“Sağlam rəqabət mühiti olmasa, 200 milyard da 105 milyard kimi əriyəcək”
Natiq Cəfərli: “Ölkədə mülkiyyət toxunulmazlığı, müstəqil məhkəmə bərqərar olmasa, neftən gələn pul ya daşa-divara gedəcək, ya da kanalizasiyaya”
Xeberinfo.com: “Azərbaycan Əsrin Müqaviləsindən son 20 ildə 105 milyard dollar pul qazanıb. Yəni, bu pulu ölkə əhalisinə bölsəydilər (belə absurd təkliflər olur, tam qarşıyam bu tip yanaşmalara), adambaşına 12 min 500 dollar düşərdi. Bu pula Bakının mərkəzi, təqribən 6-7 kvadrat kilometr ərazini yaxşı təmir ediblər, hava limanından şəhərə 2 yol çəkiblər, Şimal və Gürcüstan istiqamətində ala-babat, ümumi 600 kilometrə yaxın yol çəkiblər. O da dağılır, tez-tez təmirə bağlanır. Hər rayonda bir park, bir mərkəz tikiblər, bir də həmin rayonların mərkəzi küçələri təmir ediblər. Bakı-Oğuz su kəməri çəkiblər. Orada da ciddi problemlər var, həm çəkilməsində, həm də istismarında. 2900 məktəb tikilib və təmir edilib, qaçqınlar üçün 50 min ailəlik evlər tikiblər. Həyata keçirilən proyektlər keyfiyyətsizdir, bundan əlavə, bu qədər yatırım insanların təhsil, səhiyyə, nəqliyyat problemlərini həll etməyib. Əksinə, bu sahələr çöküb, heç bir sahədə ciddi tərəqqiyə, keyfiyyət dəyişikliyinə nail olunmayıb” – bunu ReAL Vətəndaş Hərəkatının icraçı katibi, iqtisadçı ekspert Natiq Cəfərli deyib.
O, Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümovun “Növbəti illərdə bütün layihələr üzrə Azərbaycan Dövlət Neft Fonduna 200 milyard dollara yaxın vəsaitin daxil olması gözlənilir” fikrinə də münasibət bildirib: “Şahmar bəy savadlı insandır, ancaq qeyd etməyib ki, bu hesablama ildə nə qədər hasilatla və neftin-qazın hansı qiyməti ilə hesablanıb. Çox güman, bu gün olan qiymətlərlə, ancaq heç kim qarant verə bilməz ki, qiymət yaxın illərdə bu səviyyədə qalacaq. Əksinə, qiymətlərin ciddi enməsi gözlənilir. Hətta fərz etsək ki, 200 milyard dollar gələcək (adambaşına daha 21 min dollar) görülən işləri, hökumətin korrupsiyaya uğramasını, neft pulunun siyasi loyallığın qazanılması vasitəsi olmasını, düşünülməmiş proyektləri, keyfiyyətsiz işləri nəzərə alsaq, belə çıxır, Bakının daha 10-12 kvadrat kilometr mərkəzi və mərkəzə yaxın hissələri təmir ediləcək. Rayonlarda daha 1-2 küçə, yol təmir olunacaq, dünyanın ən iri nəyisə tikiləcək, analoqu olmayan 2-3 layihə olacaq, daha 3000 məktəb təmir olunacaq, daha 100 xəstəxana açılacaq, ölkə daxili 2-3 yol tikiləcək. Ancaq tərəqqi, keyfiyyət dəyişikliyi olmayacaq. Tərəqqiyə nail olmağın yeganə yolu rəqabətli mühitdir, hər sahədə, siyasətdə, təhsildə, elmdə, səhiyyədə, biznesdə, idmanda – hər yerdə sağlam rəqabət mühiti, seçim imkanı olmasa, 200 milyard dollarda, 105 milyard kimi əriyəcək. Xatırladım ki, bizim 86 min kvadrat kilometr ərazimiz var. Yəni, ölkə tək Bakının və rayonların mərkəzi deyil, bizim 20 faiz dağıdılmış, işğaldan darmadağın olmuş torpaqlarımız var. Onları yenidən qurmağa milyardlar lazım olacaq, bizim köklü islahatlara ehtiyacımız var, onun üçün də milyardlar gərəkəcək. Bizim cəmi 10-11 il zamanımız, 200 milyard dollar da vəsaitimiz var. Bu zamandan və paradan düzgün istifadə edə bilməsək, ölkəmiz üçün fəlakət olacaq. Məsələn, Nigeriya bu günə qədər neftdən 550 milyard pul qazanıb, ancaq heç bir köklü dəyişikliyə, tərəqqiyə nail olmayıb. Bunu bilmək, anlamaq, hər gün xatırlamaq lazımdır”.
Natiq Cəfərli deyir ki, təbii resurslar üzərində qurulan ölkələrın qazancları daimi deyil, çox vaxt bu resurslar həmin ölkələrin kabusuna çevrilir, xalqları, hökumətləri tənbəlləşdirir, dünyadakı inkişaf trendlərindən geri salır: “Şotlandiyadakı referendum öncəsi bir ailə haqqında reportaj verdilər. Ailənin 300 ildən artıqdır ki, viski istehsal edən kiçik zavodu var, nəsildən-nəsilə keçib, o ailənin viskidən qazandığı, bu günün pulu və qiymətləri ilə hesablananda son 300 ildə 100 milyarddan çox edir. Yəni, mülkiyyət hüququ qorunub, gəlirli biznesi 300 ildə heç kim onun əlindən almayıbvə ailə bu günə qədər viski istehsal edir, pul qazanır, yatırımlar edir. Ona görə də, uğur hekayəsi yaranıb, həm də, neftdən fərqli olaraq, viski tükənmir, istehsalı daha neçə əsrlər davam edəcək.Şotlandiya Qərbdədir, qanunun aliliyinin tarixən təmin olunduğu coğrafiyadadır. Gəlin indi Şərqə baxaq, Çinə, bu ölkə son 30 ildə çox dəyişib, doqmalardan imtina edib, idarəetməni optimallaşdırıb, siyasi azadlıqlar olmasa da, iqtisadi azadlıqlara, mülkiyyət toxunulmazlığına, rəqabətə yol açıb. Bu günlərdə hamının dilində olan “Ali Baba” şirkətinin qurucusu Ma Yun adi bir məktəb müəllimidir. Dostlarından, tanışlaından 1999-cu ildə, ümumən cəmi 60 min dollar borc alaraq bu şirkəti qurub. Şirkətin bu günə olan bazar dəyəri 231 milyard dollardır! Yəni, bizim 23 il satdığımız neftin pulundan, az qala 2,5 dəfə çox! Qərbdə belə örnəklərin çox olduğunu bilərək oradan deyil də, məhz Çindən nümunə gətirdim. Ölkədə rəqabətli mühit, mülkiyyət toxunulmazlığı, müstəqil məhkəmə bərqərar olmasa, neftən gələn pul ya daşa-divara gedəcək, ya da kanalizasiyaya. Hələ oğurlanıb xaricə çıxarılanları demirəm. Sonda, neft də bitəcək, pulu da, ölkəyə ciddi borclar, tənbəlləşmiş, rəqabətli mühitə alışmamış əhali, bir də hər il təmirinə milyardlar tələb edən keyfiyyətsiz infrastruktur qalacaq”.