“Bu, Azərbaycana qarşı sanksiya qərarıdır"
Qubad İbadoğlu: “SOCAR-ın maliyyə vəziyyəti pisləşəcək”
Mirvari Qəhrəmanlı: “ARDNŞ-in bu müqavilədə iştirakı rəsmi Bakının beynəlxalq səviyyəli çağırışlara necə reaksiya verməsindən asılı olacaq”
"Xeberinfo.com": Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev ARDNŞ-in Yunanıstanın Qaz Nəqli Sisteminin Operatoru olan DESFA şirkətinin 66% səhmlərinin alınması barədə razılaşmanın Avropa Komissiyası tərəfindən təsdiqlənməyəcəyi barədə mətbuatda yazılanlara münasibət bildirib. “APA-Economics”in məlumatına görə, R. Abdullayev bildirib ki, bu yoxlamalar normal bir prosesdir: “Bu proses Avropa İttifaqına aid olan ölkələrdə bir az mürəkkəb həyata keçirilir.
Yunanıstan da sözügedən birliyin üzvü olduğu üçün istər-istəməz bizdə bu prosesləri keçməliyik. Hazırda bu istiqamətdə iş gedir. Bu layihə daha çox Yunanıstana lazımdır. Digər halda investisiya yatırılası çox yerlər var və daha gəlirli layihələr mövcuddur. Bu layihə isə artıq Yunanıstanın marağındadır”.
Xatırladaq ki, Avropa Komissiyası gözlənilmədən ARDNŞ-SOCAR-ın Yunanıstanın qaz kəmərləri sisteminin operatoru olan DESFA şirkətinin səhmlərinin alınmasına dair sövdələşməsini təsdiqləməyəcəyinə eyham vurub. Bəzi müşahidəçilər bunu Azərbaycana qarşı sanksiya təhdidinin artıq real siyasətdə işə salınmasının ilkin əlaməti kimi qiymətləndirir. Hesab olunur ki, bu, həm də Kiyev, Tiflis və Kişinyovdan fərqli olaraq rəsmi Bakının bu ilin yayında Avropa Birliyinin Şərq Tərəfdaşlıq Proqramının assosiativ sazişini imzalamaqdan imtina etməsinə və tədricən Rusiyaya yaxınlaşma xəttini yürütməsinə verilən cavabdır.
Ancaq Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Mirvari Qəhrəmanlının qənaəti belədir ki, bu, Azərbaycana qarşı sanksiya qərarıdır: “Bunu rəsmi Bakının siyasətinə qarşı ilkin sanksiya qərarı da saymaq olar. Eyni zamanda ola bilər ki, ARDNŞ-in layihə ilə bağlı kifayət qədər imic formalaşdıra biməməsinin məntiqi nəticəsidir. Çünki bu, çox uğurlu bir layihə hesab edilirdi. İndi ARDNŞ rəhbərliyi deyir qarşıda 90 gün var. Mən düşünmürəm ki, bu müddətdə ARDNŞ həmin layihədə iştirak edə biləcək”.
M.Qəhrəmanlının fikrincə, nəticə rəsmi Bakının tutacağı mövqedən asılıdır: “Azərbaycanın Avropa Şurası, Avropa İttifaqının insan hüquqları sahəsində atacağı addımlardan, rəsmi Bakının beynəlxalq səviyyəli çağırışlara necə reaksiyasından asılı olacaq. Azərbaycan siyasi məhbuslarla bağlı İşçi Qrupu yaratdı, ola bilsin ki, nəsə etmək istəyir. Əgər Azərbaycan çağırışlara əməl etməyə başlasa, ARDNŞ də bu layihədə iştirak edəcək”.
Hüquq müdafiəçisi Rusiyanın “LUKoil” şirkətinin “Şahdəniz-2″ layihəsində iştirakının da ciddi məsələ olduğunu qeyd etdi: ”Rusiyada iri şirkətlərə, o cümlədən “LUKoil”a qarşı cinayət işi qaldırılır. Bu tərəfdən Asiya İnkişaf Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı “LUKoil”in “Şahdəniz”dəki payını maliyyələşdirmək istəyir, bunun üçün kredit ayırmaq niyyətindədirlər. Biz bununla bağlı sorğular göndərəcəyik. Ola bilsin yunan şirkəti ilə müqavilənin təsdiqlənməməsi həm də Azərbaycana “LUKoil”a görə təzyiq vasitəsidir”.
“Türkmənistan qazının Avropa bazarlarına çıxarılması Avropanın enerji təhlükəsizliyini təmin edəcək”. APA-nın məlumatına görə, Türkmənistanda rəsmi səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan türkmənistanlı həmkarı Qurbanqulu Berdımuhammadovla keçirdiyi görüşdə belə deyib.
Onun sözlərinə görə, Türkiyə Azərbaycan və Türkmənistan təbii qazının Qərbə daşınmasında vacib rol oynayır: “Biz Türkmənistan təbii qazının Avropa bazarlarına Türkiyə vasitəsilə çıxarılmasına və Avropanın enerji təhlükəsizliyinin təminatına böyük önəm veririk. Türkmən təbii qazının Avropaya daşınmasının təşkil olunması üçün TANAP qaz kəməri layihəsinə start verilib. Bu istiqamətdə yüksək templə iş gedir”.
Türkiyə-Türkmənistan danışıqlarının yekununda “Türkmənqaz” dövlət konserni ilə Türkiyənin “Ataqaz” kompaniyası arasında təbii qaz alqı-satışına dair əməkdaşlıqla bağlı çərçivə müqaviləsi imzalanıb. Bundan başqa, tərəflər 2015-2016-cı illər üçün ticarət-iqtisadi, təhsil, idman, nəqliyyat sahəsində əməkdaşlıq proqramını imzalayıblar.
Qeyd edək ki, ötən il iyunun 26-da İstanbulda Azərbaycan və Türkiyə arasında TANAP layihəsi üzrə saziş imzalanıb. Beş il ərzində reallaşması nəzərdə tutulan layihə 7 mlrd. ABŞ dollarına başa gələcək. Boru kəmərinin diametri 56 düym və ya 1,4 metr nəzərdə tutulub. Dörd mərhələdə həyata keçiriləcək layihənin ilk mərhələsi 2018-ci ildə başa çatacaq, 2020-ci ildə kəmərin buraxılış qabiliyyəti ildə 16 mlrd. kubmetr, 2023-cü ildə 23 mlrd. kubmetr, 2026-cı ildə isə 31 mlrd. kubmetrə çatdırılacaq.
TANAP-la Azərbaycanın “Şahdəniz” yatağındakı təbii qaz ehtiyatları Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya vasitəsilə İtaliyanın cənubuna ötürüləcək.
Yunan şirkəti ilə imzalanmış müqavilənin problemlə üzləşdiyi bir ərəfədə Türkiyə prezidentinin TAP və TANAP layihələrinin önəmindən bəhs etməsi də mesaj xarakterli açıqlama kimi dəyərləndirilir.
İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbdaoğlu musavat.com-a deyib ki, bu məsələni siyasiləşdirmək düzgün deyil: “Avropa Birliyinin rəqabət qanunları çox sərtdir, eyni zamanda yeni şəffaflıq və hesabatlılıq standartları mövcuddur. Bunlara əməl etməyən heç bir şirkət Avropa bazarına girə bilməyəcək, o cümlədən də SOCAR. Hazırda neftin qiymətləri aşağı düşdüyü zamanda bu, SOCAR-a əlavə problem yaradacaq. Ümumilikdə bu və digər səbəblərdən SOCAR-ın maliyyə vəziyyəti pisləşəcək”.
Bu arada Azərbaycanın azalan ehtiyatları ilə bağlı narahatlıqlar artıb. “Dünyanın əmtəə və maliyyə bazarlarında gedən proseslər Azərbaycanın da strateji ehtiyatlarına zərbə vurur”. Bunu iqtisadçı Samir Əliyev bildirib. Onun sözlərinə görə, neftin ucuzlaşması və dolların bahalaşması fonunda 2014-cü ilin III rübündə Neft Fondunun aktivləri 317,1 milyon dollar azalıb: “Azalma beynəlxalq ehtiyatlarda da müşahidə edilib. Beynəlxalq ehtiyatların xarici valyutada olan aktivləri sentyabr ayında 340,18 milyon dollar azalıb. Sentyabr ayı ərzində xarici valyutada olan aktivlərin həcmi $17,783 milyarddan $17,443 milyarda düşüb. Azalma digər maddələr üzrə də olub. SDR (Beynəlxalq Valyuta Fondunun xüsusi borcalma hüquqları) üzrə göstərici isə $233,19 milyondan $238,29 milyona düşüb” deyə, mütəxəssis söyləyib. Ekspert güman edir ki, azalma noyabr ayında da davam edəcək. Çünki neft 80 dollara yaxınlaşır, dolların isə digər valyutalara nisbətən bahalaşması ehtiyatlarımıza mənfi təsir göstərəcək.