JEK-lərə elmdən çox pul ayrılır
Xeberinfo.com: Amma bəzi müstəqil ekspertlər hesab edirlər ki, bu sahədə ixtisarlar mümkündür. Tutalım – JEK kimi tanınan Mənzil İstismar sahələri kimi. Son 5 ildir MİS-lərin ləğv olunacağı xəbərlər yayılır. Bayıldakı 45 saylı Mənzil İstismar sahəsində çalışan Əzimə Xalıqova deyir ki, illərdir idarələrinin ləğv olunacağı xəbərləri ilə işlərini davam etdirirlər:
“Allahın köməkliyi ilə işləyirik. Biz ərazidə təmizlik işlərinə baxırıq. Elə olur ki, eyni ünvanda 5 fərqli ailə yaşayır. Onlara yaşayış yeri haqda arayış lazım olanda Asan Xidmətdən yalnız bir nəfərin adına almaq olur arayışı. Bu zaman Asan Xidmət onları bizə göndərir araşdıraq ki həmin şəxs həqiqətən bu ünvanda yaşayır, ya yox. Biz neçə illərdir işləmişik, ərazini bilirik. Seçkilərdə də ancaq JEK-lər təşkil edir, əhali ilə münasibət var, danışıqlar aparırlar. Əsas işimiz təmizlikdir. Gəlib, özünüz Bayılda da baxa bilərsiniz ki, JEK əməkdaşları oranı necə təmiz saxlayırlar”.
Əzimə Xalıqova 20 ildir el arasında JEK kimi tanınan qurumda mühasib işləyir. Aylıq maaşı 134 manatdır.
BU QƏDƏR PUL NECƏ XƏRCLƏNİR?
Samir Əliyev
İqtisadçı Samir Əliyev hesab edir ki, dövlət büdcəsindən hər il milyonlarla manat bu qurumların fəaliyyətinə yönəldilsə də vəsaitin xərclənmə təyinatı ictimaiyyətdən gizli saxlanılır. Samir Əliyev müşahidələrinə əsasən bildirir ki, Mənzil İstismar Sahələri sakinlərdən mənzil haqqı və digər kommunal ödənişlər də yığır. Amma ən xırda problemləri belə mənzil mülkiyyətçisinin öz vəsaiti hesabına həllini tapır.
MƏNZİL MƏCƏLLƏSİNƏ DƏYİŞƏNDƏN SONRA
2009-cu ildə Mənzil Məcəlləsinin mənzil fondunun idarə edilməsinə dəyişiklik olub. Və Mənzil İstismar sahələrini prosesindən kənarlaşdırılıb. Heç bir hüquqi statusu qalmayan Mənzil İstismar Sahələri və JEK-lər niyə hələ də qalır? Bu sahədə araşdırmalar aparan Abil Bayramov JEK-lərin hələ də qalmasını bir neçə səbəblə izah edir:
“Yeni qanunda Mənzil İstismar Sahələri, Mənzil Kommunal Təsərrüfatı Birliklərinin adları çəkilmir. Bu qurumların fəaliyyətinin hüquqi əsasları yoxdur. Çünki qanunvericilikdə bu cür qurumların fəaliyyəti nəzərdə tutulmur. O ki, qaldı nəyə görə bu qurumlar hələ də fəaliyyətdədir? Bunu əvvəllər onunla izah edirdilər ki, keçid dövrü olaraq, hələlik, JEK-lərin ləğvi aparılmır. Sonradan isə bildirdilər ki, Mənzil Məcəlləsində nəzərdə tutulan qurumların tam yaradılandan sonra JEK-lər ləğv ediləcək”.
“JEK”LƏR LƏĞV OLUNSA?
2009-cu ildə yeni Mənzil Məcəlləsində çoxmənzilli binanın idarəetməsində daha çox hökumətdən asılı olmayan özəl qurumların idarəçiliyinə verilməsi nəzərdə tutulur.
Müstəqil müşahidəçilər hesab edirlər ki, Azərbaycanda JEK-lərin hələ də ləğv olunmaması səbəblərindən biri də seçkilərdir. Belə ki, bu qurumda çalışanların öhdəliklərindən biri də vətəndaşları seçkilərə aparmaqdır. Karusel, təkrar səsvermə kimi seçki pozuntularında onların da iştirakı və təşkilatçılığı olduğu haqda iddialar da var.