Daha bir bank bağlanma təhlükəsi ilə üz-üzə...
Adı bir çox qalmaqallarda hallanan “Bank of Azərbaycan” yaxın vaxtlarda bağlana bilər.
"Xeberinfo.com": Axar.az-ın əldə etdiyi məlumata görə, bank məcmu kapitalını tələb olunan məbləğə çatdıra bilməyib və bankın bağlanmaq və ya digər bir bankla birləşmək təhlükəsi yaranıb.
2013-cü ilin yanvarına qədər “Bank of Azərbaycan”ın əsas səhmdarı Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov olub. Həmin vaxta qədər bank de-yure Məmmədovlara məxsus olan “ZQAN Holdinq”in (“Qarant Holdinq”) tərkibində idi. 2013-cü ilin yanvarında isə A.Məmmədov səhmlərini “Bağlan Qrup”un rəhbəri, Hafka ləqəbli iş adamı Hafiz Məmmədovun oğlanlarına satıb. Hazırda bankın səhmləri belə bölüşdürülüb:
Məmmədov Kənan Hafiz oğlu 21 817 500 AZN (43,63%)
Məmmədov Sənan Hafiz oğlu 21 817 500 AZN (43,63%)
Məmmədov Mübariz Məcid oğlu 6 030 000 AZN(12,07%)
NEM Holdinq 335 000 AZN (0,67%).
A.Məmmədov səhmlərini H.Məmmədovun oğlanlarına satandan sonra bank “Qarant Holdinq”in tərkibindən çıxıb. Bankın Müşahidə Şurasının sədri də elə Hafiz Məmmədovdur.
Bir müddət öncə Hafiz Məmmədovun müflisləşməsi ilə əlaqədar bankın maliyyə durumunun iflic vəziyyətə düşməsi, 100-ə yaxın işçinin işdən xaric edilməsi ilə bağlı xəbərlər yayılmışdı.
Üstəgəl, ötən il Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun da bankla bağlı ürəkaçan sözlər deməməsi, bankın vəziyyətinin olduqca ağır olduğunu etiraf etməsi sözügedən qurumun bağlanma ehtimalını bir qədər də artırır.
Bir müddət öncə iqtisadçı-ekspert Samir Əliyev Publika.az-a açıqlamasında bankın düşdüyü son durumu şərh edərək bağlanma təhlükəsi ilə bağlı xəbərdarlıq etmişdi:
“Əvvəla, bankların sayı çoxdur. Bununla belə, bazarda faktiki 20-25 bank işləyir. Həmin bankların bazar payı 90 faiz təşkil edir. Yerdə qalan bankların bazar payı 10 faizdən də aşağıdır. Bankların sayının çoxluğu bazarda rəqabət mühiti yaratmalıdır. Amma Azərbaycanda əksinədir. 2014-cü il bank sektoru üçün çətin olacaq. Rəsmi məlumata görə, 6 bank faktiki bağlanmaq prosesindədir. Bağlanması ehtimal olunan bankların sayı 10-a çata bilər. Bunlar daha çox avtomobil krediti və istehlak krediti üzrə ixtisaslaşan, eləcə də nə işlə məşğul olduqları sirr kimi qalan kiçik banklar ola bilər. Bu problemin aradan qaldırılması istiqamətində işlər görülür”.
Ekspertin fikrincə, Mərkəzi Bankın banklar qarşısında qoyduğu minimum məcmu kapitalının toplanmaması gözlənilən idi. 2012-ci ilin ortasında məcmu kapitalının 10 milyon manatdan 50 milyon manata qaldırılması və sonradan bu müddətin 2014-cü ilin dekabrın 31-dək uzatması əslində onlara verilən güzəşt idi. Amma görünür bəzi banklar bu güzəştdən də faydalanan bilməyib.
Bankın çökməsinin digər bir səbəbi kimi isə idarəçilikdə boşluqların olması göstərilir. Rəhbərliyinin kredit risklərini düzgün qiymətləndirməməsi, korporativ idarəetməni düzgün aparılmaması, bankın məxsus olduğu şəxslərin şirkəti uğursuzluqla idarə etməsi vəziyyətin bu yerə çatmağına səbəb olub.
- Mütəxəssislərin fikrincə, “Bank of Azərbaycan”ın hansısa bankla birləşməyi də inandırıcı görünmür. Çünki heç bir bank razı olmaz ki, problemli bankın öhdəliklərini üzərinə götürsün.