Araq və siqaretə görə vergilər artırılacaq?
Azərbaycanda spirtli içki və tütün məmulatlarına tətbiq olunan aksiz dərəcələrinin artırılması təklif olunur
"Xeberinfo.com": Məlumata görə, Vergilər nazirinin müavini Natiq Əmirov Milli Məclisin iqtisadi siyasət komitəsinin iclasında deyib ki, bununla bağlı Vergilər Məcəlləsinə dəyişiklik edilməsi təklif olunur.
Onun sözlərinə görə, sənəddə aksizli mallarının siyahısının genişləndirilməsi və aksiz dərəcələrinin dəyişdirilməsi təklif olunur: “2004-cü ildən Azərbaycanda aksiz dərəcələrinin əsasən dəyişməz qaldığı bir şəraitdə tələb və təklif, o cümlədən digər amillərin təsiri ilə aksizli malların qiymətlərində dəyişikliklər müşahidə olunur.
Beynəlxalq təcrübədə geniş istifadə olunan aksiz dərəcələrinin indeksasiyası ilə əlaqədar Azərbaycanda istehsal olunan içməli spirt, spirtli içkilərin bütün növlərinə (şərab istisna olmaqla), idxal olunan minik avtomobillərinə, istirahət və ya idman üçün yaxtalar və bu məqsədlər üçün nəzərdə tutulan digər üzən vasitələrə tətbiq olunan aksiz dərəcələrinin artırılması nəzərdə tutulur. Layihəyə əsasən istehsal olunan tütün məmulatlarına tətbiq olunan aksiz dərəcəsinin azalan qaydada hesablanmasından nisbi qaydada hesablanmasına keçirilməsi nəzərdə tutulur.
Hazırda tütün və tütün məmulatlarına tətbiq olunan aksiz onların topdansatış qiymətinin hesablandığı halda təklif olunan dəyişikliyə əsasən siqarlar, ucları kəsilən siqarlar və siqarilla (nazik siqarlar), tütündən hazırlanmış siqaretlər və onun əvəzediciləri üçün yeni spesifik aksiz dərəcələri nəzərdə tutulur”.
Dəyişiklik qəbul edilsə, içməli spirt ( o cümlədən tərkibində 80%-dən az spirt olmayan denaturlaşdırılmamış etil spirti; tərkibində 80%-dən az spirt olan denaturlaşdırılmamış etil spirti) hər litrinə aksiz dərəcəsi 0,8 manatdan 2 manata, araq (vodka), tündləşdirilmiş içkilər və tündləşdirilmiş içki materialları, likyor və likyor məmulatlarının hər litrinə 0,5 manatdan 2 manata, konyak və konyak materiallarının hər litrinə 0,2 manatdan 6 manata, şampan şərabının hər litrinə 0,2 manatdan 2,5 manata, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli-digər içkilərin hər litrinə 0,08 manatdan 0,2 manata qədər artırılacaq.
Bundan başqa, siqarlar, ucları kəsilən siqarlar və siqarillanın (nazik siqarlar) 1000 ədədinə 10 manat, eləcə də tütündən hazırlanmış siqaretlər və onun əvəzedicilərinin 1000 ədədinə 4 manat aksiz dərəcəsinin tətbiqi təklif olunur.
Nazir müavini bildirib ki, bu dəyişikliklər Azərbaycan qanunvericiliyinin Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılmasına, idxal olunan və daxildə istehsal olunan tütün məmulatlarına aksizin tətbiqi mexanizminin eyniləşdirməsinə imkan verəcək. (apa)