitlərinin xərclənməsinə ictimai nəzarətin təşkili yerli və beynəlxalq ekspertlər tərəfindən az səmərəli qiymətləndirildi və Beynəlxalq Şəffaflıq Təşkilatı tərəfindən ilin sonunda açıqlanan reytinqdə Azərbaycan 29 balla 175 ölkə arasında 126-cı sırada yer aldı. İl ərzində Norveçin ”Statoil" dövlət neft-qaz şirkəti “Şahdəniz” layihəsindəki 15,5 faiz payını, Cənubi Qafqaz qaz kəməri layihəsindəki 12,4 faiz payını sataraq Azərbaycandakı fəaliyyətini məhdudlaşdırdı. İlin sonunda Bakı-Tbilisi-Qars yeni dəmir yolu layihəsi çərçivəsində Gürcüstan ərazisində inşası davam edən Axalkalaki-Kartsaxi (Türkiyə sərhədi) sahəsində ilk sınaq qatarının xəttə buraxılması əhəmiyyətli hadisələrdən hesab oluna bilər".
Ekspert qeyd edib ki, ötən ilin 11 aylıq yekunlarına görə, qeyri-neft və qaz bölməsindən büdcəyə 3,9 milyard manat və ya büdcə gəlirlərinin 25 faizi qədər vəsait daxil olub: “Bu da o deməkdir ki, ötən ildə də dövlət büdcəsinin 75 faizindən çoxu neft-qaz bölməsindən daxilolmalar hesabına icra olunub. İlin sonunda Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsinin gəlirləri 19 milyard 438 milyon manat, xərcləri 21 milyard 100 milyon manat məbləğində təsdiq edildi. Neft Fondunun gəlirləri hesaba alınmamaqla 2015-ci il icmal büdcəsinin kəsiri 15 milyard 440 milyon manat məbləğində müəyyən edildi. Bu, neft gəlirləri nəzərə alınmadan büdcənin hansı vəziyyətdə olmasını əks etdirən risk göstəricisi kimi də qəbul oluna bilər.
Büdcə paketi ilə birgə Milli Məclisə təqdim edilən vergi qanunvericiliyinə olan dəyişikliklərdən məlum oldu ki, gələn ildən vergi yükünün artırılmasından ən çox əziyyət çəkən fiziki şəxslər və kiçik sahibkarlar olacaq. Belə ki, 2015-ci ildən etibarən banklar və digər kredit təşkilatları tərəfindən fiziki şəxslərin əmanətləri üzrə ödənilən faizlər üzrə gəlir vergisi tətbiq olunmağa başladı. Bu dəyişiklik 5,3 milyon nəfər əmanətçinin gəlirlərinə azaldıcı təsir göstərməklə dövlət büdcəsinə əlavə olaraq 70 milyon manata qədər vəsait qazandıracaq. Beləliklə, dövlətin bu mənbədən orta hesabla 70 milyon manatlıq qazancı əmanətçilərin həmin məbləğ qədər itkiləri hesabına başa gələcək".
Q.İbadoğlu deyib ki, cari ildən istehlakçıların xərclərini artıracaq digər dəyişiklik fiziki şəxslərin əmlak vergisi ilə bağlı olub: “2015-ci il yanvarın 1-dən Azərbaycanda fiziki şəxslər əmlak vergisini invertar dəyərinə görə deyil, onların xüsusi mülkiyyətində olan mənzillərin sahəsindən asılı olaraq ödəyəcəklər. Yeni dəyişikliyə görə, əmlak vergisi 30 kvadratmetrdən çox olan sahənin hər kvadratmetrinə görə hesablanacaq və regionlar üzrə fərqləndiriləcək. Bu ildən etibarən 10 sotdan çox torpaq sahəsi olan fiziki şəxslər də əvvəlki illə müqayisədə daha çox vergi ödəmək məcburiyyətində qalacaqlar. Bu il avtomobil həvəskarları üçün də bəd xəbərlərlə başlayıb. Son dəyişikliyə görə, idxal olunan avtomobillərə tətbiq edilən yeni aksiz dərəcələri istehlakçıların xərclərini mühərrikin həcmindən asılı olaraq ən azı 100 manat və ən çoxu 13300 manat artıracaq. 2015-ci ildə aksiz dərəcələrinin artımı nəticəsində qiymətləri bahalaşacaq mallar siyahısına etil spirti, araq, tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatları, konyak və konyak materialları, şampan şərabı, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilər daxildir. Bununla yanaşı, siqarlar, eləcə də tütündən hazırlanmış siqaretlər və onun əvəzediciləri aksiz dərəcəsinin atırılmasına görə bahalaşacaq”.
Ekspert qeyd edib ki, Azərbaycana idxal olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almazın da aksizli malların siyahısına aid edilməsi təklif olunduğundan bu sahədə də qiymət artımı gözlənilir.
“Göründüyü kimi, 2015-ci ildə ən böyük çətinlik ailə büdcəsinin xərclərinin artımı və gəlirlərinin azalması, bir sözlə, əhalinin rifahının yüksəldilməsi sahəsində olacaq. Çünki yuxarıda adı sadalanan məhsulların qiymətlərinin bahalaşması ümumi qiymət səviyyəsinin də artımını şərtləndirəcək. Bu isə Azərbaycan Mərkəzi Bankının növbəti il üçün hədəflədiyi 2-3 faizlik inflyasiya səviyyəsini qorumaqda çətinliklər yaradacaq. AMB-nin məzənnə rejiminin əsasən dəyişməz saxlanılmasına dair bəyanatı milli valyutanın sabitliyinə təminat versə də, bütövlükdə manatın taleyi dünya bazarında neftin qiymətinin hansı səviyyəyə və nə müddətə qədər ucuzlaşmasından asılı olacaq”,- deyə o, vurğulayıb.
Ekspertin sözlərinə görə, bu il Rusiyada rublun dəyərsizləşməsi və xam neftin qiymətinin ucuzlaşmasının davam edəcəyi halda, Azərbaycanda alıcılıq qabiliyyəti kəskin aşağı düşəcək: “Bu da xüsusilə qeyri-ərzaq mallarının və məişət məhsullarının satışının əhəmiyyətli dərəcədə azalmasını şərtləndirəcək. Nəticədə bu il bir tərəfdən ailə büdcəsində ərzaq xərcləmələrinə yönələn vəsaitlərin həcmi artacaq, digər tərəfdən də qeyri-ərzaq məhsullarının satışı ilə məşğul olan ticarətçilər böhran şəraitində işləməli olacaqlar.
Yeni ildə yeni şərtlərlə işləmək məcburiyyətində qalan milli iqtisadiyyatın neftin dünya bazar qiymətlərinin ucuzlaşmasına və Rusiyadakı böhrana necə adaptasiya olunacağından da çox şey asılıdır. Əks təqdirdə, yaranmış vəziyyətdən ən çox əziyyət çəkən yalnız istehlakçılar deyil, həm də kiçik və orta sahibkarlar olacaq". (musavat.com)