Azərbaycan kütləvi bahalaşmaya doğru
Yanacağa, qızıla, spirtli içkilərə, siqaret və avtomobillərə tətbiq olunan vergilər artırılır
"Xeberinfo.com": Vergilər nazirinin müavini Natiq Əmirov hökumətin bahalaşma layihəsinin anonsunu verib. APA-nın məlumatına görə, vergilər nazirinin müavini Natiq Əmirov Milli Məclisin iqtisadi siyasət komitəsinin iclasında deyib ki, bununla bağlı Vergilər Məcəlləsinə dəyişiklikləri özündə əks etdirən müddəalar layihəyə daxil edilib.
Yanacağın yol vergisinin vergitutma obyekti hesab olunması təklif edilir
Layihəyə görə, Azərbaycanda yol vergisinin hesablanması və ödənilməsinə yeni nəzarət mexanizmi hazırlanıb. “Məlum olduğu kimi, ”Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununa edilmiş dəyişikliklərə əsasən, hüquqi və fiziki şəxslərə aid olan mexaniki nəqliyyat vasitələri istehsal olunduqları vaxtdan 4 il keçdikdən sonra iki ildə bir dəfə, 10 il keçdikdən sonra isə hər il texniki baxışdan keçirilməlidir. Fiziki şəxslər tərəfindən avtonəqliyyat vasitələri texniki baxışdan keçirilməyən illərə görə yol vergisinin dövlət büdcəsinə ödənilməsi mexanizmi olmadığı üçün bu verginin dövlət büdcəsinə köçürülməsi tam təmin edilmir. Layihəyə əsasən Azərbaycan Respublikası ərazisinə daxil olan və Azərbaycan Respublikası ərazisini tərk edən zaman yol vergisinə cəlb olunmalı olan xarici dövlətlərin avtonəqliyyat vasitələrinin, habelə Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən və Azərbaycana idxal edilən avtomobil benzini, dizel yanacağı və maye qazın yol vergisinin vergitutma obyekti hesab olunması təklif edilir”, – deyə N.Əmirov bildirib.
Nazir müavini bildirib ki, layihədə yol vergisinin Azərbaycanda istehsal edilərək daxili istehlaka yönəldilən avtomobil benzinin, dizel yanacağının və maye qazın hər litrinin topdan satış qiymətinə və idxal olunan həmin malların gömrük dəyərinə 2 qəpik əlavə edilməklə hesablanması nəzərdə tutulub: “Bu verginin düzgün hesablanmasının və vaxtında büdcəyə ödənilməsinə nəzarət Azərbaycanda istehsal edilərək daxili istehlaka yönəldilən mallara münasibətdə vergi orqanları, idxal olunan mallara münasibətdə isə dövlət gömrük orqanları həyata keçirəcək.
Bu artıq yanacağın bahalaşması, bunun ardınca isə başqa mal və xidmətlərin bahalaşması deməkdir. Ancaq Azərbaycana idxal olunan zərgərlik məmulatlarına aksiz dərəcələri tətbiqi edilə bilər. Ancaq bu hələ son deyil.
İdxal olunan platin, qızıl və başqa zərgərlik məmulatları aksizli malların siyahısına aid edilir
Nazir müavininin sözlərinə görə, Azərbaycana idxal olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almazın aksizli malların siyahısına aid edilməsi təklif olunur. Onun sözlərinə görə, sənəddə həmin mallar üzrə aksiz dərəcələrinin müəyyən edilməsi ilə bağlı müddəalar da yer alıb.
Dəyişikliklər qəbul olunsa, idxal olunan platinin hər qramına görə aksiz dərəcəsi 2 manat təşkil edəcək. Qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının aksiz dərəcəsi min çəki vahidindəki miqdarına görə müəyyənləşəcək. Belə ki, qızılın min çəki vahidindəki miqdarı 375 olduqda aksiz dərəcəsi hər qrama görə 0,8 manat, 500 olduqda hər qrama görə 1 manat, 585 olduqda hər qrama görə 1,2 manat, 750 olduqda hər qrama görə 1,5 manat, 958 olduqda hər qrama görə 1,8 manat, 999 olduqda hər qrama görə 2 manat olacaq. Bundan başqa, idxal olunan emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almazın 1 karatı üçün aksiz dərəcəsi 200 manat olmaqla iki cür hesablanacaq. Əgər idxal olunan almazın bir ədədinin miqdarı 1 karatdan aşağıdırsa, aksizin məbləği almazın karatının miqdarına mütənasib olaraq azaldılacaq. Almazın bir ədədinin miqdarı 1 karatdan yuxarı olsa, aksiz məbləği aksiz dərəcəsi ilə almazın faktiki miqdarının hasilinə aşağıdakı əmsallar tətbiq edilməklə hesablanacaq:
- 1 karatdan 2 karatadək olduqda – 2,0
– 2 karatdan 3 karatadək olduqda – 3,0
– 3 karatdan 4 karatadək olduqda – 4,0
– 4 karatdan 5 karatadək olduqda – 5,0
– Karat 5-dən yuxarı olduqda – 10,0
Deməli, hökumət qızıl məmulatlarını da bahalaşdırmaq, qiymət fərqini isə büdcəyə köçürmək niyyətindədir. Ancaq bu da hələ son deyil.
Avtomobillərin qiymətini artıracaq yeni qaydalar
Nazir müavini bildirib ki, Azərbaycana idxal olunan minik avtomobillərinə, istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə tətbiq olunan aksiz dərəcələrinin artırılması nəzərdə tutulur.
Dəyişikliyə əsasən, ölkəyə idxal olunan minik avtomobillərində mühərrikin həcmi 2000 kub.sm-dək olduqda, mühərrikin həcminin hər kub.sm-ə görə 0,15 manatdan 0,20 manata qədər artırılacaq. Mühərrikin həcmi 3000 kub.sm-ə qədər olduqda, indi 300 manat və əlavə olaraq mühərrikin həcminin 2001-3000 kub.sm hissəsi üçün hər kub.sm-ə görə 1 manat aksiz dərəcəsi tətbiq olunursa, dəyişiklik qəbul olunduqdan sonra belə avtomobillər üçün 400 manat və əlavə olaraq 2001-3000 kub.sm hissəsi üçün hər kub.sm-ə görə 1,5 manat aksiz dərəcəsi ödəniləcək. Bundan başqa, hazırda mühərrikin həcmi 4000 kub.sm-dək olduqda aksiz dərəcəsi 1300 manat və əlavə olaraq 3001-4000 kub.sm hissəsi üçün hər kub.sm-ə görə 2 manat təşkil edirsə, qanun layihəsi təsdiqlənəndən sonra aksiz dərəcəsi müvafiq olaraq 1900 manat və əlavə olaraq 3001-4000 kub.sm hissəsi üçün hər kub.sm-ə görə 4 manat olacaq. Hazırda qüvvədə olan qanunda mühərrikin həcmi 4000 kub.sm-dən çox olduqda bəndinin əvəzində yeni qanun layihəsinə iki bənd – mühərrikin həcmi 5000 kub.sm-dək olduqda və 5000 kub.sm-dən çox olduqda əlavə edilib. Belə ki, dəyişiklik məqbul sayılsa, aksiz dərəcəsi mühərrikin həcmi 5000 kub.sm-dək olduqda 5900 manat və əlavə olaraq 4000-5000 kub.sm hissəsi üçün hər kubsm-ə görə 8 manat, mühərrikin həcmi 5000 kub.sm-dən çox olduqda 13900 manat və əlavə olaraq 5000 kub.sm-dən çox olan hissəsi üçün hər kub.sm-ə görə 10 manat təşkil edəcək. Indi istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrdə mühərrikin həcminin hər kub.sm-ə görə aksiz dərəcəsi 1 manatdırsa, dəyişiklikdən sonra bu kateqoriya üzrə aksiz dərəcəsi 3 manat olacaq.
Siqaret və spirtli içki də bahalaşır
Bundan başqa bəlli olub ki, Natiq Əmirov deyib ki, spirtli içki və tütün məmulatlarına da aksiz dərəcələrinin artırılması nəzərdə tutulur. Əgər dəyişiklik qəbul edilsə, içməli spirt ( o cümlədən tərkibində 80 faizdən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80 faizdən az spirt olan denaturlaşdırılmamış etil spirti) hər litrinə aksiz dərəcəsi 0,8 manatdan 2 manata, araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının hər litrinə 0,5 manatdan 2 manata, konyak və konyak materiallarının hər litrinə 0,2 manatdan 6 manata, şampan şərabının hər litrinə 0,2 manatdan 2,5 manata, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli-digər içkilərin hər litrinə 0,08 manatdan 0,2 manata qədər artırılacaq.
Eyni zamanda siqarlar, ucları kəsilən siqarlar və siqarillanın (nazik siqarlar) 1000 ədədinə 10 manat, eləcə də tütündən hazırlanmış siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə 4 manat aksiz dərəcəsinin tətbiqi təklif olunur.
Böhran Azərbaycanı da vurub
İqtisadçı ekspert Qadir İbrahimli “Azadlıq”a bildirib ki, bütün bunlar Rusiyada iqtisadi böhran və dünya bazarında neftin qiymətinin sürətlə ucuzlaşması ilə bağlıdır: “Görünür, bu proses Azərbaycanı da silkələməyə başlayıb. Neftin dünya bazarında sürətlə ucuzlaşması (gələn il üçün neftin bir bareli dövlət büdcəsində 90 dollardan hesablanıb, bazar qiymətlər isə 60 dollara qədər enib) hökuməti fakt qarşısında qoyub.
Bu əslində gözlənilən idi. Çünki Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 70 gaizi xam neftin dünya bazarındakı qiymətlərindən birbaşa asılı idi- qiymətin ucuzlaşması istər- istəməz büdcə kəsiri yaradırdı. Əgər neftin ucuzlaşması bundan sonra da davam edəcəksə, onda gələn il Azərbaycan büdcə böhranı ilə üzləşə bilər. Qeyri-neft sektorunun indiki durumu azalan neft dollarını kompensasiya edəcək gücdə deyil. Ona görə hökumət büdcə yırtıqlarını doldurmaq üçün qiymət artımlarına getməyə məcbur idi”.
Qadir Ibrahimlinin ehtimalına görə, gələn il dövlət tərəfindən tənzimlənən başqa qiymətlərdə də artımı tam realdır: “Çünki neft ucuzlaşmada davam edəcəksə, hökumətin başqa yolu da qalmayacaq. Qeyri-neft sektorunun rəqabət qabiliyyətli olmadığından hökumət üçün ən münasib variant qiymətlərin artırılmasıdır. Təbii ki, bu ölkənin sosial mühitində təlatümlərə səbəb olacaq.
Birincisi, Azərbaycanın sosial mühtinin tənzimləyən Rusiya amili artıq sıradan çıxıb. Rusiyadan Azərbaycan pul köçürmələri kəskin azalıb. Rusiyada böhran dərinləşdikcə köçürmələr sıfır həddinə qədər enə bilər. Bu isə Rusiyadan gələn pullar hesabına dolanan ən azı 500 min ailənin sosial durumunun pisləşməsi deməkdir. Belə bir vaxtda qiymət artımı vəziyyəti daha arzuolunmaz edir.
İkincisi, neft dollarının azalması səbəbində iri dövlət sifarişlərinin dayandırıacağı gözlənilir. Maliyyə naziri Samir Şərifov artıq bunun anonsunu verib. Bu isə iri dövlət sifarişləri üzrə çalışan 100 minə yaxın təbəqənin işsiz qalması deməkdir. İş yerini itirənlərin eyni zamanda qiymət artımı ilə üzləşməsi əsil sosial fəlakətdir.
Ümumiyyətlə, praktika göstərir, qiymət artımları ilə büdcəni doldurmaq ən effektsiz metoddur. SSRI hökuməti 1990-ci ildə büdcə yırtıqlarını doldurmaq üçün qiymət artımına getdi. Nəticədə cəmi 1 il sonra həm SSRI iqtisadiyyatı, həm də ölkənin özü sözün bütün mənalarında dağıldı. Vəziyyətdən çıxmağın ən yaxşı yolu qeyri-neft sektorunun rəqabət qabiliyyətini artırmaq, sərt antiinihisar və antikorrupsiya siyasətinin həyata keçirilməsidir. Ancaq görünən budur ki, hökumət birinci variantı seçib”.